Xalqımızın müstəsna xidməti

  

 "Xalqların lap qədimlərdən gələn çox gözəl və maraqlı bayramları vardır. Bu bayramlarda insanlar həmişə həyatın çətinliklərini, dərd-qəmini unutmağa çalışıblar. Çalışıblar ki, bayramı ruh yüksəkliyi ilə və əməyə məhəbbətlə qeyd etsinlər.

Azərbaycanda Novruz ən qədim bayramlardan biridir.

…Bütün qadağanlara baxmayaraq, xalq Novruzla əlaqədar bir-birindən zəngin, rəngarəng nəğmələrini, adətlərini, oyun və tamaşalarını yaşada bilmişdir. Tanınmış folklorşünasımız, filologiya elmləri doktoru, professor Azad Nəbiyevin böyük zəhməti nəticəsində müxtəlif illərdə yazıya alınmış bu nümunələr qorunub saxlanmış və bu gün oxuculara… təqdim edilir.

…Novruz bayramına layiqli hədiyyə olan bu kitab eyni zamanda bayramın insanlara verdiyi sevinc və məhəbbəti ifadə edir".

İyirmi ildən artıq bir müddət bundan əvvəl (1989) nəfis şəkildə nəşr olunmuş "Novruz" kitabı böyük ədib və alim, ictimai xadim Mirzə İbrahimovun qələmindən çıxan bu qiymətli sətirlərlə başlayırdı. Mirzə müəllimin mötəbər rəyi məqaləsinin başlığına çıxardığı üç kəlmədə dəqiq ifadə olunub: "Novruza layiq hədiyyə…"

Novruza həqiqətən layiq həmin hədiyyəni hörmətli qələm dostumuz, AMEA-nın müxbir üzvü Azad Nəbiyev təkrar nəzərdən keçirərək bəzi zəruri əlavələrlə əziz oxuculara yenidən təqdim edib.

Burada əvvəlcə onu xatırlatmağa ehtiyac var ki, kitabın birinci nəşrindən neçə illər əvvəl ictimai-siyasi həyatımızda baş verən məlum hadisələr ədəbi-mədəni həyatımıza - xalqımızın, ümumən Şərq dünyasının əbədiyaşar ənənələrinə zamanın tələblərinə uyğun yüksək və ədalətli mövqedən yanaşmağı zəruri edirdi. Ancaq həqiqət budur ki, müstəqilliyə gedən keşməkeşli və əzablı yolu unudulmaz qurbanlar bahasına başa vurmadan ümumən azadlığa nail olmaq, eləcə də nəsil-nəsil yaşadılan və inkişaf etdirilən müqəddəs milli-mənəvi dəyərləri ürək dolusu yaşamaq arzusuna yetmək də söz olaraq qalır.

Ancaq məşhur fikirdir: "Can sözdür - əgər bilirsə insan; - Sözdür ki, deyirlər özgədir can!".. (Füzuli)

Həyat göstərir ki, xalqın özü də, sözü də haqdır və əbədidir; həmçinin onun iradəsini ifadə etməli olan elm - söz-sənət adamları yalnız övladı olduqları xalqın arzu və ideallarına sadiq qalmaqla onun xeyir-duasına nail ola bilərlər.

İndi mən qeyri-ixtiyari olaraq böyük ədibimiz Süleyman Rəhimovun bir zaman - 60-cı illərin əvvəllərində özünün və bəzi qələm yoldaşlarının doğum günlərinin pasport qeydindən danışarkən bu sətirlərin müəllifinə dediyi zahirən bəlkə zarafat ovqatlı, lakin əslində adamı düşündürən və hətta bir az da kədərləndirən etirafını xatırlayıram. Süleyman müəllim özünün və səhv etmirəmsə Səməd Vurğunun doğum günlərini Novruz bayramı həvəsilə müvafiq surətdə 22-21 mart tarixlərinə yazdırdıqlarını aşkar bir razılıqla deyirdi. (Belə qələm adamlarımızın yenə də ola bildiklərinə şübhə etmirəm, lakin dəqiq adlar da çəkə bilmirəm).

Dövlətimizin başçısı cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində haqlı olaraq xüsusi vurğulayır ki, yüksək mənəviyyat xəzinəsi sayılan Bahar bayramı milli-mədəni sərvətlərimizin zənginliyini dolğun ifadə edir. O, böyük mənəvi gücə malik olub, insanlar arasında qarşılıqlı dostluq, səmimiyyət, qayğıkeşlik və qardaşlıq duyğularını gücləndirir, cəmiyyətdə əmin-amanlığın və xoş münasibətlərin bərqərar olmasına zəmin yaradır. Sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz bayramı daşıdığı bütün məna və rəmzləri ilə xalqımızın tarixi-mədəni irsə son dərəcə bağlı olduğunu parlaq nümayiş etdirir. Ən ali keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruzun YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs nümunələri siyahısına daxil edilməsi təqdirəlayiq haldır.

Burada eyni zamanda onu qeyd etmək lazımdır ki, xalqımızın-millətimizin ruhu olan ədəbiyyatımız, eləcə də ədəbi-mədəni həyatımızın mötəbər salnaməsi sayılan "Ədəbiyyat qəzeti" mövcud olduğu dövr ərzində ən ağır məqamlarda belə əbədiyaşar milli-mənəvi dəyərlərimizə sadiq qalmış, onu daha da zənginləşdirmiş və gələcək nəsillərə əmanət vermişdir. Xalqın taleyində həlledici əhəmiyyətə malik neçə-neçə mənəvi-əxlaqi problemlər söz ustalarımızın, elm-sənət adamlarımızın ardıcıl səyi ilə illər keçdikcə nəhayət, həllini tapa bilmişdir.

Doğma qəzetimizin mötəbər müəlliflərindən olan görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva "Novruz Şərq ölkələrində" ("Ədəbiyyat qəzeti", 21 mart 1991-ci il) adlı geniş elmi məqaləsində göstərirdi ki, Yeni il - Novruz bayrmı Mərkəzi Asiyadan Balkanlara qədər uzanan böyük bir ərazidə məskunlaşan bütün türk xalqları tərəfindən sevinclə qarşılanır. Keçirilmə günü müxtəlif olsa da, bunların hamısı Azərbaycanda "bayram ayı" deyilən və 20 fevraldan 21 marta qədər olan dövrü əhatə edən müddətə təsadüf edir.

Qədim türklər arasında "Ərgənəkon" kimi tanınan, ilin dəyişdiyini, baharın gəlməsini, təbiətin qış yuxusundan ayıldığını göstərən bu bayramın adı bu gün türk xalqları arasında müxtəlif şəkildə səslənir.

Aida xanım Şərq dünyası ədəbiyyatı və tarixinin görkəmli tədqiqatçısı və bilicisi kimi bu əziz günün türk xalqları arasında hansı şəkildə səsləndiyini də xatırladır: "nooruz" (qırğızlarda), "novruz" (özbəklərdə), "novruz, nauruz" (qazaxlarda) və s.

Müstəqilliyə gələn yolumuzda, qeyd etdiyim kimi, sözün düzünü demək, xalqın müqəddəs mənəvi dəyərlərini adı ilə ifadə etmək elm-sənət adamlarımız üçün məşum "olum ya ölüm" sualına öz həyatları bahasına cavab vermək mahiyyətində idi.

Bu ağır və şərəfli yolda müxtəlif nəslə mənsub ziyalılarımızın hər birinin öz mənəvi borcunu imkanı daxilində necə, hansı əsəb gərginliyi hesabına yerinə yetirdiyini qeyd etmək, yada salmaq ədalətli münasibət olardı.

Eyni zamanda xalqın ruhu-mənəvi dünyası ilə bağlı mübarizə yolunda əsrin neçə-neçə çətin məqamlarını keçib gəlmiş "Ədəbiyyat qəzeti"nin mövqeyini, ardıcıllığını da vurğulamağımız yerinə düşərdi.

Məsələ bundadır ki, tale elə gətirib, belə demək mümkünsə, bu müşkül prosesin 37-ci ili görmüş "Ədəbiyyat qəzeti"nin 60-cı illər səhifələrində necə nigaran, ehtiyatlı addımlarla davam etdirildiyinin bir əməkdaş kimi bilavasitə şahidi olmuşam.

Böyük folklorşunas alim, keçmiş sovet məkanında mötəbər həmkarlarının şəksiz etimadını qazanmış professor Məmmədhüseyn Təhmasib 1966-cı ilin Novruz bayramı ərəfəsində (12 mart) "Adət, ənənə, mərasim, bayram…" adlı geniş və çox qiymətli elmi faktlara əsaslanan məqaləsini redaksiyaya təqdim etdi. Məqalənin "Müzakirə yolu ilə" rubrikası altında çap olunması münasib bilindi.

Təhmasib müəllim yazırdı: "Öz əcdadını sevməyən həqiqi mənada özünü və övladını da sevə bilməz. Keçmişinə xor baxan, gələcəyinə kor baxar. Lakin öz keçmişini sevmək, ona ehtiram bəsləmək heç də onun hər nəyi olubsa qeyd-şərtsiz qəbul etməyə haqq vermir. …Biz bunların yaxşılarını yaşatmalı, inkişaf etdirməli, hətta bir qədər daha gözəlləşdirməli; zərərlilərini, bizi geriyə çəkənlərini, irəliləməyimizə mane olanlarını isə doğma atamızın pis vərdişləri kimi rədd etməli, həyatımızdan, məişətimizdən silməliyik.

…Yüzlərlə… misallar… sübut edir ki, təsəvvürlər, görüşlər, qənaətlər, inamlar, ənənə, mərasim, adət və bayramlar aləmi çox mürəkkəb bir aləmdir. Buna görə də bunlara münasibət məsələsində də ölçü-biçi ehtiyatlı, düz olmalıdır".

Müəllif daha sonra qeyd edirdi ki, yaşadılması lazım və vacib olanlar dedikdə, məlum olduğu kimi, elə mərasimlər, elə bayramlar nəzərdə tutulur ki, öz ictimai əhəmiyyətlərinə, məna və məzmunlarına, estetik məziyyətlərinə, hətta təsərrüfata xidmətlərinə görə əsrlərdən bəri yaşamış, yaşayır və yaşayacaqlar. Bizdə belə bayramlardan ən əsaslısı, bəlkə də yeganəsi məşhur Novruz bayramıdır. Bütün dünya xalqları kimi, bizim xalqımızın da tarixində saysız-hesabsız bayramlar olmuşdur. Lakin bunların heç biri Novruz bayramı qədər geniş yayılmamış, xalqın məişətində bu bayram qədər dərin kök sala bilməmişdir.

Təhmasib müəllim fikrini şəksiz təsdiqləyən kifayət qədər təkzibolunmaz faktlar gətirərək belə əsaslı bir nətiəcyə gəlirdi: "Bizcə, Novruz bayramı xalqımızın həyata, təbiətə, torpağa, zəhmətə məhəbbətinin təzahürüdür. Biz bu bayramı qondarma əlavələrdən və sadəlövh ünsürlərdən təmizləyərək, eləcə də… vaxtı keçmiş mərasimlərini bir tərəfə ataraq müasir, mədəni, ümumxalq bayramı səviyyəsinə qaldırmalıyıq. Biz bu bayramdan yaz təsərrüfat işlərimizə hazırlığın yoxlanılması və başlanması günü, yaxud həftəsi, hətta ayı kimi çox səmərəli şəkildə istifadə edə bilərik".

Nəhayət: "Adət və ənənələrlə, mərasim və bayramlarla ciddi şəkildə məşğul olmaq lazımdır. Bizcə, bunun üçün respublika miqyasında xüsusi bir şura yaradılmalıdır".

Yəqin oxucu bilmək istər ki, həmin məqalənin çapından sonra - yəni qəzetin Novruz bayramı qeyd olunası növbəti sayında (19 mart 1966) bu mövzuda nə kimi materiallar verildi. Mənzərə belədir: böyük formatda çıxan 4 səhifəlik qəzetin 3-cü səhifəsində sol sütunda "Bahara eşq olsun!" rubrikası altında "Çiçəklər" foto-etüdü (çiçəkli budaqları sevincək tutmuş qız uşağının şəkli) verilmişdir. Ondan aşağıda "Gənclərin bahar şeirləri" ümumi başlığı ilə Əlisa Nicatın "Etüdlər" ("Yaz çəmənə uzandı, - Dağları qucaqladı. - Şəlalələrdə güldü, - Çeşmələrdə çağladı…"), İskəndər Etibarın "Toyxanadır təbiət" ("Qış qurtarıb, - Yer Günəşdən uzaqlaşır, - Bahar yerlə qucaqlaşır…" və s.), Raqub Kərimovun "Bənövşə" ("Torpağı ilk bahar oyadan zaman, - Yuxulu gözünü ovuşdurmusan. - Tənhalıq qəlbini göynədən zaman, - Baharı qış ilə qovuşdurmusan". ("Qışı bahar ilə qovuşdurmusan" deyilsəydi daha münasib olardı. - A.V.) Həmin səhifədə dolayısı ilə bayram gününü xatırladan "S.Vurğuna həsr edilmişdi…" (məlumdur ki, şairin anadan olduğu gün pasporta görə Novruza təsadüf edirdi) adlı imzasız kiçik bir xəbər də var. Belə başlayır: "Martın 16-da Razin qəsəbəsindəki Mədəniyyət sarayında böyük şairimiz Səməd Vurğunun anadan olmasının 60 illiyinə həsr olunmuş ədəbi gecə keçirilmişdir". Vəssalam… Hamısı səhifənin təqribən beşdə birini tutur.

Göründüyü kimi, az qala hər kəlmədə narahat ölçü-biçi, ehtiyat aşkar duyulmaqdadır. Nəinki "Novruz bayramı", Novruz sözü, heç "Bahar bayramı" ifadəsi də işlədilmir.

Sonrakı ildə qəzetin bayram nömrəsində (18 mart 1967-ci il) bir az, necə deyrələr, "irəliləyiş" hiss etmək mümkündür. Doğrudur ki, üz səhifəsində Novruz bayramına dair heç nə yoxdur. Burada "Hamı Azərbaycan SSR Ali Sovetinə və yerli Sovetlərə seçkilərə!

Xalqımızın səadəti üçün!" plakatı verilmişdir.

Ancaq bu dəfə kiçik formatda 16 səhifə həcmində çıxan qəzetin 6-cı səhifəsi bütünlüklə "Bahar bayramı" ümumi başlığı altında verilmiş materiallardan ibarət idi. Burada Nəbi Xəzrinin "Yaz günü", Hüseyn Kürdoğlunun "Mübarək!" şeirləri, bu sətirlərin müəllifinin "Mənə anam öyrədib…" məqaləsi (materialın gərgin yazılma şəraiti 42 il sonra - "Bir Novruz yazısı, bir-iki söz" məqaləmizdə qələmə alınıb.- "ƏQ", 20 mart 2009-cu il) və rəssam Adil Quliyevin "Bahar bayramı" lövhələrindən Novruz bayramı tonqal üstündən atılan başı papaqlı oğlan uşağı və bayram şirniyyatı düzülmüş xonçada yanan şamlar təsvir edilmiş iki rəsm dərc olunmuşdur.

Beləliklə, "Bahar bayramı" sözü, mətbuatda nəhayət dilə gətirilsə də, "Novruz bayramı" şəklində deyilməsi hələ də mümkün deyildi. Heç şübhə etmirəm, oxucu məni düz başa düşər - qeyri-təvazökarlıqda qınamaz desəm ki, "Mənə anam öyrədib…" adlı yazımda ("Yarım əsrlik yol" - Bakı, 2010, səh.155) "Novruz" sözünü "bayramsız", "Novruzgülü" şerimdən həmin çiçəyin adını çəkdiyim misraları misal gətirməklə yada salmalı olmuşam.

Eyni zamanda onu da qeyd edim ki, müstəqilliyimiz bərpa olunduqdan sonra, Novruz bayramı həsrəti artıq keçmişdə qaldığı bir vaxtda, əvvəldə xatırlandığı kimi, Novruz indi daha YUNESKO tərəfindən Şərq ölkələri xalqlarının əziz bayramı olaraq mədəni irsimizin unudulmaz simvolu səviyyəsində dünya miqyasında böyük məhəbbətlə keçirilməkdədir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində göstərir ki, xalqımız min illər ərzində təşəkkül tapmış ənənələrə sadiq qalaraq hər il Novruz gününü təntənə ilə bayram edir. Təbiətlə insanın sarsılmaz vəhdətinə dair qədim təsəvvürləri əks etdirən Novruz bayramı insanlarımızın yaddaşına əbədi həkk olunmuşdur. Ulu əcdadlarımızın indiki nəsillərə misilsiz ərməğanı olan Novruz adət-ənənələrinin günümüzədək layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir.

Bu müstəsna xidməti tarix özü də heç şübhəsiz, nəsil-nəsil unutmayacaq.

 

 

Ayaz VƏFALI

 

Ədəbiyyat qəzeti.- 2013.- 15 mart.- S.7.