Onu oxuyanda və dinləyəndə
Ənvər
müəllimi ilk dəfə “And” kitabı ilə qiyabi
tanımışam. Müharibədən cəmi iki il
keçmişdi. Qanlı-qadalı günlərin
ağrı-acısı, yaraları hələ lap istiydu. Kənd
məktəbinin üçüncü sinfində oxuyurdum. Mənim
uşaq marağım, təbii olaraq, səhər-axşam ailəmizdə,
camaat arasında hər an duyduğum, eşitdiyim müharibə
əks-sədasına daha çox meyilliydi. “Buz heykəl”i
oxuyub dəhşətdən donan kimiydim. Öz-özümə
ucadan oxuduğum şeirə, hekayəyə davanı qanlı
qovan anamın məndən xəbərsiz qulaq asarkən məni
indi də təsirləndirəcək qədər təsirləndiyi
iki halı xatırlayıram: Süleyman Rüstəmin
“Gün o gün olsun ki...” şeirini və Ənvər Məmmədxanlının
“Buz heykəl” hekayəsini dinlərkən keçirdiyi
halı.
O zamandan
xeyli vaxt ötüb, kövrək uşaqlıq illəri
çox uzaqlarda qalıb; ancaq indi düşünürəm:
o təsirlənmələr görəsən ötəriydimi?
- Qəti inanıram ki, əlbəttə, yox. O əsərlərin
təsir gücü onların həyatiliyində, səmimiliyində,
yığcamlıq və təbiiliyindədir. Onları oxuyarkən
sanki yazıldıqlarını hiss etmirsən, pak, müqəddəs
duyğuların ağuşunda qərq olub qalırsan.
Bu
kiçik təfərrüat ədibin
yaradıcılığı üçün tamamilə səciyyəvi
olan bir cəhəti özündə əks etdirə bildiyinə
görə onu xatırlamağa ehtiyac duydum. Bir xırman
taxılın keyfiyyətini bilmək üçün ondan bir
ovuc götürmək də kifayət edir.
Ənvər
Məmmədxanlının dolğun, rəngarəng
yaradıcılığı - hekayələri (“Karvan
dayandı”, “Baş xiyabanda”), pyesləri (“Şərqin səhəri”,
“Od içində”), ədəbi ssenariləri (“Leyli və Məcnun”,
“Babək”) ilə hər yeni təmas onun ədəbiyyatımızda
layiqincə qiymətləndirilən dəst-xətti
haqqındakı yüksək təəssüratı yeni
faktlarla yalnız təsdiqləyir.
Ənvər
Məmmədxanlının əsərlərini, - janr,
mövzu və həcm müxtəlifliyindən asılı
olmayaraq, - bir ümumi xətt birləşdirir. Cəmi iki səhifə
yarım olan hekayəni də, iri həcmli bir pyesi də,
ssenarini də oxuyanda həmin əsərlərin müəllifinin
eyni həyat və sənət qayəsini - xalqının qəhrəmanlıq
tarixini, mübarizə əzmini, ölməz şəxsiyyətlərini,
zəngin mənəviyyatını, bu gününü
layiqincə, özünə yüksək tələbkarlıqla
qələmə almaq borcunu görürsən.
Xalqımızın istiqlaliyyət, günəşli gələcək
uğrunda mübarizə yolu “Anamın
çırağı”ndan başlamış “Şərqin səhəri”nə,
“Babək”ə qədər; Cənubi Azərbaycandakı
azadlıq hərəkatı “Baş xiyaban”dakı səfil
uşağın acınacaqlı həyatından, “Od içində”ki
gərgin çarpışmalarla dolu geniş səhnələrə
qədər izlənilir.
Ardıcıllıqla,
bütövlüklə əlaqədar bu sətirləri
yazdıqca mən Ənvər müəllimlə
yaradıcılıq evində qalarkən, gündə
üç dəfə bir stol arxasında əyləşərkən
olan söhbətlərimizi xatırlayıram. Həmin söhbətlər
Ənvər Məmmədxanlı
yaradıcılığından aldığım ümumi təəssüratı,
mənə elə gəlir ki, tamamladı. Xüsusən bu
sözləri yadımdan çıxmır: “Həmişə
ən kəskin mübahisələrdə belə zahirən tək
qalanda da yenə mən daxilimdə bir dayaq tapmışam;
daxili inamımdan ibarət olan bu dayaq məni saxlayıb, ona
söykənib dayanmışam”.
Ənvər
müəllim yaşıdları olan qələm
yoldaşları barədə danışarkən
aralarındakı ədəbi mübahisəni müsahiblərinə
səmimi hörmətlə xatırlayır və onların xəyalının
qətiyyən kölgələnməsinə yol vermirdi. Həm
də belə sənət mübahisələrinin, bir növ,
yalnız yaradıcılıq işi olduğunu deyir və
şəxsi münasibətlərə heç bir soyuqluq gətirmədiyinə
dair bir-birindən maraqlı xatirələr söyləyirdi.
Ənvər
Məmmədxanlı haqqındakı məqalələrdə
onu “nəsrdə şair” adlandıranlar haqlıdır; ancaq mən
burada onu əlavə etmək istərdim ki, bu şairlik
üçün səciyyəvi cəhət ritorika yox, fikri dərinlik,
aydınlıq, həyatilik, həqiqi şeiriyyətdir. Onun
“şeirləri” yazmaq xatirinə yazılmayıb, mətləb
xatirinə yazılıb. Cümlələrdəki fikir
yükü və təmkinli lirizm Ənvər Məmmədxanlı
dəst-xətti üçün səciyyəvi cəhətlərdir.
Bütün
bu keyfiyyətlər, əlbəttə, onun özünə,
sözünə böyük tələbkarlıqla
yanaşması ilə bağlıdır.
Yaradıcılığa belə ciddi münasibət müəllifi,
təbiidir ki, tələsməkdən çəkindirir. Belə
hallarda mən məşhur bir yazıçının
etirafını xatırlayıram: əsəri yazarkən mən
özümə hər cür əziyyət verməyə
razıyam ki, sonra onun zəifliyi barədə tənələr
eşitməyim. Özümün özümə verdiyim əziyyətə
davam gətirərəm, başqasının verdiyi əziyyətə
- çox çətin...
Elə bilirəm
ki, bu qorxu - müqəddəs qorxudur. Hər kəs ələ
qələm alanda bu böyük məsuliyyəti duyursa, o, əsərinin
taleyindən qorxmaya bilər.
Ənvər
müəllimi oxuyanda da, dinləyəndə də mən hər
dəfə məhz belə bir hiss keçirirəm. Onun mənalı
ömür yolu bizi belə bir ibrətli nəticəyə gətirib
çıxarır.
Ayaz VƏFALI
Ədəbiyyat qəzeti.- 2013.- 1 mart.-
S.3.