Rəssamlarımızın izi ilə

     

Milli rəssamlıq sənətimizin kökü qədimdir. Hələ XIII əsrdən başlayaraq Təbriz miniatür məktəbi təkcə Şərqdə deyil, dünyanın əksər mədəni ölkələrində maraq oyatmışdı. Qrafika və boyakarlığın sintezindən yaranmış bu əsərlər yalnız hökmdarların sifarişi çəkilmirdi. İmkanlı şəxslər hətta öz evlərinin divarlarını da bu miniatürlərlə bəzəyirdilər. Azərbaycanın o böyük sənətkarlarının əsərləri indi dünyanın ən böyük muzey və kitabxanalarında qorunub saxlanılır. Onların sırasında Sankt-Peterburq, İstanbul, London, Paris, Vaşinqtons. böyük şəhərlərin muzey və kitabxanaları da var. Bu məktəbin Sultan Məhəmməd, Kəmaləddin Behzad, Mir Musəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli kimi peşəkar nümayəndələri təsviri sənət tarixində silinməz iz qoymuşlar. Sonrakı dövrlərdə peşəkar rəssamlıq sənətimizi Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab, Əzim Əzimzadə kimi nümayəndələri davam etdirmişlər.

Gənc tədqiqatçı Əsəd Quliyevin "XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər" kitabında isə yola saldığımız əsrin rəssamları barədə oçerklər toplanmışdır. Kitaba ön söz yazan xalq rəssamı, akademik Ömər Eldarov müəllif haqqında fikirlərini belə ifadə edir: "O, hələ tələbəlik illərindən incəsənətlə, xüsusən də təsviri sənətlə bağlı elmi toplu, jurnal və qəzetlərdə maraqlı məqalələrlə çıxış edirdi. Onun tanınmış incəsənət xadimləri ilə ünsiyyəti, onlarla aparılmış fikir mübadilələri sonda maraqlı yazıların dərci ilə nəticələnmişdir. Əsəd Quliyev emalatxanamda olduğu vaxtlarda onun rəssamlıqla ciddi maraqlandığını və rəssamlığa olan sonsuz məhəbbətini duydum…"

"XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər" kitabında rəssamlardan Bəhruz Kəngərlinin, Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin, Tahir Salahovun, Toğrul Nərimanbəyovun, Böyükağa Mirzəzadənin, Vəcihə Səmədovanın, Nadir Əbdürrəhmanovun, Maral Rəhmanzadənin, Rasim Babayevin, Oqtay Sadıqzadənin, Elmira Şahtaxtinskayanın, Nəcəfqulu İsmayılovun, Altay Hacıyevin, heykəltəraşlardan Cəlal Qaryağdının, Fuad Əbdürrəhmanovun, Ömər Eldarovun, Tokay Məmmədovun və b. həyat və yaradıcılığından söhbət açılır. Ensiklopedik, məlumat xarakterli bu yazılarında Ə.Quliyev adı çəkilən sənətkarların yaradıcılığının müxtəlif xüsusiyyətlərini, cəhətlərini araşdırır. Hər sənətkarın özünəməxsus üslubu, metodu, poetikası, əsərlərinin xarakterik xüsusiyyətləri barədə yazır. Kitabda sənətşünas Ziyadxan Əliyevin "Sənətşünaslığımız genişlənir" adlı tədqiqat yazısında deyildiyi kimi: "Əsəd Quliyevin yazıları aydın kompozisiyasına, fikir tutumuna, ifadə ustalığına görə diqqəti cəlb edir və təqdim olunanları oxunaqlı edir. Onun seçdiyi qəhrəmanlar da sənətdə kifayət qədər öz izi olan sənətkarlardır. Bu mənada o, nə vaxtsa bəziləri kimi yazdıqlarına görə peşmançılıq hissi keçirməyəcəkdir".

Azərbaycan ədəbiyyatşünaslığından, teatrşünaslığından, kinoşünaslığından fərqli olaraq Azərbaycan sənətşünaslığı, təsviri sənətin biliciləri sırasında kadr qıtlığı hiss olunur. Bu mənada Əsəd Quliyevin bu sahədəki fəaliyyəti diqqətəlayiqdir. Günümüzdə yazılmış bu ensiklopedik kitab zaman keçdikcə tutarlı mənbəyə çevriləcək. Çünki Ə.Quliyev bu sənətkarların əksəriyyəti ilə görüşmüş, onların emalatxanalarında olmuş, həyatda olmayan sənətkarlar haqqında məlumatları etibarlı mənbələrdən götürmüşdür.

"XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər" ölkəmizin təsviri sənəti ilə maraqlananlar, muzey işçiləri, rəssamlar, sənətşünaslar üçün lazımlı vəsaitdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə nəşr olunmuş kitabın elmi redaktoru sənətşünaslıq doktoru Kübra Əliyevadır. Kitab "Təhsil" nəşriyyatında nəşr olunmuşdur.

 

 

A.İsmayıloğlu

 

Ədəbiyyat qəzeti.- 2013.- 8 mart.- S.6.