Yazıçılar Birliyində

     

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış şairnasir İsgəndər Etibarın anadan olmasının 75 illiyi qeyd olunmuşdur. Tədbiri Birliyin "İrs" komissiyasının sədri Sona Xəyal açaraq şairin həyat və yaradıcılığı haqqında qısa məlumat vermişdir.

Yığıncaqda şairin qələm dostları Oqtay Rza, Atababa İsmayıloğlu, Kərəm Kürqıraqlı, Fəxrəddin Meydanlı, Rafiq Dağlı, Zemfira Buzovnalı, Sədi Fətəlizadə, Heydər Ələddinoğlu, Xoşqədəm Cəbrayıloğlu, Eldar Səfa, Dəniz İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Fərhad Quliyev, əməkdar artist Əli Nur, İdeal Sülhün Təbliği Fondunun sədri Əlikram Müzəffər və başqaları İsgəndər Etibarın poeziyasından, jurnalistlik fəaliyyətindən söhbət açmışlar. Onlar bildirmişlər ki, İsgəndər Etibar gözəl lirik şeirlərin müəllifi olmaqla yanaşı, ədəbiyyatımızda satirik şair kimi şöhrət tapmışdır. Həyatdakı haqsızlığa, ədalətsizliyə biganə qala bilməyən şair onları obrazlı şəkildə həm bədii əsərlərində, həm də məqalələrində əks etdirir, cəmiyyətin diqqətini deyilən məsələlərə yönəldir.

Məclis iştirakçıları İsgəndər Etibarın redaktorluğu ilə çıxan "Tək səbir" qəzetinin Azərbaycan mətbuatında qoyduğu izdən də danışmışlar. Ötən əsrin 90-cı illərində aylıq tirajı on minlərlə olan "Tək səbir" satirikləri, cəsarətli qələm sahiblərini öz ətrafına toplamış Baba Pünhanonun kimi istedadlı qələm sahiblərinin söz meydanına çevrilmişdi.

"Tək səbir"i əsrin əvvəllərində çıxan "Molla Nəsrəddin" jurnalı ilə müqayisə edən məclis iştirakçıları bu qəzetin redaktorunun üzləşdiyi çətinlikləri də dilə gətirmişlər. Bildirmişlər ki, bütün bunlara baxmayaraq "Tək səbir" öz sözünü dedi, karikatura sənətimizin və satirik ədəbiyyatımızın inkişafında mühüm rol oynadı.

Yığıncağın sonunda xidmətlərini dəyərləndirdikləri üçün İsgəndər Etibar qələm dostlarına təşəkkürünü bildirmiş, bir neçə şeirini oxumuşdur.

Məclisin iştirakçılarına şairin yenicə çapdan çıxmış "Sınmayan güzgü" adlı satirik şeirlər kitabının II cildi təqdim olunmuşdur.

 

 

A.Xiləli

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 mart.- S.6.