Ənvər Məmmədxanlı - bu dünyanın ən
nadir adamlarından biri
İlk
öncə bir-birindən gözəl povest və hekayələrinin
bal kimi şirin dili, təmiz təhkiyəsi, uca ruhuyla heyran eləmişdi
məni.
Hələ
kənddə yaşayanda bu əsərlərin müəllifi
gözümdə əlçatmaz, qeyri-adi bir adama
çevrilmişdi.
Sonra
Bakıya gəldim. Ədəbi mühitə ayaq
açdım. Amma Ənvər müəllim yenə də
öz əlçatmazlığındaydı. Yalnız "Ədəbiyyat
və incəsənət" qəzetində işlədiyim
illərdə onunla şəxsən tanış oldum. Sonra
tale elə gətirdi ki, Çəmbərəkənddə
alimlərin kooperativ evində kirayənişin qalanda qonşu
olduq və məni subay adamın yaşadığını
ilk baxışdan bəlirdən, kitablarla dolu mənzilinə
dəvət etdı. Sonralar imkan tapdıqca
görüşürdük. Maraqlı söhbətlərini
dinləyirdim, arabir şahmat oynayırdıq.
Ənvər
Məmmədxanlı zahirən qapalı adamdı, hər yetənlə
ünsiyyət quran deyildi, lakin müəyyən münasibət
yaranandan sonra onun nə qədər səmimi, aydın, təmiz,
əsl ruh adamı olduğuna heyrətlənirdin... Dünya
qayğılarından, cəmiyyətin dedi-qodularından
uzaqdı, onunla görüşən başqa adamlar da, istər-istəməz
onun uca aləminə qovuşurdular.
İlk
görüşlərimizdə mən onun hekayə və
povestləri, "Azərbaycan" jurnalında oxuduğum
"Leyli və Məcnun" kinopovesti haqqında fikirlərimi
söyləmişdim, sakitcə dinləmişdi, sanki başqa
birisi barədə söhbətə qulaq asırdı, təkcə
idi, ifadəli gözlərinin parıltısından onun
gördüyü işlərin dəyərini yetərincə
bildiyi hiss olunurdu.
Sonralar
ara-sıra mənim iş yerlərimdə "Ədəbiyyat
və incəsənət" qəzetində,
"Yazıçı" nəşriyyatında da
görüşürdük. Dostlarının dairəsi məhduddu,
amma qəribə bu idi ki, onun yaxın olduqlarının əksəriyyəti
həm də mənim dostlarımdı.
Ovqatının
yaxşı vaxtlarından birində "Babək"
romanının üstündə işlədiyini
demışdi. Çox qısa, adi bir şey haqqında
danışırmış kimi, amma sonralar romanın birinci
hissəsi nəşr olunanda öz ədəbi-fəlsəfi
çəkisinə görə nadir bir nümunəsini
yaratdığını başa düşdüm. Təəssüf
ki, taleyin kəmfürsətliyini nəzərə
almayıbmış. Ömür bitdi, roman bitmədi. Əsərin
o siqlətlə davam edib başa çatmasının ədəbiyyatımız
üçün nə boyda bir qazanc olacağını təsəvvürə
gətirmək çətindir. Lakin indinin özündə də,
yarımçıq vəziyyətində də "Babək"
nəsrimizin şah əsərlərindən biridir.
Bir dəfə
istirahət günlərinin birində Şüvəlan
Yaradıcılıq Evində rastlaşdıq. Burda dincəlirdi,
mən də istirahət günü havamı dəyişməyə
çıxmışdım. Bir az gəzib-dolaşdıq,
sonra Vaqif Bayatlı Odərlə məni Buzovnadakı
bağına dəvət elədi. Əvvəlki səliqə-sahmanını
itirməsi həm Ənvər müəllimin, həm də Rəsul
Rzanın qonşudakı bağına qəribə bir həzin,
tənhalıq gətirmişdi.
Neçə
milyonluq şəhərin böyründəki bu bağı
ömrün keçərilıyini basqa heç yerdə
duymadığım bir şəkildə qabardır və
insanın içi ifadəsi müşkül olan bir kədərlə
dolur.
Mən bu
hüznün içindəydim, nitqim
bağlanmışdı, eləcə bu bağların bir
küncündə təklənib düşünmək istəyirdim.
Amma nədənsə,
həmin gün Ənvər müəllim tanınmaz dərəcədə
şəndi, zarafatından yorulmurdu, bəlkə də bu
bağların ötüb keçmiş gəncliyin
ağır xatirəsi altında sınmamaq və ya
özünü sındırmamaq üçün belə
edirdi, hər halda o günkü halı hansı duyğularlasa
gizli vuruşa da bənzəyirdi.
Görünur,
bağda yaxşı kitabxanası varmış, indisə səliqəsizdi.
"Bilmirəm kimə qismət olacaq, nəyi istəyirsiniz
götürün" - dedi. Bu sözlərdən sonra nəyə
əl vura bilərdim ki!..
Ancaq o həssas
adamdı, durumumu duydu, zorla bir qucaq qiymətli kitabını
Vaqifə, bir xeyli kitabı da mənə verdi. Həmin
kitablar, o cümlədən Heynenin çoxcildlik
küllüyyatı indi də kitabxanamdadır və onlara
baxanda kitabların, kitab müəllifinin aqibətini
düsünürəm.
Ənvər
müəllimin ağ saçları bir bulud parçasına
bənzəyirdi. Mənə elə gəlir ki, o,
yağışını yağdırmaq üçün
yer, məqam axtara-axtara yaşadı,
yağışını yağdırmadı, getdi…
Sabir RÜSTƏMXANLI
Ədəbiyyat qəzeti.- 2013.- 1 mart.-
S.3.