Zərturunc və Novruz yumurtaları

  

Ah, əzəl bayram,

ah, gözəl Novruz!

Ay min-min uşağın qəlbini

şad eyləyən Novruz!

Acların qarnını tox edən bayram!

Gəl çıx tamaşaya, bax gör

nə gözəl bayramdı, Novruz!

1907-ci il

Cəlil Məmmədquluzadə

 

Boynumuza alaq ki, bu gün əzəl Novruz bayramımız, onun mənşəyi və icraetmə tərzi haqda az-çox məlumatımız olduğu halda, bu şənliyin ayrı-ayrı ayin-mərasimlərində istifadə olunan bir para önəmli əşya və rəmzi atributların, xüsusilə Günəşi simvolizə edən bir sıra əşyaların iç mahiyyəti və təyinatı barədə, demək olar ki, xəbərimiz yoxdur. Misal üçün, götürək bayramın ən önəmli amillərindən sayılıb Novruz gecəsi hazırlanan bayram süfrəsini. Düzünü deyək, onun ətrafında və üzərində düzüləcək gərəkli rəmzi əşyalar barədə nə deyə bilərik? Heç nə. Odur, əzəl bayramımızla daha yaxşı və ətraflı tanış olmaq üçün onu xırdalıqlarına kimi araşdırmalıyıq.

Bir sözlə, əski tarixi yazılar və sonrakı araşdırmalara arxalanaraq bu gün demək olar ki, keçmiş əyyamlarda müqəddəs Novruz gecəsi, ilk öncə və əski qaydaya uyğun, bayram süfrəsinin görümlü bir yerində, yaxud düz ortasında, bir güzgü yanında iri portağal və ya qırmızı-çəhrayıya çalan portağal rəngli acımtıl “turunc” (onun “toronc-türünc- narınc “ deyiliş şəkilləri də var, xalq arasında isə ona “qızməməsi” deyirlər), əslində, sitrus meyvəsi “qreyfrut” yerləşdirilirdi. Çox vaxt onu ortadan kəsib Günəşin təsvirini xatırladan içi görünən tərəfilə süfrənin ortasına qoyur, digər hissəsini isə sıxıb şirəsini hamıya paylayaraq içirdilər.

Ötənlərdə sən demə, bu subtropik meyvənin bilavasitə özu, yaxud onun əlvan metal oxşarı və ya qızıl suyuna cəkilib “zərturunc” (“qızıl turunc” anlamındadır) adlanan iri modeli, bayram günləri həddindən qiymətli və arzuolunan bir bəxşiş, ərməğan sayılmışdır. Bir vaxtlar hökmdarların taxt-tacı qarşısında daima tavandan asılmış iri metal “zərturunc”lar Yaxın Şərq klassik ədəbiyyatında, bir qayda olaraq “Nur mənbəyi”, “Əbədiyanar səma odunun rəmzi”, “Asimanın gəlini” və “Kainatın mərkəzi” kimi qələmə verilmişdir.

Payızgüntəni - 23 sentyabr günü keçirilən digər Günəş bayramı Xəzan süfrəsinin ortasında isə, hökmən bostan meyvəsi -“şəmsə şamama” (“şəms” ərəbcə günəş deməkdir, el-oba içində çox vaxt Günəşə “səhər şamaması” demişlər) adı daşıyan yupyumru, sapsarı kiçik bir yemiş sancılırdı. Ötənlərdə bundan ötrü, bir qayda olaraq, yemişin çəhrayı rəngli, xoş ətirli, lakin yeyilməyən bir növünə də müraciət olmuşdur ki, bu gün ona çox nadir hallarda təsadüf etmək mümkün olur.

Demək olar ki, həmin zamanlar, istər “şəmsə-şamama”, istər “turunc-portağal” olsun, rəngi və biçimlərinə görə əbədiyaşar səma odunu xatırlatdığı üçün dədə Günəş və Günəş bayramlarının rəmzi nişanı, baş atributu sayılaraq həmin bayram tədbirlərinin diqqət mərkəzində olmuşlar.

Dədə Günəşin başqa bir rəmzi atributu isə yaz-yay fəsli yetişdirilmiş digər bostan meyvəsi qarpızın zolaqsız və qalınqabıq ağ növü olmuşdur. Rəngi ağ, içi qıpqırmızı olduğu üçün o da insanlara günəşi xatırlatmışdır. Həmin qarpız xüsusilə qış fəslinin 21 dekabr Çırağan Günəş bayramı zamanı süfrəyə gətirilmışdir. Sonralar ona xalq arasında “çillə qarpızı” da (bu gün Böyük çillə başlayırdı) demişlər. İndiki zamandan fərqli olaraq, bostan meyvələri qarpız və yemişi, çox nadir hallarda Novruz bayramına qədər saxlamaq mümkün olurdu. Buna baxmayaraq, qarpız da yemiş və portağal kimi Günəşi təmsil edən rəmzlərdən biri sayılmışdır.

Bunlarla yanaşı, bayram axşamı və bayram günü, adət-ənənəyə müvafiq, hamı yerə salınmış və “xan novxan Novruz xanı bayram xanı” adlanan ağ-bəyaz, çox vaxt isə al-qırmızı rəngli, uzunca zərli saçaqlı böyük bir dəyirmi süfrənin saçaqları üzərində bardaş qurub əyləşməliydi. Yəqin elə həmin əski ənənəyə görə, bayram günləri saraylarda hökmdarın taxt-tacı altına da saçaqlı dəyirmi xalça və ya süfrə salınırdı. Əsas etibarilə həmin dairəvi süfrələrin üzərinə, üstünə bayram şamı sancılıb, turunc və ya iri portağal yerləşdirilmiş bir girdə mis sinini (həmin siniyə adətən “xançə (yəni, kiçik xan, süfrə) xonçə, qönçə, güncə, güncik” deyirdilər) çıraq, manqal təki, dəyirmi süfrənin ortasına və süfrə ətrafında əyləşmiş hər ailə üzvünün qarşısına qoyurdular. Yaxud, iri portağal-turuncu və ya şamama yemişini incə toxunmuş bir balıq toru içinə salıb çilçıraq əvəzinə tavandan asırdılar.

Aydın məsələdir, bayram gecəsi dairəvi (“dairə” həmişə Günəşin rəmzi simvolu olmuş, zərli saçaqlar isə ondan ayrılan şüaları təmsil etmişlər) süfrənin saçaqları üzərində əyləşmək, süfrədə girdə sini “xançə-güncik”in olması, tavandan portağal və ya sarı yemişin asılması, əslində və açıq-aşkar əbədiyanar səma odunun rəmzi təsvirləri, atributlarını bir daha yada salıb xatırladır və evdəkilərin bu gözəl və müqəddəs bayram günü və gecəsi Dədə Günəşin himayəsi altında olub, onun güc-qüvvəti ilə bəhrələnmək arzusuna işarə etmirmi?

Onu da bilməliyik ki, artıq ortaçağlarda, naməlum səbəbdən bayramdakı özünəməxsus səma odu rəmzlərini ikinci plana çəkərək, əsas etibarilə xına və zəfəran suyunda boyanmış və ya qızıl suyuna cəkilmiş toyuq yumurtalarına daha ustunluk verilməyə başlanmışdır. Lap son əsrlərdə isə yumurtaları göy səməni otu əvəz etmişdir. Keçmişdə onu yalnız və yalnız falabaxma və xüsusi halva bişirməkdən ötrü becərmişlər.

Bəlli olur ki, ümumilikdə yumurta, bir sıra qədim əqidələrdə dünyanın modeli kimi təqdim olunmuşdur. Ortaçağların düşünüşünə görə, sən demə, yumurta Tanrının bəşəriyyətə bəxş etdiyi “dörd müqəddəs varlıq, dörd ünsür”ün bir-birinə qovuşmasından həyatın, canlılığın yaranması və bir para şeylərin ibtidasının rəmzi təcəssümüdür. Deməli, burada yumurtanın soyuq və rütubətli ağı - Su varlıqını, istilik verən sarısı - Odu, quru qabığı və dairəvi biçimi - Torpağı, incə pərdə arasındakı kiçik boşluq isə, müqəddəs Hava varlıqını simvolizə etmişlər. Ayrı-ayrı xalqların dillərində işlənilib hərəsi dörd hərfdən ibarət - yayso yadro (kiril əlifbası ilə bu sözlər dörd hərfdən ibarətdir) nüvə - maya toxum, kürü - ikra kimi eyni mənalı deyimlər dörd müqəddəs varlığa işarə etmirlərmi?

Hamıya məlumdur ki, adi çiy və ya suda bişirilmiş yumurtanı heç cür, nə şaquli vəziyyətdə küt tərəfi üstə, nə də sivri təpəsi üstdə sərbəst dayandırmaq qeyri-mümkündür. O, mütləq böyrü üstə yıxılıb çalxanacaqdır. Amma, inama görə gözəl Novruz bayramı gecəsi, iltəhvil saatı anı yumurtanın güzgü üzərində hərlənməsi və bir an dik, kürəsi üstə durması mümkündür. Buna xalq arasında “yumurta calxama” deyilmiş və hamı bu anı səbirsizliklə gözləyərək həyatda yoxlamışlar. Belə ki, bununla təzə il, Yazgüntəni günü və Novruzun başlanğıc anı dəqiq müəyyən etmək mümkün olmuşdur.

Daha bir fakt. Bir vaxtlar suda bişirilmiş yumurtanı (bu adətən iri ördək yumurtası olurdu) qabığından təmizləyərək iki hissəyə paralayıb (ona “paralanmış töxm” deyirdilər) bayram süfrəsinə üzbəüz qoyurdular. Adət üzrə, ər-arvad, xüsusən təzəbəy-təzəgəlin, hərə həmin yumurtanın bir yarısını götürüb yeməliymiş. Digər ailə üzvlərinin hamısı isə süfrədəki bayram təamını yeməkdən əvvəl bir ilıq yumurta yeməliydi.

Digər tərəfdən bilirik ki, ilıq yumurtaları yemək üçün onları, bir qayda olaraq, bundan ötrü hazırlanan və biçimcə əsas etibarilə müasir qədəh, rümkaya bənzər bu və ya digər biçimli yumurtaqabı-“töxmdan yumurtalığ”a yerləşdirirlər. Ötənlərdə isə, gözəl Novruz bayramı süfrəsi “novxan”ın ortasına, üç dayağı olan bərli-bəzəkli xüsusi bir yumurtalıqda qızıl suyuna çəkilib incə naxışlarla işlənmiş iri bir dəvəquşu yumurtası qoymuşlar. Hələ qədim Şumerdə Yazgüntəni günü keçirilib Əkidu adı daşıyan bayramda möhtəşəm bir izdihamın başında gəzdirilən Günəş Tanrısının heykəli önündə bərli-bəzəkli, üçdayaqlı, iri bir yumurtalıqda yumurta biçimli, qızılı rəngli böyük bir kuzədə gülablı şərbət aparırmışlar.

Digər tərəfdən bəlli olur ki, xristianların “Pasxa” dedikləri bayram uzun müddət və bir qayda olaraq, yurdumuzda “Qızıl yumurta bayramı” adlandırılmışdır. Ən maraqlısı odur ki, Yaxın Şərqin tarixi salnamələrində, bəzi çağlarda Novruz bayramı “Qızıl yumurta bayramı” tək qələmə verilməkdədir.

Yeri gəlmişkən, burada haşiyə çıxıb deməliyik ki, 1882-ci ildə Rusiyada zərgərlik firması açmış faberje adlı bir əcnəbi zərgərin qızıl və daş-qaşdan hazırladığı zərgərlik əşyaları, daha doğrusu, onun “üçdayaqlı yumurtalıq”lardan ibarət zərgərlik məmulatı imperator III Aleksandrın diqqətini xüsusi cəlb etmiş və o, saray əhli və öz xanımı üçün bu zərgərə 51 ədəd yumurta biçimli, üç dayaqlı zərgərlik məmulatı sifariş vermişdir. Belə ki, onlar içində, bu imperatorun atlı heykəli, bir hərbi gəmi, imperator saraylarından birinin və hökmdarın tacqoyma mərasimində istifadə olunmuş bir karetin miniatür modelləri yerləşdirilib daş-qaşla bəzənmiş "qızıl yumurtalar" çox gözəgəlimli olmuşlar. Faberje özü və onun zərgərləri ümumilikdə 71 nüsxədən ibarət böyük bir "qızıl yumurtalar" kolleksiyasının müəllifləridirlər.

Söz yox ki, əcnəbi zərgərin bu biçimli zərgərlik əşyaları ortaçağlarda Yaxın Şərqdə dəbdə olmuş və ulu Novruz bayramı günləri sarayda həyat sürən xanımların, bir qayda olaraq hökmdardan aldıqları yaraşıqlı piyalə, cam və ya tərəzi gözlərində qızıl suyuna tutulub, üzəri incə naxış və rəsmlərlə işlənmiş yumurtaları hədiyyə almaq, bir-birinə qızılı yumurtalar bağışlamaq və ümumilikdə,Yaxın Şərqin yumurta bəzəmə ənənəsinin güçlü təsiri altında yaranmışlar, daha doğrusu, onların yamsılaması, bir qədər təkmilləşmiş variantlarıdırlar. Sonrakı dövrlər artıq şüşə və qızıldan hazırlanmış yumurta biçimli zərgərlik məmulatı tez bir zamanda böyük şöhrət tapmış və bir qayda olaraq ev xanımlarının ən bahalı əşyalarının saxlancı tək istifadə olunmağa başlanmışdır.

Bununla yanaşı, ayrıca maraq doğuran bir fərziyəyə görə, sən demə, üçdayaqlı yumurtalıqlar, həmçinin rus nağıllarındakı Baba Yaqanın toyuq ayaqlı “izbuşka”sı, haçansa Asimandan yer üzünə təşrif gətirmiş, deyək ki, özgəplanetli “tanrılar”ın uçar kosmik obyektlərinin kiçik modelləridirlər. Əgər belədirsə, Hindistandakı büsbütöv daşdan yonulub üzəri əcaib-qəraib oyma naxış və fiqurlarla bəzənmiş bir para qədim məbədlərin büsbütöv yumurtaqabı, yaxud adi yumurta biçimində olması, söz yox ki, bununla əlaqəlidir. Bu məbədlərə gendən baxanda, sanki müasir kosmodromda uçuşa hazırlaşan bir kosmik gəmini görürsən.

Bir sözlə, ötənlərdə, istər əzəl Novruz, istər digər Günəş bayramı olsun, saraylarda bir-birinə qızıl suyuna çəkilmiş, yaxud əlvan boyanmış və ya şəkərbura təki, üzərinə naxış salınmış toyuq yumurtaları bəxş etmək bir adət-ənənəyə çevrilmişdi. Qəribə səslənib təbəssüm doğursa belə, demək lazımdır ki, bizim günlər çoxuna bəlli olan yumurta biçimli şokolad məmulatı - “Kinder sürpriz”, demək olar ki, həmin “ənənəni” bu və ya digər şəkildə qismən də olsa davam etdirməkdədir.

Digər tərəfdən bilirik ki, Novruz ərəfəsində və bayram günü bütün evlərdə müəyyən miqdarda suda yumurta (əsas etibarilə xına və zəfəran suyunda) bişirib Dədə Günəş, od-alov və yazın rənginə müvafiq, qırmızı, xınayı və yaşıl rənglərə boyamışlar ki, onları, adətən “boyalı yumurta” adlandırırlar. Yumurtaları həm də ona görə boyamışlar ki, bayram günləri başqa çiy yumurtalarla çaşbaş salınmasınlar. Əski inama gorə, bayram günləri boyalı Novruz yumurtaları, sən demə, mualicəvi xüsusiyyətlərlə aşılanırlar. Elə bu səbəbdən bayram günləri onları sındırıb yemək yasaqdır, boyalı yumurtaları Günəşin yer üzündəki hakimiyətinin sonu, 23 sentyabr Payızgüntəni günü, Xəzan bayramına qədər qoruyub saxlamalıydılar. Odur, xarab olmasın deyə, onları suda soğan qabığı ilə (bu onlara xınayı rəng verir) birgə bişirirdılər. Adət-ənənəyə müvafiq, müqəddəs Novruz gecəsi yeyilən adi yumurtaların qabığını pencərədən dışarı atmaq olmaz. Belə ki, yaxın günlərdə dünyasını dəyişmiş qohum-əqrəbanı yad etmək üçün yumurta qabığını səliqə ilə yığıb axar sulara atırdılar. Boyalı yumurtaların bir qismi ailə üzvlərinə, digərisi bayramı təbrik etməyə gəlmiş mübarəkbadlara, bir qismini isə yeniyetmə uşaqların yumurta ilə oynadıqları əyləncələr üçün ayırırdılar.

Xalqımız içində “min-min uşağın qəlbini şad eləyən” gözəl Novruz bayramının əsas rəmzlərindən biri sayılan yumurta ilə əlaqəli falabaxma ayini və çoxlu oyun-əyləncə növü mövcuddur. Belə ki, Novruzağzı İlaxırcərşənbələrində (bir qayda olaraq Yalançərşənbədəki Xızır bayramı gecəsində), əsas etibarilə yeniyetmə qızlar tərəfindən icra olunan “yumurta falı”, ürəkdə tutulmuş niyyəti qabaqcadan yozmaq, öyrənib bilmək məqsədi güdürdü. Bundan ötrü bir çiy ağ yumurtanı əl çatmayan yerə, yük dolabı altına və ya taxça rəfi üstünə yerləşdirib yanına qırmızı və qara boya, yaxud adi kömür və kərpic qırıntısı qoymaqla ürəklərində niyyət tutub yatırdılar. Səhər durub baxırdılar, əgər yumurta üzərinə qırmızı xətt və ya ləkə düşübsə, deməli üzə gələn ildə tutulmuş niyyət həyata keçəcək. Əgər yumurta üzərində qara xətt, qara ləkə varsa, arzu-dilək həyata keçməyəcək. Buna da sonralar el içində bir zərb-misal tək “yumurtaya qara gəldi” - deyirdilər.

Novruzağzı İlaxır çərşənbələr və bayram günlərində kiçik oğlan uşaqlarından tutmuş bığlı-saqqallı cavanlara kimi, hamının ən sevimli məşğuliyyətlərindən biri olan özünəməxsus “yumurta döyüşdürmə” adlanan oyun-əyləncəsi iki rəqibin həm çiy, bişməmiş, həm də suda bişirilib əlvan rənglərə boyanmış toyuq yumurtalarının küt və ya sivri təpələrini bir-birinə vurmasından ibarət olmuşdur. El-oba içində onun başqa adları da olmuşdur. Məsələn, uzaq keçmişdə “töxumcəng toxumcəngi toxumbazlıq”, sonralar isə “yumurtadöydü” yumurta döyüşü, yumurta toqquşdurma” və s.

Bu oyunun ilkin şərti “dadma”, yaxud “dadışma” dır. Belə ki, oyunun əvvəlində, bir qayda kimi iki oyunçu: “Gəl yumurtaları dəyişib, vuraq” və ya “Gəl dadışaq” deməklə, oyun yumurtalarını dəyişib danışdıqdan onları döyüşdürmək təklif olunur və hər iki tərəfin razılığı ilə oynayanlar rəqibinin yumurta ilə dolu səbətini öz səbətilə dəyişib oradakı bütün yumurtaları dişlərinə vurmaqla onların bərk-boşluğunu yoxlayır, sonra səbətləri bir-birinə qaytarırdılar. Çox vaxt burada yumurtalardan birinin o birilərdən hədsiz dərəcədə bərk olduğu aşkarlanır və həmin yumurta oyundan kənarlaşdırılırdı.

Qayda üzrə, ilk əvvəl rəqiblərdən biri yumurtasının künəsini tutub: “Sən tut, mən vurum” - deyirdi, yaxud müqabil tərəf: “Bax, bunu mən tutmuşam, sən harasından istəyirsən vur!” Yaxud, “Sən yumurtanı əy, mən vurum” və bu kimi sözlərlə müşayiət olunan yumurta döyüşdürmə oyunu başlayırdı. Yumurtalar əsasən sivri, bəzən isə, yastı, küt tərəflərilə toqquşdurulurdular. Belə ki, bir yumurtanın sahibi yumurtasını açıq tutub müqabilinə: “Bu yumurtaya qara gələrəm” - deyirdi. Bu da o deməkdir ki, o yumurtanın sivri təpəsinə deyil, ondan azca aşağı, qara qələmlə nişanlanmış yerinə vurmaq istəyir...

Açığını desək, bu oyunda daha çox səriştə və məharət, qismən isə hiylə qalib gəlirdi. Məsələn, bəzən burada zahiri görkəminə görə həqiqi yumurtalardan heç də fərqlənməyən “saxta” yumurtalardan da istifadə olunurdu, amma bunun üstü tez açılırdı. Bəzən isə möhkəm və davamlı olsun deyə, müəyyən müddət duz içində saxlanılmış yumurtalara da təsadüf edilirdi. Nəticədə, həmin “döyüş”, bir qayda olaraq, qalmaqallı və səs-küylü, ehtiraslı bir əyləncəyə çevrilirdi.

Bir sözlə, oyunda kimin yumurtası salamat qalıb çox yumurta sındırsaydı, o, rəqibinə qalib gəlmiş bir igid döyüşçü tək sevinir, rəqibinin sınıb-zədələnmiş yumurtalarını götürüb öz səbətinə yığırdı. Əski inama görə, sən demə, üzə gələn təzə il bu “qalib” üçün çox uğurlu olub bəxti həmişə gətirəcəkdir. Həmçinin, inanmışlar ki, yumurtaları salamat qalmış oyunçu, guya rəqiblərinə görə, tam günahsız, düz, əməlisaleh adam sayıla bilər.

Bəlli olur ki, ruslarda da “bitki”, yaxud “çokatsa və ya stukatsa yaytsami” (yumurtaları bir-birinə taqqıldatmaq, toqquşdurmaq deməkdir) adı daşıyıb, həmçinin boyalı yumurtalarla oynanılan bir əyləncə olmuş və bu gün də olmaqdadır. Əski yazılardan aydın olur ki, xristianlar bu “yumurtadöydü” adətini, vaxtilə yəhudilərdən əxz etmişlər. Qədim yəhudilərin əqidəsincə isə toyuq yumurtalarının toqquşması, nə az, nə çox, iki göy cisminin, iki dünyanın bir-birilə toqquşmasını simvolizə etmişdir. Əgər qədim əqidələrdə yumurta dünyanın modeli kimi təqdim olunurdusa, onların “toqquşması” heç də qəribə deyildir. Əslinə qalarsa, inamla demək olar ki, bu uşaq əyləncəsi, olsa-olsa uzaq əyyamlarda bir sınaq, yaxud gələcəyi qabaqcadan yozan saysız-hesabsız falaçma ayinlərindən birinin izi, sonrakı təcəssümüdür.

Həmin “yumurta döyüşü” nəticəsində sınıb zədələnmiş toyuq yumurtaları və xoruzun “münsifliyı” ilə icra olunan digər bayram əyləncəsi də cazibəli olmuşdur. Belə ki, iki və ya daha çox oyunçu, hərə bir neçə uduzulmuş yumurtanı “qatara qoyur”du. “Yumurtaları qatara qoymaq və ya düzmək” ifadəsi, əslində yumurtaları sıra ilə yerə düzmək və ya papaq altına yığmaq demək idi. Bir sözlə, “yumurtaları qatara” düzdükdən sonra buraya bir ağ xoruz (o, Dədə Günəşin önündə yeriyən bir carçı mələyi təmsil etmiş, onu bayram gecəsi süfrə başına da gətirirmişlər) gətirilir və o, sıra qatardakı hansı yumurtanı dimdikləsəydi, həmin yumurta sahibi qatara düzülmüş bütün yumurtaları udmuş sayılırdı.

Gözəl Novruz şənliklərində yeniyetmələrin, bəzən isə - yaşlıların icra etdiyi yumurta ilə əlaqəli digər bir oyun isə suda bişirilmiş sağlam bayram yumurtalarının hündür bir yerdən, yoxuşdan, təpədən üzüaşağı diyirlənməsindən ibarət olmuşdur. Burada kimin yumurtası bərk, möhkəm və davamlı olub, sınmayıb daha uzağa yuvarlanardısa həmin yumurta sahibi qalib gəlmiş hesab edilir və o, digər yumurtaları özünə götürürdü və s.

Beləliklə, demək olar ki, hələ qədim Şumerdə icra olunmuş Yazgüntəni bayramında yumurta biçimli qızıl piyalə, şərbət qabları və s. əşyalar hazırlamaqla, insanların onları bir-birinə bağışlamaq və falaçma niyyətilə yumurta ilə bağlı müxtəlif ayin-oyun icra etmək adət-ənənəsi çox uzun, təsəvvürə gətirilməz tarixi bir müddət, XIX-XX yüzillərə qədər ehtiramla qorunub saxlanmışdır.

İstər-istəməz sonucda deməliyik ki, son illər əzəl bayramımız Novruzun icra olunması geniş vüsət alaraq tarixdə görülməmiş və çox layiqli şəkildə həyata keçirilməkdədir. Bayram dövlət tərəfindən himayə olunaraq, bundan ötrü çoxlu maddi vəsait ayrılır. Bununla belə deməliyik ki, artıq qırx ildən çoxdur ki, hər il Novruz bayramı ərəfəsində bütün respublika telekanallarında alim və mütəxəssislərin iştirakı ilə bayramın ayrı-ayrı xüsusiyyətlərindən danışılır, onun icraetmə tərzi haqda dəyərli tövsiyələr verilir, müxtəlif iradlar söylənilir. Amma demək olar ki, bu məclislərdə və mətbuat səhifələrində səslənən bayram haqda fikir və məsləhətlərə lazımi reaksiya verilmir. Təəssüflər olsun ki, bizdə hələ də bayramşünaslıq, novruzşünaslıq elmi yox dərəcəsindədir.

Bizim Novruz əzəl bayramımız ildən-ilə təkmilləşərək elmi və tarixi cəhətdən ciddi araşdırmalara arxalanan yüksək beynəlxalq səviyyəyə qalxmalıdır - son zamanlar Bakıda keçirilən beynəlxalq yarış və müsabiqələr səviyyəsinə, ölkəmizə gələn turist axınının artırılması naminə.

 

 

Elçin Muxtar ELXAN

 

Ədəbiyyat qəzeti.- 2013.- 8 mart.- S.7.