Ədəbi əlaqələr
Humanitar və
ictimai elmlərin önündə gedən
ədəbiyyatşünaslarımızın beynəlxalq əlaqələri
genişlənir. Bu günlərdə çağdaş
elmi fikir və «Çağdaş poeziya və
klassik irs» (2000), «Poetika məsələləri» (2002), «Füzuli
sehri» (2003), «Füzulinin əruz
kanonları ilə tədris təcrübəsi» (2008), «Azərbaycan
füzulişünaslığı» (2007) «Ədəbiyyatşünaslıqda
Füzuli fenomeni» (2009), «Bədii
düşüncə: tarixi həqiqət
və estetik ideal»
(2011) kimi monoqrafiyaları ilə
tanınan füzulişünas alim Gülşən Əliyeva- Kəngərlinin
Özbəkistanda, Daşkəndin «Mümtaz
söz» nəşriyyatında «Füzulişünaslıq: tarixi və nəzəriyyəsi»
monoqrafiyası işıq üzü görüb.
Kitabı
özbək dilinə Feyzi
Şahismayıl tərcümə edib. Kitabın redaktoru və məsul
mühərriri Daşkənd Dövlət Universitetinin
«Ədəbiyyat nəzəriyyəsi» kafedrasının müdiri filologiya elmləri
doktoru, professor Həmidulla
Boltabayev, rəyçiləri AMEA-nın müxbir üzvü Teymur Kərimli və filologiya
üzrə fəlsəfə doktoru Yaşar Qasımovdur.
Füzulinin 500 illik yubileyi zamanı
Türkiyə Böyük Millət Məclisində
çıxış edərkən Heydər Əliyev demişdi ki, Füzuli bütün türkləri birləşdirən
şairdir. Bu gün bu böyük
və şərəfli tarixi vəzifəni
dahi şairin irsinin və onun
haqqındakı elmin tədqiqatçıları
yerinə yetirir. G.Əliyeva-Kəngərlinin
«Füzulişünaslıq:
tarixi və nəzəriyyəsi»
kitabı Azərbaycan-özbək ədəbi əlaqələrinin
dəyərli faktı olaraq, həm hər
iki xalqın ədəbiyyatşünaslıq
elminin qarşılıqlı zənginləşməsi
işinə, həm də türk
xalqlarının birliyi idealına
xidmət edəcək.
Belə
bir nəşrin əhəmiyyəti bir də ondadır ki, o, paralel ədəbi
mühitlər arasında əlaqələri möhkəmlədir.
Özbəkistanda XX əsrdə müstəqil
füzulişünaslıq elmi yaranıb
və davam etdirilir. «Füzulişünaslıq: tarixi və nəzəriyyəsi» kitabı çağdaş özbək
füzulişünasları üçün
də maraqlı olacaqdır.
İ.Səfərov
Ədəbiyyat qəzeti.- 2013.- 1 mart.-
S.5.