Unudulmayan
Cabir Novruz
Tək
yaşamaq istəmirəm özüm üçün,
Anam
üçün, oğlum üçün, qızım
üçün.
Qoyun
məndən inciməsin əzizlərim,
Qəlblərinə
toxunmasın bu sözlərim.
İstəmirəm
bir onlara gərək olum,
İstəyirəm
milyonlara gərək olum.
Gərək
olum mən yada da, yaxına da,
Adamların
qarasına, ağına da.
Lazım olum
insanların bu gününə,
xoş
vaxtına,
Xəstəsinə,
sağlamına, bədbaxtına,
xoşbaxtına.
Bu
misraların müəllifi sevimli şairimiz Cabir Novruzdur.
Sağlığında bir çox şeirləri dillər əzbəri
olduğu kimi, bu şeir də çox populyar idi. Poeziyası
təbiilikdən, səmimi hisslərdən yoğrulan, ürəyi
ilə dili, həyatı ilə əməlləri arasında
heç bir uçurum olmayan Cabir Novruz
yaradıcılığa başladığı əllinci illərin
ortalarından ta ömrünün son günlərinə qədər
beləcə populyar şair imicini itirmədi.
C.Novruzun
poeziyaya gəlişi səssiz, haraysız olmayıb. Bu
şair xoşbəxtliyidir ki, daim diqqət mərkəzində
olasan, həmişə oxucuların sevimlisinə çevriləsən,
şeirlərin özünə geniş auditoriya qazana, səni
hamı tanıya. Stendalın bir fikrini xatırlayıram: «Əgər
mən təkəmsə, bir heçəm, əgər mənim
arxamca heç kəs gəlmirsə, mən bir heçəm.
Əgər oxucu desə ki, bu adam fikir aləmini irəli
aparmışdır, onda mən hər şeyəm».
Məncə,
C.Novruz da müasir səviyyəli, onu sevən, duyan həqiqi
oxucular əhatəsində idi. Onu hamı sevirdi, amma ən
çox gənclərin sevimlisi idi. O, gəncliyin sevgi və məhəbbət
duyğularını, analara, atalara sonsuz ehtiramını, tələbəlik
həyatını, vətənpərvərlik eşqini
böyük bir ilhamla qələmə alırdı. Sənətkar-oxucu
problemi həmişə ciddi sosial-estetik məna
daşıyır. Elə yazıçı var ki, bu gün dəbdə
olub geyilən, sabahsa unudulan paltar kimi onun əsərləri də
yalnız müəyyən müddət
üçündür. Oxucusunu qısa və ötəri,
amma şirnikləndirici təsiri ilə ələ alan belə
əsərlərə azmı təsadüf etmişik? Lakin elə
sənətkarlar da var ki, illər keçdikcə onun
oxucularının sayı daha da artır, çünki o, hər
dəfə nəsə yeni söz deməyə
çalışır və çox vaxt buna müvəffəq
olur. Cabir Novruz belə şairlərdən idi.
Şeir
kitablarının birinə yazdığı ön sözdə
C.Novruz deyirdi: «Neçə-neçə şeir kitabım
çap olunsa da, yenə həyəcan içindəyəm. Mən
bu imtahandan necə çıxacağam, deyə bilmərəm.
Lakin ürək çırpıntıları ilə sətirlərimi,
necə deyərlər, doğma balalarımı oxucu
imtahanına verirəm. İstərdim ki, həyat, insanlar,
dünya, bu gün, sabah, doğma Azərbaycan haqda
qoşduğum təzə nəğmələr onların
ürəyincə olsun».
Cabir Novruz
poeziyada təsadüfi yaxşı şeirlərlə
görünüb sonra hansısa janrın sakit guşələrinə
baş vuran şairlərdən olmamışdır. O, 50 illik
yaradıcılığı dövründə həmişə
oxucu tələbkarlığına inana-inana, onu məyus etməyərək,
bir-birinin ardınca gözəl şeirlər və poemalar
yaratmışdır. Bəs bu şairin fərdiliyi və
özünəməxsusluğu nədədir?
Cabir Novruz
haqqında yazılan məqalələrdə, onun
kitablarına həsr edilən resenziyalarda tez-tez belə bir
ifadə ilə rastlaşırsan: «Cabir Novruz təbiiliyi tərənnüm
edir, o, sadə yazır». Qeyd edək ki, bu fikirlə
razılaşmamaq qeyri-mümkündür, lakin həmin
mülahizə izah olunmadığı üçün natamam
təsir bağışlayır. C.Novruz təbii şairdir,
amma bu təbiilik təkcə təbii və sadə-hamının
anlayacağı dildə yazmaqlamı məhdudlaşmalıdır?
Bu robotlar,
süni əllər, süni gözlər
dövründə
mən.
İstəyirəm
şerimdə mən,
Təbiiliyi vəsf
eləyim.
...Üz
tuturam uşaqlara, böyüklərə,
nəsillərə,
Üz tuturam
hələ sabah göz açacaq
əsrlərə,
Söyləyirəm
təbii olun, təbii olun,
Alimlərin
fikri olun,
şairlərin
təbi olun.
Ey ilhamlar,
istedadlar,
təbii olun.
Ey fəhlələr,
ey nazirlər,
təbii olun.
Üzü
yeni, içi köhnə müasirlər,
təbii olun.
Vəzifədə
əyləşənlər,
adamların
taleyinə qol çəkənlər,
Raketçilər,
aya-günə
yol çəkənlər,
Təbii olun,
insan odur-
Təbii ola,
təbii ola.
Təbiiliyə
çağırış Cabir Novruz poeziyasının
başlıca mahiyyətini ifadə edir. Biz bunu iki mənada
yoza bilərik. Birinci halda şair- gördüyümüz
kimi, təbiilik anlayışının öz mənasına,
məğzinə, cövhərinə üz tutur. Lakin onu da
qeyd edək ki, təbiilik C.Novruz poeziyasında həm də məhəbbət,
həqiqət, bütövlük, ilkinlik və inam
çalarları qazanır. «İnsan himnləri» adlı
lirik-fəlsəfi poemada C.Novruz təbiiliyin bədii-estetik
hüdudlarını daha da genişləndirir, milyon illər dəyişməyən
duyğuları vəsf edir. Çünki «onlar daim təzə
qalan duyğulardır. Ən müasir kəşflərə bəzək
olan duyğulardır». Bu duyğuları özündə
yaşadan hər bir insan isə ayrıca bir dünyadır.
Məhəbbət
də təbiilikdir:
Bu dünyanın
əlifbası-
məhəbbətdir,
Ən ilk nəğmə,
ən ilk yazı-
məhəbbətdir…
Kim sevirsə,
ən müasir insan odur.
Həqiqət
də təbiilikdir.
Həqiqəti
deyən adam güclü olur,
Həqiqəti
deyən adam uca olur.
Həqiqəti
deyən ölkə nəhəng olur,
Həqiqəti
deyən torpaq sonsuz olur.
Bütövlük
də təbiilikdir. İlkinlik də, inam da.
C.Novruzun
bütün yaradıcılığında - hər
kiçik şeirində və hər böyük
poemasında təbiilik ən müqəddəs bir duyğu
kimi vəsf olunur. Onun poeziyasında yaxşılıq, pislik,
mərdlik, qəhrəmanlıq, gənclik, qocalıq, zəriflik
anlayışları da məhz təbiilik prizmasından
baxılıb qiymətləndirilir. Dövrümüzün
böyük problemləri, bəşəriyyəti
düşündürən ən ali məsələlər
bir şair kimi C.Novruzu da söz deməyə, qəlbinin
narahatlığını şeirə çevirməyə səfərbər
edir.
Şairin
şəxsiyyəti, yaradıcı adamın fərdiliyi onun
ictimai hadisələrə fəal münasibətiylə
bağlıdır, özü də bu əlaqə
yaradıcılıq psixologiyasını təyin edən əsas
komponentlərdən biridir. Ətraf mühitə, dünyada
gedən təzadlı hadisələrə poetik təmas
şairi və subyektiv lirik «mən»i çərçivəsindən
qlobal düşüncə çərçivəsinə
malik «mən»ə çevirir. Lirik qəhrəman bu məqamda
bəşəriyyətin bu günü və gələcəyinə
bağlı insanı təmsil edir. S.Vurğun, R.Rza, S.Rüstəm
kimi şairlərin yaradıcılığı bunu aydın
sübut edir. Onların ənənələrini C.Novruz da davam
etdirir. Şairin «Qərbi Berlin» panoram poeması bu baxımdan
XX əsr Azərbaycan poeziyasının mühüm bir nailiyyəti
hesab olunmalıdır. Bu poema şairin müharibə və bəşəriyyətin
gələcək taleyi barədə düşüncələridir.
Lakin bu düşüncələr sırf rasional xarakter
daşımır, yəni, dəqiq desək, müharibə
haqqında fəlsəfi-etik mənalar ümumi səciyyə
daşımır. Müharibə, onun ağrılarını
taleyində daşıyan bir insanın mənəvi
ağrıları, atasızlıq kədəri, daha geniş
mənada xalqının bu müharibədə itkilərinə
təəssüfü ilə diqqəti çəkir:
Milyon-milyon
adda ölən,
Göydə
ölən, suda ölən,
odda ölən,
Buludların
qucağında
yananlara,
Ölüm
adlı fabriklərin
ocağında
yananlara,
Dəryaların
diblərində
batanlara,
Zəhərlənmiş
qazlar ilə
yatanlara,
Parça-parça,
tikə-tikə
Didilənə,
bölünənə,
Bədəninin
hər hissəsi
bir məzara
gömülənə
…Ehtiramla
neçə kərə baş əyərək,
Qazılmamış
qəbirlərə
baş əyərək,
Göz
yaşımı yumruğumun
arxasıyla
silə-silə
gəldim
bura.
Hələ
neçə faciəli
sifarişlə
gəldim
bura.
Cabir Novruzun
lirik qəhrəmanı, hər şeydən əvvəl,
öz narahat təbiəti və dünyadakı hadisələrə
fəal münasibəti ilə seçilən müasirimizdir.
Onu ətrafındakı hər hadisə maraqlandırır, o,
bəzən nifrəti aşkar görünən, qəzəbi
ümman dalğalı bir insan, bəzən isə son dərəcə
kövrək və lirikdir:
Dünyada nə
olsa - ürəyimdədir;
bir insan sevinsə,
bir gül açılsa,
bir
ömür məhv olsa, bir ev uçulsa,
bir güllə
atılsa - ürəyimdədir.
C.Novruzun lirik
qəhrəmanının bioqrafiyası Azərbaycanın uca
dağlarla əhatə olunmuş bir mahalından - Xızı
rayonunun Upa kəndindən başlanır. Onun dünyada ilk dəfə
eşitdiyi ən müqəddəs, ən əsrarəngiz səs
bulaq şırıltısı və cəh-cəh vuran
quşların səsi olub. Bu lirik qəhrəmanın
dünyada ilk dəfə şeir adına eşitdiyi
anasının ona oxuduğu yanıqlı laylalar, nənəsinin
söylədiyi bayatılar, tapmacalar, atalar sözləri,
ağılar olub. Cütcülər, suçular,
çobanlar, yer şumlayanlar, arx qazıyanlar, taxıl
yığanlar, traktorçular, el aşıqları,
ağbirçək qadınlar, adicə bir sözdən pul
kimi qızarıb yanan ürkək qızlar… lirik qəhrəmanın
uşaqlıq və ilk gənclik illəri bu adamların əhatəsində
keçib:
Mən
dövlətli ailədə doğulmadım,
Şan-şöhrətli
ailədə doğulmadım.
Ən adicə
bir insandı atam mənim,
Zər-xaralı
yataqlarda yatammadım.
...Söyləyimmi
qohumlarım nəçi idi?
Xarrat idi,
çoban idi, suçu idi.
C.Novruzun
yaradıcılığı haqqında yazılan məqalələrdən
biri «Müqəddəsliyin vəsfi» adlanır. O məqalədə
belə bir fikirlə rastlaşırıq: adi adamlar, adi
duyğular, həyatın gözəl qəribəliyi, sadələrin
böyük dünyası, yarandığı məkan Cabir
poeziyasında ilhamla tərənnüm edilir. Oxucu duyur ki, həyatın
əsl gözəlliyi ən adi, sadə, gerçək hadisələrin
mahiyyətindədir, onları sevmək, qorumaq gərəkdir.
Bu baxımdan şairin iki poeması - «İnsan məhəbbəti»
və «Kəndimizin antik heykəli» daha çox diqqəti cəlb
edir.
«İnsan məhəbbəti»
C.Novruzun ilk poemasıdır. Burada süjet xətti tələbə-müəllim
konflikti əsasında inkişaf etdirilir. Lakin qeyd edək ki,
C.Novruzun poemaları sırf lirik istiqamətdədir, bu
poemalarda hadisə və konfliktlər lirik əhval-ruhiyyə,
şairin təsvir obyektinə birbaşa münasibəti ilə
müşayiət olunur. «İnsan məhəbbəti»
poemasında şair təsvir etdiyi həyat hadisələrinə
qarşı laqeyd deyil, onu tələbə-müəllim
konfliktindən daha çox insanda yaranan antihumanizm:
zalımlıq, qəddarlıq, kəmfürsətlik kimi həm
şəxsi, həm də ictimai bəlalar
düşündürür. İnsana qayğı, qədirşünaslıq
humanizmin ən yüksək zirvəsi, poeziyanın isə
dayaq nöqtəsidir. Poeziya məhz adilərin, sadələrin
tərənnümündə böyük nüfuz qazanır.
Bu bədii həqiqəti C.Novruz «Kəndimizin antik heykəli»
poemasında başlıca poetik arqumentə çevirib:
Kor bibim
qızı var,
adı Tirmədir,
Bətndə
itirmiş
iki
gözün o.
Otuz beş
ildir ki,
Heç nə
görməyir,
Antik heykəlidir
Kəndimizin
o.
Tirmələr
- gözdən, könüldən, bəzən mühitin adi
insani münasibətlərindən uzaq olan adamlar 60-cı illər
Azərbaycan ədəbiyyatının əsas qəhrəmanlarına
çevrildilər. Xüsusilə, nəsrdə bu adi
adamların böyük dünyasına meyl daha qabarıq nəzərə
çarpdı. «Kəndimizin antik heykəli» poeması isə
poeziyanın bu istiqamətdə axtarışlarından biri
idi.
Tirmə kor
gözüylə
corab toxuyar,
Tirmə kor
gözüylə
ürək
oxuyar.
Yalanı
doğrudan
seçə
bilər o,
Təmizi
doğrudan
seçə
bilər o.
Kimin
vicdanında
zülmət
yaşayır
Kimlər
varlığında
işıq
daşıyır.
Bu kənddə
kimlərin
üzündə
nur var,
Gözü
görə-görə
nə qədər
kor var.
Nə qədər
mənliyi
xəstə
olan var.
Nə qədər
nəfəsi
isti olan var.
Kimlər
insan üçün
can verə
bilər,
Tirmə deyə
bilər,
göstərə
bilər.
Cabir Novruzun
poeziyasında ədəbiyyatımızın ümumi ahəngi
ilə səsləşən motiv və mövzulara da tez-tez təsadüf
olunur. Şeirimizdəki fəlsəfi notlar, dünya,
ölüm, həyat və humanizm barədə
düşüncələr siyasi lirikanın imkan dairəsini
daha da genişləndirdi. Cabir Novruz da bu tendensiyaya «İnsan
himnləri», «Qərbi Berlin», «İtmiş kəndin
nağılları», «Zaman» poemaları ilə qoşuldu.
Poeziyada ömrün ilk ünvanına - kəndə, kökə,
ilkinliyə çağırış motivləri qüvvətləndi.
C.Novruz da bu mövzuda maraqlı şeirlər yazdı:
Neçə
gün qalstuk vursaq da bu gün,
Böyük
şəhərlərdə xumarlansaq da,
ya həkim,
ya şair olsaq da bu gün,
yüz
cür geyinsək də, tumarlansaq da,
On beş mərtəbədə
yaşasaq belə,
Akademik
adı daşısaq belə,
O
palçıq evlərdə oturmalıyıq,
O dəcəl
çaylarda çimməliyik biz.
Dərin dərələrdən
atılmalıyıq,
Qalın
meşələrə dönməliyik biz.
Sərinləşməliyik
zirzəmilərdə,
Nəfəs
almalıyıq göy zəmilərdə,
Gərək
dağın, daşın gedək yanına,
Gedək
ömrümüzün ilk ünvanına.
Cabir Novruzun
şeirlərindən biri belə adlanır: «Həyat, sən
nə qəribəsən». Həyatın qəribəlikləri,
insanlararası münasibətlərin mürəkkəbliyi,
gözə dəyən və aşkarda nəzərə
çarpmayan ziddiyyətlər, təzadlar, onun poeziyasında
müxtəlif şeirlərin mövzusuna çevrilib. «Bizim əsr»
şeirini yada salaq: «Çox qəribə, çox maraqlı
bir əsrdə yaşayırıq» - deyən şair gözlərimiz
qarşısında təzadlar, ziddiyyətlər silsiləsi
canlandırır. Bir ovucu atomlu, bir ovucu dəmətli, bir
ölkəsi dəvəli, bir ölkəsi raketli əsr.
Çox təzadlı, amma istedadlı əsrdir. Bu əsrdə
Naqasaki, Xirosima, Sakit okean sinəsindən yaralanıb. Bir vaxt
antik dövrdə Esxili və Homeriylə bu dünyanı
top-tüfəngsiz zəbt eləyən Yunanıstan indi
varlığında ölüm, qan sərgisi yaşadır.
Doğrudan
da, qəribə əsrdir. Bəzən insana
sağlığında qiymət vermirlər, öləndən
sonra isə dahilik çələngi bəxş edirlər.
Odur ki, şair deyir:
Bir arzum var,
ay adamlar,
qoyun deyim,
Sağ olanda
qiymət verin
insanlara.
Yaxşılara
sağ olanda
yaxşı
deyin.
Sağ olanda
yaman deyin yamanlara,
Şairlərə
sağ olanda hörmət edin,
Sağ olanda
heykəl qoyun ölməzlərə.
Sağ olanda
ifşa edin xəbisləri,
Satqınlara
sağ olanda satqın deyin.
Cabir Novruz
poeziyasında həyatın gözəlliklərinə, təbiiliyə,
müqəddəsliyə himnlər oxunduğu kimi, antihumanizmə,
şərə, mənfiliyə, eybəcərliyə
güclü nifrət duyğusu yaşayır. «Ana muzeyləri
yaradaq gəlin» deyən şair digər şeirində ana
hissini təhqir edənlərə qəzəbini, nifrətini
elan edir. Vətən deyən, millət deyən, baş
aldadan, göz küllədən, hər mühiti, hər iqlimi
qəbul edən, bir formada, bir ölçüdə
ömür sürən nadanlar, ev yıxmağa tələsənlər,
mənliyini satıb mənsəb alanlar, zülməti
işıqla pərdələyənlər C.Novruz şeirinin
güllə hədəfləridir.
…Ömrünün
son illərində C.Novruz poeziyasında bu hədəflərin
obyekti daha konkretdir. Vaxtilə böyük bir vəcdlə
insan gözəlliyini, təbiət gözəlliyini vəsf
edən C.Novruz indi bu gözəlliyə qənim kəsilənləri
ifşa hədəfinə çevirir. Azərbaycanın bu son
10-12 ildə aldığı yaralar şair ürəyində
də öz əks-sədasını tapıb. Şuşaya həsr
etdiyi poemada, yaxud 15 il öncə işıq üzü
görən «Azərbaycan» poemasında tariximiz-bu
günümüz bütün təzadlarıyla əks olunur.
Hətta C.Novruz poeziyasında keçid dövrünün
ikrah doğuran olaylarına qarşı satirik münasibəti
əks etdirən şeirlər də diqqəti cəlb edir. Bir
sözlə, 60-90-cı illərin Cabir Novruzu ilə XXI əsrin
Cabir Novruzu bir-birini tamamlayır.
C.Novruzun
«İxtiyarım olsa idi» poema-ittihamı bir daha sübut edir ki,
əsl şair cəmiyyətdə, məmləkətdə
baş verən hadisələrə biganə deyil. Poemaya
yazdığı ön sözdə şair deyir: «Nə
zamandır Qarabağı və neçə-neçə digər
yerləri düşmən tapdağında qalan, bir milyondan
çox yurd-yuva, ev-eşik dərbədəri olan,
adı-sanı xar olan bir şair, bir vətəndaş, bir azərbaycanlı
kimi gecə-gündüz yanıram, qovruluram,
düşünürəm, az qala öz içimdə
boğuluram. Ən sarsıntılı vaxtlarımda
gümanım qələmimə çatır, ona pənah gətirirəm».
Məncə, hər bir Azərbaycan şairi belə
düşünməlidir. Poemada kimlər ittiham olunur? Xainlər,
alçaqlar, satqınlar, yurdumuzun gözəl oylaqlarında
yurd-yuva salıb sonra düşmən olanlar və bir də
biganələr, Vətəndə yaşayan unutqanlar.
Bu qədər
çal-çağır olar?!
Belə
unutqanlıq olar,
Bu qədər
bədyanlıq olar?!
Torpaqlar al qan
içində,
Ekran toy-bayram
içində.
Analar ah-vay
içində,
Efirsə
bay-bay içində.
…Necə
yaşayıb-ölürük,
Qarabağ xar
olan yerdə?!
Necə
deyirik-gülürük,
Şuşada
sar olan yerdə?!
Həmişə
gözəlliyi, ali duyğuları, təbiətin, insan qəlbinin
ülviliyini tərənnüm edən Cabir Novruzun
poeziyasında iki yeni çalar-yeni meyl diqqəti cəlb etdi.
Biri qəzəb, hiddət, digəri isə pərişanlıq,
hüzn çalarları... Şair qəzəblənir:
dünya dollar xəstəliyinə tutulub, bu dollar
«bütün tamahlara çöküb, bütün
vicdanları söküb». Şair hiddətlənir: «Müqəssirlər
günahsızdır, günahsızlar müqəssirdir.
Bütün işlər baş-ayaqdır, bütün
sözlər tərsinədir». Rüşvət bir sağalmaz
bəlaya çevrilib: «Ona boyun əyir bütün tamahlar,
udur, rüşvət udur, aramla hamı. Odur şah,
padişah, odur hökmran, bütün vəzifələr onun əlində».
«Alverçiyə dönüb millət», «Yarandığı
gündən bəri Azərbaycan, Belə alver görməyibdir
heç bir zaman». Bu misralar on il-on iki öncə qələmə
alınmışdı. Şairin «Əl açdı bir
ikicanlı gəlin mənə» şeiri isə hüzn, pərişanlıq
ifadə edir. Bir vaxtlar dünyaya uşaq gətirəcək
qadına ən gözəl misralarını həsr edən
şairin indi düşdüyü halət tamam fərqlidir: «Gəlin
getdi, mən küçədə donub qaldım, Bir
anlığa dilim-ağzım kilidləndi. Bu dərd mənim
ürəyimə batan xəncər, Bu el, millət
yanğısıydı, kədəriydi».
...Mən bu
yazıda C.Novruzdan ancaq həqiqət və inam şairi kimi
söz açdım. Ancaq o, həm də gözəl, zərif
məhəbbət şairidir. Gənclik illərində
yazdığı o gözəl və rübabi şeirləri
siz də yaxşı xatırlayırsınız. Şeirlərinin
hər biri nəğməydi, indi də o nəğmə ahəngi,
o zəriflik və rübabilik yaşayır. Ancaq bircə fərqlə.
İndiki məhəbbət şeirləri, əgər belə
demək mümkünsə, xəzan lirikasının nümunələridir.
Cabir Novruz insan qəlbinin mühəndisi idi:
Sən elə
bir vaxtda rast gəldin mənə,
Qurumuş
bulağam, bulanmış suyam.
Sən elə
bir vaxtda rast gəldin mənə,
Oxunmuş nəğməyəm,
çalınmış toyam.
Sən elə
bir vaxtda rast gəldin mənə
Dayanıb
durmuşdum yol ayrıcında.
Sən elə
bir vaxtda rast gəldin mənə
Bir
üzüm cavandı, bir üzüm qoca.
Nə deyə
bildim ki, sevən çağımdı,
Nə dedim
sevirəm, mənə dayaq ol.
Nə deyə
bildim ki, mənə yaxın dur,
Nə deyə
bildim ki, məndən uzaq ol.
C.Novruz
yaşasaydı, mən onu qarşıdan gələn 80 illiyi
münasibətilə ürəkdən təbrik edərdim.
Amma mən onu mənən bizimlə bir sırada addımlayan
görürəm. Ona görə də üzümü onun
şeirlərinə tutub deyirəm: Siz
yaşayırsınız, çünki sizi dünyaya gətirən
o şair cismən ölsə də, mənən bizimlədi.
Son söz:
1984-1987-ci illərdə Cabir müəllim «Azərbaycan»
jurnalına baş redaktor təyin edildi. Ondan əvvəl uzun
müddət Yazıçılar İttifaqının katibi
idi. Münasibətimiz daha da gözəlləşdi. Cabir
müəllim çox mədəni bir insan idi və o, bu
xasiyyətini ictimai aləmdə də büruzə verirdi. O,
Milli Məclisin deputatı da oldu, amma dönüb bəzi həmkarları
kimi, siyasətçi olmadı, orada da şair ömrü
yaşadı. Mən yaradıcılığı ilə
şəxsiyyəti arasında uyuşmazlığı
müşahidə etdiyim, sözü ilə əməli
düz gəlməyən yazıçılarla az
rastlaşmamışam. Amma Cabir müəllim elə şeirlərindəki
o sadə, o təbii insan idi. Allah rəhmət eləsin!
Vaqif Yusifli
Ədəbiyyat qəzeti.- 2013.- 8 mart.-
S.3.