“Leyli və Məcnun”
vəfa, etibar qaynağıdır...
Müsahibimiz tanınmış
şair-tərcüməçi Səyavuş Məmmədzadədir
- Səyavuş müəllim, unudulmaz
xalq şairi Səməd Vurğun rus poeziyasının ən
parlaq simalarından biri olan Puşkinin "Yevgeni Onegin"
poemasını uğurla dilimizə çevirəndən sonra
yazırdı ki, yanmadım ömrümün iki ilinə,
Rusiya şeirinin şah əsərini çevirdim Vaqifin
şirin dilinə… Belə deyək ki, siz də
ömrünüzün çox əziz, qiymətli iki ili
hesabına dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin poeziyamızın şah əsərlərindən
biri olan "Leyli və Məcnun" poemasını
Puşkinin şirin dilinə çeviribsiniz. Bu, sıradan olan
ədəbiyyat hadisəsi deyil, gərgin əməyin,
istedadın və vətəndaş münasibətinin
harmoniyasından hasil olmuş bir əməl işidi.
Maraqlıdı, necə oldu ki, məhz Füzuli
dünyasına, ölməz "Leyli və Məcnun"
ülviyyətinə üz tutdunuz?
- Həzrəti-Peyğəmbərimiz
(s) buyururdu ki, hər işin vacib olan bir tərəfi var.
Qloballaşan, iqtisadi, şəxsi istəkdən qaynaqlanan dəyərlərin
mənəvi dəyərləri üstələdiyi bir vaxtda
dahi Füzulinin "Leyli və Məcnun"unda ehtiva olunan
munisliyə, mənəvi paklığa varmaq, bu müqəddəsliyə
tapınmaq zərurətini önə çıxarmaq əslində
işin vacib olan tərəfidi. Eyni zamanda, Füzuli qələmiylə
zinətlənən, Azərbaycan ədəbiyyatının ən
möhtəşəm abidələrindən biri olan "Leyli
Məcnun"u Puşkin dilində, orijinala yaxın şəkildə
təqdim etmək çoxdankı arzum idi. Ancaq bu istəyin
böyük məsuliyyət hissi də həmişə mənimlə
olub. Hesabnan, əlli ildir ki, mən tərcümə ilə məşğulam.
Ancaq bu işi özüm üçün ən böyük
sınaq anı hesab edirəm, vacibliyi ilə bərabər
şərəf işi bilirəm. Təbii ki, ana dilimiz milli
kimliyimizin mənəvi pasportudu. Ən zəngin elmi, poetik və
fəlsəfi düşüncələri ifadə etmək
üçün dilimizin geniş imkanları var. Eyni zamanda rus
dilinin qüdrətini öz imkanlarım daxilində Füzuli
dünyasının, "Leyli və Məcnun"
düşüncəsinin boyuna biçmək marağım qələmə
əl atmağıma rəvac verdi. Vaxtilə Anatoli Starostin də
bu əsəri rus dilinə çevirib. O tərcüməni dəfələrlə
oxumuşam. Məqsəd, məram gözəl olsa da, hesab edirəm
ki, Füzuli qələminin möhtəşəmliyi o tərcümədə
öz ifadəsini tapa bilməyib. Məsələnin bu tərəfini
bütün incəliyinə qədər dəyərləndirə
bilən qələm dostum, Füzulişünas alim Ayaz Vəfalı
da söhbət əsnasında dəfələrlə məni
bu mövzuya müraciət etməyə həvəsləndirmiş,
bir növ, təhrik etmişdi. Təbii ki, məndən
sonra da "Leyli və Məcnun"un tərcüməsi
üzərinə qayıdanlar olacaq. Bu, mənim tərəfimdən
bir versiyadı. Təxminən iki il çalışdım.
İş elə gətirdi ki, həmin vaxtlar şəxsi həyatımda
böyük sıxıntılar oldu, ağır günlər
yaşadım. Füzulinin
"Leyli və Məcnun"unda yaşanan ağrılar, məşəqqətli
könül nigaranlığı mənim ovqatımla
üst-üstə düşürdü. Deməzdim ki, bu
çətin yaradıcılıq axtarışları həm
də mənim öz şəxsi dərdlərimi yüzdə-yüz
ovudur, unutdururdu… Sadəcə, Məcnunun faciəsi daxili aləmimi,
varlığımı zəbt etmişdi. Onun hər an göz
önünə gələn, deyərdim ki, çox nəhəng
kölgəsi, unudulmaz obrazı, Füzulinin kədərli, son dərəcə
mütəəssiredici səsi məni real
yaşantılarımdan ayırıb uzaq keçmişlərə,
qızmar Ərəbistan səhralarına çəkib
aparırdı. Bir yandan da bir fikir davamlı şəkildə
məni təqib edirdi ki, tərcümə əsnasında rus
poetik, ədəbi dilinin hansı qatlarına üz tutum?.. Füzuli dövründəki rus
poeziyasının üslubu, leksikası çox arxaik
görünə bilərdi. O zamanlarda rus poeziyasında sillabik
şeir forması hökm sürürdü. Bizlərdə
sillabika (xüsusən, el şerində, aşıq
poeziyasında) qədimdən bəri mövcud olsa da, bu forma
rus ədəbiyyatı üçün çoxdan
ötüb keçmiş bir ənənədi və
müasir rus oxucusunun nəzərində bu şeir
ölçüsü yalnız tarixi fakta dönüb, necə
deyərlər, "arxeoloji tapıntı" təsiri
bağışlayır. Rus şeiri Trediekovskidən, Lomonosovdan
üzü bəri sillobo-tipik üsluba keçmişdir. Bu
üslub indinin özündə də hökm sürməkdədi
və rus dilinin təbiətinə, avazına, "yerişinə"
tam cavab verir. Yamb, xorey və başqa ölçülər məhz
sillebot - onikanın çeşidləridir. Və mən bu
ölçüdə böyük Füzulini rusca
danışdırmağa çalışdım. Bu bir həqiqətdir
ki, rus dili, rus poeziyası Puşkindən bu günə kimi
xeyli yol keçib. Puşkin poeziyasında rus dilinin ecazkar
musiqisi, çoxçalarlılığı, gözəlliyi
kamil ifadəsini tapıb. Mən "Leyli və Məcnun"u
çevirərkən bədii tərcümə dili
seçimində əsasən Puşkin təcrübəsinə,
irsinə üstünlük verdim. İstər-istəməz
meylimin o səmtə çəkdiyini gördüm. Aleksandr
Sergeyeviçin ən çox xoşladığı
ölçü yamb idi, xorey idi… Bu ölçülər
çox çevik, "yeyin yerişli", dinamik, mütəhərrik
ölçülərdi. Buna görə də bir-iki fəsildə
yamba müraciət etsəm də, üstünlüyü daha
ağır, ləngərli, "anapest", "amtibexiy"
kimi ölçülərə verdim. Daha doğrusu, Nekrasov
üslubunu önə çəkməyin vacibliyini hiss etdim. Füzuli "Leyli və Məcnun"u
əsasən əruz vəzninin həzəc bəhrində
yazıb. Bu üslub daha çox ağır, ləngərli gəlişmələri
ilə diqqəti çəkir… Bu barədə ön sözdə
də yazmışam. Eyni zamanda, bir növ, günah da işlətmişəm
ki, ey böyük ustad, Allah-təalanın alın
yazısıdı, bir halda ki, İbn Səlam ölüb, həyatda
yoxdu, barı heç olmasa bundan sonra qələminin
gücüylə bu dərdli aşiqləri
qovuşduraydın.
O
biri tərəfdən də öz-özümə təskinlik
verirəm ki, daha onda Məcnun Məcnun olmazdı ki! Leylinin
Leyliliyi elə o kama yetməyən məşuqluğundadı.
Eşqdə Məcnun ağlı, Məcnun əxlaqı
yaşayanlar bu fikirin nədənliyinə daha çox vaqifdirlər.
Leyli ilə Məcnun hekayəti sadəcə iki gənc
insanın bir-birinə olan istəyi çərçivəsində
qapanıb qalmır. Füzulinin
özü də yazır ki, mən bu ölməz məhəbbət
vasitəsilə bəşər övladlarının
düşüncəsinə tam ayrı, ölümsüz hikmətlər
bəxş etmək istəyirəm. Bu mənada, bu gün Füzuli dühası ilə
cilalanan “Leyli və Məcnun” poemasının təlqin və
təqdim etdiyi əsl insan obrazını çağdaş
dünyanın gözü önünə gətirmək,
xatırlatmaq ona göə vacibdir ki, bəşəriyyətin
sədaqət, etibar, vəfa anlayışının dərsinə
nə dərəcədə ehtiyacı olduğunu duyub-anlaya
bilsin. Bu, əbədi, möhtəşəm bir ehtiyacdır.
Dünya Leyli, Məcnun əxlaqından keçməyə mənən
borcludur. Daha çox da onların əhdə, eşqə vəfa
modelindən. Bunsuz bəşəriyyətin gələcəyi
yoxdur. Məni “Leyli və Məcnun”a çəkən də
bu böyük dəyərlər oldu...
-
Yeri gəlmişkən, xalq
yazıçısı Elçin “Leyli və Məcnun”un sizin
tərcümənizdə çap edilən nəşrinə
yazdığı ön sözdə haqlı olaraq
vurğulayır ki, Səyavuş Məmmədzadə sadəcə
tərcümə etmir, böyük məsuliyyətlə
yanaşaraq, hər söz üzərində, sözün
yaxşı mənasında, xüsusi vasvasılıqla
çalışır, orijinala sadiq qalmaqla bahəm,
çevirdiyi mətndə özünü ifadə edə
bilir və belə demək mümkünsə (niyə də
olmasın), çevirdiyi müəllifin özünə
çevrilir... Dəqiq müşahidədi. Tərcüməylə
tanışlıq əlbəəl əsas verir deyək ki,
“Leyli və Məcnun” üzərində də eyni məsuliyyət
hissi ilə çalışıbsınız, Füzulinin böyük
düşüncələrini rusca füzuliyanə səsləndirməyə
müvəffəq olmusunuz...
-
Nə bilim, vallah, əvvəla bilirdim ki, necə böyük
bir dahinin əsərini necə böyük bir dilə
çevirirəm. Eyni zamanda da çətinliklər
qarşımda dağ kimi dayanırdı. Bilirsiniz ki, əsərdə
kifayət qədər ərəb-fars tərkibli sözlər
var. Üstəlik, Leylinin və Məcnunun dilindən verilən
qəzəllərin fikir tutumunu, ifadə möhtəşəmliyini
qoruyub saxlamağın vacibliyi məni daha çox
düşündürürdü. Dönə-dönə
lüğətlərə müraciət etmək, hər bir
sözün dəqiq, uyarlı
qarşılığını saxlamaq lazımdı. Hətta
Füzuliyə xas olan daxili qafiyə
sistemini belə... Bunlarsız Füzuli poeziyasının həqiqi
simasını ortaya qoymaq olmaz. Belə deyim ki, mən bu
möhtəşəm poemanın ehtiva etdiyi böyük
düşüncə, fəlsəfə genişliyi içində
bir növ itib-batmışdım. Sözün həqiqi mənasında
çabalayırdım. Bilirsiniz ki, Füzuli sufi
dünyagörüşünün böyük
daşıyıcılarından biri olub. Mənsə öz
düşüncəmdə daha çox realistəm. Ancaq əsərin
təsir gücü məni elə
çuğlamışdı ki, özümü bütöv
şəkildə Füzuli
dünyasının, Leyli və Məcnun düşüncəsinin
ixtiyarına təslim etmişdim. Bu poema pak ruhun və fitri istedadın
harmoniyasından hasil olub. Hər bir məqamı
unudulmazdı. Ancaq mənim üçün ən unudulmaz, məqam
atasının Məcnunu Kəbəyə apardığı səhnədi.
O yerdə ki, Məcnun uca Yaradanına üz tutub “Ya Rəbb, bəlayi
eşq ilə qıl aşina məni” - deyə iltica edir, “Mən
istərəm bəlanı, çün bəla istər məni”
- deyə yaşamaq haqqını eşq bəlasına
mübtəla olmaqda görür - bu möhtəşəm
düşüncə önündə heyrətlənməyə
bilmirsən, ona aşiqlikdən qaçmaq
mümkünsüzdü.
Əsərin
tərcüməsi üzərindəki işimlə
bağlı bir məqamı xüsusilə vurğulamaq istəyirəm;
Ayaz müəllimin bu niyyətimdə mənə dəstək
olmasını, ürək-dirək verməsini söhbətimizin
əvvəlində də demişəm. “Bu, öz yerində,
ancaq bütövlükdə kitabın işıq üzü
görməsində qələm dostum, xalq
yazıçısı Elçinin hayan olmasını,
köməkliyini, nəcib xidmətini qeyd etməyi
özümə borc bilirəm. Eləcə də Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərliyinə, hörmətli Əbülfəs
Qarayevə minnətdarlığımı bildirirəm.
“Avrasiya” nəşriyyatının, qələm dostum Tofiq
Qaraqayanın və Mübarizin haqqını itirmirəm. Hər
biri sağ olsun. Bu kitabın araya-ərsəyə gəlməsi
üçün imkanlarını heç əsirgəmədilər.
Deyim ki, mərhum füzulişünas alim Sabir Əliyev bu
möhtəşəm əsəri nəsr şəklində
işləyərək nəşr etdirib. Tərcümə
prosesində həmin kitabdan çox faydalandım. Bilirsən,
Sərvaz, o yerdə ki, xalqın, millətin üçün
gərəkli bir iş görürsən,
yaradıcılıq şövqün daha da şölələnir,
işə ürəklə girişirsən. Eyni zamanda, bu
prosesdə qədirbilən insanların səninlə bir arada
olduğunu görəndə işlər daha rəvan gedir. Ədəbiyyat
üçün yaşamaq mənim amalımdı. Harada,
hansı durumda olmağımdan asılı olmayaraq, mən həmişə
qəlbimdə ədəbiyyat işığını diri
saxlamağa çalışmışam. Səməd
Vurğun günlərində Qazaxda olarkən qısa
ünsiyyətimizin təəssüratı yəqin ki, sənin
də yadındadı. O möhtəşəm tədbir arası
olan fasilədə belə mən tərcümə işimlə
məşğul olmağa vaxt tapırdım. Bu, mənim həyat
tərzimdi, şeirə, sənətə olan vəfa borcumdu.
Biz ədəbiyyatımızı, onun yaxşı örnəklərini
dünya oxucularına ləyaqətli şəkildə
çatdırmalıyıq. Azərbaycan ədəbiyyatı
bütövlükdə sədaqət, vəfa, etibar
qaynağıdı. Bu sırada Füzulinin
“Leyli və Məcnun”u lap ön cərgədə gəlir.
Oxuduqca qüdrətli bir fəlsəfə və lirika
aurasının burulğanına düşürsən. Bu, Azərbaycan,
geniş anlamda türk təfəkkürünün, islam əxlaqının
bir canda qovuşması reallığının ifadəsidi.
Belə əsərlər daha çox abidə-insanlar kimidi,
onların öyrənilməsi, gündəmdə
saxlanılması əslində xalqımızın və bəşəriyyətin
mənəvi ehtiyacıdır. Füzuli
anlaya bilənlərin, qəlbi, ruhu olanların şairi,
böyük dühadı. Bu, “Leyli və Məcnun”da
bütün parlaqlığı ilə ifadə olunub. Mən
“Leyli və Məcnun”u anlaya bilənlər, ruhu, qəlbi
olanlar üçün ruscaya çevirdim.
Sərvaz Hüseynoğu
Ədəbiyyat qəzeti.- 2013.- 1 mart.-
S.5.