Unudulmaz səhnə ustası
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 mart
2013-cü il tarixli sərəncamı ilə Azərbaycan milli
teatr tarixinin fitri istedada malik parlaq simalarından biri Əliağa
Ağayevin 100 illik yubileyinin qeyd edilməsi qərara
alınmışdır.
Bu gün Əliağa
Ağayev aramızda olmasa da, onun Azərbaycan dramaturgiyası
tarixində xidmətləri yaddaşlarda həmişə
yaşayır.
Onu deyim ki, mənim
teatra həvəsim lap uşaqlıqdandır. Bunun iki səbəbi
vardı.
Valideynlərimin dediyinə görə,
mənim doğulub-böyüdüyüm Şəki şəhərində
Böyük Vətən müharibəsindən əvvəl
M.Ə.Sabir adına Dövlət Dram Teatrı fəaliyyət
göstərirmiş, lakin müharibə ərəfəsində
həmin teatr fəaliyyətini dayandırmış, onun
bütün avadanlığını (dekorasiyalar, geyim
paltarları və s.) mərhum atam Qurban müəllimin
direktor olduğu Şəki Pedoqoji Texnikumu almışdır.
Ona görə də mən hələ uşaq ikən
texnikumda tamaşaya qoyulan bütün tədbirlərə atam
məni aparırdı. Texnikum tələbələrinin
gücü ilə tamaşaya qoyulan əsərlərdən
biri yaxşı yadımda qalıb. Mən o zaman hələ
heç orta məktəbdə də oxumurdum. Lakin sonralar Nəcəf
bəy Vəzirovun "Tamahkar" tamaşasına baxarkən
yəqin etdim ki, bu tamaşa əvvəllər texnikum tələbələrinin
ifasında baxdığım həmin tamaşalardan biridir.
Sonralar orta məktəbdə
oxuduğum illərdə hər yay M.Qorki adına Gənc
Tamaşaçılar Teatrı, M.Əzizbəyov adına
Akademik Milli Dövlət Dram Teatrı (indiki Akademik Milli Dram
Teatrı - İ.A.), C.Cabbarlı adına Gəncə
Dövlət Dram Teatrı Şəkiyə qastrol səfərinə
gəlirdilər. Bu, təxminən 1959-1964-cü illərdə
olurdu və şəkililər hər yay yuxarıda qeyd etdiyim
teatr kollektivlərindən birinin tamaşalarına
baxırdılar. Mən o tamaşaların əksəriyyətinə
həmin vaxtlar baxmışam. Bu məqsədlə atam həmişə
mənə bilet pulunu ayrıca verirdi. Mən isə ev
üçün bazarlıq edərkən əvvəlcə
gedib axşamkı teatr tamaşalarına özüm
üçün bilet alır, sonra isə bazarlıq edirdim. Bu
tamaşaların çoxuna valideynlərimlə birgə
baxmışam.
Bax, Əliağa Ağayevi həmin
vaxtdan, bir aktyor kimi, tanıyırdım. O zaman bu böyük
sənətkar M.Qorki adına Gənc Tamaşaçılar
Teatrının aktyoru idi. Abdulla Şaiqin "Bir saat xəlifəlik"
əsərində Bəhlul Danəndə, Yusif Əzimzadənin
"Anacan" pyesində, səhv etmirəmsə, təsərrüfat
müdiri və b. rolları oynayırdı. Ə.Ağayevin hər
dəfə səhnəyə çıxması
tamaşaçıların gurultulu al- qışlarına səbəb
olurdu. Mən Əliağa Ağayevin aktyorluğundan xüsusi
ləzzət alırdım.
Artıq orta məktəbin
yuxarı siniflərində oxuyurdum. Təxminən 1963-cü
il olardı, rayonda hələ televizor yox idi. Evimizdə
"Rekord" markalı radioqəbuledici vardı. Efirdə
Hüseyn Mehdinin "Alov" pyesinin radio tamaşası
verilirdi. Səhv etmirəmsə, həmin tamaşada ipəkçilik
fabrikinin baş mühasibi - Bədəl Sadayev rolunu Ə.Ağayev,
əsərin qəhrəmanı olan müstəntiq rolunu - Fərhad
Kamalovu isə unudulmaz aktyorumuz, SSRİ xalq artisti Mehdi Məmmədov
səsləndirirdi. Açığını deyim ki, bu əsər
mənim hüquqşünas olmaq qərarına gəlməyimdə
böyük rol oynadı.
1966-cı ildə
Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) hüquq
fakültəsinə daxil oldum və tələbəlik illərində
yuxarıda qeyd etdiyim teatrların, demək olar ki, əksər
tamaşalarına baxmaq imkanı əldə etdim. Artıq bu
zaman Ə.Ağayev M.Əzizbəyov adına Azərbaycan Milli
Dövlət Dram Teatrında fəaliyyət göstərirdi.
Əliağa Ağayevin bu səhnədə
yaratdığı Sabit Rəhmanın "Xoşbəxtlər"
komediyasındakı Bərbərzadə, C.Cabbarlının
"Almaz" pyesindəki kənd məktəbinin müdiri
Mirzə Səməndər, Seyfəddin Dağlının
"Mənziliniz mübarək" pyesindəki Ağadayı
və bir çox obrazları tamaşaçıların
xatirində həmişəlik qalacaqdır.
1970-ci il
olardı. Bakı şəhərinin müxtəlif yerlərində
vurulmuş afişalardan məlum oldu ki, Şekspirin
"Hamlet" faciəsi yeni quruluşda tamaşaya qoyulur. Mən
də həmin tamaşaya həvəslə baxdım. Bu
böyük aktyor tamaşada bi- rinci qəbirqazan rolunu ifa
edirdi. Bu bir daha onu göstərirdi ki, Əliağa Ağayevi
heç vaxt rolun böyüklüyü və ya kiçikliyi
maraqlandırmamışdı. O, hər bir obrazı
özünəməxsus məhəbbətlə
yaradırdı və buna görə də
tamaşaçılarının sevimlisi idi.
Ə.Ağayev təbiətcə
çox sadə adam idi. Həmin tamaşadan çıxarkən
mən və tələbə yoldaşlarım
yaxınlıqda olan dayanacaqda o zamanlar Yasamal rayonu istiqamətində
işləyən 65 nömrəli avtobusa mindik və bu zaman Ə.Ağayevin
arxa yerlərin birində oturduğunun şahidi olduq.
Əliağa
Ağayevin yaradıcılıq diapazonu geniş olmaqla,
başqalarından fərqlənirdi. Onun “O olmasın, bu olsun”
filmindəki Məşədi İbad obrazı təkrarolunmaz
bir obraz kimitamaşaçıların hafizəsində əbədi
qalacaqdır.
Yaxud Əliağa
Ağayev Sabit Rəhmanın ssenarisi əsasında çəkilmiş
“Əhməd haradadır?” filmindəki epizodik rol olan
avtovağzalın kassiri
obrazını filmdə özünəməxsus
ustalıqla yaratdığından həmin obraz filmdə az
görünməsinə baxmayaraq, tamaşaçıların
dərin rəğbətinə səbəb olmuşdur.
Əliağa
Ağayev istər dram əsəri olsun, istər kinofilm olsun,
heç vaxt epizodik rolları ifa etməkdən çəkinməmişdir.
Bu böyük sənətkarın
yaradıcılığının başlıca qayəsi ona
tapşırılan obrazı özünəməxsus bədii
boyalarla və məsuliyyətlə yaratmasıdır.
"Sehrli
xalat" filmindəki Xan obrazı nəinki məktəblilərin,
hətta yaşlıların da hafizəsində həmişəlik
qalacaqdır. Bu sözlər
onun "Koroğlu" filmində yaratdığı epizodik
rol olan dəmirçi - silah ustası obrazına da aiddir.
Yaxşı
yadımdadır ki, təxminən 3-4 ay bundan əvvəl
televiziyada bu böyük sənətkara həsr olunmuş
veriliş nümayiş etdirilirdi. Aktyorun qızının
müsahibəsindən aydın oldu ki, Əliağa
Ağayevin SSRİ xalq artisti adına təqdim edilməsi məsələsi
gündəmə gəlir, lakin o, partiya üzvü
olmadığına görə bu məsələ ləngiyir
və ona təklif olunur ki, təcili Sov. İKP
üzvlüyünə qəbul olunmaq üçün ərizə versin.
Lakin böyük sənətkar bundan könüllü imtina
edir və peşman da olmur...
Əliağa
Ağayev televiziya tamaşalarında da fəal
çıxış edirdi. Onun mərhum aktyorumuz Fazil Salayevin
iştirak etdiyi səhnəcikdə yaratdığı əmi
obrazı tamaşaçıların yaddaşında həmişəlik
qalacaqdır.
1968-1970-ci illərdə
Dövlət Filarmoniyasında "Gəlməli, görməli,
gülməli" başlıqlı səhnəciklər
nümayiş etdirilirdi. Bu səhnəciklərdə Əliağa
Ağayevin keçmiş Azərbaycan SSR xalq artisti Bəşir
Səfəroğlu ilə birlikdə görünməsi hər
dəfə tamaşaçıların ürəkdən
gülüşünə səbəb olurdu.
Əliağa
Ağayev Azərbaycan Respublikasının xalq artisti idi və
eyni zamanda o, sözün həqiqi mənasında xalqın
artisti, böyük səhnə ustası idi. Onun xatirəsi qədirbilən
xalqımızın qəlbində əbədi
yaşayacaqdır.
Allah ona qəni-qəni
rəhmət eləsin.
İlham ABBASOV,
Ədliyyə
Nazirliyi Ədliyyə
Akademiyasının
prorektoru, hüquq üzrə fəlsəfə
doktoru
Ədəbiyyat
qəzeti.- 2013.- 30 mart.- S. 8.