Qaranquş

 

Əsdi vədə yeli... yaz müjdəsilə

Qondun eyvanıma yenə, qaranquş!

Mən sənin eşqinlə gəlirkən dilə,

Uçmağın dərd oldu mənə, qaranquş!

 

Bir zaman yuvanı uçurmuşam mən,

Bəlkə , bəlkə o yadındadır.

Dilin yox, dərd açıb söz söyləyəsən,

Dilin , sözün qanadındadır.

 

Bəzən əlində şiş, çiynində yaba

Uşaqlar yanıma yığıldı, ay quş!

On günə, bir aya tikdiyin yuva

Bircə an içində dağıldı, ay quş!

 

Yelləmi, selləmi keçdi ötən gün?

O, bəlkə ötəri şimşək səsiydi.

Sənin öz yuvandan ayrı düşməyin

Mənimçün bir uşaq əyləncəsiydi.

 

Bəlkə bu halımdan incidi dağ-daş

Bunu öz vaxtında duya biləydim.

Bir günlük uşaqlıq günahmı, kaş

Bütün ömrüm boyu yuya biləydim.

 

Bilmədim o günün ani nəşəsi

Mənə dərd olacaq ömrüm uzunu.

Bəlkə ev qayğısı, övlad nəfəsi

Olmasa indi duymazdım bunu.

 

Eh, xəyal nələri gətirir yada...

Yeni müjdən ola mənə, qaranquş!

Körpəlik gülüşüm qanadlarında

Bircə gün geriyə dönə, qaranquş!

 

Vaxt olur cansızdan can umur insan-

Adi təsəllidir, bunlar da ancaq.

Uçan körpəliyim, uçulan yuvan

Onsuz da geriyə qayıtmayacaq.

 

Gəl yenə yuva qur doğma yerində,

Könlüm həsrətinlə dindi, qaranquş!

Ta uçma, çəkinmə məni görəndə,

Mən uşaq deyiləm indi, qaranquş!

 

 

Palıd

 

Sevgilim, o qoca palıda bir bax,

Yenə puçurlayıb onun budağı.

Yadına gəlirmi iki il qabaq

O ilk görüşümüz, o bahar çağı?

 

Durmuşduq dibində o palıdın biz,

Ətrafda min rəngli çiçək var idi.

Çırpınan, titrəyən bizim qəlbimiz,

Bir o palıdın yarpaqlarıydı.

 

Görüb neçə bahar, qış havasını,

Durur qoca palıd bir xatirə tək.

Min yol dəyişsə , o libasını,

Bizim ilk sevgimiz dəyişməyəcək!

 

 

Şeirim

 

Gənc qələm yoldaşlarıma

 

Yaş ötüb, ayılıb görürsən bir vaxt

Heç yazmamısan, ömür yarıdır.

Alnına yazılan qırışlar ancaq

Ömrünün şikayət misralarıdır...

 

Tələsik qələmi alırsan ələ,

Ürək titrəyir əllərin kimi.

Lakin görünürsən Vətənə, elə

Sən yazılmamış əsərin kimi.

 

Bəzən quşa dönür saat da, an da.

Axşam gəzdiyini səhər tapırsan.

Elə olur ki, baxtın tutanda

Daş axtaran yerdə gövhər tapırsan.

 

Kainat deyimmi mən şerə, sözə!--

Onun min düyünü, min açarı var.

Onu duya bilməz ondakı közə

Qəlbində köz töküb alışmayanlar.

 

Bəli, duy bunları, ey şair yoldaş,

Səsini kəsməsin hər ötəri səs.

Nəhrin qabağına atılan bir daş,

Onun sürətini saxlaya bilməz!

 

Duy ki, tüğyanında boranın, qarın

Odlu bir ürəklə yazan olubdur.

Çox zaman nəşədən dəm vuranların

Əsəri, nəşələr pozan olubdur.

 

Söz gərək oxkeçməz qayadan keçə,

Yoxdursa sözünün kəsəri - yazma,

Özün sevməyincə, sevilməyincə,

Özgədən məhəbbət əsəri yazma.

 

Eyb etməz uçuşda yıxılsan bir an,

Təki deməsinlər qanadsız quşdur.

Göyləri fəth edən bir ana tərlan

Kim deyir balaykən yıxılmamışdır.

 

Şerim, çox danışdım, deyəsən, bir az,

Sən niyə susmusan - danışan mənəm?

Yox, şeir ocağı alovsuz olmaz

Alışdıran sənsən, alışan mənəm.

 

Şerim, el sazında mizrab vur telə,

Onsuz da ötəri ötən az deyil...

Özləri dünyadan getməmiş hələ

Adları dünyadan gedən az deyil.

 

Elin nəfəsidir ən böyük əsər,

Duysam da, özümü öyə bilmərəm.

Yüz bülbül səsi mənə versələr,

Elsiz bir nəğməni deyə bilmərəm.

 

Şerim, şimşəklərdən qanad istə sən,

Yerəsə insanın nəfəsiylə gəl.

Dünyada bir damla olmaq istəsən,

Dünyaya sən ümman həvəsiylə gəl.

 

 

Şair ömrü

 

Fikirli oluram, tutqun oluram,

Qanı soyuq bilir dost-tanış məni.

Axı mən bu halı satın almıram,

Təbiət beləcə yaratmış məni...

 

Gülüb-danışmıram günlərlə bəzən,

Fəqət səsim var, gülüşüm var.

Əriyər duyulmaz gülüşlərimdən

Şənliyi gülüşlə ölçən adamlar.

 

Hərdən hay-harayla keçən ömrümün

Bircə mənasından xəbərim olur:

Ən az danışdığım günlərim mənim

Ən çox danışdığım günlərim olur.

 

Az gülüb-danışan sanmayın məni,

Dodağı qaçmadan gülmək olar.

Bəzən bir iclasın demədiyini

Ani bir baxışla demək olar.

 

Mənim poladımdır hər kiçik yazım,

Fikrimlə əriyib döyülməlidir.

Şair masası da marten sobası,

Şair əlləri fəhlə əlidir.

 

Gülüşsüz olmaqdır - fikirsiz olmaq,

Bunlarsız varamsa - o mən deyiləm.

Mən belə, mən belə özüməm ancaq,

Özümdən ayrıla bilən deyiləm.

 

 

***

Dünya böyük, ömür yolu bir addım,

Bir balaca eşq adası yaratdım.

Bir uçrumdan fırtınaya tor atdım,

Bu cürəti görən, duyan olmadı,

Səndən mənə gün ağlayan olmadı.

 

Sığalını görsə idi kəhərim,

Yarıyolda büdrərdimi hünərim?

Göz yaşından barlanım, dərim...

Günün mənə gün bağlayan olmadı,

Səndən mənə gün ağlayan olmadı.

 

Taleyinin hökmü oldu, deyim,

Tez doğuldum, gec doğuldun, deyim...

Zaman keçdi, yaşa doldum, deyim...

Cavanlıqdan od saxlayan olmadım,

Səndən mənə gün ağlayan olmadı.

 

İki çırpı bir ocaqda gün ağlar,

Od səngiyər, köz sızıldar, kül ağlar.

Yaş ötəndə yada düşər günahlar:

Kim yıxıldı, kim haqlayan olmadı,

Kimdən kimə gün ağlayan olmadı...

 

 

Məmməd Araz

 

Ədəbiyyat qəzeti.- 2013.- 8 mart.- S.4.