Yazıçılar Birliyində

  

Martın 5-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli qazax yazıçısı Berik Şaxanovun "Böyük çölün hekayələri" (Bakı, MBM - 2012) kitabının təqdimat mərasimi keçirildi. Mərasimi AYB-nin sədri, xalq yazıçısı Anar açaraq bildirdi ki, Berik Şaxanov görkəmli bir ədəbiyyat xadimidi. "Onun Azərbaycan ədəbiyyatı ilə sıx əlaqələri var. Vaxtilə mənim "Ağ liman" povestimi və bir çox hekayələrimi, eləcə də gənc yazıçılarımızın əsərlərini qazax dilinə çevirib. Berik ədəbi əlaqələrimizin inkişafı sahəsində çox önəmli işlər görüb. Mən Elçin Hüseynbəyli və Elxan Zal Qaraxanlının tərtibçiliyi və redaktorluğu ilə Berik Şaxanovun işıq üzü görən kitabını bu əlaqələrin qarşılıqlı inkişafının növbəti təməli hesab edirəm…"

Yeni nəşrin tərtibçiləri E.Hüseynbəyli və E.Z.Qaraxanlı mərasimdə çıxış edərək E.Şaxanov yaradıcılığının məziyyətlərindən, onun Azərbaycan ədəbiyyatının yaxın dostu olmasından söz açdılar, "Böyük çölün hekayələri"nin araya-ərsəyə gəlməsinin zəruriliyini vurğuladılar.

AYB-nin katibi Rəşad Məcid Almatıya səfəri çərçivəsində görkəmli yazıçının və onun ailəsinin Azərbaycan ədəbiyyatına, xüsusilə xalq yazıçısı Anarın yaradıcılığına olan sevgilərindən qürur duyduğunu bildirdi.

Xalq şairi, AYB-nin birinci katibi Fkrət Qoca çıxış edərək bildirdi ki, bu kitaba daxil edilən əsərlərin ruhu bir daha türkdilli xalqların eyni kökdən, eyni qoldan gəldiyini ortaya qoyur: "Kitabla başlayan tanışlıq əbədi olan tanışlıqdı. Bu kitab dostluğumuzu, qardaşlığımızı bir daha dilə gətirmək üçün bir vasitədir. Klassikləri çox oxumuşuq, istərdik ki, müasir yazarlarımızın yaradıcılığını da mütəmadi izləyə bilək…"

AYB-nin katibi Arif Əmrahoğlu mərasimdə çıxış edərək dedi: "İstər Qazaxıstanda, istərsə də Azərbaycanda ədəbiyyat örnəklərimizə çox böyük qarşılıqlı maraq var. Çalışdığım Nizami adına Ədəbiyyat İnstitutunda qazax ədəbiyyatı ilə əlaqədar beş dissertasiya yazılır ki, onlardan da ikisinin elmi rəhbəri mənəm. Qazaxıstan sovetlər dövründə ziyalılığın sürgün mərkəzi olub. Qazax klassikləri dilimizin əzbəridi… Abaydan tutmuş Oljasa qədər… Ədəbi əlaqələrimiz bizi yadlaşmağa qoymur, qardaşlığımızın bağı kimi qəbul olunur…"

Gənc yazıçı Pərvin Qazaxıstan xatirələrini dilə gətirdi, bildirdi ki, Almatıya gecə çatdıq, oradan dönəndə də gecə idi. Ancaq yaddaşımda Berik Şaxanov ailəsinin işığı əbədi olaraq qaldı…

Qazaxıstanın Azərbaycandakı səfirinin müavini T.Abılkasımov və qazax şairi Kazbek də xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsində ədəbiyyatın xüsusi rol oynadığını vurğuladılar.

Beynəlxalq Rəsul Rza mükafatı laureatı, əməkdar müəllim Oqtay Rza tədbirdə söz alaraq Qazaxıstan xatirələrini danışdı və yeni şeirini oxudu.

Sonda Berik Şaxanov çıxış edərək kitabının Azərbaycan dilində nəşr olunmasından məmnun olduğunu və AYB rəhbərliyinə minnətdarlığını bildirdi: "Sizin simanızda öz doğmalarımı görürəm. Mən görkəmli Azərbaycan yazıçı və şairlərindən Mirzə İbrahimovu, Mehdi Hüseyni, Səməd Vurğunu, Rəsul Rzanı qazax dilində oxumuşam. Anar müəllimin yaradıcılığının heyranıyam. Azərbaycana bir qardaş evinə gəlirmiş kimi gəldim, çox məmnun qaldım. Dilimiz, dinimiz, milli dəyərlərimiz birdi. Ədəbiyyatın əsas vəzifəsi bu birliyi yaşatmaq, qorumaqdı…"

 

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2013.- 8 mart.- S.8.