Zəki
Vəlidi Toğan
(Əvvəli
ötən sayımızda)
Zəki
Vəlidi heç zaman irqçi olmamışdı. Hətta
bu günəcən bəzi binəsib yurddaşlarının
nəzərində Hitlerin «müsəlman məsələləri
üzrə xüsusi müşaviri» kimi yamanlanan Zəki Vəlidi
«Avropadakı irqçiliyin, hindo-germenlerini bir müasir
mütləqiyyətə, Düçe və Fürer sisteminə əsas
qılmaq fikriylə irəli sürülmüş
olduğunu, bunun türk millətinin ruhuna uyğun gəlmədiyini»
Adolf Hitlerdən də, siyasi karyerasının böyük bir
dövrünü Zəki Vəlidiylə mübarizəyə
həsr edən, o dövrün ensiklopediyalarını, qəzetlərini
«Validovşina» məqalələriylə yükləyən və
neçə-neçə opponentini də elə bu adla məhv
etmiş Stalindən də daha yaxşı və dürüst
anlayırdı.
Zəki
Vəlidinin əsərlərini, həyatını və
başqırdların öz böyük övladına
münasibətlərini öyrəndikcə inanırsan ki,
tarixdə yalnız o millət böyük olacaq ki, öz
böyüyünün ruhunu incitməyəcək. Ona - «Sən
böyüksən!» - deməyi bacaracaq. Çoxdandır ki,
«HitlerStalin» tarix səhnəsini lənətlə tərk edib.
Ancaq siyasi memarı olduğu Başqırdstanın
küçə və meydanlarında Zəki Vəlidinin
adını, heykəlini görüb buna darılanlara görk
olmur ki, Zəki Vəlidi Toğan Vyana Universitetində təhsil
aldığı otuzuncu illərdə (1935-1938) Ziqmund Freydlə qonşu mənzillərdə
(və Freydin
başı üstündə - ikinci mərtəbədə)
yaşayıb. Bu sətirləri yazıram və Zəki Vəlidi
Toğanın Vyana Universitetində hazırladığı
doktorluq əsərini - İbn Fədlanın «Səyahətnamə»sini
düşünürəm. Freydin icad etdiyi Edip kompleksinin
İbn Fədlanın
müşahidə etdiyi məsələyə - eyni çayda
bir yerdə üryan çimən oğuz qızlarına və
kişilərinə qətiyyən dəxli yoxdur. İndi bu da
çox maraqlıdır ki, Zəki Vəlidi Toğan Freydə İbn Fədlanın əsərindən
danışıbmı? Danışıbsa, dahi psixoloqun
düşüncələrində hansı təbəddülatlar
olub? Ümumiyyətlə, olubmu? Dünya Oğuzdan Ziqmund freydə
qədər gəlib çatınca nə hallara
düşdü…
***
1931-ci ildə
yazdığı bir məqaləsində «Bu gün mədəniyyət
alanında demokratiya, kommunizm və faşizm cərəyanları
mücadilə halındadır. Kommunizm təhlükəsinə
qarşı mücadilədə demokratiyanın zəifliklərini
bəhanə edərək meydana atılan faşizmin
alacağı yol, qaranlıq və şübhəlidir.
Cahanşümul bir şəkil almaq üçün daha
çox demokratiya sisteminə düşmən kəsilən və
onu əzmək üçün müstəqbəl biaman
düşməni kommunizmlə ittifaqa belə hazır
olduğunu göstərən faşizm məktəbi
müthiş ehtiras və müfrid (ifrat) şovinizmdən
mülhəm olmaqdadır (ilhamlanmaqdadır). Fəqət
faşizm milliyyət fikrinin baş müdafii olaraq ortaya
atılmış olmasına rəğmən milli deyil bir
internosional şovinizmdir». Zəki Vəlidinin dahiyanə bir
uzaqgörənliklə söylədiyi bu fikirləri 1931-ci ildə
Stalin də, Hitler də qəbul edə bilməzdi. Zəki Vəlidi
Toğan əlavə edirdi ki, «türk tarixinin altun dövrlərini
yaşadan milli qəhrəmanlar, o cümlədən,
Çingiz də Göktürk və Xəzər xaqanları
kimi qəbilələr arasındakı ixtilafı
yatışdırmaq, onlara özünü usta bir hakim sifətiylə
tanıtmaq yolunda yüksələn və imperatorluqlar quran bir
şəxsiyyətdir və bunların Hindo-german və qədim
İran və Sami qövmlərin despotlarıyla heç bir əlaqəsi
yoxdur». Və bütün bunları Zəki Vəlidi Toğan
İstanbulda yalnız öz camiasına oxutmaq
üçün yazmırdı. Hitlerin ideoloqlarından birinə
- Alman Elmlər Akademiyasının prezidentinə
ünvanladığı məktubda da eyni məsələlərə
toxunurdu. Belə bir Zəki Vəlidi Toğan Hitlerin «müsəlman
məsələləri üzrə siyasi müşaviri» ola
bilərdimi? Hətta Hitler bunu istəsəydi belə, Zəki
Vəlidi buna razı olardımı?
(Zəki
Vəlidinin faşizmə münasibəti yuxarıdakı
fikirlərindən bəllidir. Ancaq başqa məqamlar da var.
Almanlar milliyyətçi türklərə, xüsusən,
Rusiya mənşəli türklərə heç vaxt
inanmayıb).
Zəki
Vəlidi Toğana görə, «siyasi türk vəhdəti
Göktürklər və Çingiz zamanında meydana
çıxmışdı». Əfsus ki, Əmir Teymur bunu
gerçəkləşdirə, dərinləşdirə bilmədi.
Zəki
Vəlidi türk birliyinin zəruriliyini anlayırdı və
bunu açıq şəkildə bəyan edirdi.
Çünki hələ 1940-cı illərin əvvəllərində
görürdü ki, almanlar Almaniyanın gələcəkdəki
hüdudlarının etnik hüdudlarla kifayətlənəcəyini
vəd etsələr də Asiyanın siyasi və iqtisadi
nüfuzunu da gözardı etmirlər. «Ruslar Balkanlarda və
Şərqi Avropada bir Slav birliyi vücuda gətirmək» niyyətindəydilər.
Anqlo-saksonlar isə Ön Asiyada və Akdəniz sahəsində
bir Ərəb birliyi yaratmaqdaydılar. Bunu Zəki Vəlidi
Toğan kimi parlaq siyasi dühaya malik bir insan dərk edə
bilərdi. Həm də bu səbəbdən İsmət
İnönü Stalini dünya tarixşünaslığının
partriarxı Zəki Vəlidi Toğanın Türkiyədə
hakimiyyətə gələ bilməyəcəyinə
inandırmaq üçün 10 il həbs cəzasına məhkum
edirdi. Doğrudur, Zəki Vəlidi Toğan dörd il səkkiz
aydan sona bəraət aldı. Amma Türkiyə tarixində
İstanbul, Bonn, Gottingen, (sonralar Britaniyanın Mançestr,
Amerikanın Colombia) Universitetlərinin professoru, 1925-ci ildən
Macarıstan Turan Cəmiyyətinin fəxri üzvü Zəki
Vəlidi Toğanın bir məhbus həyatı
yaşaması, özü də belə bir unikal siyasi
mövqeyinə görə məhkum olunması İsmət
İnönü hakimiyyətinin üz qarası olaraq zaman-zaman
qalacaq, bu siyasi ləkə İsmət İnönünün
siyasi simasından heç zaman silinməyəcək.
Çünki yenə də Nihal Atsız demişkən, elmi dəyəri
Zəki Vəlidi mislində bütün dünyada qəbul
olunmuş, Amerika, İngiltərə, Almaniya, Hindistan, Pakistan,
Yaponiya Universitetlərindən ardıcıl dəvətlər
alan başqa bir türk tarix professoru yox idi.
***
Toğan
Vyana Universitetinin yetirməsi olsa da, əslində, o, Bartold məktəbinin
böyük nümayəndəsidir. Zəki Vəlidinin yetirmələrindən
olan, türk kosmolojisinin dünyada tanınmış
araşdırıcısı Emel Esin yazılarının
birində ustadının gənclik illəri barədə qeyd
edir ki: «Zəki Vəlidinin Rusiya Arxeoloji Cəmiyyətinin
«Zapiski» adlı dərgisində çıxan məqalələri
Bartoldun diqqətini çəkmişdi. Bartold gənc
Başqurd alimini Petroqrada dəvət etdi. Beləcə, Zəki
Vəlidi Rusiya Arxeoloji və Coğrafiya Cəmiyyətinin və
Radlov Dərnəyinin toplantılarında iştirak etməyə
və Bartoldla çalışmağa başladı. Bartoldun
Türkistan haqqındakı əsərlərindən
basılmaqda olanların təshihinə Zəki Vəlidi
baxırdı. Bartold da, Zəki Vəlidinin
hazırladığı əsərlər üçün
Rusiya arxivlərindən istifadə izni alınmasında ona
yardım edirdi».
Rusiya
türkologiya tarixinin qızıl səhifələri isə
çoxlarının da etiraf etdiyi kimi, Bartoldla
başlayıb, Minorski ilə davam edir və Zəki Vəlidi
Toğanla tamamlanır.
***
Zəki Vəlidi
bitib-tükənmir. Pakistan prezidenti Mirzə İskəndər
Əli, Hindistanın rəhbəri Cəvahirləl Nehru
Türküstanın tarixini Zəki Vəlidinin əsərlərindən
oxuyub öyrəniblər.
***
Zəki Vəlidinin
missiyası təkcə itik düşmüş əlyazmaları
tapıb elmə məlum etməklə tamamlanmırdı.
Toğan Şahi-Qəribanların da pənahgahına
çevrilmişdi. Əlişir Nəvainin məzarını
Heratda o aşkara çıxarmışdı: «Tək bu
nöqtəyə işarət etmək kafi gəlir ki, XV əsr
son yarısının kültür həyatının
başında gələn və bu şəhərin (Herat -
A.T.) imarında çox böyük rol oynamış olan
böyük türk şairi Əlişir Nəvainin məzarının
yerini bilən kimsə yoxdu. Yalnız bu Əlişir kəndisinin
«Vəqfiyə» ismindəki əsərində bu gün də
yerləri bəlli olan mədrəsə və cameləri ilə
imarətxanəsinin bir-birlərindən kaç zira
(arşın) məsafədə bulunduqları açıqca
qeyd olunmuş və digər qaynaqlarda Əlişirin bu binalar
arasında yapılan türbədə gömüldüyü
də tasrih edilmiş olduğundan bunun yerini təsbit etmək
bənim üçün qolay oldu. Metrə ilə hər tərəfi
ölçüb bulduğum nöqtədə bir məzar
daşı vardı. Fəqət buradakı bağlara nəzarət
edən zatın anlatdığına görə, bu daş
sonradan başqa yerdən gətirilmiş və burası
heratlılar tərəfindən «Şahi-Qəriban» təsmiyə
olunmaqda imiş. Əskidən burada şam yandırmaq adəti
də var imiş, sonra daşlarını
götürmüşlər. Bu şəkildə Əlişir
Nəvainin heratlılar nəzərində «Qəriblərin
Padşahı» olaraq tanındığını öyrənmiş
və məzarı təsbit etmiş oldum».
Toğan
1923-cü ildə Əlişir Nəvainin məzarını
tapdı. Qəriblər Padşahının ziyarətgahını
ehya qıldı. Təkcə məzarına sayğı
göstərmədi, tarixçi Zəki Vəlidi Toğan Əlişir
Nəvai yaradıcılığının tədqiqində də
metodoloji yanaşmanın yeni istiqamətini nişan verdi və
nə özündən əvvəl, nə də sonra Əlişir
Nəvai barədə yazılanların heç biri ilə
qiyas edilməyəcək mötəbər bir əsər qələmə
aldı.
***
1923-cü
ildə Türküstandan ayrılandan sonra Zəki Vəlidinin
qürbət yolları İrana, Əfqanıstana, Parisə,
Almaniyaya qədər uzandı. Toğan 1925-ci ildə fuad
Köprülünün, Yusif Akçuranın, Rza Nurun, Əhməd
Ağaoğlunun istəyi ilə Türkiyəyə gəldi.
Atatürkün sevimlilərindən birinə çevrildi. Və
1932-ci ildə Birinci Türk Tarix Konqresində Atatürklə
fikir ixtilafına düşdü. Konqresdə türk tarixinin
öyrənilməsi üçün təklif olunan dörd
cildlik «Tarix» kitabı Toğan tərəfindən
qınandı. Qarşılığında Zəki Vəlidi
Toğanın tarixə yanaşma meyarlarını Rusiya
türklərinin sırasından yetişmiş digər
böyük alim, həm də barəsində söhbət gedən
dərsliyin müəlliflərindən biri Sədri Maksudi
Arsal tənqid etdi. Atatürk də, Arsal da bilirdi ki, Toğan
elmdə güvənmədiyi mətləblərə şəhadət
gətirmir, təməlində tarixin maddi, yazılı,
arxeoloji dəlili olmayan heç nəyi zəkasının
hüdudlarına yaxın buraxmır. Elmi təsdiqini tapmayan hər
hansı fikri nəinki Sədri Məqsudi Arsal, hətta
Atatürkün özü belə söyləmiş olsa
Toğan bunu qəbul etməyəcəkdi. Çünki Zəki
Vəlidi bir dövrün deyil, bütün dövrlərin, təkcə
Türkiyənin deyil, bütün türk aləminin
tarixçisiydi. XX yüzil türk alimləri içərisində
yalnız Fuad Köprülü ilə qiyaslandırıla biləcək
bir dünya alimiydi.
Sözü
keçmədi və 1932-ci ildə Türkiyəni tərk
etdi…
***
Zəki Vəlidinin
nəşr olunmuş kitablarından kənarda hələ dərc
edilməmiş 400-ə yaxın araşdırması
qalıb. Toğan «türkolojinin hansı problemindən
yazmayıb?» - sualına cavab tapmaq çətindir.
Kaşkarlı Divanını araşdırıb və əsərin
yazılma tarixini dəqiqləşdirib. Şeybani Xanın
şeirlərini, Zəməhşəhrinin «Mukadimət ül
Ədəb»ini, Əbu Reyhan Birunini, Rəşidəddini….
türkolojiyə dəxli olan hamını, hər kəsi, hər
şeyi, hər yeri tədqiq edib. Yuxarıda da dediyim kimi,
«Quran»ın X yüzilə aid ən qədim türkcə təfsirini,
«Qutadqu Bilig»in ən qədim nüsxəsini, İbn Fədlanın
«Səyahətnamə»sini, «Oğuznamə»ni…meydana
çıxarıb. «Muin ül-Mürid», «Nəhc əl-Fəradis»,
«Kəşf ül-Xuda»… kimi nadir əsərlər də
Toğanın səbatlı axtarışlarının bəhrəsi
kimi türkoloqların istifadəsinə verilib.
Bütün
bunları xatırladan Fuad Köprülü qeyd edir ki, Zəki
Vəlidinin araşdırmalarıyla artıq türk millətinin
elm sahəsində təqlid və təslimiyyətdən
qurtulub kamillik və araşdırma yoluna girməsi
mümkün olmuşdur. «Ərəblərin yeddinci əsrin
ilk yarısında Qərbi Asiyadakı uğurlarının səbəbi
Şərqi İrandakı türk təzyiqinin nəticəsində
mümkün olmuşdur». Zəki Vəlidinin bu mülahizəsi
barədə danışan Fuad Köprülünün qənaəti
olduqca amiranədir: «Zəki bəy cahan tarixinin mühüm
bir nöqtəsini aydınlatmışdır».
***
Zəki Vəlidi
türkçümüdür, turançımıdır? Bu
suala da aydınlıq gətirməyə ehtiyac vardır.
Toğana görə panturanizm türk, moğol və
Fin-uğor qövmlərinin ittifaqı, pantürkizm isə
yalnız türklərin siyasi birliyi kimi
anlaşılmalıydı. Zəki Vəlidiyə görə,
macar panturanizmi, yaxud Vamberinin irəli sürdüyü
pantürkizm yalnız Ural-Altay qövmlərini qapsaya bilərdi.
Zəki Vəlidi
böyük tarix bilgini kimi turançı, siyasi
baxışlarına görə isə
türkçüdür. Macarlar isə Fin-Uqor dilində
danışmalarına, bir çox Avropa xalqlarıyla əlaqədə,
ilişkidə olmaqlarına rəğmən ruhlarında Turan
kültürünün əsintilərini
daşıdıqlarına görə, turanlığın
türk-moğol qoluna Fin-Uğor qolundan daha yaxın
olmalıydılar. Anadolu, Qafqaz və Türküstan türkləriylə
macarların bir Turan zehniyyəti içində qaynayıb
qarışmasının zəruriliyinə toxunan Zəki Vəlidi
Toğan 1931-ci ilin 20 dekabrında Macarıstanın «Levente» dərgisində
yazırdı ki: «bu məsələ ilə ciddi anlamda ən
öncə ilgilənənlər arasında, 1915-1917-ci illər
arasında Rusiya türk xalqlarından komitə təşkil
edən (Turan Heyəti - A.T.) və bir-iki dəfə
Budapeştə gələn azərbaycanlı alim Hüseynzadə
Əli bəy xatırlana bilər. Kont İştvan Tisza,
Miklos Sirenere və başqalarıyla bu məsələ üzərində
görüşüb danışıqlar aparmış və
«A Külügy-Hadügyü» adlı dərgidə Rusiya
Türk xalqlarının siyasi təsirləri üzərinə
məqalə yazmışdır».
…Zəki Vəlidi
Toğanın səksən il əvvəl Əli bəy
Hüseynzadə barədə böyük qədirşünaslıqla
dediyi bu sözləri yazıya köçürdükcə
Hz. Məhəmmədin bir hədisi yaddaşımın
hücrələrində qımıldandı: «Ölüm
dostları birləşdirən körpüdür».
1970-ci ildə
dünyasını dəyişən səksən
yaşlı Zəki Vəlidini Əli bəylə birləşdirən
körpü İstanbulda Qaracaəhməd məzarlığındadır.
Əli bəyin də, Zəki Vəlidinin də ruhunun
aşiyan tapdığı Turan Kövsəri Qaracaəhməddədir.
Bir-birinin qonşuluğunda uyuyurlar…
***
Əlbəttə,
elmin inkişafı hadisələrin, tarixi faktların yenidən
dəyərləndirilməsinə əsas verir. Ancaq Zəki Vəlidi
Toğanın «Ümumi türk tarixinə giriş» kitabı
türk tarixşünaslığının müqəddəs
kitabı mislindədir və kitab elə bir elmi ucalıqda, elə
şahanə bir vüsətlə qələmə
alınıb ki, oradakı hər hansı tarixi
hörgünün, ilmələrin yerini dəyişməyə,
ona yenidən qələm çalmağa heç kəsin nə
cürəti, nə də elmi təfəkkürü
müsaidə edə bilər. Zəki Vəlidi Toğan
Türküstanın və Turan aləminin tarix səhifələrini
əzbər bildiyi kimi, buradakı əşirətlərin,
boyların, böyük nəsil şəcərələrinin
yeddi arxadan dönənlərini də tanıyırdı. Zəki
Vəlidi sanki tarixşünaslığın göydən gələn
kitabını yazıya köçürmüşdür.
«Ümumi türk tarixinə giriş» 3000 illik bir keçmişdən
üzü bəriyə qədər tarixi dönəmləri
ehtiva edir və 1905-ci ildə Əli bəy Hüseynzadənin
səsləndirdiyi «Türklər kimdir və kimlərdən
ibarətdir?» sualına ən qapsamlı cavabı yalnız Zəki
Vəlidi Toğanın bu kitabı verir.
Təəssüf
ki, bizim alimlərin çox vaxt sərf-nəzər etdiyi
«Tarixdə üsul», əslində, həm də Azərbaycan
tarixşünaslığının da əsas qaynağı
kimi dəyərləndirilə bilərdi. «Tarixdə üsul»
təkcə tarixi yazmağı deyil, tarixə münasibət
bəsləməyi də öyrədir. «Tarixdə üsul»,
eyni zamanda, elmdə Qərb-Şərq məsələlərinin
öyrənilməsinə istiqamət verir. Fuad
Köprülünün sözləri ilə desəm,
Türkiyə tarixşünaslığını təqlidçilikdən
xilas edir.
«Tarixdə
üsul» əsərində Zəki Vəlidi
xatırladırdı ki, Ernst Renan, Draper, Lord Kromer, Reinhardt
Doziy, daha sonrakı mərhələdə Henri Massis, Raul
Valery Kayserling, Gustave le Bon, Osvald Şpenqler, Arnold Toynbee və
başqa bu kimi Qərb mütəfəkkirlərinin, Şərq-Qərb
«mövzusu üzərinə yazanlarının çoxu Avropa
mədəniyyətinin əxlaqi cəhətinin təkamülündə
müəssir amil sifətiylə xristianlığa çox
yer» veriblər. Hələ üstəgəl, Qərb əski
Yunandan qaynaqlanan əqidə və mənfəətlər
çarpışmasını özü üçün
fikir həyatının qaynağı halına gətirmişdir.
Zəki Vəlidi
intellektin təcrübəyə tətbiqinə mənəvi-məfkurəvi
yönlərdə əməl edirdi. Avropa mədəniyyətinin
inkişafında əsas amil kimi xristianlıq
götürülürdüsə, Zəki Vəli də
İstanbulda İslam Araşdırmaları İnstitutunu
yaradıb ona rəhbərlik edirdi.
***
Zəki Vəlidinin
bir alim, bir insan olaraq faciəsi onun normal fəaliyyət
göstərməsinə imkan verməyən quruluşların,
sistemlərin üzərinə düşür. Hələ bu
gün də Zəki Vəlidi tam şəkildə tədqiq
olunmur. Zəki Vəlidini tədqiq etmək, «Zəki Vəlidi
Toğan kimdir?» - sualının cavablandırmaq, məncə,
nə ayrı-ayrılıqda Türkiyə, nə də Rusiya
alimlərinin öhdəsinə düşür. Zəki Vəlidinin
yaradıcılığı artıq dünya
türkologiyasının öyrənilməsi vacib olan əsas
mövzularından biridir. Çünki Toğan
dünyanın alimidir. Bartolddan sonra tək qalan və
ardıyca yeni bir Bartold, yaxud ayrı bir Zəki Vəlidi
doğulmayan tək alim.
Azər Turan
Ədəbiyyat qəzeti.- 2013.- 1 mart.-
S.5.