Kamran
Əliyev - 60
Hörmətli
Kamran müəllim! Sizi
- istedadlı ədəbiyyatşünas alimi
60 yaşınızın tamam olması
münasibətilə təbrik edirik. Siz
1969-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya
fakültəsində təhsil almış və universiteti fərqlənmə diplomu
ilə bitirmisiniz. 1980-ci ildə "XX əsr
Azərbaycan romantiklərinin ədəbi-nəzəri
görüşləri" mövzusunda
namizədlik, 1990-cı ildə "XX əsr Azərbaycan romantizminin obrazlar sistemi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmisiniz.
1993-2001-ci illərdə
"Naxçıvan" universitetində Azərbaycan dili və ədəbiyyatı
kafedrasının müdiri, eyni zamanda universitetin
tədris işləri üzrə prorektoru
vəzifələrində işləmisiniz. 2002-ci ildə Azərbaycan
MEA Folklor İnstitutunda aparıcı elmi
işçi olmusunuz.
2012-ci ildən isə folklor və
yazılı ədəbiyyat şöbəsinin müdirisiniz.
Müəllimlər və abuturiyentlər üçün
nəzərdə tutulmuş "Ədəbiyyat"
(2010), "Azərbaycan dili" (2011)
adlı dərs vəsaitlərinin, 20 kitabın, 250-yə qədər
elmi və elmi-publisistik
məqalənin müəllifisiz. Siz ədəbiyyat tarixçisi kimi ədəbiyyatımızın
ayrı-ayrı nümayəndələrinin həyat və
yaradıcılığı ilə bağlı tədqiqatlar
aparmış və onlar "Mirzə Fətəlidən
Hüseyn Cavidə qədər" (1998), "Ədəbiyyat
tarixinə bir baxış" (2013)
kitablarında toplanmışdır. Romantizmin
problemlərinə marağınız davamlıdır. "Azərbaycan
romantizminin poetikası" (2002), Azərbaycan
və rus dillərində çap
edilən "Azərbaycan romantizminin nəzəriyyəsi"
(2006), "Romantizm və folklor"
(2006) monoqrafiyalarınız ədəbiyyatşünaslığımızda
romantizmin aktual məsələlərinə
həsr edilmişdir. "Hüseyn
Cavidin şəxsiyyəti və
poetikası" (1997), "Cavid
möcüzəsi" (2002), "Hüseyn
Cavid: həyat və
yaradıcılığı" adlı
monoqrafiyalarınız sizi həm də cavidşünas kimi
tanıdır. Elmi fəaliyyətinizdə
əsas yerlərdən birini də
folklorşünaslıq, xüsusən epos
yaradıcılığı məsələləri tutur. Bunun əyani təsdiqi
"Romantizm və folklor",
"Eposun poetikası: "Dədə Qorqud" və "Koroğlu"
adlı monoqrafiyalarınızdır. Siz
Azərbaycan tənqidinin və ədəbiyyatşünaslığının
öyrənilməsi ilə ardıcıl məşğul olursunuz. "Abbas Zamanov olmasaydı", "Tənqidin
poetikası", "Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar"
kimi monoqrafiyalarınız elmi
ictimaiyyətdə maraqla
qarşılanmışdır. Siz bədii
və publisistik yaradıcılıqda da qələminizi sınamısınız. Kamran İmranoğlu
imzası ilə "Yalquzaq", "Vağzal" və "Zəli" povestləri,
"Sədərək döyüşləri"
kitabınız oxuculara çatdırılmışdır.
Sizin elmi rəhbərliyinizlə
6 nəfər filologiya elmləri namizədi
(fəlsəfə doktoru) alimlik
dərəcəsi almışdır. Rəsmi opponentliyinizlə
13 nəfər elmlər doktoru, 44 nəfər
isə elmlər namizədi (fəlsəfə doktoru)
alimlik dərəcəsi almaq
üçün müdafiə etmişdir. Hörmətli Kamran
müəllim! Sizi bir
daha yubileyiniz
münasibətilə təbrik edir, sizə
uzun ömür,
cansağlığı, yeni
yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2013.- 1 mart.-
S.7.