Məmməd
Araz yaradıcılığında mənəviyyat
Mənəviyyat
“mən” sözündən başlanır. Hər bir
insanın “mən”i nədirsə, onun mənəviyyatı da
odur. Mənəviyyat insan xarakterinin tərkib hissəsindən
çox, elə özüdür. Onu da formalaşdıran
mühit və şəraitdir. Sağlam mühit və şərait
sağlam, xəstə mühit və şərait təbii ki,
xəstə mənəviyyat formalaşdırır, tərbiyə
edir.
Bütün
ictimai şüurun hər birinin insanın
formalaşmasında, kamilləşməsində özünəməxsus
rolu və funksiyası var. Amma etiraf edək ki,
insan mənəviyyatına daha çox təsir edən, onu
stimullaşdıran mühüm vasitələrdən biri
söz sənəti olan bədii ədəbiyyatdır.
İnsanda adı kimi “ədəb”- ərkan yaratmağı
qarşıya məqsəd qoyan ədəbiyyatın da
meyarlarını, qanunauyğunluqlarını zaman,
mühit və şərait, ictimai-siyasi münasibətlər
tənzimləyir, müəyyənləşdirir. Ona görə
də türk istiqlal şeirinin
yaradıcılarından olan M.A.Ersoy bu qənaətdədir
ki, “ədəbsizliyin başlandığı yerdə ədəbiyyat
bitir”. Bu fikirdə reallıq var. Amma unutmaq
lazım deyil ki, söz sənəti ədəbiyyatın ana
işi elə cəmiyyətdə, ictimai mühitdə
özünü göstərən mənfi təzahürlərə,
ədəbsizliklərə qarşı mübarizə
aparmaqdır. Ədəbsizlik də mənəviyyatsızlığın
son həddi olduğu üçün insanda mənəviyyat
tərbiyə etməklə ədəbsizliyi aradan qaldırmaq
olar.
Bu
məqamda - yəni şairin, böyük mənada ədəbiyyatın
zaman və cəmiyyət qarşısında cavabdehliyindən
danışarkən başqa bir məşhur türk şairi
Mehmet Emin Yurdakul (1869-1944) yada düşür:
Bırak beni haykırayım, susarsam sen matem et,
Unutma ki,
şairləri haykırmayan bir millət
Sevənləri
toprak olmuş öksüz çocuk kimidir.
Bu bir həqiqətdir
ki, zaman, həyat, dünya anlamlarını bir nöqtədə
birləşdirən başlıca faktor insandır. Çünki “zaman dəyişib”, “həyat
dəyişib”, “dünya dəyişib” anlamlarının mərkəzində
“insan dəyişib” anlamı dayanır. M.Araz deyəndə
ki, “dünya düzəlmir ki, düzəlmir, babam” onda
gerçək dünyadan çox mənəvi
dünyamızın əsas atributu olan “insan düzəlmir”
anlamı özünü doğruldur.
Poeziyamızda
ta qədimlərdən bu günə qədər zaman, həyat,
dünya konsepsiyaları fəlsəfi düşüncənin
və həmçinin onun ayrılmaz tərkib hissəsi olan bədii
düşüncənin başlıca konsepsiyasına
çevrilib və bu kontekstdə insanın arzu və istəkləri,
mənəvi aləmi ön plana çəkilib. Çünki insan elə
bir varlıqdır ki, bütün ictimai-siyasi dəyişikliklər
yalnız onun üzərində qurulur. Allah-tala
bütün varlıqları insan üçün
yaratdığı halda, insan xarakteri bunun əksinə olaraq
özü öz azadlığını əlindən
alır, bir çox hallarda öz həmcinsini kölə və
vasitəçiyə çevirir. Ancaq şüurlu və
mənəviyyatlı insan Allahın iradəsinə tabe olaraq
bilməlidir ki, M.Araz demişkən:
...Bütün
vəzifələr, bütün qanunlar
İnsana,
insana xidmət üçündür.
İnsanın
xarakterinə, mənəviyyatına təsir edən iki
başlıca mənbə var ki, onlardan biri təbiət, digəri
isə təbiətin ayrılmaz tərkib hissəsi olan
insanın yaratdığı cəmiyyətdir. Bu iki amil həmişə
aparıcı olub və bu gün də aparıcıdır.
Poeziyamızın
son əlli illik tarixinə nəzər salsaq, görərik ki,
bir çox ciddi qələm sahibləri ilə yanaşı
M.Araz yaradıcılığında da insana münasibət,
onun mənəvi dünyasının görünən və
görünməyən tərəfləri daima bir
qırmızı xətt kimi keçir. Xüsusilə ötən əsrin 80-ci
illərinin axırı, 90-cı illərin əvvəllərində
Azərbaycanda və keçmiş sovetlər birliyində
“hökümranlıq edən” xaos, hərc-mərclik insan
psixologiyasında, xarakterində gözlənilməz deformasiyalar
yaratdı. “İnsandan-insana körpümüz
sındı” (M.Araz), insanlığın barometri olan mənəviyyat
çökməyə başladı. Bu da
zamanın, həyatın, dünyanın yeni bir təzahürü
idi. Əgər M.Araz 70-ci illərin axırında
yazdığı “Dünya gözəl dünyadı” şeirində
...Kimə
gülzar, kimə xəzəl dünyadı,
Dünya
gözəl, dünya gözəl dünyadı.
- deyirdisə, 90-cı illərin əvvəllərində
yazdığı “Gözəllik saxladı ölümdən
məni” şeirində
“Bu dünya
sevgilər dünyası deyil,
itlər dünyasıdır, quduran itlər”.
- deyirdi. Bu da zamanın yeni insan təfəkkürünün
şair qarşısında qoyduğu real seçimin nəticəsi
idi.
M.Arazda
sosial mühitə, ədalətsizliyə qarşı
münasibət həmişə birmənalı olub. O, bütün
yaradıcılığı boyu mütləq həqiqəti
aramaq üçün cəmiyyəti, insanları yaxından
tanımağa, dərk etməyə çalışır və
bir çox hallarda da şairin gəldiyi qənaət belə
olur ki:
...Kimi dağ
qaldırır çiyinlərilə,
Kiminə
misqaldan yüngül yük düşür.
Elə də
olur ki, kül qabı ilə
Gül
qabının yeri dəyişik düşür.
Təbii ki, cəmiyyətdə
bəzən sosial ədalətin pozulması nəticəsində
“kül qabı ilə gül qabının yerinin dəyişik
düşməsi “iti bazarında atından baha” meyarına
xidmət edən bir mənəvi dünya yaradır ki, bu da
insan psixologiyasına, mənəvi durumuna ağır zərbələr
vurur. Ən nəhayətdə də:
Ölüm
adiləşir... kallaşır insan,
Onsuz da
“ah”-“vayı”, ölü eşitmir.
Kallaşa-kallaşa
karlaşır insan
İçinin
səsini çölü eşitmir.
Bu da
insanlığın mənəvi faciəsinin son həddindən
başqa bir şey deyildir.
Ayrı-ayrı
fərdlərdə mənəviyyatsızlıq baş
qaldırdıqda və bunun qarşısı vaxtında
alınmadıqda, şairin özü demişkən
“yaxşı-yamanlığın çəki daşı
itir”, onda bu ağrını tək-tək fərdlərdən
çox, bütün bir millət çəkməyə məcburdur.
Lakin şair bəzi məqamlarda nikbindir, ona
görə ki, həyat əksliklərin vəhdəti və
mübarizəsindən ibarətdir - mənəviyyatsızlığın
baş qaldırdığı yerdə mənəviyyat
cücərtiləri də pöhrələyir. “Dağ
yaddaşında yazı” şeirində olduğu kimi:
Birisini
çıxardılar uca bir yerə,
Tez
aşağı daş hellədi:
- Baxın,
hardayam!..
O birisi
özü qalxdı bu yüksəklərə,
Heç demədi:
“Mən də varam,
mən də burdayam”.
Yazı
gördüm dağ döşündə,
dağ yaddaşında;
birincinin helləncinin
çuxuru qalıb,
ikincinin ayağının cığırı
qalıb.
M.Araz
bir qələm, düşüncə və fikir adamı
olmaqla öz həddini, səddini bilən şairdir. Bəlkə də onu
ucaldan, sevdirən başlıca məziyyətlərdən
biri elə bununla bağlıdır. O, insanın
özünə nəzarət hissini itirməməyə
çağırır. Və bəzən də bu hissi,
duyğunu insana təlqin etməkdən də çəkinmir:
Düşün
ki, bu günlə qurtarmır zaman,
Sabah
var, sabahın sabahı da var.
Günlərin
birində tutub qolundan
Yenidən
kürsüyə çıxaracaqlar.
Boşdur
görəcəklər öz çilədanın,
Daşqır
eləməyə dən qalmayacaq.
Onda deyəcəklər
yerini tanı,
Onda
üz tutmağa yön qalmyacaq.
Bütün
bunlarla bərabər, M.Araz insanda vətəndaşlıq mənəviyyatını
oyatmaq, tərbiyə etmək üçün də müxtəlif
məqam və situasiyalardan istifadə edir. “Vətən daşı olan hər bir kəsi“ haqqın divanına gətirir, ondan kimliyini və
məsuliyyətini dərk etməyi tələb edir:
Keçək
dərələrin boğanağından,
Keçək
dolayların doğanağından,
Günəşin
zirvədə doğan anından,
Nur alıb bu
yurda səpələməsək,
Sən
kimə gərəksən, mən kimə gərək.
Kamil
insanın başlıca mənəvi dəyəri onun
düşdüyü mühit və şəraitdən
asılı olmayaraq əxlaqlı və halal
yaşamağındadır. Əməkdar elm xadimi, fəlsəfə
elmləri doktoru Camal Mustafayevin bu məqamda bir fikrini
xatırlamaq yerinə düşər: “Əxlaq dərsi vermək,
ağıl öyrətmək görünməmiş hünər
deyil. Ən çətini əxlaqa və həqiqətə
uyğun yaşamaqdır”.
Bizcə,
M.Araz poeziyasının əsas ideyasını da bu konsepsiya
ifadə edir. Şairin yaradan qarşısında bir növ
hesabatı olan və 90-cı illər poeziyasının
uğurlarından biri kimi dəyərləndirilən “Ya Rəbbim,
bu dünya sən quran deyil” şeirində halal-haram
anlayışı qarşılaşdırılır.
İnsanlığın mənəvi tənəzzülünü
ön plana çəkən şair son əlac və son
ümid kimi Rəbbə üzünü tutur:
Özündə
özünü itirib insan,
Didişmə
dişləri bitirib insan.
İçdiyi
zəhərdir, qusduğu zəhər,
Qəhəri
bəhərdir, bəhəri qəhər,
Ya Rəbbim,
bizlərə qaytar bizləri.
Bu şeirində
M.Araz şairlik missiyasından çox, Rəbbin yerdəki
görəvlisi kimi çıxış edir, yerdəki
mütləq əksəriyyətin dərdini, mənəvi
iztirblarını haqqa bəyan edir, insanlıqdan
çıxan insanlığı özünə qaytarmaq
üçün Rəbbə üz tutur, sonda şair bu qənaətə
gəlir ki, insana insanlığını qaytarmaq
münkün olmasa, onda
Adını,
soyunu dəyiş dünyanın,
Odunu,
suyunu dəyiş dünyanın.
Yolunu,
yönünü dəyiş dünyanın
Fəzada
yerini dəyiş dünyanın.
Tarixən bir
tikə gödənlik üçün hər kəsin
közü öz qabağına çəkdiyi bir zamanda
dünyanın - insan və insanlığın düzəlməyi
xəyaldan, utopiyadan başqa bir şey deyil:
Gedir yal
davası, sümük davası,
Gedir
vurhavurla çəpik davası.
Gedir
milyonçunun qəpik davası
Çürük
fikirlərin çürük davası,
Dünya
düzəlmir ki, düzəlmir, baba.
Bu bir həqiqətdir
ki, şairlər yaşadığı cəmiyyətin və
zamanın nəbzidir. Nəbz ürəyin fəaliyyətinin göstəricisi
olduğu kimi, əsl şairlərin
yaradıcılığı da cəmiyyətin, mühit və
zamanın döyünən nəbzidir. M.Araz
yaradıcılığı bütün siqləti ilə mənsub
olduğu millətin, zamanın yaddaş nəbzidir.
Çünki o, professor Firidun Hüseynov
demişkən “... ədəbiyyata həyatın qaynar
qazanından, qızmar kürəsindən çıxıb gəldi”.
Buna görə də M.Araz şair mənəviyyatını,
şair əxlaqını həmişə uca tutaraq, xalq və
vətən qarşısında cavabdehliyini
aşağılamadan yazırdı:
Dərdim min
olsa da, sönməz çırağım,
Səsim
öz səsimdə bata, qorxuram.
Şairi
yalana yatan yığnağın
Özü
də palana yata, qorxuram.
1989-cu
ildə, Qarabağ hadisələrinin tüğyana gəldiyi
bir vaxtda yazılmış “Qorxuram” adlı şeirdən
aldığımız bu nümunə qələmin və
sözün mənəvi qüdrətinə dəlalət edən
şair cavabdehliyinin faktıdır.
Zaman, həyat,
dünya kontekstində mənəviyyat məsələlərinə
münasibət M.Araz yaradıcılığının ana xəttini
təşkil etsə də, şairin xüsusilə 80-ci illərin
axırı və 90-ci illər
yaradıcılığında bu problemə
qayıdış daha çox diqqəti cəlb edir. Bu illərdə yazılmış və
poeziyamızın inciləri hesab olunan “Dünya düzəlmir”,
belə dünyanın”, “Ya Rəbbim, bu dünya sən quran
deyil”, “Güzəşt”, “Qorxuram”, “Yol ayrıcında söhbət”,
“İnsan yalan danışır”, “Çıxıb getmək
istəyirəm”, “Nişançı özümüz, hədəf
özümüz”, “Bu insan adlanan insan” və sair kimi onlarla şeirində
problemin həllinə şair müdaxiləsi daha qabarıq
diqqəti cəlb etməkdədir. Zaman kəsiyi
baxımından yanaşanda da 80-90-cı illər
xalqımızın tarixi taleyində, qlobal şəkildə
götürdükdə bəşəri düşüncə
tərzinin formalaşmasında, sanki yeni eranın
başlanğıc illəridir - insan təfəkküründə,
mənəviyyatında, silkələnmə, durulub təmizlənmə
illəridir. Buna görə də bu problem
zaman, həyat, dünyanın ümumən poeziyamızın,
bədii düşüncəmizin qarşısında
qoyduğu problemlərdir. Təbii ki, hər
bir qələm və düşüncə adamı “öz
çəki daşı” səviyyəsində üzərinə
düşən missiyanı yerinə yetirməyə səy
göstərir, münasibət bildirir. Qeyd
etdiyimiz kimi M.Araz prizmasından baxış daha qlobal, daha bəşəridir.
Yüz il qulağımın dibində
qışqır,
Ürək
eşitməsə, qulaq eşitmir.
İnsan
mənəviyyatına bu cür yeni münasibətlə
yanaşma M.Araz yaradıcılığının həmişə
aparıcı istiqamətidir. Bu iki misrada dərk etdiyimiz
həqiqət budur ki, heyvanlar qulaqları, insanlar ürəkləri
ilə eşidir. M.Müşfiq demişkən:
“...gözdən yaş çıxarmı ürək yanmasa”.
Ürək də o vaxt yanarlıq hissini qoruyub saxlayır ki,
insanın vicdanı diri və oyaq olsun...
İnsanın
mənəviyyatsızlığı vicdanın
ölümündən başlanır. Vicdanın
ölümüylə ləyaqət hissi tükənir və
son anda mənəviyyatsızlıq hakim kəsilir. Ona
görə də M.Araz fəlsəfəsində də əsas
hədəf odur ki, “özün öz yoluna özül
olmazsan...” onda
Noxtası
quşquna bağlı yol gedən...
Sonrası? - Beləcə adət, öyrəniş!..
Sonrası? - Ləyaqət gedər əlindən.
Sonrası? - Alçalış.
Sonrası? - Hər iş...
- kimi qeyri-insani həyat yaşamağa məcburdur.
Mənəviyyat
məsələsi, geniş aspektdə şairin poemalarında
da daha kəskin şəkildə qoyulur. Xüsusilə “Paslı qılınc”,
“Üç oğul anası”, “Mən də insan oldum”,
“Atamın kitabı” kimi poemalarında zaman, həyat, dünya
anlayışlarının insan mənəviyyatına təsiri
və bu təsirin insanın fərdi və sosial həyatındakı
inkişafı ön plana çəkilir ki, bu da ayrıca bir
tədqiqat işinin mövzusu ola bilər.
...Akademik
İsa Həbibbəyli Məmməd Araz sənətinin
böyüklük və ucalığından danışarkən
haqlı olaraq bu qənaətə gəlir ki, “...Məmməd
Araz sənəti əsrin birinci yarısındakı Səməd
Vurğun məktəbi ilə sonrakı dövrün şeir
üslubu və ənənələri arasında çox
etibarlı və möhkəm varislik körpüsüdür.
Poeziyamızın artıq bir neçə nəsli
böyük sənət meydanına həmin poetik
körpüdən keçərək gəlmişdir”.
İsa
Həbibbəyli fikrinə şərik olmaqla bərabər,
demək istəyirik ki, M.Araz yaradıcılığı təkcə
nəsillər arasında sənət körpüsü yox,
sözün gerçək mənasında həm də
böyük mənəviyyat körpüsüdür ki, bu
körpünün bünövrə daşı Azəbaycan
xalqının min illik tarixi yaddaşından
süzülüb gəlir.
Xanəli KƏRİMLİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Ədəbiyyat qəzeti.-
2013.- 8 mart.- S.4.