Xocalı faciəsi Almaniyada anıldı

     

Azərbaycanın Almaniyadakı səfirliyində Xocalı faciəsi tələbə rəssamların işləri vasitəsilə alman tamaşaçılarına çatdırıldı. Sərgini Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov açaraq Xocalı faciəsini Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə yönəlmiş erməni vandalizmi adlandırmışdır. O bu faciənin bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş cinayət olduğunu qeyd etmişdir. Səfir sərginin təşkilatçıları - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Səlhab Məmmədova öz təşəkkürünü bildirmişdir.

Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev öz çıxışında qeyd etmişdir ki, tarixin müxtəlif dönəmlərində mənfur erməni millətçiləri öz üzlərini göstərərək Azərbaycanın dinc əhalisinə qarşı zorakılıq törədiblər. Bu zorakılıq aktlarından biri də 1992-ci il fevral ayının 26-da baş verən Xocalı faciəsidir. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixiictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birinin yaşanması ölkəmizin tarixinə qara hərflərlə yazılıb. Xocalı faciəsi bu gün artıq dünya birliyi tərəfindən də tanınmaqdadır. Bir çox ölkələrin parlamentləri bu faciə ilə bağlı fikirlər səsləndirir, onu soyqırım kimi rəsmən tanıyır, işğal faktını qətiyyətlə pisləyirlər. Xocalı faciəsi bəşəriyyətin ən qanlı səhifəsi olaraq heç zaman xatirələrdən silinməyəcəkdir. Xocalı faciəsi zamanı ictimai və mədəni tikililər, təhsil və səhiyyə müəssisələri, tarixi və mədəniyyət abidələri yerlə-yeksan edilmişdir. Bu mövzu ali məktəbimizin müəllim və tələbələrin yaradıcılığında, kino ssenarilərdə, tədris teatrı tamaşalarında, sərgilərdə öz əksini tapmışdır. Bu gün açılan sərgi də həmin silsilədəndir. Bu əsərlər tələbə rəssamların yüksək professionallığının təzahürü olaraq tarixi obyektivliyi bədii sənət nümunələri vasitəsilə dəyərləndirdiklərinə görə sərgiyə gələnləri riqqətə gətirə bilmişdir.

Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru professor Səlhab Məmmədov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekorativ tətbiqi sənət kafedrasının müdiri, professor Arif Əziz də Xocalı faciəsinin dəhşətlərindən danışmış və bu faciənin beynəlxalq aləmə çıxarılmasında sənətin rolundanbu sərginin əhəmiyyətindən bəhs etmişlər.

 

 

R.Sadıqov

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 mart.- S.8.