"Yada düşdü"nün yada saldıqları

     

  Bu maraqlı ədəbi-bədii, nostalji jurnalın yeni sayı tanınmış türk şairi Mithat Cemal Kuntayın məşhur "Bayraqları bayraq yapan üstündəki qandır…" misralı şeirlə açılır. Sonra da gəlir "Könül duyduğunu xatirə saxlar" bölümü - unudulmaz Əliağa Kürçaylının "Səməd Vurğun taleyimizdə" adlı xatirə məqaləsi bu bölümdə verilib. "Qəlbimizə yazılan şeirlər" sırasında Əli Kərimin "Qaytar ana borcunu" şeiri yer alıb.

"Xalq şairi Rəsul Rza oğlu Anara yazırdı ki…" başlığı altında ustad şairin oğluna ünvanladığı məktublardan seçmələr verilib. Oxuduqca böyük sənətkarın "Ana-bala, bu məktubu alan günü, alan günü ha!" - deyə kövrəldiyi anların yaşantısı birər-birər göz önünə gəlir.

Yazıçı-publisist Nahid Hacızadə "Şair, səndən yazmaq istəyirəm" məqaləsində azadlıq nəğməkarı Xəlil Rza Ulutürkün bənzərsiz xarakterindən söz açır. Arxasınca da gəlir Nüşabə Əsədin "Payız tanqosu", Hüseynbala Mirələmovun "Məhəbbət hekayəti" hekayələri…

Kamil İsmayılın "Qəribə adam" məqaləsində yazıçı-publisist Nəriman Həsənli anılır.

Jurnalın poeziya bölümü bu dəfə tanınmış şairlərdən Sona Vəliyeva, Əbülfət Mədətoğlu, Aslan Tərtərli və Nəzakətin yeni şeirlərini təqdim edir. Şəmistan Nəzərli ilə "Bir görüşdən xatirələr"ində xalq şairləri Səməd Vurğunla Osman Sarıvəllinin seminariya illərindən söhbət açır.

Xalq şairi Bəxtiyar Vahabzadə dərgisinin bu sayında əməkdar jurnalist Əhməd İsayevin "Dəyərli ömrün dörd günü" məqaləsilə yad edilir. "Sən sevdalı ürəyimi apar özünlə" isə mərhum şair, məhəbbət nəğməkarı Tofiq Bayram haqqında unudulmaz bir elegiyadı. Yazıçı xatirələri birər-birər yaddaşa süsləyəni şair-publisist Zülfüqar Şahsevənlidir.

Yazıçı Novruz Nəcəfoğlunun "Dağa çiyin verən ədib" esse-portreti də jurnalın bu sayında yer alıb. Burada yazıçı Məmmədhüseyn Əliyev haqqında səmimi ürək sözləri sərgilənib.

Mərhum şair Eldar Baxışın yumorlu mikronovellaları xalq yazıçı və şairlərindən Əbülhəsən Ələkbərzadə, Əli Vəliyev, Süleyman Rəhimov, Hüseyn Arif, Nəriman Həsənzadə və başqaları haqqındadı.

Dərginin son səhifələrində Şəmistan Nəzirli, Ağacəfər Həsənli, Sabir Arazlı və başqalarının yeni kitabları haqqında qısa məlumat yer alıb.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 mart.- S.6.