60
yaşın poetikası
60
il insan ömrünün xərclənmiş böyük bir hissəsidir.
Məsələnin əsas fəlsəfi mahiyyəti də ömrün necə xərclənməsindədir.
Bu yaşın müdriklik
zirvəsindən arxaya - keçilmiş
yola nəzər salanda
görürsən ki, o,
statistika deyil, gənc
nəslin elmi-nəzəri hazırlığının
artırılmasına, maariflənməsinə sərf edilmiş müdrik bir şəxsiyyətin, tanınmış bir alim-pedaqoqun, ideal bir atanın və sonradan ata müqəddəsliyinə
yeni bir status qazandıran sevimli bir babanın mənalı ömür
yoludur. Deməli, haqqında bəhs
açdığımız filologiya elmləri
doktoru, professor Kamran İmran oğlu Əliyev bu
qısa zaman kəsiyində, bir ömrün içində
dövlətimiz və cəmiyyətimiz üçün
faydalı ola biləcək bir neçə sahəni özündə birləşdirib.
1953-cü
il mart ayının
5-də Şərur rayonunun Diyadin kəndində doğulan
Kamran Əliyev orta məktəbi
bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya
fakültəsinə daxil olmuş
və 1974-cü ildə həmin universiteti
fərqlənmə diplomu ilə bitirmişdir. Bakı ədəbi-elmi mühiti gənc Kamranın dünyagörüşünün
formalaşmasında, görkəmli alimlərdən
aldığı təhsil və tərbiyə onun
tədqiqatçılıq meylinin
artmasında mühüm rol
oynamışdır. Tədqiqatçılığa olan tükənməz həvəs orta məktəbdə müəllim işləyən
Kamranı 1976-cı ildə yenidən Bakıya - Azərbaycan
MEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına gətirmişdir.
K.Əliyev bu institutda
«XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri
görüşləri» mözusunda namizədlik
(1980), «XX əsrin əvvəlləri Azərbaycan romantizminin obrazlar sistemi» mövzusunda isə
doktorluq dissertasiyası (1990) müdafiə
etmişdir.
Kamran
müəllim dissertasiya janrında olan bu tədqiqatlarının
əhatəliliyi, elmi-nəzəri yükü
və yenillikləri ilə Azərbaycanın görkəmli romantizm tədqiqatçılarından olan Məmməd Cəfər Cəfərov, Əziz
Mirəhmədov, Mir Cəlal Paşayev, Yaşar Qarayev, Arif Hacıyev, Əbülfəz
İbadoğlu, Məsud Əlioğlu kimi alimlərin sırasında dayana
biləcək ciddi bir
iddiaçının ədəbiyyata gəldiyini sübut etdi.
Kamran
müəllimə qədər romantizmin tarixi, prinsipləri, üslub
xüsusiyyətləri barədə tədqiqatlar aparılıb.
O, romantizmə dair mövcud
tədqiqatları öyrənmək, onlara
yüksək qiymət verməklə yanaşı, özü də «XX əsr Azərbaycan
romantiklərinin ədəbi-nəzəri görüşləri»
(1985), «Azərbaycan romantizminin
poetikası» (2002), «Azərbaycan romantizminin
nəzəriyyəsi» (Azərbaycan və rus
dillərində, Bakı - 2006) kitablarında zəngin filoloji fakta, konkret ədəbi materiala
istinadən romantizmin milli
xüsusiyyətlərini, təşəkkülünü, obrazlar sistemini, romantik qəhrəmanın fövqəltəbiəti
və tənhalığı, qəhrəmanların düşdüyü zamanı və məkanı,
romantik ədəbiyyatdakı
qarşıdurmaları (Qərb və Şərq, yaxın və
uzaq, həyat və ölüm),
romantiklərin folklora münasibətini həm
poeziya, həm nəsr, həm də dramaturgiyada araşdıraraq maraqlı elmi nəticələrə gəlir. Romantik qəhrəmanların zamanını və
məkanını böyük səbirlə
tədqiq edib müəyyənləşdirən
alim özünün
də bioqrafiyasının zamanını və məkanını
xeyli genişləndirir. Kamran
müəllimin elmi
yaradıcılığında nəzər-diqqəti daha çox cəlb edən
özünəməxsusluqdur. O, hər hansı bir işlənmiş, yaxud
tamamilə yeni bir problemi tədqiq edərkən elə məsələlərə
toxunur ki, elmi-nəzəri
baxımdan yeni və orijinal
görünür. Bunun
əsas səbəbi müəllifin məsələlərə
geniş prizmadan
yanaşması, tədqiqat obyektinə çevirdiyi
mövzunu dərindən öyrənməsi,
yalnız milli ədəbiyyatşünaslığımızın
deyil, eyni zamanda dünya və ümumtürk ədəbi prosesinin
müasir nailiyyətləri
baxımından təhlil etməsidir. Kamran
müəllim hər hansı bir problemə
"bir nəzər" prinsipi
ilə yanaşmır, onu sistemli
şəkildə öyrənməyə və ümumiləşdirməyə
üstünlük verir.
Onun
apardığı araşdırma və tədqiqatlar,
yazdığı monoqrafiya və elmi məqalələr bir
daha təsdiqləyir ki,
K.Əliyev ədəbiyyatşünaslığın, ədəbi
tənqidin, folklorun, bütövlükdə
ədəbiyyatın çətin, mürəkkəb aləminə
(dünyasına) məişət təfəkkürü ilə
deyil, mükəmməl, sistemli,
konseptual, elmi-nəzəri
hazırlığı, erudisiyası və ədalətliliyi
ilə daxil olur. Yəni
o, bunların hamısını yüksək
peşəkarlıqla bir alim
«mən»ində birləşdirməyi və vəhdətdə
təqdim etməyi bacaran istedadlı elm adamıdır. Bu da ona tədqiqata cəlb etdiyi problemə daha qlobal müstəvidən yanaşmaq,
prosesləri elmi-nəzəri yöndən dəyərləndirmək
imkanı verir. Ədəbiyyatşünaslıq
K.Əliyev üçün yalnız elmi fəaliyyət sahəsi deyil,
eyni zamanda həyat fəlsəfəsi
və yaşam tərzidir. O, harada və hansı situasiyada
olmasından asılı olmayaraq təfəkkürü,
xarakteri, tipologiyası, davranış tərzi
etibarı ilə yenə də istedadlı ədəbiyyatşünasdır.
Azərbaycan
romantizminin həm janr,
həm üslub, həm mövzu
çalarlarını genişləndirən, mükəmməl
ədəbi cərəyan kimi
formalaşmasında mühüm rol oynayan cahanşümul
sənətkar Hüseyn Cavidin
həyat və yaradıcılığının yeni təfəkkür işığında tədqiqi
həmişə olduğu kimi,
bu gün də aktual olaraq qalır. Həyatda,
sənətdə və ədəbi düşüncədə
öz istək və arzularını ifadə
edən Cavid əfəndi daha
çox sistemin və
rejimin diqtəsi ilə sinfi
və partiyalı mövqedən tədqiq olunmuş,
hətta tarixin müəyyən zaman kəsiyində «vətən xaini», «xalq düşməni»
elan edilmiş, reablitasiya olunduqdan sonra isə şəxsiyyəti və
yaradıcılığı sosializm keyfi altında təhriflərə məruz
qalmışdır. Bu gün
bolşevik tənqidinin süni
surətdə ikiləşdirdiyi H.Cavidi professor Kamran Əliyev «Hüseyn Cavidin şəxsiyyəti
və poetikası» (1997), «Mirzə Fətəlidən Hüseyn Cavidə qədər» (1998), «Cavid möcüzəsi» (2002), «Hüseyn
Cavid: həyatı və
yaradıcılığı» (2008) adlı sanballı əsərlərində
əsl qədirşünaslıq yanğısı ilə ona yapışdırılmış təhrifləri
təshih etməyə çalışmışdır. Tədqiqatçı
məsələlərə faktlı, predmetli
və konseptual yanaşması ilə öz fikir və
mülahizələrinin doğruluğuna oxucunu inandırır, Cavid
əfəndinin şəxsiyyət və yaradıcılıq
bütövlüyünü, milli-fəlsəfi
özünəməxsusluğunu və bəşəriliyini
təhlil edir. Məsələn, o, «Peyğəmbər»lə bağlı bir mübahisəyə belə yekun
vurur: «H.Cavidin «Lenini Peyğəmbər simasında, movzaleyi Məkkə timsalında» verməsini iddia edənlər açıq-açığına
yanılırdılar. Ən azı ona
görə yanılırdılar ki, H.Cavid «Peyğəmbər» pyesini
qələmə alanda (1922-1923) bolşevik rəhbəri sağ
idi və adamlarda movzaley təsəvvürü
yaranmamışdı. Lakin vulqar sosiologiya nə qədər
yanlışlıqlara yol versə də, H.Cavid yaradıcılığında Peyğəmbərin
bədii əhyasını görür və
təşvişə düşürdü».
Və yaxud da Mustafa Quliyevin «H.Cavid «Knyaz» əsəri
ilə bizim inqilab
trenimizə oturdu, lakin
dayanacaqların birində sonuncu vaqonun dal qapısından düşüb qaçdı» fikrinə etiraz edən Kamran Əliyev
bildirirdi ki, H.Cavid adı və şəxsiyyəti ilə
«qaçmaq» anlayışı təzad və
əksilik təşkil edir. Bu fikrin davamı kimi deməliyik ki, H.Cavid heç vaxt bolşevizm qatarına
əyləşməmişdi ki, oradan da düşsün
və ya qaçsın.
Göründüyü kimi, K.Əliyev yalnız mübahisə xatirinə
elmi polemikaya qoşulmur. O, H.Cavidin
şəxsiyyət bütövlüyünü
və dəyişməzliyini göstərmək, onun sabit xarakterə malik olduğunu sübut etmək və yaratdığı obrazlarda da buna
sədaqətin ifadəsini üzə çıxarmaq naminə
polemikaya geniş meydan verir. Bütün
bunlarla yanaşı, müəllif bu kitablarında yalnız gümandan
həqiqətə gedən ədəbi yolun
üzərinə işıq salmaqla kifayətlənmir,
eyni zamanda H.Cavidin yaradıcılığına yeni elmi baxışı,
görkəmli dramaturqun Azərbaycan və
dünya romantizmindəki yeri
və mövqeyi ilə bağlı yürütdüyü tezis
və elmi mülahizələrilə də
yadda qalır.
Professor Kamran Əliyev Azərbaycan romantizmi
və onun ən görkəmli nümayəndələrindən
olan H.Cavidlə bağlı oturuşmuş və daşlaşmış
fikirlərə ehkam kimi
yanaşmır, əksinə, bir çox məqamlarda bu
ehkamları yıxıb-dağıdır. Yeni
fikir və düşüncələri ilə
romantik təfəkkürün
üfüqlərini daha da
genişləndirir və romantizmin bəzi
tədqiqatçılarından fərqli olaraq
belə bir tezis irəli
sürür ki, XX əsr
Azərbaycan romantizmini H.Cavidsiz
təsəvvür etsəydik, bu romantizm ya
yarımçıq, ya ona
doğru meyl və təşəbbüslər,
ya da ən
yaxşı halda ədəbi cərəyandan
kənarda yeni və orijinal
xətt səviyyəsində dəyər qazanmış
olardı. Əlbəttə, söhbət Azərbaycan romantizminin Məhəmməd Hadi,
Abbas Səhhət, Abdulla
Şaiq, Səid Səlmasi kimi
nümayəndələrini inkardan getmir. Şübhəsiz ki,
onların da romantizmin
inkişafındakı xidmətləri bu
tədqiqat əsərində lazımınca qiymətləndirilir,
H.Cavidlə onlar arasındakı fərqli
məqamlar, özünəməxsusluqlar elmi
şəkildə əsaslandırılır.
Alimin elmi yaradıcılıq yoluna
diqqətlə baxsaq, görərik ki, o, özü
romantizmin köynəyindən
çıxıb. Lakin bu
o demək deyil ki, ədəbiyyatın realist
qanadı onun
yaradıcılığında kölgədə qalır. Təsadüfi
deyildir ki, "Mirzə
Fətəlidən Hüseyn Cavidə qədər» (1998) və «Ədəbiyyat
tarixinə bir baxış» (2013)
kitablarında H.Cavid, M.Hadi,
A.Səhhət, A.Şaiq, A.Sur,
A.Divanbəyoğlu, S.Səlmasi kimi
romantiklərlə yanaşı, A.Bakıxanov, M.F.Axundzadə, M.M.Nəvvab, M.Cəlil,
M.Ə.Sabir, Ü.Hacıbəyli, R.Əfəndiyev,
C.Cabbarlı kimi realistlərin də
yaradıcılıq sirləri öyrənilir. Və nəticə
etibarilə millətə xidmət məqamında, milli mənlik şüurunun
oyanmasında həm romantiklər, həm də realistlər vahid məkandan, vahid məqamdan
və vahid müstəvidən
çıxış edirlər.
Kamran
müəllimin təqdimatında adı çəkilən
görkəmli romantik və realist şəxsiyyətlərin hər birinin fərdi
yaradıcılıqlarındakı özünəməxsusluqlar,
onların Azərbaycan ədəbiyyatındakı yeri və mövqeyi konkret faktların işığında görünür. "Mirzə Fətəlidən Hüseyn
Cavidə qədər» kitabına «Heyrətamiz özünəməxsusluqların
araşdırılması» adlı ön söz yazan akademik Kamal Talibzadə əsərin
əhəmiyyət və dəyərini belə qiymətləndirir:
«Bu elə bir
kitabdır ki, oxucu Azərbaycan
milli ədəbi-estetik fikrinin
heyrətamiz özünəməxsusluqlarını aydın
şəkildə, bütün qabarıq
cəhətləri ilə görə bilir.
Buna tədqiqatçı özünün
kamil elmi
hazırlığı, XX əsr ədəbiyyatının zəngin
materiallarını bilməsi və uzun
illər bu yolda
çalışması sayəsində müvəffəq olmuşdur».
Son illərdə alimin folklorla bağlı
yazdığı «Romantizm və folklor» (2006), «Eposun poetikası:
«Dədə Qorqud» və «Koroğlu»
(2011) kitabları, eyni zamanda
folklorun müxtəlif problemlərinə
həsr olunmuş çoxsaylı məqalələri
sübut edir ki, K.Əliyev həm də xalq
ədəbiyyatının özünəməxsusluqlarını
dərindən bilən folklorşünas alimdir. Belə demək olar
ki, professor K.Əliyevin
«Romantizm və folklor»
əsəri ədəbiyyatşünaslıqdan
folklorşünaslığa keçidin
başlanğıcıdırsa, «Eposun
poetikası: «Dədə Qorqud» və «Koroğlu» monoqrafiyası isə alimin folklorşünaslıqda özünü
təsdiqidir.
Azərbaycan
ədəbiyyatşünasları arasında özünəməxsus
fərdi yaradıcılıq manerası və məntiqli
mühakimələri ilə yadda qalan, təhlillərində ədəbiyyatşünaslıqla
folklorşünaslığın sintezindən
çıxış edən, elmi-məntiqi üslub
tərzi ilə seçilən tədqiqatçı alim Kamran Əliyev bütün əsərlərində olduğu kimi, «Eposun poetikası: «Dədə Qorqud»
və «Koroğlu» (2011) monoqrafiyasında da yaradıcılıq prinsiplərinə sadiq qalır. İstər Azərbaycan, istərsə
də dünya
qorqudşünaslığında və
koroğluşünaslığında hər iki
dastanın tədqiqi ilə bağlı görkəmli və
tanınmış alimlərin kifayət qədər fundamental və sanballı tədqiqat əsərləri
mövcuddur. Kamran Əliyevin
ümumtürk eposunun
şah əsərlərindən olan «Kitabi-Dədə Qorqud»
və «Koroğlu»ya həsr
olunmuş bu tədqiqat
əsərini son illərin nəinki poetika məsələləri ilə
bağlı, bütövlükdə
qorqudşünaslığın və
koroğluşünaslığın ən yaxşı, ən
sanballı və həm də ən son
nailiyyətlərindən biri hesab etmək olar.
Professor K.Əliyevin
fikrincə, etnopoetika bədii
düşüncə ilə etnosun təbiəti
arasındakı əlaqə və təması öyrənən,
bu əlaqə və təmasın xüsusiyyət
və əlamətlərini meydana
çıxaran bir elm
sahəsidir. Milli etnik
yaddaşın tədqiqinə həsr olunmuş
mükəmməlliyi və fundamentallığı ilə
seçilən bu monoqrafiya
da əlaqə, təmas və ünsiyyət
kitabıdır. Bu ünsiyyət Kamran Əliyevlə yaddaş
şəcərə arasında, reallıqla mif
arasında, xaosla kosmos
arasında, etnosla epos
arasında və nəhayət, müəlliflə irs-varis və oxucu
arasında olan ünsiyyətdir.
Görkəmli
alimin elmi
yaradıcılığının əsas sahələrindən
biri də ədəbi tənqid sahəsidir.
K.Əliyevin ədəbi tənqid sahəsində fəaliyyəti
hələ tələbəlik illərindən, professor A.Zamanovun rəhbərliyi
altında yazdığı «Mustafa Quliyevin ədəbi-tənqidi
görüşləri» adlı diplom
işindən (1974) başlanır. Diplom işini yüksək qiymətləndirən Abbas Zamanov gənc tələbədəki
elmi potensialı, tədqiqatçılıq
bacarığını yüksək qiymətləndirir. Bundan sonra Kamran
Əliyev ədəbi tənqidi də
yaradıcılığının əsas aparıcı sahəsinə
çevirir. Onun «Ədəbi
tənqiddə bədiilik», «Romantik tənqid
və Sabir», «F.Köçərli tənqidinin
sənətkarlıq məsələləri», «Seyid Hüseyn - görkəmli
tənqidçi və yazıçı», «Hüseyn
Cavid və ədəbi tənqid», «Əli
Nazimin tənqidçilik sənəti», «Mir Cəlal Paşayev - tənqidçi
və nəzəriyyəçi alim», «Feyzulla
Qasımzadənin Azərbaycan ədəbiyyatşünaslığının
inkişafındakı rolu», «Kamal Talıbzadə - təmkinli elmi yaradıcılıq», «Ədəbi-tənqidi
fikrin imkanları» və başqa
məqalələrində ayrı-ayrı tənqidçilərin
elmi baxışlarına,
bütövlükdə isə Azərbaycan tənqidinin keçdiyi yola elmi aydınlıq gətirilir. Nəzərə
alsaq ki, Kamran Əliyevin «Ədəbiyyatşünaslıq
və ədəbiyyatşünaslar» (2013) adlı ayrıca
kitabı vardır və həmin kitabda Məmməd
Cəfər müəllimdən başlayaraq
bu gün də
yazıb-yaradan ədəbiyyatşünas alimlər
haqqında obyektiv söz
söylənmişdir, onda alimin
tənqid və ədəbiyyatşünaslığa
bağlılığının nə qədər davamlı
olduğunu təsəvvür etmək
çətin deyil.
Alimin
yaradıcılığında «Abbas Zamanov olmasaydı» (2011) kitabının
ayrıca yeri var. A.Zamanovun əvəzsiz elmi
yaradıcılığını, vətəndaş mövqeyini, həyat və amallarını, ən
başlıcası milliliyini böyük sevgi ilə
yüksək qiymətləndirən müəllif sonda ustadının Kamran Əliyevin
şəxsi həyatında oynadığı rolu
ilə bağlı bir etirafını da oxucuları ilə bölüşdürür:
«Doğrusu, Abbas Zamanov olmasaydı, mən də qeyri - sadəcə kənd müəllimləri
içində yaddan
çıxmışdım».
Professor Kamran Əliyev özünəməxsus spesfik çalarlara və
özəlliklərə malik olan alimdir. Fikrimizcə, onun
yaradıcılıq sahəsindəki iş
metodu üç mərhələdən
keçir. Birincisi, ictimai-siyasi və ədəbi mühitdə baş verən prosesləri müşahidə
etmək. Bu, alimin
yaradıcılığında başlanğıc nöqtədir.
İkincisi, mövcud
elmi-nəzəri mənbələri fasiləsiz mütaliə
yolu ilə informasiya və
intellekt bazasını daha
da zənginləşdirmək. Bu, alimin yaradıcılığında orta mərhələni təşkil edir. Üçüncüsü,
müşahidə və mütaliə yolu
ilə əldə etdiyi bilikləri idrak süzgəcindən keçirərək
məntiqli təhlil, sintez-analiz
aparmaqdır ki, bu da onun
yaradıcılığına məxsus ümumiləşdirilmiş
elmi qənaətlərin nəticəsi kimi dəyərləndirilə bilər.
Məlumdur
ki, müasir lokal və qlobal
texnologiyaların gücü ilə səsi,
hərəkəti, şəkli və görüntünü
olduğu kimi təqdim
etmək olur. Lakin
insanın təbiətini, iç
qatını, xarakterini, iradəsini,
psixikasını öyrənmək və təqdim etmək üçün isə bədii
düşüncəyə, bədii təfəkkür sahibinə
böyük ehtiyac duyulur. Bu mənada alimin yaradıcılıq bioqrafiyasında bədii-publisistik
əsərləri də özünəməxsus deyim və yozum tərzi ilə
seçilir. Həmin əsərlərdə
romantizmdə olduğu kimi,
bədii simvolika üstünlük
təşkil edir. Müəllif «Yalquzaq» (1998) əsərində rəmzlər
vasitəsilə yalnız bir kəndin, bir obanın deyil,
bütövlükdə millətin təklənmək faciəsini
bədii ədəbiyyata gətirir. Əsərdə hadisələrin
30-cu illərdə baş verməsi də
tənhalığın millətin taleyində və tarixində
açdığı çapıq, oynadığı tragik-dramatik rol bədii, rəmzi
boyalarla təsvir edilib.
Müəllif «Yalquzaq» povestində bir millətin övladı kimi
bir-birini əzən, nəticədə yada, özgəyə yem olan tənhalığın psixologizmini
və ya onun
anatomiyasını vermişdir. Povestdə
yalquzağın bir neçə dəfə
səsi eşidilir və hər
eşidildikcə də kənddə bir
faciə baş verir.
Maraqlıdır ki, faciənin baş verəcəyini bildirən yalquzaq kənd camaatı tərəfindən
axıra qədər dərk olunmur.
Yalquzaqlıq, yalqızlıq tənhalığın tükənməyin
simvoludur. Bu tənhalığın
ağrılarını «Vağzal» (2001) povestinin qəhrəmanı Səhnə arvad da yaşayır. Fikrimizcə, böyük
ictimai-siyasi məzmuna malik
olan «Yalquzaq», «Vağzal» və onların davamı olan «Zəli» povestləri müəllifin millətin
təklənmək taleyi ilə
bağlı vətəndaş narahatlığının bədii
ifadəsidirsə, «Sədərək döyüşləri» publisistik əsəri Vətən uğrunda ermənilərə və onların
havadarlarına qarşı mübarizə aparan
oğullarımızın erməni vandalizminə etirazı və
üsyanıdır.
Professor Kamran Əliyevin elmi-bədii
yaradıcılıq işığında şəxsiyyəti
də bütün tərəf və cəhətləri
ilə aydın görünür. Onun yaradıcılığı və şəxsiyyəti
intellekt «mən»in qanadlarında zirvəyə
yüksəlir, elə həmin məkanda da
öz bütövlüyünü
və təsdiqini tapır. Ataların gözəl bir misalı var: «Alim olmaq
asandır, insan olmaq çətin». Həqiqətən də,
elə alimlər vardır ki, onlar elmin doktoru
olsalar da, insanlığın heç
dissertantı da deyillər. Yüksək elmi-nəzəri hazırlığı,
elmi təfəkkürü,
təvazökarlığı, sadəliyi, alicənablığı,
qayğıkeşliyi və
s. keyfiyyətləri ilə
tanınan Kamran müəllim isə həm elmin, həm də insanlığın doktoru
zirvəsinə eyni anda yüksəlmişdir.
Onun bu zirvədə
həmişə durmağa
mənəvi, əxlaqi
haqqı və səlahiyyəti çatır.
Cəlal QASIMOV,
filologiya üzrə elmlər doktoru,
professor
Ədəbiyyat qəzeti.- 2013.- 1 mart.-
S.7.