Durna taleyi

 

Nigar Rəfibəyli - 100

     

Anam Nigar xanım Gəncənin məşhur Rəfibəylilər nəslindəndir. Hələ keçən əsrdə başladığım və iyirmi ilə yaxın bir müddətdə yay aylarında üzərində işlədiyim «Əslim, nəslim, əsrim» anılar-düşüncələr romanı əcdadlarımıza, ailəmizə, valideynlərimə həsr olunub. Əsərin ilk fəsillərindən biri - ata tərəfdən nəslimizə aid «Məmmədxanlılar» fəsli - bu yaxınlarda «525-ci qəzet»də dərc edildi.Bundan sonra gələn fəsil - «Rəfibəylilər» fəsli ana tərəfdən nəslimizə həsr olunub. Anamın babası el ağsaqqalı, görkəmli ictimai xadim,maarifçi Ələkbər bəyi «Gəncənin atası» adlandırırdılar. İ.Qasprinskinin «Tərcüman» qəzetində yazıları çap edilən Ələkbər bəy Gəncədə ilk teatr tamaşalarının da təşəbbüskarı olmuşdur. Azərbaycan ilk siyasi partiyanın - Bakıda Əhməd bəy Ağayev tərəfindən əsası qoyulan «Difai» partiyasının - Gəncədə yaradanlardan biri Ələkbər bəy sonralar bu partiyanın fəxri sədri seçilir.Rəfibəylilər nəslinin sülalə gerbi «Difai» partiyasının emblemi olur. 1919-ci ildə Ələkbər bəyin vəfatı bütün Azərbaycanda böyük hüznlə qarşılanmışdır, dövrün görkəmli siyasi xadimləri Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Usubbəyli, Həsən bəy Ağayev,məşhur ziyalılar Firidun bəy Köçərli, M.S.Ordubadi, Əhməd Cavad mətbuatda başsağlığı yazıları dərc etdirmişlər.

Ələkbər bəyin oğlu, Nigar xanımın atası Xudadat bəy Rusiyada (Xarkov və Peterburq şəhərlərində) təhsil almış ilk azərbaycanlı cərrahlardandır. Uzun zaman Gəncədə tibb cəmiyyətinə rəhbərlik etmiş, Azərbaycan müstəqilliiyni elan edəndən sonra fətəli xan Xoyski hökumətində cümhuriyyətimizin ilk səhiyyə naziri olmuşdur. Sonra yenidən Bakıdan Gəncəyə qayıtmış və xalqın israrlı təkidiylə Gəncə quberniyasının valisi vəzifəsini tutmuşdur.

Böyük Britaniyanın səfiri O.Vordrop Azərbaycana səfəri haqqında Londona göndərdiyi məlumatda yazırdı: «Gəncəyə gəldiyim zaman məni general-qubernator doktor Xudadat bəy Rəfibəyov və bütün başqa əsas hərbi və sivil məmurlar qarşıladılar. Dəmiryolu vağzalı gül-çiçəklə və xalılarla bəzənmişdi, əhali milli bayraqları ucaltmışdı».

Daha əvvəl - 1918-ci ildə Qafqaz İslam ordusunun başında Gəncəyə gələn Nuru paşanı qarşılayanlar sırasında da Ələkbər bəy və Xudadat bəy Rəfibəylilər vardı və bu, fotolarda da əks olunub.

Onu da deyim ki, «Əslim, nəslim, əsrim» romanımın mənimçün ən çətin yazılan fəsli məhz «Rəfibəylilər»ə aid fəsil oldu. Ona görə ki, indi bütün burda yazdıqlarımı və bundan daha geniş, ətraflı, müfəssəl şəkildə Rafael Hüseynov «Rəfibəylilər» adlı çox dəyərli kitabında yazıb. Bu kitab çıxandan sonra Rafaelə deyirdim ki, daha ana nəslim haqqında yazmağa mənə bir şey qoymamısan. Bu yaxınlarda «Rəfibəylilər» kitabının təkmilləşdirilmiş və əlavələrlə zənginləşmiş yeni nəşri - «Yurdun adındakı can» adıyla yenidən çap edildi. Kitabın böyük bir fəsli - «Gəncənin atası» fəsli Ələkbər bəyə, «Yetim ağ at» adlı başqa iri fəsli Xudadat bəyə, «Nigaran çiçəklər» adlı geniş fəsli də Nigar xanıma aiddir.

«Nigaran çiçəklər» N.Rəfibəyliyə həsr olunmuş bu qarşınızdakı xatirələr kitabına da daxil edilib.

Nigar Rəfibəyli 1913-cü il iyulun 29 -da Gəncədə dünyaya gəlib, 1981-ci il iyulun 10-da Bakıda vəfat etmişdir.Bu 68 illik ömrün bəlkə də yeganə qayğısız,qorxusuz illəri balaca Nigarın yeddi yaşına qədər yaşadığı illərdir. Onun hələ yeddi yaşı tamam olmamış Azərbaycanı istila edən bolşevik rejimi atası Xudadat bəyi heç bir günahı olmayan məsələlərdə suçlayaraq Xəzər adasında güllələdi.

Balaca Nigarın yeddi yaşına qədər keçən ömrü haqqında özünün yazdığı «Yadımda qalanlar» adlı bitirilməmiş yazısından və qardaşı Rəşid Rəfibəylinin mənim xahişimlə qələmə aldığı «Ailəmiz haqqında xatirələr»indən bəzi bilgilər alırıq. Bu xoşbəxt, atalı-analı uşaqlığın ən böyük «qayğısı» ona «gəlinim» deyən Şirinbəyimin (Hüseynqulu xan Xoyskinin arvadı) onlara qonaq gəlməsi imiş. Bu anlarda «gəlinim» sözündən ürkən balaca Nigar anasının balağına sığınarmış. Bu illərin başqa bir «problemi» də özündən iki və dörd yaş böyük qardaşlarıyla gecələr «balış davasına» çıxmasıymış. Hə, bir də onu körpəlikdən böyüdən, çox bağlı olduğu dayəsi Nastya xalanın onlardan ayrılıb qızının yanına getməsi, balaca Nigarın əzablarına, göz yaşlarına səbəb olubmuş. Xatirələrində yazır ki, «Sonralar çox ayrılıqlar gördüm, amma ilk ayrılığın ağrısı uzun zaman keçmədi».

Bir də balaca Nigarı vahimələndirən nənələrinin danışdıqları «qorxulu nağıllarmış». «Nağıllar mənim körpə ürəyimin böyük iztirabına səbəb olur, gecələr səhərəcən qorxudan yorğanın altında əsim-əsim əsirdim. Bu saysız-hesabsız cinlər, şeytanlar, qulyabanılar, ağ divlər, qara divlər, yeddibaşlı əjdahalar, küpəgirən qarılar qorxunc xəyallarıyla körpə təsəvvürümü vahiməylə doldurur, mənə rahatlıq vermirdi. Yaxud təndirdə,əl-ayağı kəndirdə olan fatma bacı, qırx arşın quyunun dibinə düşmüş Məlikməmməd və başqa bu kimi əzab çəkən personajlar mənim də əzablarıma səbəb olurdu»…

Xoşbəxt bir ailədə böyüyən, babalarının, nənələrinin nəvazişinə bürünən, atasının çiynində gəzən, anasının ağuşuna sığınan qızcığaz hardan biləydi ki, amansız həyat gələcəkdə ona nə sürprizlər hazırlayıb. Nə biləydi ki, çox gənc yaşlarından, yeniyetməlik çağından, ən dəhşətli nağıl personajlarından daha qorxunc «yeddi başlı əjdahalarla», növbənöv «şeytanlarla» və şeytançılıq edənlərlə qarşılaşacaq, uzun gecələrdə yuxusunu qaçıran nağıl süjetləri yox, acı gerçəkliyin repressiya, sürgün, məhbəs təhlukələri olacaq.

Gəncliyində yazdığı ilk şeirlərindən birində bu şüuraltı təlaş, öncədən duyulan nigaranlıq heyrətamiz şəkildə ifadə olunmuşdur.

 

Sönür dünən gecə yandırdığın şam,

Xəstəyəm,verən yox bir az su, ana;

Vaqon yırğalayır səni bu axşam

Ey uzaq yolların yolçusu, ana…

 

«Anama» şerindəki qəribə ifadə «ey uzaq yolların yolçusu ana» sətrindədir. O illər Gəncədə yaşayan anası Cəvahir xanım Bakıya, qızının yanına gələr və sonra yenə Gəncəyə qayıdardı. Nədən Bakı-Gəncə yolu uzaq yollar adlandırılsın, həm də ana bu «uzaq yolların yolçusu» sayılsın? Bunun səbəbi ikinci bənddə açılır:

 

Darıxır ürəyim,yanır nəfəsim,

Başımın üstündə yoxdur bir kəsim;

Qəlbimi köz kimi yandırır,səni

Bir daha görməmək qorxusu,ana.

 

Altını cızdığım sətir otuzuncu illərdə yazılmış şeirdəndir. Yəni NKVD-nin rəhbərlərindən Xoren Qriqoryanın 40-cı illərin ikinci yarısında M.C.Bağırova ünvanladığı təqdimatdan - Nigar Rəfibəylinin və anası Cəvahir xanımın sürgün edilməsi haqqında təqdimatından azı on il əvvəl yazılıb.Sanki gələcək qorxuların çox öncədən ona xəbərdarlığını göndərir.

Nigar Rəfibəylinin 1934-cü ildə nəşr olnumş «Şeirlər» adlı kitabında başqa bir şeir o dövrün tanınmış tənqidçisi Əli Nazimi «şübhələndirmişdi». «Şair qız» adlı məqaləsində( bu məqalə də qarşınızdakı kitaba daxil edilib) gənc şairənin yaradıcılığına ümumiyyətlə, müsbət qiymət verilir. Əli Nazim Nigarın ayrı-ayrı şeirlərini xeyirxahlıqla təhlil etsə də, «Məktub» şerinə kəskin iradlarını bildirir:

«Nigarın «Məktub»u onun təhtəlşüurunda gizlənmiş və çoxdan bəri atılmalı olan bir məfkurəvi momenti ifadə edir. Çox qüvvətli bir lirika ilə yazılımış (tənqidçi bunu qeyd etməyə bilmir - A.) bu şeir müşayiət etdiyi «gözəl dost»undan ayrılışına həsr edilmişdir. «Gözəl dost»una dediyi bu sözlər onun kim olduğunu yaxşı göstərir.

 

Sən indi uzaqlarda, bizdən

uzaqlardasan,

Yolun gecədən qara,

oldu yolun gecələr.

Bəlkə gecə yaş tökür,

gündüz anırsan bizi,

Bəlkə həsrət çəkirsən

yad edib ölkəmizi.

 

Bu «gözəl dost» deyil,bəlkə də keçmişdə şair qızla çox dost olan bir yabançıdır. Şair özü də deyir ki, «gəmi uzaşdı getdi, biz ayrıldıq o gündən» və «biz ki, səninlə çoxdan ayrılmış bir eşdik». Belə bir dost ilə ayrılış xatirəsinə həsr edilmiş şerin əsl mərkəzini təşkil edən cəhət həmin «dost»a qarşı Nigarın sağlam və sabit bir münasibət yarada bilməməsidir. «Dostunun bu məktuba gülüb-gülməyəcəyin»i belə kəsdirməyən şair şerinin sonunda «Bəlkə bir gün bu yolun ayrıcında birləşdik» və «Bəlkə də bir günün sevgisini yaşatdıq» - deyə dumanlı xülyalara qapılır».

Şairə özünü sığortalamaq üçün şerini «bəlkə ayrı cəbhədən bir-birimizə daş atdıq» misrasıyla bitirsə də, Əli Nazim bunu,yəni «gözəl dost»la mübarizə ehtimalını zəif ehtimal sayır: «nə qədər tənbəl bir mübarizə hazırlığı» - deyə hökm çıxarır. «Doğrudanmı Nigar «gözəl dost»u deyil, yabançı, düşmən dostu ilə bir günün eşqini yaşatmağa hazırdır?»

Yazısında sovet ideolojisinin sayıq keşikçisi kimi çıxış edən tənqidçi aydın dərk edir ki, bu şeirdə hər halda calayı-vətən olmuş bir mühacirə qəsd edilir. Və bunu açıb-ağartmaqdan, başqa sözlə, gənc şairəni təhlükəli zərbə altında qoymaqdan çəkinmir. Üç il sonra Əli Nazim də bir çox başqa günahsız ədəbiyyat, elm adamları kimi repressiya qurbanı oldu. Bu gün repressiya qurbanlarına haqlı olaraq acıyarkən və bəzən repressiyalardan xilas olmuşlara ən azı şübhəylə yanaşılarkən, o illərin ideoloji mübarizələrində bada verilənlərin başqaların bada vermək cəhdlərini də unutmamalıyıq. Əlbəttə, «bada vermək» ifadəsi parlaq tənqidçi və özəlliklə Nigar Rəfibəylinin ilk kitabını təqdir edən Əli Nazimə şamil edilməməlidir, amma bu sayaq ideoloji «ifşalarla» Nigar xanım yaradıcılığının müxtəlif mərhələlərində dəfələrlə rastlaşıb.

Anamın 30-cu llərdə yazdığı «Komandan» şeri haqqında 40-cı illərdə donos vermişdilər ki,bu şeir musavat zabitinə həsr edilib.

 

Mən qəlbimin ilk eşqini

Sənə verdim uzaqdan,

Bu gün də xəyalımda

Bəslədiyim komandan!

Mən kiçikdim o zamanlar

Sən göy atın belində

Hacıkəndin dağlarında

Gözəl vətən elində,

At çapardın, təlimlərdə

Vurar,nişan alardın,

Göy dağların sinəsinə

Sən vəlvələ salardın.

Mən dalınca baxa-baxa

Həsrət çəkərdim sana,

Komandanım, o günləri

Bir yadına salsana.

Bilirdim ki, sən qoymazsan

Düşmən mənə kəm baxa,

Gəncliyimin şən çağından

Bahar ötə, qəm baxa…

 

Əlbəttə, «mən kiçikdim o zamanlar» işarəsi də, gözəl vətən elində, göy atın belindəki komandan da sovet zabitini yox, cümhuriyyət ordusunun süvarisini xatırladır. «Komandanım, o günləri bir yadına salsana» çağırışı da, düşmənin kəm baxmasına imkan verməyəcəyinə ümid də donos verənin əsassız olmadığını göstərir. Amma necə olur-olsun, donos donosdur… Və belə şeytançılığın ən ağır nəticələri ola bilərdi…

Mən dəfələrlə qeyd etmişəm ki, sovet dövründə yaranan ən namuslu ədəbiyyat çox vaxt Ezop dilindən istifadə etməyə məcbur idi. İndi anamın şeirlərini yenidən, necə deyərlər, təzə gözlə oxuyarkən əvvəllər tam mənasında dərk etmədiyim çox mətləbləri aydın görürəm. Cavanlığımda Nazim Hikmətin bir misrasını tez-tez təkrar edərdim:

 

Mühacirlik ölümdən betər.

 

Bu misraları oxuduqca anamın gözlərinə çökən kədərin uzun zaman fərqinə varmamışdım. Nəhayət, bir gün: - Xahiş edirəm bu misraları daha oxuma, - dedi və o anda birdən ağlıma batdı ki, axı bu sözlər ona ovunmaz dərdini - mühacir qardaşı Kamil həsrətini xatırladır.

Və indi - çox illər sonra bu həsrətin izlərini onun bir çox şeirlərində görürəm. Bəlkə yeddi yaşında atasını əbədi itirmiş balaca qızcığazın qəlbində bu itkidən daha çox yeniyetməlik çağında ayrıldığı və otuz il öldüsündən-qaldısından xəbəri olmayan böyük qardaşının nisgili qövr eləyirdi:

 

Ürəyim torpaq kimi yaralıdır,

Üstündə tikanlı məftillərin

Qanatdığı yaraların ağrısı var -

Hicran yarası da var ürəyimdə,

həsrət dağı da….

 

Eyni duyğular füzuliyə həsr etdiyi şerində də ifadə olunub:

 

Dünyada ən qəmli diyar qürbətdir,

Qürbətdə yandıran səni firqətdir.

Qürbətddə açılmaz könlü insanın,

Ən qəmli yeridir qürbət dünyanın -

Çağırmaz bir əziz, doğma səs səni

 

Bolşeviklər Azərbaycanı, o cümlədən Gəncəni istila edib qubernator Xudadat bəyi güllələtdirəndən sonra Cəvahir xanım əvvəllər nökərləri olmuş birisinə deyib: Sənə özümün də, üç balamın da qanını halal edirəm, görsən ki, biz ermənilərin əlinə düşürük hamımızı özün öldür.»

Azərbaycanın bəy-xan nəsillərinə, ziyalılarına, ümumən üzdə olan hər şəxsiyyətinə daşnaklar qədər nifrət bəsləyən «özümüzünkülər» özümüzə divan tutur, hələ bununla öyünürlərmiş də. Sonralar özü də repressiya qurbanı olmuş azərbaycanlı komissar: «Gəncədə bir başıpapaqlı qoymadım» - deyə qürrələnirmiş...

Cəvahir xanımın təkidiylə hər iki oğlu vətəni tərk etməli olur: Rəşid Rusiyaya köçür, Kamil bircə tarını götürüb İrana, ordan da Türkiyəyə keçir.

 

Dostum, bu yerlərin qürbətdir adı -

Qürbətdə insanın könlü açılmaz,

Yaralı quş kimi sınar qanadı,

Xəyal bu göylərdə edərmi pərvaz?

Ay bir çığır salıb dənizə nurdan,

Ağaclar başını əyibdir yerə.

Xəyalım dağınıq, könlüm pərişan

Baxıram bu qərib yad sahillərə.

Vətən həsrətiylə qəlbim döyünür -

Neylərəm cənnəti vətəndən ayrı?

Şirindir vətəndə hər acı tüstü,

Şirindir vətənin küləkləri də…

 

Bu şeir ruhu, hətta bəzi oxşar ifadələriylə Almas İldırımın «Azərbaycan, oy...» rədifli məşhur şerini xatırladır. Əlbəttə, Nigar xanımın bu şeirdən xəbəri yoxdu, amma qəribəsi odur ki, Almas İldırımın mühacirliyin acısını duyaraq qürbətdə yazdığı şerin ovqatı Nigar Rəfibəylinin vətəndə yazdığı şeriylə həmahəngdir. Sanki Nigar xanım bu şeri böyük qardaşının duyğularını, vətən həsrətini ifadə edərək yazmışdır. Emin Sabitoğlu Moskvada Konservatoriyada oxuyarkən yəqin ki, o da qəriblik hissləri keçirərək bu şerə mahnı bəstələmişdi. Anam bu mahnını dinləyəndə həmişə gözləri yaşarardı…

Qürbət motivləri Nigar xanımın ayrı-ayrı mövzularda yazdığı müxtəlif şeirlərinə də səpələnib:

 

Bir ovuc vətən torpağına

Həsrət olanları düşünürəm,

Vətəndən ayrı düşüb

Qürbətdə qalanları düşünürəm.

 

Dolayısıyla bu hisslər dənizə həsr olunmuş şeirlərində də əks-səda verir. Dənizi, özəlliklə Xəzər dənizini çox sevirdi, amma Qara dənizə də şeirlər yazırdı:

 

Qara dəniz sularında əriyir axşam -

Uzaq sahillərdə işıqlar yanır.

 

«Qara dəniz» adlanın bu şerində «uzaq sahillər» deyəndə Türkiyəni qəsd etmirdimi, Kamili xatırlamırdımı?

 

Unutmaq istəyirəm xatirələri -

Dənizin səsi gəlir;

Unutmaq istəyirəm

Acı-şirin xatirələri -

Dənizin səsi gəlir.

Dəniz,sevdalı dəniz,

Sinəsi sinəm kimi

Hicran dağlı dəniz.

 

Dənizlərlə bərabər dağları da çox sevirdi. Əgər dənizlər daha çox sonrakı ömrünün həsrətli xatirələriylə bağlıydısa, dağlar qayğısız uşaqlığının sevinclərini yada salırdı.

 

Çiçəkli, səfalı yaylaq!

Qonşun Pirsultan, Müşavaq…

Heç doymadı gözüm ancaq

Xaçbulaqdan, Xaçbulaqdan.

 

Yuxularına «Hacıkəndin palıd meşələri» girirdi, Gəncliyi «Xaçbulaq yaylağında sarı çiçək dərirdi».

Ancaq xoşbəxt uşaqlığının dağları da ahıl çağında ona yasaq olmuşdu:

 

Dağlara çıxmağa həkim qoymayır -

İntizar çəkməsin dağ çiçəkləri.

Doğma təbiətdən gözüm doymayır

Sifariş eylərəm xoş küləkləri.

 

Qocalsam, xəstəlik alsa üstümü,

Dəliboy, kəkotu, reyhan gətirin.

Aranda qalsa da vücudum mənim

Qızlar,xəyalımı dağa yetirin.

 

Ən kədərli, ən təsirli şeirlərindən birini də dağlara müraciətlə yazıb:

 

Mən sizi bir daha görə bilməsəm

Xatirəmi əziz saxlayın, dağlar:

Döşünüzdən lalə dərə bilməsəm

Siz məni aranda yoxlayın, dağlar…

Uca başınızdan külək göndərin,

Məxmər döşünüzdən çiçək göndərin,

Buluddan bir bəyaz örpək göndərin,

Matəm yaylağını bağlayın, dağlar.

Mən ki,çox sevərdim dağ havasını,

Sevən ürəklərin çox sevdasını;

Bir qərib gəlinin tutub yasını

Dost kimi doyunca ağlayın, dağlar…

 

Nazim Hikmətin poeziyasını çox sevirdi. Körpəliyimdə, hələ əlifbanı öyrənib qiraət edə bilmədiyim vaxtda anamın mənə oxuduğu iki kitabdan biri «Koroğlu» dastanı, biri Nazimin «Günəşi içənlərin türküsü» şeir toplusu idi. Nazim atamgilin evində qonaq olarkən nə qədər təkid etsə də, anam öz şeirlərini oxumaqdan imtina edirdi. Bir dəfə şeirlərini əzbər bildiyi Əhməd Haşım haqqında söz düşəndə Nazim ağız büzüb: «Salon şairidir» - demişdi. Sonra anam Nazimə şeir oxumamasının səbəbini bizə izah edərkən deyirdi: «Əhməd Haşımı bəyənməyən,mənim şerimi bəyənəcək? Amma hər halda bir dəfə Nazim bizdə olarkən «bir son bahar da düşdü, ömrümün təqvimindən» misrasıyla başlanan şerini oxudu. Sonra bütün axşam boyu Nazim bir neçə dəfə bu misranı təkrar edirdi: «Bir son bahar da düşdü ömrümün təqvimindən«… Özü də nə isə sanki özünə aid olan bir etiraf kimi təkrar edirdi bu sətri…

Nazimin vəfatı atama da, anama da çox ağır təsir etmişdi, xəbəri eşitdikləri axşamın səhərisi gün hər ikisi Moskvaya uçmuş, böyük dostlarının dəfnində iştirak etmişdilər, Rəsul Rza dəfndə çıxış da etmişdi. Nazimin ölümündən sonra anamın yazdığı şeirdə belə misralar var:

 

Oğlu idin böyük bəşəriyyətin, -

Quruyan budağın,

şikəst heyvanın,

sönən ulduzun kədərini duyurdun -

İnsanın qəmini

hamıdan əvvəl.

 

Nigar xanımın Nazim şerində nəzərə çatdırdığı bu özəllik onun özünün poeziyasına da xasdır. O da şeirlərində «Dənizdə boylu çinar kimi yüksələn tənha buruğun təklik qəmini» duyur, o da neçə «saysız çalarıyla xalqa,yurda ,məmləkətə, ulduzların karvanına, aya, günə, quşa, xallı kəpənəyə, əlvan, zərif çiçəklərə» böyük insan məhəbbəti bəsləyir, «tanıdığı və tanımadığı adamların ağlamasına dözə bilmir». O da Nazim Hikmət kimi, «məni yatmağa qoymur dünyanın dərdi» deyən Rəsul Rza kimi «qəmi-aləmi» (Füzuli) çəkənlərdəndir.

 

Dünya, bir sirrini aşkar et mənə,

Nədən parlayırsan, nədən sönürsən?

Bu qədər siqləti alıb arxana

Sən öz məhvərində necə dönürsən?

 

Kaş güllər, çiçəklər olaydı yükün,

Ağır mərmiləri daşımayaydın.

Şəfəqlər öpəydi alnından hər gün

Sis-duman içində yaşamayaydın…

 

Odur ki, Nigar Rəfibəyli poeziyasının qəhrəmanları sırasında təbii və üzvi şəkildə ispan inqilabçısı Dolores İbarrurini, mübariz Əlcəzair qızı Cəmiləni, xarüqəvi səsə malik olan Peru müğənnisi İma Sumakı, «mənim şair qardaşlarım» adlandırdığı azərbaycanlı həmkarlarıyla bərabər tatar xalqının sənətkar və qəhrəman oğlu Musa Cəlili də görürük.

Müxtəlif illərdə yazdığı şeirlərini yenidən mütaliə edəndə ona da diqqət etdim ki, ilk yazıları belə sanki püxtələşmiş bir qələmin məhsuludur. Birinci kitabına 1929-cu ildə, yəni on altı yaşında yazdığı «Tirendə» şeri daxildir:

 

Yaşıl dalğalı bir dəniz kibi

Arasından taxılların

Sürünüb keçdi bizim qatar,

Sürətini yükləyərək

Saatların arkasına

Günəş sularda doğar,batar,

Yüksəlir,

Günəşin evindən işıqlar gəlir…

Gecə bəyaz

Bir Qafqaz

qızı kibi incə belli

Çamların qoynuna girmiş

İrmaqlardan çağlayan

bir masal söyləyirmiş…

Qıvırcıq başlı topbul söyütlər

Əymişlər başlarını

Mina rəngli sulara…

Yol uzun,

gecə bəyaz

gecəyə axan

bir səs,

bir musiqi səsi var

bu səs,bu ahəngdar

Melodi

Relslərdə çırpınan

çarxların səsi.

 

Şeirdə o dövrün dil özəllikləri əks olunmuşdur, «qatar» əvəzinə «tiren», bugünki dilimizdən çıxmış «masal», «irmaq» kimi sözlər, «kimi» deyil «kibi», «şamlar» deyil « çamlar» işlənmişdir. Əsas isə o dövr üçün xas olan «qatar, hərəkət, çarxların səsi, günəşə yaxınlıq» kimi ibarələr yer almışdır, həm də bu ədəbiyyatımızda sərbəst şerin ilk nümunələrindəndir. Nigar Rəfibəyli sonrakı illərdə də ara-sıra sərbəst vəznə, bəzən də əruza müraciət etmişdir, amma şeirlərinin əksəriyyəti hecadadır. Bu şeirlərində də orijinal ifadələr, yeni təşbehlər çoxdur: «Uzaq-uzaq ölkələrdən, elə bil küsüb gəlir bahar», «Meh əsir, budaqlar yavaşdan-yavaşdan deyinir», «Kimi yumub gözünü, mürgülədi narın-narın»…

Bu yazını yazdığım günlərdə Nigar Rəfibəylinin ölümündən - 1981-ci il iyulun 10-dan - az qala 32 il keçib,amma mənimçün o məşum gün sanki dünən idi. Vaxt mənimçün o gün dayandı, həmin ilin 1 aprelində - atamın ölüm günü - dayanan kimi…O tarixlərdən sonra yaşayan, işləyən, çıxışlar edən, nə isə yazan, kimlərlənsə görüşən, haralarasa səfər edən insan - mən deyiləm, mənim qiyafəmdə, mənim sifətimdə başqa bir adamdır. Yunis İmrə deyir:

 

Məni məndə sorma,məndə deyiləm,

Bir mən vardır məndə məndən içəri.

 

Mən isə deyə bilərdim: Məndən çöldə zahirən mənə bənzəyən, bəlkə mənim klonum olan başqa bir şəxs var, hamı onu «mən» bilir, amma o mən deyiləm…

Axır vaxtlar, tez-tez olmasa da onları yuxuda görürəm. Onların vəfatlarından sonra nəşr olunmuş fotoalbomlarına baxırıq, hansı şəkillərisə müzakirə edirik, onlardan sonra çıxan kitabları haqqında fikir söyləyirlər, mənim «Sizsiz» romanıma qeydlər edirlər. Mən onların bioqrafiyalarının hansısa faktlarını özlərindən soruşub dəqiqləşdirirəm. Amma cavab ala bilmirəm. Yuxudan oyanıram. Günahımdan qovrula-qovrula qalıram, axı niyə, niyə axı mən onlar həyatda olarkən talelərinin müxtəlif məqamları haqqında özlərindən soruşub eşitdiklərimi yaddaşımda saxlamamışam? Axı niyə onlar qismətlərinə düşən çətinliklər haqqında bizə belə az bilgilər verdilər? Xüsisilə ona yanıram ki, Rəfibəylilər nəsliylə,anamın öz ailəsinin başına gələnlərlə belə ötəri maraqlanmışam, onun özündən sistemli, ətraflı məlumatlar almamışam. Başa düşürəm ki, özü bu temalara yasaq qoymuşdu,bizim qəlblərimizi intiqam,qisas duyğularıyla,ya sadəcə nifrət hissləriylə doldurmamaq üçün, bolşevik rejimindən çəkdiklərini heç vaxt bizə danışmazdı.

Yaxşı, bəs onda biz, xüsusilə övladlarının ən böyüyü, həm də peşəsini ədəbiyyatla bağlamış adam nəyə görə ondan bütün bu gizlində saxladıqlarını qopartmamışam, o şeyləri ki, indi onların vəfatından sonralar üzə çıxan sənədlərdən öyrənirik. Heç kəsi, ilk növbədə də bizi - övladlarını dərdlərlə yükləməmək üçün,bütün ağrılarını öz içində çəkirdi. Bunun acısını ancaq arabir şeirlərinə sızdırırdı:

 

Gizlin yaradan ağrısı çox yarə tapılmaz.

 

İndiyəcən «sirlər xəzinəsində» saxlanan ailəmizlə bağlı sənədləri üzə çıxaran Rafael Hüsenyova bir daha minnətdarlıq edirəm, Xudadat bəyin bəraət alması üçün lazımi materialları toplayan və bu bəraətə nail olan hüquqşünas, ədliyyə generalı, Rəfibəylilərin ağsaqqalı Akif Rəfiyevə dərin təşəkkürlərimi bildirirəm.

Bəzən yuxularımda anamla danışıram, deyirəm ki, babası Ələkbər bəyin də, atası Xudadat bəyin də tər-təmiz adları, şər, böhtanlar və yalanlar girdabından çıxarılıb, tariximizdə layiq olduqları şərəfli yeri tutublar. Bizim günlərdə nəşr olunmuş «Cümhuriyyət ensiklopediyası»nda altı Rəfibəyliyə - Ələkbər bəyə, Xudadat bəyə, Cəmil bəyə, Cavad bəyə, Əyyub bəyə (Sayqına), Səməd bəyə (Sayqına) ayrıca maddələr - məqalələr həsr olunub. İndi qədim Gəncədə dörd Rəfibəylinin adına küçə var: Ələkbər bəy küçəsi, Xüdadat bəy küçəsi, Cavad bəy küçəsi, Nigar Rəfibəyli küçəsi… Xan bağında (keçmiş adıyla Sərdar bağında) Nigar xanımın əzəmətli heykəli ucaldılıb, adına məktəb var, yaşadıqları evin divarına xatirə lövhəsi vurulub. Bilmirəm, anam yuxuda ona danışdıqlarıma necə münasibət bəsləyir. Ayılıram yuxudan. Amma əminəm ki, yaşasaydı, bu faktlardan, özəlliklə babasının, atasının, nəslinin adının süni ləkələrdən təmizlənməsinə çox sevinərdi. Axı sovetin ən qatı qəddar illərində soyadını da dəyişməmişdi və belə bir bənd yazmağa da cəsarət etmişdi:

 

Mən könül mülkünün tacidarıyam,

Xəyal dünyasının şah nigarıyam.

Vətən torpağında iftixar olan

Şanlı nəsillərin yadigarıyam.

 

Nigarın 17 yaşı olanda sovet hökuməti Gəncədəki evlərində növbəti axtarış aparanda bir şeir tapılmışdı. Bu imzasız şeirdə deyilirdi ki, «Günəş şərqdən doğub, şərqdən doğacaq». Bir həngamə qaldırdılar ki, gəl görəsən. Mərkəzi Komitənin katibi Əliheydər Qarayev bir neçə qəzetdə iri bir məqalə dərc etdirdi, gənc şairəyə ən ağır ittihamlar verdi. Xatirələr, məqalələr kitabında bir neçə yazıda bu barədə məlumat verilir, özəlliklə R.Hüseynov «Nigaran çiçəklər» essesində bu barədə ətraflı yazır. Odur ki, burda Ə.Qarayevin cızma-qarasından sitatlar verməyəcəm. Bir onu qeyd etmək istəyirəm ki, bu məqalədən sonra Nigar hər yerdən çıxarılır, işsiz qalır, özü də, himayəsində olan anası da bir parça çörəyə möhtac olurlar. Amma heç yerdə demir ki, hücumlara hədəf olmuş bu şeir onun deyil, Mikayıl Rzaquluzadənindir. Böyük qardaşlarının - Kamilin və Rəşidin dostu Mikayıl o vaxt Moskvada təhsil alırmış, gənc şeir həvəskarı Nigarla da məktublaşırmış. Bu şeri məktublarının birində göndəribmiş. Amma anam Mikayıl Rzaquluzadənin taleyini təhlükə altında qoymamaq, təhsilini pozmamaq üçün şerin kimə aid olduğunu heç yerdə demir. R.Hüseynov Nigar Rəfibəylinin arxivində gənc şairənin fəhlə-kəndli inspeksiyası komissarlığına ünvanladığı məktubun surətini aşkar edib. Bu mərd və cəsarətli məktub gənc şairənin ləyaqət və qürurunun heyrətamiz örnəyidir.

Nigar yazır ki, Ə.Qarayevin məqaləsinin böyük hissəsi ona - N.Rəfibəyliyə həsr edilib. «Məqalə birtərəflidir, faktlar təhrif olunub və həqiqətə uyğun deyil». Mərkəzi Komitə katibinin imzasıyla çıxan məqalə haqqında məktubda belə sərt sözlər deyilir. Şairə yazır ki, bu məqaləyə qədər Azərkinoda tərcüməçi işləyirdim. Bu yazıdan sonra məni işdən çıxardılar.

Bu vaxt məsələ Mikayıl Rzaquluzadəyə çatır və o kişilik göstərərək Bakıya məktub yazır, şerin məhz ona məxsus olduğunu etiraf edir. O vaxtacan hücumlar kampaniyası da səngiyir və Nigarı yenidən işlə təmin edirlər. Azərnəşrdə işə düzəlir. Burda isə tamam başqa mühit vardı. Mikayıl Müşfiq, Sabit Rəhman, Nəzakət Ağazadə işləyirdilər burda…

Mirvarid Dilbazi, Səmayə Rəfili və Nəzakət Ağazadə anamın ən yaxın rəfiqələri idi. Nəzakət xanım Cümhuriyyət Parlamanının sədr müavini doktor Həsən bəy Ağayevin qızı idi, Rəfibəylilərlə ailəvi dost idilər. Həsən bəy Azərbaycanda bolşevik çevrilişindən sonra Tiflisə qaçır, orada muzdlu qatil tərəfindən qətlə yetirilir. Sonralar Nəzakət xanım almanşünas kimi geniş şöhrət qazandı, elmlər doktoru oldu, lüğətşünas-dilçi Əli (Əliheydər) Orucova ərə getdi.

Nəzakət xanım xarici səfər zamanı vəfat edir, cənazəsini təyyarəylə Bakıya gətirirlər.

 

Cənazəni qürbətdən

Təyyarəylə gətirdilər:

Qapaqlı dəmir yatağında

Vətən torpağına yetirdilər.

Soyuq barmaqlarıyla

Yapışdı ürəyimdən,-

Bu dərd mənim, bu qəm mənim,

Nəzakət, Nəzakət,

Əziz, mehriban

rəfiqəm mənim.

   

Şeirdə Nigar xanım nisgilli xatirələrə də dalır, «uşaqlıq illərimiz yetimliklə, möhnətlə keçdi, gəncliyimiz qayğıyla, zəhmətlə» -deyir, «nə ata çörəyi yedik, nə gördük qardaş sovqatı, qamçıladı bizi acı-acı sərt üzlü yetimlik həyatı» - deyir.

 

Ömrün çətin yollarında

Bizə yar oldu Əli, Rəsul -

Onlar açıqürəkli,

Qaynar məhəbbətli gənclər idi.

O zamanlar bizimlə

ünsiyyət bağlamaq,

Sadə sevgi deyil -

Böyük hünər idi…

 

Bu misralar da həmin şeirdəndir.

Rəsul Rzayla Nigar Rəfibəyli 1934-cü ildə nişanlanmış, bir yerdə Moskvaya təhsil almağa getmiş, 1937-ci il fevralın 11-də evlənmişlər. «Şairənin qisməti» adlı qiymətli məqaləsində (bu məqalə də kitaba daxil edilib) İlyas Əfəndiyev yazır ki, mən elə bilirdim Rəsulla evlənəndən sonra Nigar xanımın başından təhlükələr tamam sovuşubmuş. Demə belə deyilmiş. İlyas müəllimin xatırladığı faktdan məlum olur ki, NKVD daima Nigar xanımı izləyir, nəzarəti altında saxlayırmış.

Nigar Rəfibəylinin və anası Cəvahir xanımın başları üstündə dolaşan qara buludlar - həbs və sürgün təhlükəsi - 40-ci illərin ikinci yarısında tamamilə reallaşıbmış. Akif Rəfiyevin DİN arxivindən üzə çıxardığı sənəd bunu aydın sübut edir. Sənəddə deyilir:

«Rəfibəyova Cəvahir xanım: 1888-ci il təvəllüdlü, Gəncənin keçmiş general-qubernatoru, 1920-ci ildə sovet hakimiyyət orqanları tərəfindən güllələnmiş X.Rəfibəyovun arvadı. Oğlu Rəşid son vaxtlara qədər Moskvada təhsil alırdı. İkinci oğlu Kamil - müsavatçıdır, Türkiyəyə mühacirət edib. Hal-hazırda Kars şəhərində yaşayır. Türk ordusunda xidmətdədir. Müsavatın İstanbul komitəsiylə və türk kəşfiyyatıyla bağlıdır. SSRİ-yə qarşı aktiv kəşfiyyat işi aparır (Çekistlərin növbəti uydurması - Kamil dayı heç vaxt müsavatçı olmayıb, nə türk ordusuyla, nə türk kəşfiyyatıyla əlaqəsi vardı, ömrü boyu Türkiyənin müxtəlif şəhərlərində həkim kimi çalışıb - A.). Qızları Nigar Xudadat bəy qızının iki dayısı Türkiyədə mühacirətdədirlər. Ana və qız 1936-cı ilə qədər xariclə məktublaşırdılar. Hal-hazırda sovet hakimiyyətinə düşmən münasibət bəsləyirlər».

Sənədin sonunda «Sürgün edilsinlər» təklifi və Qriqoryan imzası var. Bu həmin o Xoren Qriqoryandır ki, o illərdə Azərbaycan NKVD-sinin rəhbər işçilərindən biri idi. Bu həmin Xorendir ki, Azərbaycanda ziyalılara qarşı 37-ci il repressiyalarının fəal təşkilatçılarından biri olub və sonralar aşkar olunduğu kimi, azərbaycanlıları, özəlliklə də Azərbaycan ziyalılarını məhv etməyi qarşısına məqsəd qoymuş daşnak imiş. Bu həmin Xorendir ki, Rəsul Rza «Qızıl gül olmayaydı» poemasında onun haqqında yazırdı:

 

Xorenlər iş başında

Ruhullalar zirzəmidə, can üstündə…

 

Xoren Qriqoryan 1956-cı ildə Mir Cəfər Bağırovun məhkəməsində ittiham olunaraq güllələndi.

Hazırda biz elə bir dövrdə yaşayırıq ki, əlinə qələm alan hər kəs sovet vaxtı yaşayan əcdadlarının görünməmiş igidliklərindən, inanılmaz cəsarətindən ağızdolusu söz açır. «filankəsi tutmaq istəyiblər, filankəsi az qala tutacaqlarmış» kimi şayiələr də baş alıb gedir. Amma kimisə tutmaq niyyəti haqqında bircə sənəd də üzə çıxmır.

Yuxarıda gətirdiyim sənəddə «Sürgün olunsunlar» təklifiylə yanaşı, M.C.Bağırovun dərkənarı var: «Ostavit». Yəni, «dəyməyin, qalsınlar». Kim bilir, kefinin hansı dəm çağında Bağırov ailəmizin taleyini həll edən belə bir qərarı verib. Bəlkə o vaxtlar artıq tanınmış şair və ictimai xadim olan Rəsul Rzanın ailəsini dağıtmaq istəməyib. Axı Rəsul açıq deyirdi, Nigarı sürgün etsələr, mən də onunla gedəcəm - və bu sözləri də şübhəsiz, «hara lazımdı» çatdırırdılar. Hər halda bir bu Bağırov dərkənarıyla nənəmin, anamın, atamın və bizim - onların üç balasının taleyi həll olundu.

Valideynlərimizin, özəlliklə də nənəmizin Sibirdən qayıdıb-qayıtmayacağı məlum deyildi, bizi də - məni və iki məndən kiçik bacılarımı yəqin ki, ayrı-ayrı düşərgələrə göndərəcəkdilər və bir-birimizi bəlkə də əbədi itirəcəkdik. Yuxarıda gətirdiyim sənəd haqqında o vaxtlar bir şey bilməsələr də, sürgün təhlükəsinin nə qədər gerçək olduğunu aydın dərk edirdilər. Axı Rəfibəylilər nəslinin nümayəndələrini müxtəlif vaxtlarda doqquz dəfə sürgün ediblər. Qırxıncı illərdə anamın dayısı Fərrux bəyi arvadı Rəxşəndə xanımla sürgün etdilər, Cavad bəy də növbəti dəfə sürgünə göndərildi. Yaxşı yadımdadır o vaxtlar anam bütün günü nənəmgildə olurdu, gecə yarısı evə qayıdır və səhər tezdən Cəvahir xanıma zəng edib guya qardaşı oğlunun səhhətiylə maraqlanırdı - səsini eşidib anasının tutulmadığına əmin olurdu.

 

Yar-yoldaşından aralanmış,

Dirilərin cərgəsindən

Adı, sanı qaralanmış

Nakamların qismətinə dözə bilmirəm,

Dərdinə, möhnətinə dözə bilmirəm.

 

Bu misralar da Nigar Rəfibəylinindir və ailəvi dostları Əhməd Cavadın, Rəsulun və özünün yaxın yoldaşları Müşfiqin, böyük Hüseyn Cavidin və yüzlərlə başqalarının aqibətini onlar da yaşaya bilərdilər. Qismət Bağırovun bir dərkənarından asılıymış.

Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanımın vəfatının təsiriylə yazılmış şerində Nigar Rəfibəyli zamana, dövrana, daha doğrusu, bu zamanı yaradanlara, bu dövranı idarə edənlərə qəlbinin əzablı suallarını verir:

 

Niyə axdı, niyə günahsız qanlar

Niyə susdu, niyə soyuq vicdanlar?!

Əsrin cinayəti açılmayacaq,

Tarix gizləyəcək varaqlarında.

Sorsa da gələcək nəsillər,ancaq

Qalacaq suallar dodaqlarında.

Tarix gizlədəcək varaqlarında,

Cavab verməyəcək nahaq qanlara -

Cavab verməyəcək o dövranlara…

Əsrin vicdanında qalar bu ləkə -

Adsız şəhidlərin tökülən qanı,

Soyuq vicdanları oyadar bəlkə,

Oyadar qanlara batan dünyanı -

Dünyadan cəfakeş bir ana getdi,

Ağır töhmət qoyub zamana getdi.

Bir böyük şairin ilham məbədi

Yumdu gözlərini, yumdu əbədi;

Qəlbi bala dağlı bir ana getdi,

Ağır töhmət qoyub dövrana getdi…

 

Müstəqillik illərində aşkara çıxarılmış sənədlər və işıq üzü görmüş tədqiqatlar bəzi faktlara başqa gözlə baxmağa əsas verir. Əliheydər Qarayevin məlum və məşum məqaləsinə səbəb yalnız axtarış zamanı tapılmış şeir idimi? Xoren Qriqoryanın və xorenlərin Nigar Rəfibəyliyə qənim kəsilmələri yalnız onların azərbaycanlılara bəslədikləri nifrətləymi bağlıydı? Yalnız indi bildik ki, 20-ci illərdə cavan müsavatçıların «Gənc Azər» adlı təşkilatları yaranıbmış. Bu təşkilatın fəaliyyətinə və darmadağın edilməsinə aid «Gənc Azər» adlı kitab 1993-cü ildə Bakıda nəşr olunub. Həmin kitabın 12-13-cü səhifələrində təşkilatın həbs olunmuş üzvlərindən birinin istintaqa verdiyi ifadə dərc edilib:

«Bir dəfə şagird Nigar Rəfibəyli mənə türk doktor Rıza Nuri bəyin kitabını verdi. Bu kitabda doktor Azərbaycandan bəhs edərkən yazmışdır ki, Azərbaycan müstəqil olsa da, lakin faktiki olaraq Rusiyanın müstəmləkəsi vəziyyətindədir. Mənim şəxsən yadımdadır ki, Əmin Abid 1927-28-ci illərdə sinifdə türk şairi Ömər Seyfəddinin «Bomba» hekayəsini oxudu. Hekayə mahiyyət və xaraktercə əksinqilabi idi. Əmin Abid özünə yaxın bildiyi şagirdlərə həmişə təklif edirdi ki, türk şairlərinin - pantürkistlərin əsərlərini oxusunlar».

İfadədə deyilir ki, pedtexnikumda oxuduğu illərdə Nigar Rəfibəyli ümumiyyətlə, çoxlu türk jurnalı alırmış və bu ədəbiyyatla onu pedtexnikumun müəllimi Əmin Abid təchiz edirmiş. İfadə verənin iddiasına görə belə kitab və jurnalları yaymağı Əmin Abid yalnız inandığı tələbələrinə etibar edirmiş.

Heç bir vaxt anamın dilindən belə bir təşkilatın varlığı, hətta guya onun üzvü olduğu haqqında bircə kəlmə də eşitməmişdik, müəllimləri sırasında da Əmin Abidin adını çəkməsi yadıma gəlmir. Yalnız yadımda o qalıb ki, Əmin Abidin böyük qardaşı Müznib haqqında deyirdi, zahirən çox çirkin kişi idi. Azərbaycan ədəbiyyatında anamın ən çox hörmət bəslədiyi iki şəxsiyyət - Hüseyn Cavid və Cəfər Cabbarlı idi. «Müşfiqi düşünərkən» adlı yazısında Nigar Rəfibəyli qeyd edir ki, «sevimli sənətkarım Cəfər Cabbarlı gəncliyimin fırtınalı illərində məni böyük qardaşı əvəz etmişdi».

NKVD-KQB-nin Nigar Rəfibəyliyə xüsusi «diqqətinin» bir səbəbini də tədqiqatçı Nəsiman Yaqublu açır. «Nigar Rəfibəyli sovet dövründə niyə təqib edilirdi?» adlı yazısında («Yeni müsavat» qəzeti, 1 avqust 2011) şairənin bəzi şeirlərinin Türkiyədə, mühacir mətbuatında dərc olunmasını qeyd edir. Məsələn, Azərbaycan mühacirlərinin Ankarada nəşr olunan «Azərbaycan» jurnalında hələ anamın sağlığında (1979, ¹231) Nigar xanımın bu şeri dərc edilib:

 

Uzaq ölkələrə, uzaq ellərə

Axışan buludlar, axan buludlar,

Bir ilıq nəvaziş umarkən sizdən

Könlümü həsrətlə yaxan buludlar;

Solan çiçəkləri siz öpərsiniz -

Siz ey köksünüzdə örpək buludlar,

Yanan səhralara su səpərsiniz -

Ey atlas buludlar, ipək buludlar!

 

37-ci il olsaydı, donosbazlar bu sətirləri qurdalayıb gör nə qədər antisovet mənalar çıxarardılar. Şükür ki, bu şeir Türkiyədə 1979-cu ildə çap olunub, daha bu sayaq şeytançılıqlara çox da fikir verilmədiyi, belə ucuz çuğulçuluğun vaxtı keçdiyi illərdə. Amma axır illərəcən hakimiyyət Nigar xanıma sonacan etibar etmirdi, ehtiyatla, müəyyən şübhələrlə yanaşırdı. Düz deyirlər ki, onun cənazəsinin Birinci fəxri xiyabanda - Rəsul Rzanın yanında basdırılmasına icazə verməmək - sovet quruluşunun Rəfibəylilərdən aldığı son qisas idi.

Əlbəttə, mən Nigar Rəfibəylinin bütün ömrünü başdan-ayağa qəm-kədər içində yaşanılmış bədbəxtçilik kimi qələmə vermək istəməzdim. Bu ömrün işıqlı günləri, xoşbəxt illəri, ayları, günləri də az olmayıb.

Romantik, şairanə təbiətə malik olan Nigar sifətində xoşbəxtlik ifadəsiylə yalnız atalı-analı, qardaşlı, qayğısız uşaqlıq çağını deyil, Moskvada təhsil aldığı illəri də xatrlayardı. Ömrünün sonrakı mərhələlərində də ailə sevinclərindən qıtlıq çəkməyib. Qeyri-adi bir məhəbbətlə sevdiyi övladlarının, sonra isə nəvələrinin dünyaya gəlməsi ona sonsuz xoşbəxtlik bəxş edib.

 

Mən analıq duyğusunu

Qul etmədim şan-şöhrətə

Ən müqəddəs hisslərimi

Bağladım bir məhəbbətə…

Üç beşiyin arxasında

Bəzən sübhədək oturdum,

Nəğmələrdən, şeirlərdən

Mən onlara dünya qurdum.

 

Övladlarıyla, nəvələriylə bağlı qayğılar onu yaradacılıq həyatından ayırsa da, o tərəddüdsüz olaraq ikincini birinciyə qurban verirdi. Bu qurbanın təəssüfü yalnız bəzi şeirlərində yüngül qüssəylə əks olunub. Yaşlı vaxtının ən böyük sevinci qırx illik ayrılıqdan, xəbər-ətərsizlikdən sonra Türkiyədə qardaşı Kamillə qovuşması oldu.

İlk dəfə Türkiyəyə 1956-cı ilin 26 oktyabrında Rəsulla birgə «Pobeda» gəmisiylə Avropa səyahətinə çıxdıqları zaman gəlir. Məktublaşmaları 1936-cı ildə birdəfəlik kəsilmiş Kamil haqqında heç bir məlumatı yox idi. Heç bilmirdi ,sağdırmı,bircə tibb təhsili alıb həkim işlədiyndən xəbəri vardı. Mənə danışırdı ki, bircə gün İstanbulda olduqları zaman küçələri dolaşdıqca həkimlərin lövhələrinə baxırdı, bəlkə birdən Kamil Rəfibəylinin adına rast gəldi. Təbii ki, Kamilin İstanbuldamı, Türkiyənin başqa şəhərindəmi yaşadığını da bilmirdi. Onu da bilmirdi ki, böyük qardaşı Bakıdakı qohumlarını qorumaq üçün soyadını dəyişmiş, Kamil Arran olmuşdu. O biri Rəfibəyli əqrəbaları da eyni səbəbdən Sayqın və Əsgəran soyadlarını qəbul etmişdilər.

1956-cı ildə İstanbul təəssüratlarından iki şeri qalıb.

 

İstanbulun üstündə duman pərdə-pərdədir,

Türk qızı namaz üstə, yenə başı yerdədir.

 

- misralarıyla başlayan «Bosfor sahillərində» adlı şeir ateist sovet təbliğatının qəlibləri çərçivəsində yazılıb. İstanbulla bağlı dörd sətirlik şerini isə bizə oxumuşdu, sağlığında çap etdirmədi. Ölümündən sonra biz nəşr etdik:

 

İstanbul duman içində,

Ürəyim güman içində;

Ümidlərim puça çıxdı,

Dağıldı bir an içində.

 

«Güman» - həkim lövhələrinin birində qardaşının adına rast gələcəyiylə bağlıydı. «Ümidlərin puça çıxması» isə elə həmin gün İstanbuldan uzaqlaşan gəmidə keçirdiyi hisslərin ifadəsi idi - bir də heç vaxt qardaşını görə bilməyəcəyinin ovunmaz ağrısı….

Türkiyədən, Kamil bəydən ilk sorağı məşhur bəstəkar və dirijor, atamın yaxın dostu Niyazi gətirdi. Qardaş-bacı qiyabi də olsa bir-birini tapdılar, məktublaşmağa başladılar. Bu, bəlkə anamın ən xoşbəxt günləri idi. Ailəmizdən Kamil dayının arvadı Ruqiyyə xanımı, övladları Aydını, Bertanı və Nigarı ilk görən biz - Zemfirayla mən olduq.1967-ci ildə, bir günlük İstanbul səfərimiz zamanı. Kamil dayı o vaxt başqa şəhərdə yaşayırdı. Bir neçə il sonra Kamil dayının görüşünə Aydınla bərabər İzmir yaxınlığında Ayvalıq adlı yerdə gəldim. Məndən bir il sonra isə atamla anam da onunla görüşdülər. Bu görüşlərin xoşbəxt anları haqqında Nigar Rəfibəylinin bu kitaba daxil olan «Sağlıqla qal, yaxın qonşu» adlı Türkiyəyə səfər təəssüratlarında ətraflı söz açılır. Təkrar etməyəcəm.

Nigar Rəfibəylinin poeziyasında da, yol qeydləri də daxil olan prozasında da onun çəkdiyi daxili əzablardan yox, işıqlı duyğularından söz açılır. Səciyyəvidir ki, şeirlərindən biri «İşıqlı dünyam» adlanır. Şeirlərində «insana, təbiətə sonsuz məhəbbəti» ifadə olunur. Xasiyyətcə anam həyatsevər idi, dünyada da, insanlarda da ancaq yaxşı cəhətləri görmək istəyirdi. Arabir rast gəldiyi müzür adamlar haqqında isə zərif bir istehzayla yazırdı:

 

Biri rəsmi salamlaşıb keçir,

Biri salam vermək əziyyətindən

uzaqlaşıb keçir;

Biri salam vermir

rütbəsi böyüyəndə

Biri salamlaşmayır

yoldaşımla arası dəyəndə….

 

Rəsul Rzaya ara-sıra endirilən zərbələr Nigar Rəfibəylinin taleyinə də təsirsiz qalmırdı. Amma bununla bərabər xoşbəxtlikdə də, bədbəxtlikdə də həmişə Nigarın yanında Rəsul vardı - sevən həyat yoldaşı, etibarlı dost, həmkar, arxa, onu hər bəladan qoruyan müdafiəçi… Rəsul Rzanın ən gözəl məhəbbət şeirləri Nigar xanıma həsr edilib. Nigar xanımın da ən incə şeirləri ərinə aiddir:

 

Yerdən gurultuyla qopub qalxan

təyyarələrin dalınca baxa-baxa qaldım,

Uzaq dənizlərdə

Böyük gəmilərlə səni yola saldım;

Stansiyalardan ayrılıb gedən

Qatarların arxasınca kövrəlib ağladım -

Həmişə sabaha, vüsala ümid bağladım.

Havalar geniş,

Dəryalar dərin, -

nələr görür sənin işıqlı gözlərin.

 

Təbii ki, belə həssas şeirlərin yazılışına ayrılıq günlərində daha çox ehtiyac duyulur. Gündə gördüyün, hər zaman gözünün qabağındakı adam bir müddət səndən məsafə etibarilə uzaqlaşanda duyğular cəhətdən daha da yaxınlaşır, daha da məhrəmləşir, onun yanında olmadığını daha nisgilli hiss edirsən.

 

Bir son bahar da düşdü

Ömrümün təqvimindən -

Nə sənə məhəbbətim,

Nə həsrətim azaldı.

Özüm də heç bilmirəm

Niyə bir ömür boyu

Gözüm uzaq yollarda-

- sənin yolunda qaldı.

Bir qocaman dağ olsan

Səni vurub yıxardım -

Ürəyimdən ən incə

teli necə qopardım?

Bir sən oldun könlümün

Yaxın dostu, həmdəmi -

Sən olmasan tutmazdı

Bəlkə əlim qələmi.

Sən olmasan baharın,

yazın ətri olmazdı.

Sən olmasan bir dünya

Sevinc belə çox azdı.

Baharın çiçəkləri

Açıb-solmasın sənsiz -

Ömrüm sənsiz olmasın,

şerim olmasın sənsiz.

 

Hisslərinin ən kövrək çağı müharibə illərinə düşür. Rəsul hərbi müxbir kimi çalışdığı Krım cəbhəsindən Nigara yalnız şeirlər yox, müharibənin dəhşətli səhnələrini təsvir edən ətraflı məktublar da göndərirdi. Həmin kağızlardan bəziləri N.Rəfibəylinin bu kitaba daxil olan «Rəsulun məktubları» adlı yazısında yer alıb. Bu kitabdakı başqa bir mətndə - Nigar xanımın müharibə illərinə aid gündəliklərində - Rəsulun cəbhədə olmasıyla bağlı əndişələri, təlaşları canlanır…

Heç bir şey - nə bolşevik rejimi tərəfindən güllələnmiş qubernatorun qızıyla evlənmənin riski, nə 37-ci ilin amansız sınaqları, nə sürgün qorxusu, nə muharibənin ölüm-dirim təhlükəsi, nə Nigar xəstəliyinin müdhiş diaqnozu, nə məişət problemləri, xırda-para umu-küsülər onları bir-birindən ayıra bilmədi. Onları həyat yox, ölüm ayırdı. Daha doğrusu, həyatda onları bir-birindən ayırmağa gücü çatmayan quruluş onları ölümlərindən sonra araladı.

Nigar Rəfibəylinin belə misraları var:

 

Mən ki, doymamışdım heç vüsalından -

Mənə zülm elədi yaman ayrılıq;

Nə olaydı bir gün durub yuxudan

Görəydim ki, olub yalan ayrılıq.

 

Biz ki,bir ruh idik iki bədəndə -

O gülüb sevinsə gülərdim mən də.

Vüsalın bülbülü uçub gedəndə

Daş kimi qəlbimdə qalan ayrılıq.

 

Bu misralar da Rəsul Rzanındır:

 

Mən bütöv bir yuvaydım -

Yel vurdu paralandım,

Mən səndən ayrılmazdım

Zülmnən aralandım…

…və mən heç nə edə bilmədim.

 

Anamı ümumi qəbiristanlıqda öz anasının, nənəsinin, dayısının, dayısı oğlanlarının yanında basdırdıq. Dəfn etdiyimiz dəqiqələrdə qeyri-ixtiyari anamın keşməkeşli taleyi haqqında düşünürdüm. Haçansa kübar, zadəgan ailəsində bir qız dünyaya gəlir. Başqa zadəgan ailəsi: bu qız bizim gəlinimiz olacaq deyə qoyun kəsdirir. Sonra siyasi tufanlar qopur, yeddi yaşlı qızın atasını qətl edirlər, qurban kəsənlər pərən-pərən olub dünyaya səpələnirlər. Balaca Nigar yeniyetməlik çağından öz əlinin zəhmətiylə çörəyini qazanır, özünü və anasını saxlayır, özgəsinin şerinə görə vicdansız təqiblərə və təhqirlərə düçar olur. Ala gözlü bir gəncə rast gəlir, onunla bir yerdə yeni həyata qovuşur, dünyanın ədalətinə və işığına iman gətirir, ömrünün ən gözəl illərini, yaradıcılığının ən qaynar çağını ailəsinə, üç balasına qurban verir, özü ağır xəstə olsa da, xəstə ərinin yanından aralanmır, ona qulluq edir. Qadınlıq, analıq borcunu sona qədər yerinə yetirir.

…və indi - ərinin ölümündən sonra,öz ölümündən sonra yenidən ilk ailəsinin - çox sevdiyi Rəfibəyliliərin yanına qayıdır.

Anamın bir şəkli də gözümün qabağına gəlirdi bu dəqiqələrdə: Moskva ətrafında, güllü-çiçəkli bir çəməndə çəkdirib bu şəkli. Çox cavandır, əllərində bir qucaq çöl çiçəkləri saxlayıb.

Mənə elə gəlirdi ki, o özü də bizim həyatımıza, hamımızın ömrünə bu güllər, çiçəklərlə dolu bir aləmdən gəlib və bir gün ora da çəkilib qeyb oldu…

Hamımızın ona borcu vardı, o isə özünü hamıya, o cümlədən xəstəliyi zamanı ərinin ala gözlərindəki yaşa borclu sayırdı:

 

Bir ömrü yüz ömrə calasan belə

İnsanlara borcum qurtarmaz mənim;

Paylardım yurdumun çiçəklərini, -

Azalaydı borcum kaş bir az mənim.

 

Borcluyam həkimin nicat əlinə,

Vətən havasına, vətən gülünə…

Borcluyam elimin şirin dilinə,

Bu doğma torpağa-daşa borcluyam.

Qardaş qayğısıyla sevən dostlara,

Ala gözlərdəki yaşa borcluyam.

 

Bir az da möhlət ver, aparma, ölüm,

Qoy bu borclarımı qaytarım gedim.

Dünyaya məhəbbət borcum var mənim -

Qoy ki, haqq-hesabı qurtarım gedim.

 

Amansız ölüm möhlət vermədi:

 

Yuxuda dünyayla vidalaşırdım -

Dünya gözəl idi, ayrılmaq çətin;

Deyirlər, yaxşıdır qocalıb ölmək,

Belədir qanunu kor təbiətin.

Dünyadan ayrılmaq çətindir, gülüm,

Tez də gəlsə, gec də aparsa ölüm,

Həyatın günləri keçsə də acı,

Ölümdən istəmir insan əlacı…

 

O xalqına, ədəbiyyatına, ailəsinə və balalarına, nəvələrinə borcunu artıqlamasıyla ödədi, amma biz ona borcumuzu daha heç vaxt ödəyə bilməyəcəyik. Onun hər yazılmamış əsərinin, yaranmamış şerinin günahı bizdədir. Bizim hamımızda və bəlkə də ən çox məndə. Biz onun vaxtını qarət edirdik, yaradıcılığa aid olan hisslərini talan edirdik. Həmişə yanındaydıq, həmişə onu fikirlərindən ayırırdıq, daxili dünyasıyla baş-başa qalmağa, tənha olmağa imkan vermirdik. O isə atamdan fərqli olaraq, tənhalığı sevirdi, heç vaxt öz-özüylə qalanda darıxmazdı. Belə tənhalıq dəqiqələri onunçün əlçatmaz xülya idi. İnsanlar içində tənhalıq yalqızlıqların ən ağırıdır. O, uzun müddət ayrı düşdüyü yazı masası haqqında sanki qürbətçi vətəndən danışan kimi danışır:

 

Üzərinə sarı xəzan yarpaqları tökülən

Soyuq bir xiyabana bənzəyir stolum;

Vətəndən ayrı düşən,

Qürbətdən gələn,

Vətən torpağına

Səcdə ilə əyilən

Həsrətli bir adam kimi

mən çıxıram aydın iş yoluma -

Bir dost kimi qovuşuram yazı stoluma.

Sevincim, qüvvətim, pənahım mənim,

İş yerim, stolum, dəzgahım mənim.

 

Mənəvi həyat həsrətini «Mətbəx şeirləri»ndə bütün səmimiyyəti və ağrısıyla ifadə edib:

 

Qadın olmasaydım əgər,

Qazanların, qabların,

Nimçələrin, çömçələrin

aləmindən qaçardım -

Səhəri dəniz qırağında

Qayaların üstündə açardım…

Ürəyim bu mətbəx aləmində

yaman darıxır,

Mən bir azca da şairəm axı…

 

Nigar Rəfibəylinin sayca çox da olmayan şeirləri şairənin məişət üzərində, ailə qayğıları üzərində, siyasi təqiblər üzərində qələbəsidir.

Sanki öz taleyini nəzərdə tutaraq məşhur «Durna» şerində yazırdı:

 

Mən

Yuxuda durna oluram

Gecələr.

Çırpıb qanadlarımı

yerdən üzülürəm

Geniş-geniş havalarda səf çəkən

Durnaların qatarına düzülürəm.

Uçuruq uça bildikcə

Uçuruq diyar-diyar…

Uçuruq - qəlbimizdə

Torpaqdan aldığımız

ən şirin,

ən incə,

ən sevimli arzular.

Uçuruq uça bildikcə

Bizə həsrət qalan ellərə,

Qanad salırıq,

Uca-uca dağların başında

Əylənib qonaq qalırıq,

Torpağın ətrini aparırıq

ulduzların aləminə.

Həyat səsi qatırıq göydə

Soyuq-soyuq işıqlanan

Ayın yalqızlıq qəminə;

Səhər şəfəqlər oyadır məni,

Sevinə-sevinə durub

qalxıram ayağa:

Sonra bütün günü

nə həvəsim olur,

nə macalım,

bir də yerdən üzülüb

durna olmağa.

 

Nigar Rəfibəylinin «Bahar» adlı bir şeri də var. Şeirdə «pəncərənin önündə aram-aram puçurlayıb yarpaq açan, üzərinə qar kimi ağ çiçəklər tökülən bir ağac» təsvir olunur. Rəssam bu yaşıllaşan ağacın yarpaqlarını fırçasıyla kətana köçürür. fəsillər dəyişir, «yaz gedir,yay ötüşür, budaqların üstünə qırov düşür», «quşlar şux nəğmələrini» kəsir.

 

Dəyişdi təbiətin

Rəngi, əhvalı -

Yalnız dəyişmədi

Rəssamın bahara vurğun xəyalı.

O baharı yaradırdı -

qəlbində bahar vardı.

 

Təbiətin və dolaşıq, ictimai həyatın dəyişən fəsillərində - təhlükəli qış şaxtalarında da, aldadıcı yaz ruzigarlarında da, qızmar yayın atəşində də, payızın hüznlü yarpaq tökümündə də Nigar Rəfibəyli daima qəlbində baharla yaşadı və qəlbində baharı yaşatdı….

May-iyun 2013

 

A N A R

 

Ədəbiyyat qəzeti.- 2013.- 7 iyun.- S.4-5.