Şeirimlə zaman gəzintisi
Yazdığım
şeirlər yaşadığım ömrün,
keçdiyim yolun məhsuludur. Yazdıqlarımı şeir
saydığım dövrdən başlamaq istəyirəm.
Yaşadığım dövrlə səsləşən
şeirlərdən nümunələr misal gətirəcəyəm.
Yaşadığım bu illər
ərzində heç vaxt zamandan və baş verən hadisələrdən
kənarda olmamışam. Diqqətli oxucularım mənim bu
sözümü təsdiq edə bilərlər.
Oxucularımı yormamaq üçün poemalarım,
romanım, povest və hekayələrim haqqında məlumat
vermirəm. Yalnız bəzi şeirlərimdən misralar,
nadir hallarda şeirin əsas
saydığım hissəsini təqdim edəcəyəm. Mən
1935-ci ildə dünyaya gəlmişəm. Şeirlərim isə
məndən xeyli sonra, yəni 1956-cı ildən dünyaya gəldiyini
sayıram. Ona kimi cızma-qaralarım vardı. Onları mən
yonqar sayıram. 1956-cı ildə “Azərbaycan” və “Kirpi”
jurnallarında şeirlərim çap olundu. Elə bu vaxtdan
şeirlərimin ömür yolu başlayır. Sizə hərəsindən
bir kuplet dadına baxmaq üçün misal gətirdiyim
şeirlər elə həmin ildə yazılsa da, uzun illər
sonra işıq üzü gördü.
Qarabuğdayı
bir qıza yazdığım qoşmadan:
Olaydı
Gecə-gündüz
yar düşündüm, yar andım,
İnan sənə
vəfalıdır, yar, andım.
Mən ki belə
bir utancaq yarandım, -
Barı
ürəyimdə dözüm olaydı.
Elə həmin
ildə, yəni 1956-cı ildə Səməd Vurğunun vəfatına
yazdığım şeirdən:
Şair ölümünə mən
inanmıram
Bir durna təkləndi,
bir şam qaraldı,
Bir dalğa
qıy çəkib itdi dənizdə...
Şeir
rübabından bir tel qırıldı,
Bir səs
çatışmayır xoş nəğməmizdə.
1956
1959-1964-cü
illər tələbəlik illərim. Görüşlər,
tanışlıqlar insan bolluğu içində təklik-tənhalıq,
qəriblik, etinasızlıq, boşluq ömrümə hakim kəsilmişdi.
Durğunluq, boşluq şeirindən
Sənin
sərin,
mavi
baxışların
tək,
dənizin
üzərindən
əsir mavi
bir külək.
Boynumuzu
dalayır.
Sular da
yorğun-arğın
sahilini
yalayır.
Eh... Sənin
dodaqların
baxışından
soyuqdu.
Əslində
bizim buna
heç
könlümüz də yoxdu.
Tənhalıqdan
qaçmışıq
tək
görünməyək deyə,
sığınmışıq
hansısa
bir xatirə
kölgəyə.
Baxırıq
gah dənizə,
Gah ulduza, gah
aya.
Bəlkə
heç ilk meymun da
bizim tək
etinasız
baxmayıbdı
dünyaya.
Hələ
dediyin ad da
Öz əsil
adın deyil.
Elə mənim
adım da
Oğurluqdu
elə bil.
Demədim
öz adımı,
Arabir fikrə
getdik.
Sən öz
ərini andın,
Mən də
öz arvadımı.
1962 - Moskva
Həmin
Moskva tələbəlik illərində yazdığım
“Qaragül dərili quzu” şeirindən bir neçə misra.
Əslində bu şeirin adını “Yazıq vətənim”
qoymuşdum. Dostlarım “Qaragül dərili quzu”
yazmağımı məsləhət bildilər.
Qaragül dərili
quzu,
Təbiətin
qəşəng qızı,
Elə ki sən
Bu dünyaya
gəlirsən,
Çoban
başının üstünü kəsir
əli
bıçaqlı,
o da
özünü bilir haqlı.
Dərin
korlanmasın deyə
Səni həsrət
qoyur
bir dünya
gözəlliyə -
başını
kəsir.
Quzum, ürəyinə
vurulan yara
dərin oldu,
dərin.
Quzum,
özün də bilmədin ki,
Sənin
qatilin
Öz gözəl
dərin oldu, dərin.
1959-1964
Babalarım
Babalarım bəy
olub, mərd olub,
Qoçaq
olub, mərd olub!
Kasıb olub,
mərd olub,
Qaçaq
olub, mərd olub.
Bəs bu namərdlər
hardandır?
Bax, bu mənə
dərd olub.
1965 - Bakı
Bu illərdə
səfər şeirləri ilə yanaşı, şeirlərimin
mövzusu bir az başqa istiqamətdə inkişaf edir.
Mən qanım, ya qanmayım
Qansam əgər
bəlkə başım
daşdan-daşa
dəyəcək,
Qanmaz olsam dərd
çəkmərəm,
bunu gərək
danmayım.
Bu da var ki,
onda məndən
çiçəklər
inciyəcək,
İndi
düzü mat qalmışam,
mən
qanım, ya qanmayım.
Qansam gərək
həmdəm olam
hər
tanışa, hər yada,
Necə
qanım qanmazların halına
mən
yanmayım?
Mən
qanmasam bir qanmaz da
artacaqdı
dünyada,
İndi
düzü mat qalmışam, mən qanım,
ya
qanmayım.
1967 - Bakı
Bu dövr
“Rüşvətxorlar” və başqa bu kimi sərt şeirlərim
də işıq üzü gördü.
Səfər
şeirləri 1962-ci ildən bu günlərə kimi şeirlərimin,
mövzularımın yol yoldaşı olub. 1964-cü ildə
Kamçatkaya ezamiyyət zamanı “Uzaq Şərqin
üfüqlərində Cavidi xatırladım” şeirini
yazmışdım.
Təyyarədəyəm,
göyləri fəth etmədə sürət,
Çərxi-fələyin
sürətini ötmədə sürət.
Yay idimi yer,
ox kimi atdı bizi ərşə,
Qaçqın
günəşə çatmağa yerdən üzü ərşə.
Cavid göy
üfüqlərində çiməndə səni andım,
Yandım, yenə
yandım.
Karvanını
çəkmiş yenə səyyarə buludlar,
Ahındımı,
arzundumu anlar.
Nəğməndimi,
qu nəğməsi, son nəğmən, əzizim,
Neylim mən,
əzizim?
Həsrətli
baxışlarını allam bu səmadan;
Bəlkə
o baxışdan qalan izdir qızaran dan.
Sakit okean bir
tərəfindirsə, a şair,
Bir yanda da qəlbin
kimi çılğın Xəzərindir,
Tayqa məzarındır.
Ruhundumu,
könlündümü vulkan?!
Nəğməndimi,
qu nəğməsi, son nəğmən, əzizim,
Neylim mən,
əzizim?
Bu “Neylim mən,
əzizim?” sualının cavabını yetmişinci illərdə
ulu öndərimiz Heydər Əliyev verdi. O illərdə Azərbaycan
Sovet Sosialist Respublikasının birinci katibinin belə hərəkət
etməsi böyük risk olmasına baxmayaraq, Əliyev Cavidin
nəşini gətizdirdi. O unudulmaz günlərdə mən
“Cavid gəlib, aç qoynunu” şeirini yazdım.
Tale, nə
gözəl gündü bu, sən insafa gəldin,
Qırx ildi gəlirdin,
gəl a Cavid, səfa gəldin.
...Torpaq,
gözün aydın,
Onu al qoynuna,
torpaq!
İtkin
düşən oğlun gəlir,
Yoldan gəlir,
yorğun gəlir.
Ey ulu torpaq,
ana torpaq.
Cavid gəlib,
aç qoynunu,
Bas
bağrına, torpaq!
Bu dövr elə
bil gizlin bir ümiddən insanların üzünə
azadlığın işığı düşürdü.
Ürəklərə inam, qüvvət verirdi. Neftayırma
zavodları tikilirdi, yeniləşirdi. Dərin özüllər
zavodunun özülü qoyulurdu. Peşə məktəbinin
bazasında zabitlər məktəbi yaradılırdı.
Bunların hamısının arxasında böyük bir niyyət
dururdu. Azadlıq arzusu dayanırdı. Eyni zamanda yaxşı
bilirdik ki, azadlıq böyük itkilərsiz keçmir. Bu
görülən işlər həm də itkiləri azaltmaq
üçün, xalqın qanı, canı bahasına
qazandığı azadlığı sonradan qoruyub saxlaya bilməsi
üçün daha vacib idi. Azadlıq qurbansız olmur. Onda
ola ki, sosializm lagerindən azad olmaq elə türmədən
qaçmaq kimi bir şeydi. Biz bir ölkəni “lagerdən”
qaçırmaq istəyirdik. Bu doxsanıncı il iyirmisi
yanvarsız olmayacaqdı. Amma mənim şeirlərim hələ
səksən birinci ilə keçirdi. Böyük şairimiz
Rəsul Rzadan sonra həyata vida edən, şeirimizin xanım
şairi Nigarın tabutu yanında durmuşdum, ürəyimdə
şeirimlə dayanmışdım. Artıq məlum idi ki,
onu Rəsulun yanında dəfn etməyəcəkdilər.
Anar da qərara gəlmişdi ki, ikinci xiyabanda yox,
anasını nənəsinin yanında dəfn eləsin. Məncə
də düz qərar idi.
Rəsul
Rzanın yarı,
Şeirimizin
xanım Nigarı
zamanın
çiynində getdi.
Bu isti yay
günündə
Günəş
qovurğa qovurur başımızda.
Bir yandan da
ölüm, ayrılıq.
Sərinlik
axtarırıq
bir damla
göz yaşımızda.
Bundan o yana
sirr yoxdu,
hər
şey bəllidi, bəlli,
daha nə təsəlli.
Rəsulun
Nigara açılmış qolları
Bütöv
Azərbaycan torpağıdır.
Hara
qoysanız Nigarı
Ora Rəsulun
qoynudur,
cənnət
bağıdır.
Bu ürəyimdə
pıçıldadığım
Özümə
təsəllidir,
Nigar
xanım, sənə ağıdır.
Mat qaldım
dünyanın oynuna,
İnsanın
əsil boyu
Məzarda
görünürmüş.
Mat qaldım
məzarının
balaca boyuna.
Körpə
qızı qayıtmışdı
ananın
qoynuna.
Rahat
yat
Nigar
xanım.
Bu sənin
ana torpağındı,
Ana qoynu cənnətdən
də
sənə
yaxındı.
Torpaq
heç kəsin deyil,
Hamı
torpağındı.
Rahat
yat
Nigar
xanım.
1986-cı ildə
özüm çox ağır bir cərrahiyyə əməliyyatına
məruz qaldım. Ayılanda gördüm səsim heç
yoxdu. Verilən narkozun təsiri dörd ilə yaxın məndən
tam getməmişdi. Yaddaşım qırılırdı,
özümü yuxulu kimi hiss edirdim. Bir müddət şeir
yaza bilmədim. Çünki mən şeir yazanda misraları
bərkdən oxuyub, dinləyib, rəndələyib, düzəldib
yazırdım. İndi isə səsim
çıxmırdı. Misraların dadını, tamını
hiss eləmirdim. Başımı qatmaq üçün
“Taleyin ağır taleyi” adlı romanını yazdım. Məni
o xəstəlikdən və əməliyyatdan sonra ayağa
qaldıran xalq hərəkatı oldu. Azadlıq meydanı,
insanların birliyi 1989-cu il ərəfəsində yenidən
şeirə qayıtdım. Özü də bu şeirlə:
Yoxdu
Daş
olarmış nadan səsi,
Sındı
könlümün şüşəsi.
Qanmaz
başlara düşəsi
Allahın bir
daşı yoxdu.
“Dərd əlindən
çıxdım dağa”
Dərdim var
dərd dağlamağa.
Görürəm
ey... ağlamağa,
Gözlərimin
yaşı yoxdu.
Bu günlərdən
ötən yazıq,
Yetməyən
vay! Yetən yazıq.
Neyləsin bu
vətən yazıq,
Başçımızın
başı yoxdu.
Zaman sel kimi
hamını - məktəbdən uşaqları, onların
arasında mənim də balalarım vardı, evlərdən
anaları, bacıları, qardaşları, onların
arasında mənim anam, üç bacım, beş
qardaşım, onların balaları vardı. Mən də
gedirdim. Daha doğrusu, məni də bu sel aparırdı.
Qoşurdu meydanda dalğalanan insan dənizinə. Bir yandan
xalqımızın birliyi ilə iftixar edirdim. Bir yandan da
vaxtın daraldığını, təhlükənin
yaxınlaşdığını hiss edirdim.
Görmüşdüm, Macarıstanın, Çexoslovakiyanın
inqilabının necə yatırıldığını
görmüşdüm. Onda ola SSRİ-nin mədəsində
olan balaca Azərbaycan Respublikası ola. Bir bəhanə
tapıb gələcəkdilər, bəhanəsiz də gələ
bilərdilər. Kimdən utanacaqdılar? Nəhayət, mənim
ov tüfəngimi gəlib evdən apardılar, başa
düşdüm ki, vaxta az qalıb. Amma nə yaxşı ki,
o zaman silahları əhalidən yığıblar.
Çünki silahlı müqavimət göstərilmədi.
Daha çox insan qırmağa bəhanə tapılmadı. O
zaman mənim kifayət qədər yaşım vardı, hələ
tam sağalmamışdım. Səbirli adamam, görəcəyim
işin nəticəsini düşünən adamam. Bilmirəm,
tüfəngim, qətərim evdə olsaydı, mən
dözüb dayana bilərdimmi. Cavan qızların,
oğlanların güllələndiyini görüb dayana bilərdimmi?
İnanmıram! Silahlar yığılmasaydı,
özünü tankın altına atan dəliqanlılarımıza
necə demək olardı ki, atəş açmayın, desən,
nə xeyri vardı? Əli yalın özünü tankın
altına atana nə deyəcəksən? Əlbət ki, əldə
silahlar olsaydı, zəif bir müqavimət göstərəcəydik.
Mütləq göstərəcəkdik. O yerdə, o vəziyyətdə
insanın düşünməyə vaxtı olmur. Əllərinə
girəvə verilmiş olacaqdıq. Bütün Azərbaycanı
“ekstrimist” adlandırıb tank tırtılları altında əzəcəkdilər,
bacardıqca amansızlıqla əzəcəkdilər.
Çünki başqa respublikalara bu dərs olmalı idi.
İran Azərbaycan sərhədinin sökülməsi bizə
Moskvanın qurduğu tələ idi, bizi ona
salmışdı. Amma biz bir xalq kimi bu döyüşdən
üzü ağ, alnıaçıq çıxdıq. Bizi
bu döyüşdən qalib çıxardan birliyimiz oldu. Biz
şəhidlərimizi güllə altından
çıxartdıq, milyondan çox insanın
iştirakı ilə qərənfil yağışı
altında Şəhidlər xiyabanına apardıq,
quduzlaşmış qoşun dönüb tamaşaçı
olmuşdu. Fabriklər, zavodlar qırx gün susdu, şəhidlərin
yasını saxladı. Biz onda qalib gəldik, SSRİ onda
çat verdi, bizim zərbəmizdən çat verdi,
dağıldı. Əslində o biri respublikaların da azadlığında
bizim birliyimizin rolu var. Mən inanıram ki, o birlik xalq kimi
bizim canımızın özəyində bu gün də var,
yaşayır. Biz azadlığımızı bir daha əldən
verən deyilik, buna cəhd eləyən hər hansı bir
qüvvə qarşısında Azərbaycan xalqının
birliyini görəcək.
Mənim indi
yetmiş səkkiz yaşım var, bu yetmiş səkkiz ildə
qazandığımız (xalq olaraq) ən qiymətli sərvət
bizim azadlığımız, müstəqil dövlət
olmağımızdır.
Mən azad
bir ruham,
Bədənim
mənim vətənimdir.
Beynimdə,
ürəyimdə, ruhumda
Nə varsa
azaddır, mənimdir.
Bədənimin
vətəni Azərbaycandır,
Onun da ruhu
var,
O da mənim
kimi bir candır.
Azad olmasa
döyüşər,
Ya qalib gələr,
Ya da şəhid
düşər.
Azad olmasa
insan
məhv olar bəşər.
1995-ci il
Qarabağ
döyüşləri başlamışdı. Hərə
özünə bir dəstə düzəldib guya
döyüşürdülər. Döyüşənlər
arasında ixtisaslı zabitlər az idi. Universitetlərin
müəllimləri, akademiyanın alimləri, yun yuyan,
limon-mandarin satan - hamısı hərbi mütəxəssis
olmuşdu. Əlbət ki, onların arasında canı
yanıb özünü oda toxuyanlar da vardı. Amma
döyüş də dünyanın ən qədim sənətlərindəndir.
Onun da məktəbi var. Bunların bəzisi axşam sıravi
yatıb səhər yuxudan polkovnik oyanırdı. Yaxın
qohumum, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmova
dedim:
- Məlik
dayı, niyə gedib bunlara öz köməyini təklif eləmirsən?
- Niyə
lazımdır? -dedi.
-
Cavanlarımız qırılır, kəndlərimiz
dağılır.
- Mənim
öz işim var.
- Dayı, belə
olmaz. Azadlığımız əldən gedə bilər.
Orda mütəxəssis azdı, Axı sənin yüksək
hərbi təhsilin, çox böyük hərbi təcrübən
var. Sən yeganə adamsan ki, komandiri olduğun batareyanın on
səkkiz əsgərinin hamısı Sovet İttifaqı Qəhrəmanı
olub. Bu, sənin vətənindi, get kömək elə.
Dayım əsəbiləşib
mənə acıqlandı:
- Əl
çək məndən. Sən mənə vətəni sevməyi
öyrədirsən. - Sonra səsini aşağı saldı,
susdu. Az sonra pıçıltılı səslə: -
Getmişdim, - dedi. - Getmişdim. Birtəhər qəbula
düşdüm. Dedim bəlkə gəlim, sizə lazım
olaram. Dedilər get işinlə məşğu ol! Sənin
dövrün keçib. Sən bunu bacarmazsan. Get, mane olma.
Dayımın
dediyi sözlər üzümə şapalaq kimi dəyirdi. Məni
tər basmışdı. Vəziyyətimi görüb
çiynimə əlini vurdu:
-
Yaxşı, yaxşı, fikir vermə. Neçənci dəfədir
bunu mənə deyirsən. Mən də sənə demək
istəmirdim. Rusların misalı var: zorla əziz ola bilməzsən.
Neynək, fikir vermə.
İllər
ötüb, o kişi də dünyasını dəyişib.
Amma indi də ona verilən cavab yadıma düşəndə
nədənsə mən utanıram.
Ömrün yükü
Ağıllının
səhvi
Təsadüfən
boynuna düşən
bir
yükdü.
Ağılsızın
verdiyi əzabı
ömürlükdü.
1992-ci il
Mən
xoşbəxt insanam vətənimin bu günlərini
gördüm. Yaramaz insanları görəndə də bir az
tutuluram, sonra düşünürəm ki, 1990-cı ildə
də bu insanlar var idi. Amma vətən darda olanda, sınaq
anında bizimlə qranit kimi birləşmişdi.
Bugünkü qələbədə onların da xidməti
var. Xoş günlərdə, arxayınlıqda, vətən
təhlükəsi olmayanda insanların vətən qeyrəti
xumarlanır, dincəlir, güman edirəm lazım olanda vulkan
kimi oyanacaq. Amma mən şeirlərimi bu gün də
yazıram.
2013-cü
ildi. Fevralın 25-i “Kainatda bir qadın
hıçqırır” adlı şeir yazmışam. Sizə
təqdim edirəm.
Kainatda bir qadın hıçqırır
Kainatda
hıçqırır
Tənha bir
qadın səsi.
Evi xərabə
qalmış,
Evi - bu Yer
kürəsi.
Ağlayır
yana-yana,
Ağlayır,
deyir, ana:
- Cənnətdə
mən çıxmışdım
Atamızın
sözündən...
Düşdüm
onun gözündən:
Mən cənnətdən
qovuldum,
Atıldım
yer üzünə.
Ev oldum, ailə
odum.
Balalarım
var idi
Ağ, qara, mulat,
qızıl,
Qırmızı,
sarı bəniz.
Ən paraq
ulduz idi
kainatda evimiz.
Mənəm-mənəm
deyənlər
Özgə
haqqı yeyənlər
Üz-üzə
dayandılar,
Yandırdılar,
yandılar.
Mən
özüməm günahkar,
Deməyə
də sözüm yox.
Atamın da
yanına
Qayıtmağa
üzüm yox.
Haram məndən
keçmişdi
İnsana -
övladıma.
İnsanlar nəsil-nəsil
Yanır mənim
oduma.
Bu sonsuz
kainatda
Didərgin
bir qadınam.
Sənin
qızın Həvvayam,
Mən sənin
övladınam.
Düzdür,
böyükdür xətam,
Keç
günahımdan, atam.
Məni yenidən
yarat,
Ya da cəhənnəmə
at.
2013-cü il
Şeirlərimlə
qol-qola hələ ki, yola davam edirik, haçana kimi? Allah bilir
-
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2013.- 8 mart.-
S.5.