Mənim anam
Mənim anam
1883-cü ildə, İtaliyanın birləşməsinin hələ
heç iyirmi ili tamam olmamışkən dünyaya göz açıb.
Evimizdə valideynlərim və ilk növbədə babamla nənəm
birmənalı şəkildə napolitan dialektində
danışırdı.
Ailəmiz
üçün, məsələn, təyyarəyə minmək
şüurlu surətdə özünə qəsd etmək
kimi bir şey idi. Bunu ona görə söyləyirəm ki,
mühəndis diplomu alıb özümü elektron
hesablayıcıları sahəsində sınamağa qərar
verəndə hansı hisslər keçirdiyimi oxucu
yaxşı başa düşsün. Birinci problem bunu anama
başa salmaq idi.
- Anacan,
iş yeri tapmışam!
- Əhsən,
əziz balam! Əhsən! Gördün? Müqəddəs
Antoni özü səni qoruyur! Mən neçə illərdir
ona dua edirəm. Həmişə də yalvarmışam ki,
Müqəddəs Anto, bu uşaq ona görə oxuyur ki, diplom
alsın, ancaq qorxuram diplom alandan sonra heç kim onu işə
götürməsin. İçimi yeyə-yeyə demişəm:
biz bu mühəndisliklə səhv eləmişik, gərək
onu mühasibliyə hazırlayaydıq, bu daha yaxşı
olardı, bankda sakit bir iş tapardı, biz də fikir çəkməzdik.
Ancaq Müqəddəs Antonio bizə iltifat göstərdi! Mənim
gözəl balam, anan dərhal gedib Müqəddəs Antoniyə
təşəkkür ayini oxutdurmalıdır. Bəs necə?
İndi isə, de görüm, o iş yerini harada tapmısan?
- EHM-də.
- Deyirsən
yəni, inanmaq olar? Mən onun adını heç vaxt
eşitməmişəm.
Anamdan xeyli
cavan və təbii ki, daha məlumatlı olan xalam Culiya
söhbətə qarışır:
- Sən
heç nə başa düşmürsən! İndi elektrik
məişət cihazları dəbdədir. Odur, bax, sinyora
Sparanonun əri, üç soldoluq1 balaca dükanı ilə
var-dövlət yığıb. Mersedesləri - var,
qulluqçuları - var, dincələndə də ki, -
İskiyada !2
Nə məişət
cihazları? Mən elektron hesablayıcılarla işləyirəm!
Anacan, elektron hesablayıcılar elektrik cihazları deyil!
Bunlar, cəmisi bircə saniyə ərzində milyon əməliyyat
aparan ən mükəmməl, ən güclü
maşınlardır!
- Yəqin ki,
ziyana düşmüsən.
- Nə ziyan,
anacan! Mən bu hesablayıcıların satışı və
kirayəsi ilə məşğul olan ticarət bölməsində
çalışıram.
- Əziz
balam, mən səni ruhdan salmaq istəmirəm, ancaq sən bu
hesablayıcıları kimə satmaq fikrindəsən? Bizim bu
Napolidə hesablamağa elə bir şeyimiz də yoxdur
axı.
-
Bütün iri təşkilatların hesablayıcılara
ehtiyacı var.
- Axı
hansı işi görməkdən ötrü?
- Necə, yəni
hansı işi? Təşkilatlarda hesablamalar aparmaqdan
ötrü! Banklarda aparılan maliyyə əməliyyatlarını,
pul təminatlarını, sənayedəki, Napoli bələdiyyəsindəki
ödənişləri yadına sal...
- Hə də,
sən də elə oturub-durub düşünürsən ki,
Napolidəki bu xirtdəyə qədər işsizliklə
hamı cumub sənin hesablayıcı
maşınlarını alacaq! Sənin o dediyin sənaye mərkəzləri
hesablama aparmaq istəyəndə, məncə, bilirsən, gərək
nə etsinlər? Gərək yığsınlar Napolidəki
bütün işsizləri, versinlər adambaşına bir
çötkə, onda görərsən Napoli işsizləri
sənin elektron maşınlarından nə qədər cəldliklə
hesablamağı bacarır! Məncə, sən Banko di Napolidə
bir işə düzələ bilsəydin, bu daha yaxşı
olardı.
- Ana, narahat
olma, görəcəksən ki, yaxşı düzəlmişəm.
- Sənin o
satmaq istədiyin hesablayıcılar neçəyədi ki?
- Müxtəlif
modelləri var, özü də, bu maşınlar, bir qayda
olaraq, satılmır, icarəyə verilir.
- İcarəyə
verilir? İcarəsi neçəyədi ki ?
- Belə də,
aşağı da olur, yuxarı da, modelinə baxır. Məsələn,
eləsi var ayda bir milyona, eləsi var on milyona.
- Ayda on
milyona? Ya Ərafdakı ruhlar! İndi sən deyirsən bu
maşınları kim alacaq, gözəl bala? Heç vaxt
yadından çıxarma ki, sən həmişə namuslu
insan olaraq qalmalısan! Unutma ki, göydəki uca
Tanrımız hər şeyi görür və hər
şeydən də agahdır! O, başımızın
üstündədir, baxır və hökm verir!
Nə isə,
axırı belə oldu ki, Müqəddəs Antoninin zəmanəti
və ulu Tanrımızın hökmü ilə Napolidə
işləməyə başladım. Əvvəlcə bir qədər
çətin oldu. Əslində, 1981 ci il idi və napolitan
müştərilərinin mexanikləşdirilmiş
hesabatın imkanları barədə aydın təsəvvürləri
yox idi. “İnformatika” termini isə hələ kəşf də
olunmamışdı.
- Mühəndis,
mən anlamadım, - deyə müştərilərdən
biri mənə söyləyirdi, -siz deyirsiz ki, satışa
buraxdığınız hər mal növünün
üstünə mütləq məxsusi kartoçkalar,
fakturalar vurulmalıdır. O kartoçkaları kim
vurmalıdır ki? Bəlkə siz özünüz gəlib
vuracaqsınız?
- Xeyr, sinyor,
sizə xüsusi deşikaçan maşın, - perforator veriləcək;
onun vasitəsi ilə hansısa bir işçiniz, - yeri gəlmişkən,
bizdə təlim keçmiş qadınlardan biri, -
kartoçkaların perforasiya əməliyyatını yerinə
yetirəcək.
-
Yaxşı, anladım. Ancaq, mühəndis, çox üzr
istəyirəm, əgər satdığımız hər
malın üstünə bir kartoçka vurmalıyıqsa,
bir ildən sonra bütün dükanlarımız
yığın - yığın kartoçkalarla dolu olacaq
ki! Heç kimə lazım olmayan bir belə
kartoçkanı biz hara atmalıyıq? Bunun
üçün yerimiz də yoxdur, axı! Yox, mühəndis,
məncə, sizin bu maşınlar bizlik deyil. Bu
maşınlar yaraşar milanoluya, torinoluya, - onlar avtomobil
buraxırlar. Biz isə çörəkçiyik, un məmulatı
satırıq, camaat gəlir-gedir, malını alıb, pulunu
verir, bizə malların siyahısı, nə bilim, filan-bəşməkan
gərək deyil. Bir də ki, biz işçilərimizlə
ödənişi də, bütün tədarükü də
nağd pulla edirik, axırda da, hər nə qalırsa, mən
də, qardaşlarım da, min şükür deyib, ailələrimiz
arasında bölürük.
Nə isə,
artıq dedik ki, əvvəlcə çətin idi. Ancaq illər
ötdü, Napoli sənayesi də elmin yeni nailiyyətləri
ilə yavaş-yavaş tanış oldu. Bu gün Napoli texnika
sənayesinin şimallılara qibtə edəcək heç nəyi
yoxdur, əksinə, milli miqyasdakı bəzi fəaliyyət
sahələrində onlar şərtsiz olaraq inkişaf edib, hətta
irəli də çıxmışlar.
Mənim anam
isə, yox. Mənim anamda oğlunun peşəsinə və
ayda on milyon lirəlik qiyməti olan bu müdhiş
maşınlara bəslədiyi birmənalı
inamsızlıq həmişəlik olaraq qalmışdı.
Sonra bir
gün işlər lap qarışığa düşdü;
məni Napolidən Milanoya keçirmişdilər, ticarət
nümayəndəsindən dönüb ictimaiyyətlə əlaqələr
üzrə məsul təyin olunmuşdum. İctimaiyyətlə
əlaqələrin nə demək olduğunu anama başa
salmaq mənasız bir iş idi.
- Mən
heç zad qana bilmirəm, - deyə o söyləyirdi, - deməli,
sən səhər doqquzda gedirsən işə, sonra
dükanı açıb nə edirsən?
- Anacan, mən
hansısa dükanı - filanı açmalı deyiləm, mən
yalnız bizim cəmiyyətin xariclə əlaqələrini
asanlaşdırmalı və
yaxşılaşdırmalıyam. İndi başa
düşdün?
-Yox.
Yenə həmişəki
kimi, məni eşidən xalam Culiyanın səsi gəlir:
-Ay arvad, bu
uşaq (uşaq - yəni mən!) camaatla gərək mehriban və
nəzakətli dolansın.
-
Maaşını həmişə vermirlər ki?
- Niyə
vermirlər ki? İctimaiyyətlə əlaqələr
amerikanların təzə icadıdır. Uşaq bir
müştəri görən kimi, tez onun başının
üstünü kəsdirib deyir: “Siz necə də gözəlsiniz,
gedəyiniz bir fincan qəhvə içəyiniz...”
- O, gündə
neçə fincan qəhvə içməlidir ki?
- O, qəhvəni
zorla içirtmir ey, onu sadəcə təklif edir. Vacibi odur
ki, camaatla nəzakətli və mehriban dolansın.
- Necə yəni,
bundan qabaq nəzakətli dolanmırdı ki?
- Nəzakətli
dolanırdı, ancaq indi lap artıracaq!
Nə isə,
hörmətli cənablar, ictimaiyyətlə əlaqələr
işinin nə olduğunu anama başa salmağa nail ola bilmədim,
ancaq digər tərəfdən bu məntiqi bir sey idi. Bu, o
zamanlardan belədir ki, Napolidə ictimaiyyətlə əlaqələr
həmişə və hamı tərəfindən
bütövlüklə pulsuz-parasız olub. Axırı belə
oldu ki, “heç kim vətənində peyğəmbər
deyil” məsəlindəki kimi, yeni peşəmə uyğun gələn
nəsə axtarmaqdan imtina etdim. Hətta bu gün belə,
Napoliyə dönərkən, məni bu qədər sevən
insanlara nə işlə məşğul olduğumu başa
salmağa hədsiz dərəcədə çətinlik
çəkirəm. Məsələn, elə dünən, ev
bərbəri işləyən və Allahın köməkliyi
ilə, əntiq şeylər və hidravlik mallarla alver edən
don Paskualinonun yanına getmişdim; o, üzümü
sabunlaya-sabunlaya, mənə baxıb deyir:
- Mühəndis,
siz o böyük-böyük saraylar tikən mühəndislər
var ha, onlardansız?
- Yox, don
Paskuali, mən elektron hesablayıcılarla işləyirəm,
EHM -dəyəm!
Ani bir
sükut, sonra Paskuali xeyirxahlıqla deyir:
- Neynəmək
olar, mühəndis, olan şeydir, vecinizə də almayın.
Bir də ki, sizinçün nə fərqi, yaxşısı
budur canınıza qulluq edin!
Luçano De Kreşentso
İtaliya
İtalyan dilindən çevirəni:
Cəmşid CƏMŞİDOV
1. Soldo - xırda pul vahidi
2. İskiya - Napoli körfəzində ada
Ədəbiyyat qəzeti.-2013.- 8 mart.- S.6.