Burda

 

Yamaclar gül-çiçəkdi,

Zirvələr çaldı burda.

Dağlar haylı-haraylı,

Dərələr laldı burda.

 

Sevincim aşdı-daşdı.

Fikrim yaman qarışdı.

Xəyalım dağlar aşdı,

Ruhum yurd saldı burda.

 

Gül açdı neçə arzu,

Hər yan çiçək qoxusu.

Bir dərmandı hava, su,

Bulaqlar baldı burda.

 

Unutdum dərdi, qəmi,

Qanad açdım quş kimi,

Ürəyimi, qəlbimi,

Çiçəklər aldı burda.

 

Dağların qoynu gülşən,

Çəkilibdi duman, çən.

Vaxtdı getməliyəm mən,

Ürəyim qaldı burda.

 

 

İtirməyək biz

 

Hafiz Baxışın xatirəsinə

 

Tapılmır hər zaman könül sirdaşı,

Dostluq qalasından sökməyək daşı.

Darda sınamışıq dostu, yoldaşı,

İgid oğullara qardaş deyək biz,

Daha dost-yoldaşı itirməyək biz!

 

Əl-ələ verməsək darda, çətində,

Biz çaşıb qalarıq dumanda, çəndə.

Bir səhv etməyək dostu seçəndə,

Yollarda tikanlar bitirməyək biz,

Daha dost-yoldaşı itirməyək biz!

 

Yaxşı, pis günlərin yiyəsi olaq,

Ürəkdən-ürəyə körpülər salaq.

Hər zaman bitişmir qoyulan calaq,

Yanan ocaqları söndürməyək biz,

Daha dost-yoldaşı itirməyək biz!

 

Xəyanət etməyək dostlara heç vaxt,

Yaxşılıq üstündə qurulub həyat.

Yaxşı adamlara verək qol-qanad,

Dostluğa bir xələl gətirməyək biz,

Daha dost-tanışı itirməyək biz!

 

Düşmüşük borana, düşmüşük selə,

Ah-nalə od salır ağıza, dilə.

İtirə-itirə gəlirik hələ,

Dostu acı dillə dindirməyək biz,

Daha dost-yoldaşı itirməyək biz!

 

Tək əldən səs çıxmaz deyib atalar,

Çörək yadda qalar, su yadda qalar.

Dostluğun təməli yaxşılıq olar,

Hər yerdə, hər zaman dostu öyək biz,

Daha dost-yoldaşı itirməyək biz!

 

Qapı bağlamayaq dostun üzünə,

Alnı açıq baxaq hər an gözünə.

Can deyək həmişə şirin sözünə,

Dostun qabağında boyun əyək biz,

Daha dost-yoldaşı itirməyək biz!

 

Ocaq itirmişik, od itirmişik,

Taxt-tac itirmişik, ad itirmişik.

Torpaq itirmişik, yurd itirmişik,

Pislərdən nümunə götürməyək biz,

Əziz, dost-yoldaşı itirməyək biz!

 

 

Çatlayar

 

Ötüb keçər duman-çəndən,

Adlayar zülmət içindən.

İgid qorxmaz çətinlikdən,

Dərdin dizini qatlayar.

 

Əcəl ki, baxmaz heç kəsə,

Düşmə başqa bir həvəsə.

Araya şeytan girməsə,

Qurd da qoyunla otlayar.

İgid yurda Vətən desə,

Bülbüllər verər səs-səsə.

Şərin ipi çəkilməsə,

Bütün dünyanı odlayar.

 

Xatirələrdə qalmasa,

Bir kimsə yada salmasa,

Adını tutan olmasa,

Ölənin goru çatlayar.

 

 

Tufan gəlsə

 

Ağılla bax, səbirlə bax hər işə,

Onsuz da var neçə qayğı, əndişə.

Aralıqda şeytan gəzir həmişə,

Uyma sözün şəkərinə, balına.

 

Olanları, qalanları düşün bir,

İgidlərlə, yaxşılarla ol əlbir.

Qəlbi təmiz gözəllərə könül ver,

Baxma onun camalına, xalına.

 

Bu dünyadan ürək, göz doyur,

Tanrı özü bəndəsinə göz qoyur.

Sən otur say, bir gör fələk sayır,

Qismət, tale yazılıbdı alına.

 

Gecə-gündüz yazı yazan oyaqdı,

Bu dünyadan gileylənmək nahaqdı.

Ağaclar da bir-birinə dayaqdı,

Tufan gəlsə vay təklərin halına.

 

 

Sənsiz

 

Anamın əziz xatirəsinə

 

Dünya gülməyir üzümə,

Qəm-qüssə qonub gözümə.

Bir nisgil çöküb sözümə,

Keçir ayım, ilim sənsiz.

 

Açılmır nurlu səhərim,

Tükənib barım, bəhərim.

Çoxalıbdı dərdi-sərim,

Ağı deyir dilim sənsiz.

 

Dərdimi özgələr bilməz,

Yadlar göz yaşımı silməz.

Çağıraram səsin gəlməz,

Qalıb palaz, kilim sənsiz.

 

Bu dünya gözümdən düşüb,

Həsrətdən ciyərim bişib.

Gözüm yollara ilişib,

Solub bağçam, gülüm sənsiz.

 

Arxamca su atan yoxdu,

Harayıma çatan yoxdu.

Əllərimdən tutan yoxdu,

Yatmır işə əlim sənsiz.

 

Durna kimi uçub getdin,

Ürəyimi talan etdin.

Elin ağbirçəyi idin,

Yetim qalıb elim sənsiz.

 

 

Köhnə kişilər

 

Qeyrət ilə yaşadılar fani dünyada,

Heç vaxt meydan vermədilər özgəyə, yada.

And içdilər duz-çörəyə, ocağa, oda,

Köhnə kişilər.

 

Hər sınaqdan alnı açıq çıxa bildilər,

Bir-birinin gözlərinə baxa bildilər.

Namərdləri, alçaqları yıxa bildilər,

Köhnə kişilər.

 

Bu torpağı sevə-sevə əkdilər onlar,

Gecə-gündüz keşiyini çəkdilər onlar.

Hər qarışa alın təri tökdülər onlar -

Köhnə kişilər.

 

Çətin gündə, dar ayaqda əldən tutdular,

Ev tikdilər, yurd saldılar, ocaq çatdılar.

Sahillərdən, sahillərə körpü atdılar

Köhnə kişilər.

 

Satmadılar yurd-yuvanı vara, dövlətə,

Söykəndilər din-imana, haqqa,qeyrətə.

Çətin gündə gün ağladı xalqa, millətə

Köhnə kişilər.

 

Sınadılar yaxşı-pisi, dostu-düşməni,

Şirin dillə dindirdilər gəlib-gedəni.

Canlarından çox sevdilər yurdu, Vətəni

Köhnə kişilər.

 

 

Əziz Musa

  

Ədəbiyyat qəzeti.- 2013.- 1 mart.- S.8.