Teatr tariximizdən səhifələr

 

Xalqımızın milli-mənəvi irsini zənginləşdirən sərvətlərdən biri də oyun-tamaşa mədəniyyətidir. Bugünkü peşəkar səhnə sənətimiz məhz xalq oyun-tamaşalarının, geniş mənada Meydan teatrının zəminində təşəkkül taparaq böyük inkişaf yolu keçib. İnkişaf yolunu keçə-keçə formalaşıb.

Meydan teatrı xalqın mənəvi varlığını, idrakının təkamül mərhələlərini, dünyanın dərk olunmaz hadisələrinə münasibətini, əsatir və folklor mədəniyyətinin estetik prinsiplərini müxtəlif məzmun və formalarla təcəssüm etdirən oyun vasitələrinin, üslub və janrlarının bədii toplumudur.

Meydan teatrının öz estetikası, öz poetikası xüsusiyyətləri, öz oyun-üslub parametrləri, ölçüləri, öz səhnə-tamaşaçı, mətn-ifaçı prinsipləri var. Bu nəzəri əsasların toplu halında öyrənilməsi, fundamental elmi şəkildə araşdırılması xalqımızın dərin qatlı mənəvi-mədəni irsinin zənginliyinə geniş üfüqlər açır. Qaravəlli tamaşaları xalq dramları əsasında hazırlanır.

Bütün bunlar Azərbaycanda peşəkar dramaturgiyanın təşəkkülünə və bir qədər sonra dünyəvi teatrın doğuluşuna səbəb olub.

 

* * *

 

XIX əsrdə Azərbaycanda maarifçiliyin daha səmərəli və geniş miqyaslı təkamülü başlandı. Həmin inkişafda müstəsna xidmətləri olan ziyalılardan biri də mütəfəkkir-filosof Mirzə Fətəli Axundzadədir. Mirzə Fətəli həm də milli peşəkar dramaturgiyamızın banisidir. Ədib 1850-1852-ci illərdə «Hekayəti-Molla İbrahimxəlil kimyagər», «Hekayəti-Müsyö Jordan həkimi-nəbatət və dərviş Məstəli şah caduküni-məşhur», «Sərgüzəşti-vəziri-xani Lənkəran», «Hekayəti-xırs quldurbasan», «Sərgüzəşti-mərdi-xəsis («Hacı Qara») və 1855-ci ildə «Mürafiə vəkillərinin hekayəti» komediyalarını yazıb. Dramaturqun komediyaları hamısı bir yerdə «Təmsilat» adlanır. Mirzə Fətəli komediyaları "Təmsilat"ı kapitan Mirzə Fətəli Axundzadə" adı ilə 1859-cu ildə Tiflisdə çapdan çıxıb.

Dramaturqun komediyaları qısa müddətdə fransız, alman, fars, rus, gürcü dillərinə tərcümə edilib. Bir neçə komediyası Tiflisdə və Sankt Peterburqda ailə teatrında tamaşaya qoyulub. Mirzə Fətəli Axundzadənin komediyaları milli ədəbiyyatımızda yeni janrın bünövrəsini qoyub. Pyesləri Azərbaycanda qüdrətli dramaturqların yetişib-formalaşmaları üçün təməl olub. Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Soltan Məcid Qənizadə, Rəşid bəy Əfəndiyev, Süleyman Sani Axundov dram janrında gözəl əsərlər yazıblar. Həmin pyeslərin tamaşaya qoyulması Azərbaycanda gedən maarifçilik prosesinin təkamülünə güclü təkan verib.

Nəhayət, Mirzə Fətəli Axundzadənin komediyaları milli peşəkar teatrımızın təşəkkülü və inkişafı üçün münbit zəmin olub.

 

* * *

 

1873-cü ildə Bakıda "Realnı məktəb" adlanan təhsil ocağı vardı. Oranın yuxarı sinif şagirdləri, başda gələcəyin böyük dramaturqu Nəcəf bəy Vəzirov olmaqla, tamaşa hazırlamaq qərarına gəlirlər. Məktəbin müəllimi, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi ilə məsləhətləşirlər. Rus dilində teatr tamaşasına baxmış şagirdlərin ilk sualı bu olur: "Azərbaycan türkcəsində də dram əsəri varmı?" Həsən bəy şagirdlərə Mirzə Fətəlinin şəxsiyyəti və dram əsərləri barədə onlara məlumat verir. Yeniyetmələrin tamaşa hazırlamaq istək və maraqları daha da artır. Zərdabinin rəhbərliyi və Nəcəf bəyin təşkilatçılığı ilə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyası tamaşaya hazırlanır. Bu tamaşa 1873-cü il mart ayının 10-da, Novruz bayramı münasibətilə göstərilir.

Həvəskarların tamaşası Bakıda "Nəciblər klubu"nda oynanılıb. "Nəciblər klubu" indiki Sabir bağının ərazisində, Mirzə Ələkbər Sabirin abidəsinin sağ tərəfində olub. Beləliklə, 10 mart 1873-cü il Azərbaycan dünyəvi teatrının yaranma günü kimi tarixləşib. Bu möhtəşəm sənət tarixi həm də bugünkü Akademik Milli Dram Teatrının təşəkkül günü sayılır.

 

* * *

 

Teatr prosesinin maarifçilik ideyalarının təbliğində güclü təsir vasitəsinə çevrilməsi təkcə Bakı ilə bağlı deyildi. 1873-cü ilin martında Tiflisdə, 1882-ci ildə İrəvanda, 1904-cü ildə Aşqabadda, 1908-ci ildə Təbrizdə Azərbaycan teatrının təməli qoyulub. Qeyd edilməlidir ki, adlarını çəkdiyimiz şəhərlərdən əlavə, Orta Asiyanın bir sıra yaşayış bölgələrində, Volqa çayı boyunca məskunlaşmış müxtəlif türkdilli xalqlarda teatr sənətinin təşəkkülü Azərbaycan ziyalılarının və teatr həvəskarlarının adı ilə bağlıdır. Həmin ərazilərdə yaşayan ziyalı soydaşlarımız, həmçinin Bakıdan qastrola gedən sənət fədailərimiz Mərvdə, Taxtabazarda, Hacıtərxanda (indiki Həştərxan), Ərənburqda (indiki Orenburq), Məkərədə (indiki Nijni Novqorod), Ağməsciddə (indiki Simferopol), Səmərqənddə, Daşkənddə, Buxarada, Oşda, Krasnovodskda və neçə-neçə başqa yerlərdə ilk teatr tamaşasını göstəriblər. Bu fakt Azərbaycan türkcəsinin XIX əsrdə və XX əsrin ilk 20 ilində necə böyük bir ərazidə fəaliyyətdə olduğunu açıq-aydın göstərir. Həmin dövrlərdə Şuşada, Naxçıvanda, Gəncədə, Lənkəranda, Ağdamda, Şəkidə, Qubada və digər bölgələrdə maarifpərvər ziyalılar teatr sənətinin bünövrəsini qoyublar.

 

* * *

 

1896-cı ildə Bakıda Nəriman Nərimanovun rəhbərliyi və fədakarlığı ilə ilk «Müsəlman dram artistləri» truppası yaranmışdı. Truppanın il ərzində oynadığı tamaşalarının sayı bir qədər çoxalmışdı (Həmin dövrdə «Azərbaycan» və «türk» sözlərinin mətbuatda işlədilməsinə icazə verilmirdi. Bunun müqabilində «müsəlman», bəzən də «tatar» sözləri yazılırdı). Eyni tipli truppalar və dəstələr Tiflisdə və İrəvanda da yaradıldı. 1906-1918-ci illərdə Bakıda «Nicat» və «Səfa» mədəni-maarif cəmiyyətləri nəzdində eyniadlı truppalar, «Müdiriyyət», «Müsəlman teatr artistləri ittifaqı», Tiflisdə «İbrət» və «İttihad», İrəvanda «Dram cəmiyyəti», Təbrizdə «Azərbaycan artistləri dəstəsi», Aşqabadda «5 nömrəli teatr dəstəsi», Naxçıvanda «Güzgü» kimi fəal teatr dəstələri vardı. «Müdiriyyət» truppası mətbuatda «Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının dram və opera truppası» kimi də təqdim olunurdu.

 

* * *

 

Azərbaycan teatrında aktyorluq məktəbi formalaşmağa başlamışdı. Realist aktyor məktəbinin Bakıda Cahangir Zeynalov, Məhəmməd Əlvəndi, Əbülfət Vəli, Mirzağa Əliyev, Əbülhəsən Anaplı, Hacıağa Abbasov, Tiflisdə Mirzəxan Quliyev, Mirzəli Abbasov, İbrahim İsfahanlı, İrəvanda Yunis Nuri, Abbasqulu Tağıyev, Cəmil Əliyev, Təbrizdə Mehdi xan Şərifzadə, Böyükxan Naxçıvani, Aşqabadda Rzaqulu Abdullazadə kimi sənət fədailəri yetişmişdilər. Onlar əsasən Mirzə Fətəli Axundzadənin məsxərələrini, Nəcəf bəy Vəzirovun komediyalarını oynayırdılar.

Əsasən XX əsrin əvvəllərindən başlayraq faciə janrlı əsərlərin tamaşaları repertuarda günü-gündən çoxluq təşkil edirdi. Əbdürrəhim bəyin «Dağılan tifaq», «Ağa Məhəmməd şah Qacar», «Pəri Cadu», «Bəxtsiz cavan», Nəriman Nərimanovun «Nadir şah Əfşar», Nəcəf bəyin «Müsibəti-Fəxrəddin», Mirzə Cəlilin «Ölülər» əsərləri repertuarda möhkəm yer tuturdu. Nəticədə Azərbaycan teatrında romantik aktyor məktəbi formalaşırdı. Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Sidqi Ruhulla, Abbasmirzə Şərifzadə kimi qüdrətli tragik sənətkarlar yetişdilər. Onların şöhrəti bütün Qafqaza və Orta Asiyaya yayıldı.

 

* * *

 

Üzeyir bəy Hacıbəyli 1907-ci ilin sonunda özünün «Leyli və Məcnun» operasını tamamladı. Dahi bəstəkar operanın librettosunu Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında yazmışdı. Bu işdə ona kiçik qardaşı Ceyhun Hacıbəyli koməklik göstərmişdir. Bəstəkar «Leyli və Məcnun» operasını «Mahur-hindi», «Cahargah», «Şur», «Kürdi-Şahnaz», «Rast», «Segah», «Kürd bayatısı» muğamları əsasında yazıb. Nəinki Azərbaycanda, eləcə də yaxın Şərqdə ilk opera incisi olan «Leyli və Məcnun»un birinci tamaşası 1908-ci il yanvarın 12-də Bakıdakı Tağıyev teatrında göstərildi. Tarda solonu tarzən Qurban Pirimov ifa edirdi. Üzeyir bəy özü ilk tamaşada skripka çalırdı. Dirijor pultunda isə Əbdürrəhim bəy Haqverdiyev dayanmışdı. Tamaşaya quruluşu rejissor Hüseyn Ərəblinski vermişdi.

Birinci tamaşada Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda çayçı şagirdi Əbdülrəhim Fərəcov çıxış ediblər.

Bundan sonra Üzeyir bəy «Şeyx Sənan», «Rüstəm və Söhrab», «Şah Abbas və Xurşidbanu», «Əsli və Kərəm» muğam operalarını, «Koroğlu» kimi məşhur sənət incisini yaradıb.

Dahi bəstəkar 1909-cu ildə “Ər və arvad” operettasını bitirib. Musiqili komediyanın mətnini də özü yazmışdı. “Nicat” mədəni-maarif cəmiyyətinin teatr truppası Hüseyn Ərəblinskinin rejissorluğu ilə 1910-cu il mayın 24-də Bakıda Nikitin qardaşlarının sirk binasında operettanı tamaşaçılara göstərdi. İlk milli operettanın dirijoru Üzeyir bəy özü idi. Əsas rolları tanınmış sənətkarlar Mirzağa Əliyev (Kərbəlayi Qubad), Hüseynqulu Sarabski (Mərcan bəy), Əhməd Ağdamski (Minnət xanım), Məmmədhənifə Terequlov (Səfi), Rüstəm Kazımov (Rüstəm) ifa etdilər. Bundan sonra bəstəkar «O olmasın, bu olsun», «Arşın mal alan», Zülfüqar bəy Hacıbəyli «Evliykən subay», «Əlli yaşında cavan» operettalarını, «Aşıq Qərib» operasını yazdı.

 

* * *

 

Teatr həvəskarları mövzu-problematika axtarışlarını səylə genişləndirməyə çalışır, repertuarda janr əlvanlığına can atırdılar. Tərcüməyə meyl XIX əsrin sonlarından başlasa da, 1908-ci ildən daha geniş vüsət aldı. Son yüz ildə teatrlarımız dünya klassiklərindən Evripidin, Sofoklun, Uilyam Şekspirin, Bernard Şounun, Çarlz Dikkensin, Jan Batist Molyerin, Pyer Bomarşenin, Viktor Hüqonun, Fridrix Şillerin, Henrix Heynenin, Fransua Volterin, Bertold Brextin, Herhart Hauptmanın, Alber Kamyunun, Moris Meterlenqin, Henrix İbsenin, Namiq Kamalın, Əbdülhəq Hamidin, Şəmsəddin Saminin, Nazim Hikmətin, Aleksandr Puşkinin, Aleksandr Ostrovskinin, Anton Çexovun, Nikolay Qoqolun, Lev Tolstoyun, İvan Turgenevin və başqalarının müxtəlif janrlı dram əsərlərini tamaşaya qoyub.

Cüzeppe Verdinin, Şarl Fransua Qunonun, Cakomo Puççininin, Coakino Rossininin, Rucero Leonkovallonun, Pyotr Çaykovskinin, Nikolay Rimski-Korsakovun, Jorj Bizenin, Bedrijix Smetananın, Jak Offenbaxın, İmre Kalmanın, Leo Delibin, Adolf Şarl Adanın, İohan Ştrausun, Lüdviq Minkusun, Sergey Prokofyevin, Mixail Qlinkanın, Rikkardo Driqonun, Sezar Puninin, Rixard Vaqnerin, Cakomo Meyerberin, Kamil Sen-Sansın, Boris Asafyevin, Oles Çişkonun, Zaxari Paliaşvilinin opera, balet, operetta əsərləri Azərbaycan Dövlət Opera və Balet Teatrının, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının repertuarında maraqlı və orijinal səhnə təcəssümü tapıb.

 

* * *

 

1918-ci il may ayının 28-də Azərbaycan Respublikası müstəqilliyini elan etdi. Müxtəlif teatr truppaları birləşdilər. Onlar və «Müdiriyyət» teatr dəstəsi öz tamaşalarını «Dövlət teatrosu», bəzən «Hökumət teatrosu» adı ilə göstərirdilər (Otuzuncu illərin sonuna qədər mətbutda «teatro» sözü işlədilirdi). Afişa və proqramlarda «Hökumət» sözü yazılsa da, hələ sənət ocağı Dövlət təsisatına keçməmişdi. Azərbaycan Dövlət Türk Teatrının təntənəli açılışı 1919-cu il oktyabr ayının 24-də Opera və Balet Teatrında oldu. Xatırladaq ki, Tağıyev teatrı 1918-ci ildə erməni daşnakları tərəfindən yandırılmışdı. Dövlət teatrının rəsmi açılışından sonra İsa bəy Aşurbəylinin «Azərbay və Can» pyesinin tamaşası oynanıldı. Bayram dörd gün davam etdi. Digər günlərdə Şəmsəddin Saminin «Dəmirçi Gavə», Cəfər Cabbarlının «Bakı müharibəsi» və Mirzəbala Məmmədzadənin «Bakı uğurunda müharibə və ya Nuru paşanın igidliyi» dramları nümayiş olundu.

Bundan sonra 1922-1934-cü illərdə bir-birinin ardınca Tiflisdə, İrəvanda, Aşqabadda, Naxçıvanda, Şəkidə, Lənkəranda teatr kollektivləri dövlət təsisatına keçdilər. Bakıda Azərbaycan Dövlət Rus Dram Teatrı, Azad Tənqid və Təbliğ Teatrı (sonra Türk İşçi Teatrı adlandı), Gənc Tamaşaçılar Teatrı, Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət Yəhudi Teatrı yaradıldı. 1938-1939-cu il teatr mövsümündən başlayaraq Ağdamda, Şuşada, Füzulidə, Qubada, Zaqatalada, Ağdaşda, Qazaxda, Şəmkirdə, Göyçayda kolxoz və sovxoz teatrları yaradıldı. 1943-cü ildən başlayaraq bu sənət ocaqları Dövlət Dram Teatrı adlandı. 1944-cü ildə Sabirabadda, Salyanda, Bərdədə, Ordubadda dövlət teatrları təşkil edildi.

1949-cu ildə teatrlar özünümaliyyələşdirmə iş sisteminə keçdilər və düşdükləri maliyyə çətinliklərinə görə bağlandılar. 1967-ci ildən başlayaraq növbə ilə İrəvan, Ağdam, Füzuli, Şuşa, Qazax, Tiflis teatrlarının fəaliyyətləri bərpa edildi. Sumqayıtda, Mingəçevirdə yeni dövlət teatrları açıldı.

 

* * *

 

1917-ci ildən başlayaraq Cəfər Cabbarlının adı teatr afişalarında göründü. Dramaturqun «Vəfalı Səriyyə», «Solğun çiçəklər», «Ədirnə Fəthi», «Ulduz, yaxud Trablis müharibəsi», «Nəsrəddin şah», «Aydın», «Oqtay Eloğlu», «Sevil», «Od gəlini», «Almaz», «1905-ci ildə», «Yaşar» pyesləri Azərbaycanın bütün teatrlarının repertuarında mühüm yer tutdu. 1919-cu ildən isə teatrlar Hüseyn Cavid dramaturgiyasına müraciət etdilər. «İblis», «Şeyx Sənan», «Knyaz», «Səyavuş», «Şeyda», «Afət», «Uçurum» mənzum faciələrinin tamaşaları ilə Azərbaycan poetik teatrının bünövrəsi qoyuldu.

Bunların ardınca Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Əyyub Abbasov, Mirzə İbrahimov, Mehdi Hüseyn, Sabit Rəhman, İmran Qasımov, Səməd Vurğun, Ənvər Məmmədxanlı, Cabbar Məcnunbəyov, İlyas Əfəndiyev, Rəsul Rza, Zeynal Xəlil, Süleyman Rüstəm, İslam Səfərli, Adil Babayev, Yusif Əzimzadə, Həsən Seyidbəyli, Hüseyn Razi, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Əbil Yusifov, Altay Məmmədov və başqaları dramaturgiya janrına müraciət etdilər. Bu gün cağdaş dramaturqlar Elçinin, Əfqan Əsgərovun, Hidayətin, Əli Əmirlinin pyesləri teatrlarımızın repertuarında möhkəm yer tutur.

 

* * *

 

1923-cü ildə Bakıda Teatr məktəbi açılmışdı. 30-cu illərdə Opera və Balet Teatrının nəzdində xoreoqrafiya studiyası yarandı. Bir qədər sonra bu studiya Bakı Xoreoqrafiya məktəbinə çevrildi. 1945-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutu fəaliyyətə başladı. 1927-1930-cu illərdə Yusif Yulduz, Muxtar Dadaşov, Ələsgər Şərifov, Ədil İsgəndərov, Həsən Ağayev, Məhərrəm Haşımov, Baxşı Qələndərli, Ağəli Dadaşov, Kərim Həsənov, Şəmsi Bədəlbəyli, Məcid Zeynallı, Rza Darablı Moskva və Peterburqda rejissor təhsili alıb Azərbaycana qayıtmışdılar. Onlar müxtəlif teatrlarda səmərəli fəaliyyət göstərirdilər. Sonralar bu sıraya Mehdi Məmmədov və Zəfər Nemətov kimi qüdrətli sənətkarlar da qoşuldular.

1938-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü keçirildi. Milli teatrımız bu sənət bayramında Opera və Balet Teatrı ilə təmsil olunurdu. Repertuara Üzeyir bəy Hacıbəylinin «Koroğlu», Müslüm bəy Maqomayevin «Nərgiz», Reynqold Qlierin «Şahsənəm» operaları və Üzeyir bəyin «Arşın mal alan» operettası daxil idi. Dekada 1938-ci il aprelin 5-dən 15-nə qədər davam etdi.

Dekadanın uğurlu keçməsinə görə 1938-ci il aprelin 17-də Üzeyir bəy Hacıbəyli, Şövkət Məmmədova, Bülbül və Reynqold Qlier SSRİ xalq artisti fəxri adı ilə təltif olundular.

Ədil İsgəndərovun 1938-ci ildə bugünkü Akademik Milli Dram Teatrına baş rejissor təyin olunması sənət ocağının yaradıcılıq iqlimində əsaslı təkamül prosesi yaratdı. Ədil İsgəndərov teatrın ətrafına gənc nasir və şairləri cəlb edib onlarla müxtəlif mövzulu dram əsərləri üzərində səmərəli işləyirdi. Bu istiqamətdə Mirzə İbrahimovun «Həyat» pyesinin və Səməd Vurğunun «Vaqif» mənzum dramının tamaşaları böyük uğur qazandı. «Vaqif» tamaşası» əlli ilə yaxın teatrın repertuarında qaldı.

Milli Dram Teatrı özünün 75 illik yubileyi münasibətilə Moskvada qastrol səfərində oldu. Burada Cəfər Cabbarlının «1905-ci ildə», Ənvər Məmmədxanlının «Şərqin səhəri», Səməd Vurğunun «Vaqif», Uilyam Şekspirin «On ikinci gecə», Aleksandr Ostrovskinin «Günahsız müqəssirlər», «Tufan» əsərlərinin tamaşaları göstərildi. Mərziyə Davudova, Mirzağa Əliyev və Sidqi Ruhulla SSRİ xalq artisti fəxri adı ilə təltif olundular.

1959-cu il mayın 22-dən 31-dək Moskvada Azərbaycanın 2-ci ədəbiyyat və incəsənət dekadası keçirildi. Dekadada səhnə sənətini Milli Dram Teatrı, Opera və Balet Teatrı, Rus Dram Teatrı təmsil edirdilər. «Otello», «Fərhad və Şirin» tamaşaları, «Koroğlu» və «Sevil» operaları, «Gülşən», «Qız qalası», «Yeddi gözəl» baletləri böyük uğur qazandı.

Böyük bayram təntənəsi ilə keçən dekadada bəstəkar Qara Qarayev, bəstəkar-dirijor Niyazi, müğənni Rəşid Behbudov, balet aktrisası Qəmər Almaszadə və rejissor Ədil İsgəndərov SSRİ xalq artisti fəxri adı ilə təltif olundular.

 

* * *

 

1939-cu ildə bəstəkar Əfrasiyab Bədəlbəylinin kiçikhəcmli «Tərlan» əsəri xoreoqrafiya məktəbi tələbələrinin ifasında oynanıldı. 1940-cı ildə bu bəstəkarın «Qız qalası» baleti böyük səhnədə tamaşaçılara təqdim edildi. Azərbaycanda yeni bir sənətin - baletin təməli qoyuldu. Keçən illər ərzində Qara Qarayevin «Yeddi gözəl», «İldırımlı yollarla», «Don Kixot», Soltan Hacıbəyovun «Gülşən», Arif Məlikovun «Məhəbbət əfsanəsi», Fikrət Əmirovun «1001 gecə», Niyazinin «Çitra» baletləri dünya teatrlarının səhnələrində möhtəşəm qələbələr qazandı.

Azərbaycanda Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Çimnaz Babayeva, Tamilla Şirəliyeva, Vladimir Pletnyov kimi balet artistləri yetişdilər.

Opera və Balet Teatrında Müslüm Maqomayevin «Nərgiz», Niyazinin «Xosrov və Şirin», Əfrasiyab Bədəlbəylinin «Nizami», Cahangir Cahangirovun «Azad», Fikrət Əmirovun «Sevil», Süleyman Ələsgərovun «Bahadır və Sona», Vasif Adıgözəlovun «Ölülər», Ramiz Mustafayevin «Vaqif» operaları repertuarda yer tutdu.

Səid Rüstəmov, Fikrət Əmirov, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Şəfiqə Axundova, Emin Sabitoğlu musiqili komediya janrında sənət əsərləri yaratdılar.

 

* * *

 

1951-ci ildə Moskvada ali təhsil alıb Bakıya qayıdan rejissor Tofiq Kazımov Milli Dram Teatrında yeni sənət estetikasının təməlini qoydu. Onun quruluşunda Vilyam Şekspirin «Antoni və Kleopatra», «Hamlet», «Fırtına», Karlo Qoldoninin «Məzəli hadisə», Lope de Veqanın «Dəlilər», Branislav Nuşiçin «Nazirin xanımı», Viktor Hüqonun «Mariya Tüdor», Yucin O’Nilin «Qızıl», Mirzə Fətəli Axundzadənin «Lənkəran xanının vəziri», Cəlil Məmmədquluzadənin «Ölülər», Əbdürrəhim bəy Haqverdiyevin «Pəri Cadu» əsərlərinin tamaşaları teatrın yaradıcılıq iqliminə yeni fəlsəfi dərinlik gətirdi.

1964-cü ildə rejissor dramaturq İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən» pyesini tamaşaya hazırladı. Bununla Azərbaycan teatrında lirik-psixoloji üslubun bünövrəsi qoyuldu. Bunun ardınca Tofiq Kazımovun quruluşunda İlyas Əfəndiyevin «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», Şıxəli Qurbanovun «Sənsiz», Bəxtiyar Vahabzadənin «Yağışdan sonra» lirik-psixoloji dramları oynanıldı.

1930-1990-cı illərdə Azərbaycanın müxtəlif teatrlarında Barat Şəkinskaya, Mustafa Mərdanov, Möhsün Sənani, Əli Qurbanov, Məmmədəli Vəlixanlı, Ağahüseyn Cavadov, Ağasadıq Gəraybəyli, Leyla Bədirbəyli, Məlik Dadaşov, Nəcibə Məlikova, Əjdər Sultanov, Həsən Turabov, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Yaşar Nuriyev, Fuad Poladov, Yusif Vəliyev, Firəngiz Şərifova, Rəmziyyə Veysəlova, Ələddin Abbasov, Məmməd Bürcəliyev, Əşrəf Yusifzadə, İbrahim Həmzəyev, Əyyub Haqverdiyev, İsa Musayev, Zəroş Həmzəyeva, Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Əlihüseyn Qafarlı, Bəşir Səfəroğlu, Səyavuş Aslan, Hacıbaba Bağırov, Mobil Əhmədov, Xuraman Hacıyeva, Səməndər Rzayev kimi sənətkarlar yetişiblər.

Bu dövrdə balet aktrisası Leyla Vəkilova, opera solistləri Firəngiz Əhmədova, Müslüm Maqomayev, Lütfiyar İmanov və Fidan Qasımova, dram artistləri Ələsgər Ələkbərov və Hökümə Qurbanova SSRİ xalq artisti fəxri adına layiq görülüblər.

1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi təntənə ilə qeyd edildi. May ayının 30-da Azərbaycan Dövlət Akademik Dram Teatrı Lenin ordeni ilə təltif edildi. Rejissor Mehdi Məmmədov, aktyorlar İsmayıl Osmanlı və İsmayıl Dağıstanlı SSRİ xalq artisti fəxri adı ilə təltif olundular.

1989-cu ildə əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Gənclər Teatrı yaradıldı. Bu teatr 2009-cu ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşənə qədər səhnə sənətimizin tarixində mühüm rol oynadı. Bu gün şöhrət tapmış onlarla aktyor sənətin ən çətin sirlərinə onun səhnəsində yiyələnmişlər.

 

* * *

 

Azərbaycan Respublikası 1991-ci ildə özünün müstəqilliyini bərpa etdi. Bu tarixi hadisə bütün sahələrdə olduğu kimi, teatr sənətində də yeni canlanmaya, çağdaş estetik prinsiplər axtarışlarına rəvac verdi. «Yuğ» Dövlət Teatrı (rəhbəri Vaqif İbrahimoğlu), «Pantomim» Dövlət Teatrı (rəhbəri Bəxtiyar Xanızadə) yaranıb müstəqil binalarda fəaliyyətə başladılar. Respublika hökumətinin qərarı ilə Qax Azərbaycan Dövlət Gürcü Teatrı, Qusar Azərbaycan Dövlət Ləzgi Teatrı da yaradıldı. Gəncədə, Naxçıvanda, Salyanda, Qaxda Dövlət Kukla Teatrı fəaliyyət göstərir.

 

* * *

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 dekabr 2006-cı ildə «Teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu»nu imzaladı. 19 fevral 2007-ci ildə «Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında» sərəncam verdi. 18 may 2009-cu ildə «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı yaradıldı.

Dövlət Kukla Teatrının, Rus Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Akademik Milli Dram Teatrının, Mingəçevir Dövlət Dram Teatrının binaları bir-birinin ardınca əsaslı şəkildə təmir edildi. Teatrlar müasir işıq sistemi, səhnə avadanlıqları ilə təmin edildi. Səhnə texnikası tamamilə təzələnib yeniləndi. Qrim otaqları, tamaşaçı salonları, foye və vestibüllər dünya standartları səviyyəsində quruldu.

2010 və 2012-ci illərdə Bakıda Beynəlxalq teatr konfransları keçirildi. Dünyanın onlarla ölkəsindən yüzlərlə sənət adamı çağdaş teatr problemləri barədə fikirlərini Bakıda bölüşdülər...

Azərbaycan Respublikası bu gün dünya xalqları sırasında inamla zirvələrə doğru addımlayır. O cümlədən də xalqımızın incəsənəti yeni-yeni uğurlarla dünya mədəniyyətinə bir-birindən qiymətli töhfələr verir...

Teatr xadimlərimiz səhnədə özlərinin sənət tarixini yaradırlar. Bu tarixdə xalqımızın mənəvi-əxlaqi dəyərləri, millətimizin fəlsəfi düşüncəsinin dərinliyi, bəşəri duyğularının möhtəşəmliyi, insanların ruhi azadlığı özünün parlaq təcəssümünü tapır...

Teatrımızın tarixi eyni zamanda xalqımızın mənəviyyat tarixi kimi əbədiləşir...

 

 

İlham RƏHİMLİ

  

Ədəbiyyat qəzeti.- 2013.- 8 mart.- S.2-8.