Qonaq

     

Bahar fəslidir, ağaclar çiçəklənib. İlin xoş anlarıdır. Həyətdə əkdiyim müxtəlif ağacları: ərik (qaysı), alça, şaftalı, gavalı, albalı ağaclarının müxtəlif rəngli çiçəkləri elə bil bir dəstə gül çələngidir. Baxdıqca insana zövq verir.

Belə bir xoş əhval-ruhiyyə ilə qapı təqqilbab oldu.

Alaqapının bala qapısını açdım. Gördüm bir nəfər dayanıb - səliqə-sahmanlı.

Salamlaşdıq, şübhəsiz, adətimiz üzrə həyətə dəvət etdim.

Bu insan mənə xoş hüsn-rəğbət bəslədiyinə görə evə də dəvət etdim. O da məmnuniyyətlə təklifimi qəbul etdi.

Evə gəldik. İnsafən özünü çox yaxşı aparırdı. Nə danışırdı, mənim ürəyimdən idi.

Buna elə valeh olmuşdum ki, getməyini istəmirdim. Axşam oldu. Süfrə açıldı, şam yeməyini yedik. Özünü aparmağından hiss etdim ki, bunun qalmaq fikri var. Sözün açığı, bu az müddətdə mənim hörmətimi qazanmışdı.

Bu gələn qonaq haqqında övladlarıma danışdım. Onlar da gəldilər, bu qonaqdan xoşları gəldi.

Bu qonağın gəlməsi evimə ruzi-bərəkət gətirdi, nəvələrim, hətta nəticələrim, mənim evimə qonağın xatirinə tez-tez gəlirdilər.

Bu qonaqla hara gedirdim, məni çox yaxşı qarşılayırdılar.

Toylarda məclisin görkməli yerində, hüzr yerində az qala axundun yanında oturtmaq istəyirdilər, razı olmurdum.

Hərdən fikirləşirdim, bu qonaq mənim varidatımı bilmək üçün uzun müddət mənimlə belə rəftar edir. Məndə də elə qüvvə yoxdur ki, əgər mənə hücum etsə, onun öhdəsindən gəlim.

Nəhayət, özümdə qüvvə tapıb ondan soruşdum:

- Yəqin sizin evdə narahat olarlar, bu qədər müddətdir evdən çıxmısız.

- Ay kişi, mən bura həmişəlik gəlmişəm.

Bu sözdən çox narahat oldum. Tanımadığım adam mənimlə həmişəlik bir yerdə yaşayacaq?

Mənim narahatçılığımı hiss eləyən qonaq dedi:

- Sənə dedim ki, mən bura həmişəlik gəlmişəm, qonaq yox, qocalığam. Məni fikir apardı, deməli ömrümün axır günləridi…

Fikirdən ayıldım. Özümə toxtaqtlıq vermək üçün görkəmli xanəndə Əlibaba Məmmədovun bu mahnısını yada saldım:

 

İlləri yola salmışam, - mahnı deyib saz

çalmışam,

Ömür deyir: qocalmışam, - ürək deyir

yaşa hələ.

 

Qonaq:

- Əlibala özünə təsəlli vermək üçün deyir. Ağzında «artist» deyirsən, onlar arsızdılar. Yadımdadır, «Bəxtiyar» filmində Ağabala bacılarına deyir: «Adam da artistə qabaqcadan pul verər?!» Gördün öz-özünü tənqid edən artisti?!

Mən qonağa dedim ki, mənim vur-tut 88 yaşım var. Yubileyimdə görkəmli ərəbşünas alim Vasim Məmmədəliyev dedi ki:

- İnsan 70-80-90-cı illərində yaşa dolur, 90 yaşdan sonra qocalır.

O bərkdən güldü:

- Yubileydə adama nə deyərlər?! İnsan həyatda iki dəfə uşaq olur: biri uşaq yaşlarında - nə deyirsən inanır, biri də qoca yaşlarında. Ay yazıq, sən gör nə qədər avamsan. Sənin axı nə üçün məndən acığın gəlir, insafın yoxdur? Mən bura gələni ruzun artıb, uşaqların tez-tez yanına gəlir, gəlməyəndə zəng vururlar, hansı məclisə gedirsən, sənə diqqət əvvəlkindən qat-qat artıq olur. Adam naşükür olmaz.

Dedim:

- Bir dəfə rəhmətlik Cəfər Xəndanın oğlu, şeir yaddaşı zəngin olan Rəfiq Zəka ilə akademiyanın yuxarı binasından aşağı binasına «Zaparojes» markalı maşını ilə gedirdik. Maşın gah sönür, gah işləyirdi. Birdən Rəfiq üzünü mənə çevirdi: «Cümşüd müəllim, sən buna belə baxma, başıaşağı bilirsən necə gedir?». Onun sözü olmasın, mən pilləkənləri ehtiyatla düşürəm, hünərin var, gəl düz yolda gedək. Görək kim tez gedir, düz yolda mənə çatsan, nə istəsən verərəm.

Qonaq:

- Neçə övladın var?

- Üç - iki oğlan, bir qız.

- Onları yerbəyer etmisən?

- Bəli! Hər üçü də ali savadlıdır, cəmiyyətdə özlərinə yer tutublar.

Qonaq:

- Nəvə-nəticən varmı?

- Altı nəvə, beş nəticə. Hələlik bir nəvə toyu görmüşəm.

Qonaq:

- İstəyirsən nəticə toyu da görəsən? Çox yaşamaq istəyirsənsə, mənə qulaq as, əvvəl çaşma, mənəm-mənəm demə, hələ bu humanistliyi saxla, əsəbi halda hökm vermə, əksər hallarda peşman olarsan. Çox gəz ki, səni gəzdirməsinlər, çalış ki, heç nədən özün üçün xoş əhval-ruhiyyə yaradasan, başqasına paxıllıq eləmə, bu ən böyük ömür qocaldan şeydir, başqasının xoşbəxtliyinə sevin. Sizdə biri var, heç nə bilmədən başlayır qışqırmağa, sonra peşman olur. Bunları eləsən, səninlə yola gedərəm.

Ona: - Mən bilsəydim səni həyətə, evə buraxmazdım, - dedim. - Bir ailəyə qonaq gedəndə əvvəl-əvvəl ev sahibinin uşağını əzizlə, onda ev sahibi səni əzizləyəcək, gəlişinə sevinib, nəyi varsa, süfrəyə qoyacaq!

Qonaq:

- Bu səndən asılı deyil, məndə elə qüvvə var ki, hasar-divara, qapı-pəncərəyə baxmadan səninlə birlikdə olmalıyam. Mən səninlə çoxdanam, uzaqdan səni izləyirəm. Rəhmətlik Bülbül oxuyardı: «Qayadan top atdılar, oyanmadın»…

Sonra mənə tərs-tərs baxıb dedi:

- Ayın neçəsidir?

- İyun ayının 14-ü.

- Artıq mən qonaq deyiləm, qonaq bir gün, iki-üç gün olar. Səninlə qəbir evinə qədər varam, qocalığamElə ki, səni axirət evinə yola saldım, başqa birisinə qonaq gedəcəyəm

Sən məni qaralamısan? - Mən maşın sürürəm, eynəksiz oxuyuram, yazıram.

Belə adama qoca deyərlər?!.

 

Cümşüd Muradov

 

Ədəbiyyat qəzeti.- 2013.- 7 iyun.- S.8.