İdeala doğru
Professor Xalid Əlimirzəyevin 80 illiyinə
Görkəmli
ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor
Xalid Əlimirzəyevin səksən illik ömür yolunu, bir
söz adamı kimi yaşadığı ayları, illəri
gözdən keçirərkən onun öz əsərlərində
tez-tez müraciət etdiyi, hətta bir neçə
kitabının sərlövhəsinə
çıxardığı ideal sözünü
xatırlayırsan. İdeal, yəni estetik ideal bütün əsrlər
boyu sənətkarların kamil həyat və kamil insan
haqqında təsəvvürlərini özündə əks
etdirir.
İdeal həyat
və ideal insan… İnsanlar bütün ömürləri boyu
ideal həyat arzusunda olmuşlar, əslində, ədəbiyyatın
da başlıca missiyalarından biri bu olmuşdur. Lakin real həyatda
bu, heç vaxt mümkün olmamışdır, yalnız sənət
əsərlərində, utopiyalarda ideal cəmiyyətlə,
ideal dövlətlə və ideal şahla
qarşılaşmışıq. Dünya və Azərbaycan
ədəbiyyatında buna aid onlarla misallar gətirə bilərik.
İdeal insan
obrazlarına isə həm həyatda, həm də bədii ədəbiyyatda
tez-tez təsadüf olunub. Qədim Yunanıstanda mütəfəkkir-filosof
ideal insan hesab edilirdi. Amma insanların
dünyagörüşünə, həyat və ideal insan
haqqında təsəvvürlərinə uyğun olaraq bu məsələdə
müxtəlif fikirlər yaranmışdır. Deyək ki,
feodal Avropasının zadəganları cəsur cəngavəri
və müti monaxı, xalq kütlələri isə sənətkarları
özləri üçün ideal hesab edirdilər. İntibah
dövrünün humanistləri alim müdrikliyini, rəssam
istedadını, döyüşçü şücaətini
özündə cəmləşdirən, ahəngdar
inkişaf etmiş şəxsiyyət idealını irəli
sürürdülər. Sonrakı əsrlərin ədəbiyyatında
da ideal insan obrazları məhz bu aspektdə diqqəti cəlb
etmişdir.
Professor Xalid Əlimirzəyevin
bir tənqidçi-ədəbiyyatşünas kimi
başlıca tədqiq obyekti məhz Azərbaycan ədəbiyyatında
ideal həqiqətlərdir, bu həqiqətlərin bədii təcəssümüdür.
O, Xaqaninin şəxsiyyəti və ədəbi-estetik məramından,
Nizaminin poetik görüşlərindən, Nizaminin əsərlərində
hökmdar və dövlət konsepsiyasından, "Kitabi-Dədə
Qorqud" dastanında şəxsiyyət və cəmiyyət
problemindən, Füzuli poeziyasında dünyəvilikdən,
Vaqif poeziyasının lirik qəhrəmanından, Axundzadənin
ideal və sənət dünyasından, Cəlil Məmmədquluzadə
yaradıcılığından söz açır və bu
yazıların hamısında belə bir fikir öz əksini
tapır ki: "Əsl şeirin, sənətin məqamı-mənəvi-əxlaqi
gücü, təsiri böyük, şərəfli olduğu
kimi, onu yaradan şairin, sənətkarın da şəxsiyyəti
ülvidir, hər cür şan-şöhrətdən,
imtiyazdan yüksəkdir, ucadır. O, dahi Nizami haqqında
yazır ki: "Nizaminin sənətkar şəxsiyyəti,
şair məni haqqındakı mülahizələrini nəzərdən
keçirdikdə, hər şeydən əvvəl,
qarşımızda daim məslək eşqi ilə
yaşayan, bəşəriyyət üçün narahatlıq
hissi keçirən, insan səadəti və xoşbəxtliyi
yolunda hər cür fədakarlığa hazır olan, xeyirxah,
humanist təbiətli bir sənətkarın parlaq obrazı,
işıqlı, nurani siması canlanır". Xalid Əlimirzəyevin
bu fikrini onun sevə-sevə tədqiq etdiyi sənətkarların
hər biri haqqında söyləmək olar.
Professor Xalid Əlimirzəyevin
altmış ilə yaxın elmi yaradıcılığı
da, ədəbi-tənqidi fəaliyyəti də, ədəbiyyat
tarixçisi və nəzəriyyəçisi kimi
gördüyü işlər o qədər zəngin və
çoxcəhətlidir ki, doğrusu, hansı məqama üz
tutmağı müəyyənləşdirə bilmirsən.
Fikrimcə, Xalid Əlimirzəyev də böyük sənətkarların
ideal həyat və ideal həyat axtarışlarını tədqiq
edərkən özü də ideala doğru addımlamağa
başlamışdır. Onun idealı Azərbaycan ədəbiyyatının
keçmişində və bu günündə diqqəti cəlb
edən, sözün əsl mənasında ideal sənətkar
kimi ədəbi zirvə fəth edən sənətkarların
yaradıcılıq dünyasını kəşf etməkdir.
Ancaq mən hörmətli professoru sizə daha yaxından
tanıtmaq üçün keçmişdən, ötən
illərdən üzü bəri gəlmək istəyirəm.
Xalid Əlimirzəyev
1932-ci il dekabrın 16-da Azərbaycanın dilbər guşələrindən
birinə çevrilmiş Qəbələ rayonunun Qəmərvan
kəndində anadan olmuşdur. Qəmərvan kiçik bir kənddir,
rayon mərkəzindən 18 km. şimali-qərbdə, Bum
çayının sol sahilində, Baş Qafqaz silsiləsinin
yamacında yerləşir. Mənim bu kənd haqqında, onun
yetirdiyi ziyalılar haqqında çox geniş təsəvvürüm
olmasa da, bircə onu bilirəm ki, Qəmərvan kəndi
üç Əlimirzəyevlə qürur keçirir. Biri
görkəmli tarixçi, professor Xəlil Əlimirzəyevdir,
ikincisi Sosialist Əməyi Qəhrəmanı Əşrəf
Əlimirzəyevdir. Üçüncüsü indi səksən
illiyini qeyd etdiyimiz görkəmli ədəbiyyatşünas,
professor Xalid Əlimirzəyevdir.
Hər bir
görkəmli söz adamının həyatında xilaskar
rolunu oynayan, Simurq quşu kimi vaxtında köməyə
yetişən ustadlar olur. Xalid Əlimirzəyevin həyatında
da belə bir rolu ədəbiyyatımızın
inkişafında böyük xidmətləri olan, həm bir
nasir kimi, həm də ədəbiyyatşünas kimi
çoxlarının xatirəsində əbədi iz buraxan
Mir Cəlal Paşayev oynamışdır. O, Mir Cəlal kimi
uzun illər Universitetin Azərbaycan ədəbiyyatı tarixi
kafedrasının müdiri olmuş, ömrünün sonunacan
həmin kafedrada təkcə dərsliklər, dərs vəsaitləri
hazırlamaqla kifayətlənməmiş, həm də
sonralar Azərbaycan ədəbiyyatşünaslıq elminin
görkəmli nümayəndələrinə
çevrilmiş professorlar yetişdirmişdir. Budur onlar: Bəxtiyar
Vahabzadə, Firidun Hüseynov, Cəlal Abdullayev, İnayət
Bəktaşi, Təhsin Mütəllimov, Xalid Əlimirzəyev,
Abdulla Abbasov, Kamil Mirbağırov, İfrat Əliyeva, Qara
Namazov və daha kimlər…
Xalid müəllim
Mir Cəlal haqqında "Böyük yazıçı, alim,
görkəmli maarif xadimi" adlı geniş bir məqalə
yazmış və bu yazıda Mir Cəlalın həm bədii
yaradıcılığını, həm də elmi fəaliyyətini
əks etdirmişdir. Lakin onun geniş ürəkli bir insan və
kafedra müdiri, əslində böyük Azərbaycan
ziyalısı kimi portretini "Mənəvi borc" ("Mir
Cəlal haqqında xatirələr") kitabında daha
dolğun və müfəssəl
canlandırmışdır. Bu gün Mir Cəlal haqqında
yazılan məqalələrin, monoqrafiyaların əvvəlki
illərlə müqayisədə xeyli dərəcədə
artdığı göz qabağındadır. Bu
yazıların heç birinin dəyərini aşağı
salmadan deyə bilərəm ki, Xalid müəllimin
yazdığı kitabda mən əsl Mir Cəlalı
gördüm. O, bir çoxları kimi mənim də müəllimim
olmuşdur.
Xalid müəllim
Mir Cəlalı həm də qürurlu, heç kimdən
xahiş-minnət götürməyən, yalnız
istedadının gücü ilə qapılar açan bir
ziyalı kimi təqdim edir. O, 1969-cu ildə Universitet partiya təşkilatının
geniş tərkibdə plenumunu xatırladır və bu
plenumda Mir Cəlalın ünvanına yağdırılan
böhtanlar haqqında söz açır. Xalid Əlimirzəyevin
həmin plenumda çox çətinliklə söz alıb Mir
Cəlalı və həmçinin bir sıra Azərbaycan ədiblərini
(Rəsul Rzanı, Cəfər Cəfərovu) müdafiə
etməsi həmin dövr üçün doğrudan bir qəhrəmanlıq
idi. İttihamlardan biri də bu idi ki, guya Mir Cəlal müəllimin
rəhbərlik etdiyi kafedra ədəbiyyatımızın,
klassik irsimizin bütün dövrlərini əhatə etdiyi
halda, Mir Cəlal müəllim elə bil Cəlil Məmmədquluzadədən
başqa yazıçı, ədib tanımır. Aspirantlara
verdiyi namizədlik və doktorluq dissertasiyaları
mövzularına görə, doxsan faizi ancaq Cəlil Məmmədquluzadə
yaradıcılığına aiddir. Elə bu səbəbdən
də şanlı tarixi olan bir kafedraya "Danabaş kəndinin
məktəbi" adını veriblər.
Təbii ki,
Xalid Əlimirzəyev ulu öndərin - Heydər Əliyevin
iştirak etdiyi o plenumda böhtançı
çıxışçılara tutarlı cavablar verir.
"Mənəvi borc" kitabında bu haqda geniş söhbət
gedir və mən də təfərrüata varmıram.
Ancaq burada mənim
nəzərimi cəlb edən bir məqama diqqət yetirmək
istəyirəm: o da Mir Cəlalın Mirzə Cəlilə
olan böyük sevgisidir.
Son
altmış ilin mirzəcəlilşünaslığını
nəzərdən keçirsək, burada dörd şəxsiyyətin
adı ilə bağlı olan inkişaf mərhələləri
ilə üz-üzə gələrik. Birinci mərhələ
Mir Cəlal Paşayevin adı ilə bağlıdır. Onun
böyük ədibin yaradıcılığına həsr
etdiyi məqalələri öz elmi səviyyəsi ilə digər
müəlliflərin yazılarından əhəmiyyətli dərəcədə
seçilirdi. O, əllinci, altmışıncı illərdə
yazdığı bir sıra məqalələrində mirzəcəlilşünaslığın
yeni düşüncə tərzini ortaya qoymuşdur. Çox
sadə şəkildə izah edirdi ki, Mirzə Cəlilin
yaradıcılığında həyat həqiqəti hər
şeydən üstündür. Həm də bu əsərlərdə
böyük bir qəlb çırpınır. Məzlumların
halına yanan, qurtuluş yolunu axtaran, bütün mədəniyyət
aləmini köməyə çağıran qüdrətli
bir səs eşidilir.
Bu səsin
daha gur və aydın eşidilməsi, Mirzə Cəlil
yaradıcılığını bütün aspektləri ilə
ədəbiyyatşünaslığın başlıca mövzularından
birinə çevirmək Mir Cəlalın tələbəsi
Xalid Əlimirzəyevin öhdəsinə düşdü. O,
1964-cü ildə "Cəlil Məmmədquluzadənin ədəbi-ictimai
görüşləri" mövzusunda namizədlik, 1972-ci
ildə "Cəlil Məmmədquluzadənin
dramaturgiyası" mövzusunda doktorluq dissertasiyası
müdafiə edir. Sizə xatırladım ki, 60-cı illərin
sonlarında və yetmişinci illərdə yeganə
televiziya kanalımız olan AzTV-də Xalid müəllim dəfələrlə
Cəlil Məmmədquluzadənin
yaradıcılığı barədə
çıxışları tamaşaçıların
böyük marağına səbəb olmuşdu. Xalid Əlimirzəyevin
Mirzə Cəlil haqqında tədqiqatları 2010-cu ildə
"Elm və təhsil" nəşriyyatı tərəfindən
işıq üzü görmüş "Dahi sənətkar,
böyük vətəndaş" monoqrafiyasında cəm
olub. Beş fəsil ənənəvi xarakter
daşıyır: burada Mirzə Cəlilin həyatı,
dövrü, ədəbi-mədəni mühiti, onun
dramaturgiyası, bədii nəsri, "Molla Nəsrəddin"
jurnalındakı fəaliyyəti və ədəbi-tənqidi
görüşləri tədqiq hədəfinə
çevrilir. Yetmişinci illərdə yazılan bu əsərlər
həmin illərdə böyük ədibimiz haqqında ilk
böyük monoqrafiq tədqiqatlar idi. Burada qeyd etməyi vacib
hesab edirəm ki, Xalid Əlimirzəyevin Cəlil Məmmədquluzadə
haqqında tədqiqatları həm də ədəbiyyat
tarixinin böyük bir səhifəsini təşkil edir. Mirzə
İbrahimovun "Böyük demokrat" monoqrafiyası, Mir Cəlalın
məqalələrindən sonra müəyyən
boşluqları doldurdu. Mirzə Cəlil ilk dəfə olaraq
milli və bəşəri aspektlərdən təhlil olunur.
Bu əsərlə tanış olan hər bir oxucu Cəlil Məmmədquluzadə
kimdir sualına ətraflı və dolğun cavablar
tapacaqdır. Ona görə də Xalid Əlimirzəyevin Mirzə
Cəlillə bağlı tədqiqatları böyük ədibin
yaradıcılığını öyrənmək
baxımından ikinci mərhələ kimi yadda qalır.
Nigarançılıq olmasın deyə, Mirzəcəlilşünaslıqda
üçüncü mərhələ mərhum Yaşar
Qarayevin (əsasən səksən-doxsanıncı illərdə)
tədqiqatları, xüsusilə, Azərbaycan realizmi ilə
bağlı əsərlərində Yaşar Qarayev elmi-nəzəri
səviyyəsinin sanballı olması ilə diqqəti cəlb
edir. Mirzəcəlilşünaslıqda dördüncü mərhələ
akademik İsa Həbibbəylinin apardığı
araşdırmalarla, xüsusən, dahi ədibin həyatının,
tərcümeyi-halının indiyə qədər
açılmayan cəhətləri ilə
bağlıdır.
Xalid Əlimirzəyevin
mövzular aləmi öncə qeyd etdiyim kimi, zəngin və
çoxcəhətlidir. Əvvəla, biz onu bir ədəbiyyat
tarixçisi kimi yüksək qiymətləndirməliyik -
Xaqani, Nizami, Füzuli, Vaqif, İsmayıl bəy
Qutqaşınlı, Mirzə Fətəli Axundzadə,
Aşıq Ələsgər, Vəzirov, Haqverdiyev, Süleyman
Sani Axundov, F.Köçərli, Cəlil Məmmədquluzadə,
Sabir, Əliqulu Qəmküsar, Nəriman Nərimanov, Seyid
Hüseyn, Abbas Səhhət, Cavid, Cəfər Cabbarlı,
Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Osman Sarıvəlli,
Mehdi Hüseyn, Mir Cəlal yaradıcılığı ilə
bağlı elmi oçerkləri yan-yana düzsək,
doğrudan da bir ədəbiyyat tarixinin ərsəyə gəldiyi
ilə tanış olarıq. Ümumiyyətlə, Xalid Əlimirzəyevin
müraciət etdiyi tənqid janrları içərisində
elmi oçerklər öz səviyyəsi ilə seçilir.
Xalid Əlimirzəyev
həm də nəzəriyyəçi alimdir. Onun
monoqrafiyalarında və məqalələrində irəli
sürülən elmi fikir və mülahizələr müəllifin
nəzəri səviyyəsinin yüksək olduğuna dəlalət
edir. 2011-ci ildə nəşr etdirdiyi "Ədəbiyyatşünaslığın
elmi-nəzəri əsasları" tədris vəsaiti
haqqında ayrıca söz açmaq olar. Ancaq vaxt azdır və
bu qiymətli kitab haqqında onu deyə bilərəm ki,
Mikayıl Rəfilinin, Cəfər Xəndanın və Mir Cəlalın
"Ədəbiyyat nəzəriyyəsi" kitablarından
sonra nəşr edilən tədris vəsaitləri içərisində
ən sanballısıdır.
Xalid Əlimirzəyev
bir tənqidçi kimi də ədəbi prosesdə öz fəallığı
ilə seçilmişdir. 1960-1980-ci illəri əhatə edən
"Ədəbi-tənqidi məqalələr" toplusunda, həmçinin,
"Dramaturgiya, teatr və səhnə sənəti"
kitabında Xalid Əlimirzəyevin son əlli ilin nəsri,
poeziyası və dramaturgiyası, həmçinin teatr
tamaşaları haqqında qələmə aldığı
resenziyalar, məqalələr də sübut edir ki, X.Əlimirzəyev
bəzi həmkarlarından fərqli olaraq ədəbiyyata
vahid platformadan yanaşır, bizim ədəbi ənənələrimizin
bu gün uğurla davam etdirilməsini qələmə
alır. "Sən həmişə mənimləsən",
"Ölülər", "Közərən ocaqlar ,
"Bağ qonşuları", "Nazirin xanımı",
"Yol ayrıcında", "Yağışdan sonra",
"Qarabağ əfsanəsi", "Atabəylər",
"Oqtay Eloğlu"… bu tamaşalar haqqında isti-isti
söz deyən tənqidçilərdən biri də Xalid Əlimirzəyev
olmuşdur. O, sırf ədəbi tənqidlə bağlı
bir məqaləsində yazır ki, ədəbi tənqid dərin
ictimai, bəşəri məzmun daşıyan, yüksək
sənətkarlıq nümunəsi olan bədii əsərlərə…
arxalanmasa heç vaxt ümumi mühakimədən, adi nəzəriyyəbazlıqdan
uzağa gedə bilməz. Bu baxımdan yanaşdıqda Xalid Əlimirzəyevin
yazılarında Azərbaycan dilinin gözəllikləri, sadəliyi
və dərinliyi, incəliyi və zərifliyi öz əksini
tapmışdır.
Hörmətli
Xalid müəllim! Mənim bu qeydlərim tənqidçi-ədəbiyyatşünas,
ədəbiyyat tarixçisi, ədəbiyyat nəzəriyyəçisi
timsalında obrazınızı yaradım. Çox sağ
olun ki, sizin zəngin yaradıcılığınız buna
imkan verdi. Siz ədəbiyyat dəlisi, ədəbiyyat pərvanəsi
və ədəbiyyat fəhləsisiniz. Biz - sonrakı tədqiqatçılar
Səməd Vurğun demişkən, "Sizdən öyrəndik
qəhrəmanlığı".
Vaqif YUSİfLİ
Ədəbiyyat qəzeti.- 2013.- 1 mart.-
S.6.