Novruz
sülh, dostluq və humanizm
bayramıdır
Dünya xalqları çox qədimdən
qışın ömrünü başa vurmasını, fəsillərin
gözəli olan yazın gəlişini, təbiətin
oyanıb-dirçəlməsini sevinc və fərəhlə
qarşılamış, suyun yeniləşməsini,
havanın istiləşməsini, yenidən oyanıb ərzi təmizləməsini,
torpağın
əkin-biçinə hazırlanmasını, yeni əmək
xariqələri mövsümünün başlanmasını
çoxsaylı və çeşidli rəqslər,
yallılar, şənlik mərasimləri, rituallar, adət-ənənə
və nəğmələrlə qeyd etmişlər.
Erkən mifoloji
düşüncədən baş alıb gələn və
ulu əcdadlardan miras qalan bu mədəni dəyərlər
xalqımızın müxtəlif zaman və məkan daxilində
ilin fəsilləri, təbiət gözəllikləri, təqvim
görüşləri ilə bağlı erkən mərasim
və bayram silsilələrini yaratmışdır. Onlar getdikcə yeni-yeni dünyagörüşlər,
mənəvi-əxlaqi baxışlar, etik-estetik dəyərlərlə
cilalanıb xalqımızın əmək və məişət
həyatının bütöv aynasına
çevrilmişdir. Şərq xalqları içərisində
yayılmış belə böyük bayramlardan biri Novruz
bayramıdır. Azərbaycan xalqı bu bayramı hər
il mart ayının 20-21-22-də keçirir. Novruz dəyərləri
az qala sivilizasiyanın başlanğıc mərhələlərindən
soraq verir. Tarixin dərinliklərinə getdikcə bayramla
bağlı yeni-yeni məlumatlar üzə çıxır,
onun haqqında zərdüştilikdən çox-çox əvvəlki
çağlardan faktlar aşkarlanır, yeni-yeni mənbələr
bayramın tarixini daha uzaq dövrlərə çəkib
aparır. Odur ki, keçmişin dərinliklərindən
süzülüb gələn bütün bu məlumatlar
Novruzun yaranma tarixi barədə qəti hökmlər verməyi
hələlik ləngidir. Ancaq qəti şəkildə
məlum olanı odur ki, Novruz Şərqin qədim yaz
bayramlarından biri kimi xalqımızın təbiət hadisələri
barədə əski görüşlərini, onun erkən əmək
və məişət həyatını geniş bədii-fəlsəfi
lövhələrdə əks etdirməkdədir. O da
inkaredilməzdir ki, xalqımızın ən qədim mədəni
dəyərləri Novruzun erkən kulturoloji düşüncəsinin
başlıca məzmununu və ana qaynağını təşkil
edir. Bunları təsdiq eləyən əsaslı
və mühüm faktlar isə təbii ki, Azərbaycan
xalqı içərisində bayrama məxsus ənənə
və rituallar, dünyanın yaranması barədə erkən
təsəvvürlər, miflər və rəvayətlər,
inanclar, tapınmalar, dünyanın və insanın törənişi və yüksəlişi ilə bağlı məlum
dörd mühüm və müqəddəs ünsür - Su,
Od, Yel və Torpaqla bağlı etiqadlar, eləcə də
bayram məcmuunun tam və pozulmaz qəliblərdə - yetkin
formatda xalq içərisində yaşamaqda olan el
variantıdır.
Bayrama hazırlığın
başlanğıc mərhələsi olan Boz ayın
çillə və çərşənbə
görüşləri ilə bağlı o qədər zəngin
ayin və etiqadları mövcuddur ki, onlar Novruzun dünyəvi
yaz bayramı mahiyyətini dərk etməyə kifayət qədər
əsas verir.
Xalqımız
Novruzla bağlı elə silsilə rituallar və nəğmələr
yaratmışdır ki, milli əmək və məişət
həyatının bütün etnoqrafik görüntüləri
onlarda öz bədii əksini tapmışdır. Holavar və sayaçı sözləri
"Qodu-qodu", "Səməni", əkin və
biçin, günəşi, yağışı və
küləyi çağırış nəğmələri,
çoban nəğmələri, nəhrə və cəhrə
nəğmələri, toxuculuq və boyaçılıq həyatını
əks etdirən bədii nümunələr və
başqaları bu cəhətdən diqqət çəkəndir.
Novruz nəğmələrinin bir çoxunda erkən simvolik,
fetişist, animist, magik görüşlər öz əksini
tapmışdır. Bayram mərasimlərində Yaz və
Qış rəmzlərinin qarşılaşması,
şaxtanın, dumanın obrazlaşdırılması,
Böyük və Kiçik Çillənin özünəməxsusluqlarını
əks etdirən bədii detallar güclüdür. Novruzun ən
mühüm estetik dəyəri buradakı mərasimlərin
böyük əksəriyyətinin söz, musiqi və nəğmə
ilə zinətlənməsidir ki, bütün bunlar adamın
könlünü, zövqünü oxşayır.
Bayram ritualları, mərasim,
oyun və tamaşaları, inanc, tapınma və etiqadları
xalqımızın erkən dövrlərdə
yaratdığı arxaik mədəni dəyərlərindən
soraq verir, insanları birliyə, dostluq və həmrəyliyə,
yüksək əxlaqi idealları qoruyub saxlamağa, onları
genişləndirməyə sövq edir.
Novruz bayramı bütün
dünya xalqlarının təxminən üçdə biri
üçün müştərək olan astroloji göstərici
eyniliyini tənzimləyən, ərzin böyük bir hissəsində
Yerin Günəş ətrafında hərəkəti ilə
bağlı fəsillərin əvəzləməsi -
qışın ötüb yazın gəlməsi,
gecə və gündüzün bərabərləşməsi,
Yeni günün başlaması ilə əlamətdar
olduğunu da xüsusi qeyd etmək gərəkdir. Belə əzəli kökə və tarixə malik
olan Novruz zaman-zaman özünün yüksək mədəni
dəyərlərini böyük sürətlə yaxın və
uzaq ellərə yaymış, bir çox etnosları,
tayfaları və xalqları öz bayram ənənələri
ətrafında birləşdirə bilmişdir.
Novruz
ideallarında insanların bolluğa, firavan və əmin-aman
həyata coşqun çağırış istəyi dayandığı
kimi, torpağı əkib-becərməyə, onu dirçəltməyə
sonsuz məhəbbət də əks edilir. Onlarda belə bir əxlaq
güclüdür ki, insan firavan və xoşbəxt həyatı
yalnız öz əlinin zəhməti, alnının təri
ilə qazana bilər.
Novruz
bayramı etiqadlarında insanlara qayğı, diqqət, ədalət
idealları başlıca yer tutur. Cəmiyyətdə bərabər,
rahat yaşam tərzi formalaşdırmağa, xəstələrə,
qocalara, kimsəsizlərə əl tutmağa
çağırış ifadə olunur. Bu məqsədlə
də bayram günlərində min bir nemətlə zəngin
xonçalar bəzədilir, xəstələrə, qocalara,
kimsəsizlərə, el ağsaqqallarına bu bayram
xonçalarında müxtəlif bayram payı, bayram
şirniyyatı və başqa Novruz nemətləri göndərilir,
ehtiyacı olanlara bayram yardımları aparılır və
beləliklə, bütün el-oba tam şəkildə bayram
şənliklərinə qatılır. Novruz günlərində
cəmiyyətdə bir növ maddi tarazlıq yaranırdı.
Novruzun
başlıca simvollarından olan bayram xonçaları
bir-birindən fərqli olardı. Nişanlı qızlara
göndərilən xonçalarla ağsaqqal və
ağbirçəklərə göndərilənlər
öz tərtibinə görə fərqlənirdi. Qız-gəlin
üçün bəzədilən xonçalar daha dəbdəbəli
olar, bayram payları da gənclərə verilən hədiyyələrlə
zənginliyi ilə seçilərdi. Yaşlı insanlara
göndərilənlər də səliqəli tərtibi və
hədiyyələri ilə daha xoşagələn olardı.
Bayramın humanist dəyərləri
təkcə bunlarla yekunlaşmazdı. Novruz günlərində
el arasında daha səmimi münasibətlər yaranar, insanlar
bir-birinin evinə bayramlaşmağa, qohumgördüyə gedər,
nişanlı qızlara bayram xonçaları
aparılardı. Küsülülər barışar, evlərdə
şadlıq, xoş əhval, mehribanlıq hökm
sürərdi. Dövlət də ölkədə bayramı
rövnəqləndirər, meydanlarda şənliklər təşkil
edilər, tamaşalar göstərilərdi. Təqsirkarların
cəzası bağışlanar, günahkarların cəzaları
yüngülləşdirilər, bir sıra hallarda isə
ölkədə geniş bağışlanma fərmanları
verilərdi. El-obada bir-birindən incik düşənlər
bayramlaşıb kinə, ədavətə, qan davalarına
son qoyardı. Eldən ayrı düşənlər evinə
qayıdar, əsirlər əfv edilib bağışlanar, illərlə
doğmalarından ayrı düşənlər yenidən
öz evinə - yurdlarına qayıdardılar.
Göründüyü kimi,
Novruz həm də yüksək mənəvi-əxlaqi və mədəni
dəyərləri ilə cəmiyyəti irəli aparan, onu
saflaşdıran, insanları sülhə, dostluğa səfərbər
edən böyük tərbiyə məktəbi idi.
Xalqımızın XIX
yüzillikdəki Türkmənçay tarixi faciəsindən
sonra imperiya ideoloqları müxtəlif yollarla Novruzu milli
yaddaşdan silib ilhaq etdikləri ərazilərdə yeni-yeni
bayramları dəbə mindirməklə onu gözdən
salmağa, xalq içərisində unutdurmağa böyük
cidd-cəhd göstərirdilər. Təəssüf
ki, bu ənənə sovetlər dönəmində daha
ağrılı şəkildə davam etdirildi. Novruzun milli bayram kimi keçirilməsi üzərinə
daha ciddi qadağalar qoyuldu, o, dini bayram hesab edilərək
dövlət tərəfindən gözdən salındı.
Ötən əsrin 60-cı illərindən ölkədə
milli özünüdərkə böyük
qayıdış başladığı zaman qadağalar da
yavaş-yavaş səngidi. İnzibati-idarə
aparatının yüksək vəzifələrinə milli
kadrlar gəldikcə, onlar fürsət düşdükcə
milli dəyərlərin dirçəldilməsinə öz dəstəklərini
verməyə başladılar. 1966-cı ilin əvvəllərində
dövlət əhəmiyyətli yüksək vəzifəyə
yenicə irəli çəkilən ulu öndər Heydər
Əliyev yaranmış vəziyyətdən istifadə edərək
Novurz bayramının Bakıda təntənəli şəkildə
keçirilməsinə öz ilk töhfəsini verə bildi.
Bu vaxt belə bir şərait
yaranmışdı: keçmiş SSRİ ilə Türkiyə
arasındakı münasibətlərdə bir istiləşmə
başlamışdı. Ölkənin baş naziri
A.Kosıginin Türkiyəyə rəsmi səfəri
planlaşdırılmışdı. Bu münasibətlərin
yaxşılaşdırılmasına böyük önəm
verən dövlət ideoloqları türkdilli sovet
respublikalarının birində türklərlə çox səmimi
münasibətlərin mövcud olduğunu nümayiş
etdirmək üçün Novruz bayramını təntənəli
şəkildə təşkil etməyi
planlaşdırmışdılar. Səfərin
hazırlıq mərhələsində Türkiyə
Respublikasının Prezidenti və baş nazirinin də sovetlər
ölkəsinə səfəri gündəmə gəldi.
Özbəkistanda qeyd edilməsi nəzərdə tutulmuş
Novruz bayramının Bakıda keçirilməsi qərarlaşdırıldı.
Bu təklifə Türkiyə tərəfi
böyük dəstək versə də, onun reallaşması
Azərbaycan rəhbərliyinin, xüsusən tədbirin
keçirilməsinin tam təhlükəsizliyinə təminat
verən Heydər Əliyevin böyük səyi nəticəsində
mümkün oldu. Az sonra Azərbaycanda,
xüsusən Bakıda Novruz bayramının keçirilməsinə
böyük hazırlıq işləri başladı.
Hazırlıq işlərinə və bayramın
keçirilməsinə rəhbərlik xalqımızın
görkəmli ziyalısı və Azərbaycan KP MK-nın
ideoloji işlər üzrə katibi Şıxəli
Qurbanova tapşırıldı. "Bahar bayramı"
adı ilə keçirilən Novruz bir çox məhrumiyyətlərə
məruz qalsa da, o il Azərbaycanda təntənəli şəkildə
qeyd edildi. Bu da o vaxt SSRİ Ali Soveti Rəyasət heyətinin
sədri işləyən A.Mikoyanın və onun əlaltılarının
böyük qəzəbinə səbəb oldu. Erməni separatçılarının liderləri
Levon Şaumyan, Mariyetta Şaginyan, Sero Xanzadyan və onlarla
başqalarının imzası ilə Kremlə məktublar
axını başladı. Bu məktublarda sovet rəhbərlərinə
Azərbaycanda dini bayramın bərpa edilməsi və bu ad
altında geniş antisovet kampaniya aparılması barədə
böhtanlar başlıca yer tutur, Azərbaycan rəhbərliyinin
cəzalandırılması tələb edilirdi. Doğrudur,
bayramın qadağası ilə bağlı Moskva rəsmi sənəd
imzalamadı, ancaq Novruzun adının çəkilməsi
yenidən yasaqlandı, bu barədə təbliğat və tədqiqat
işləri üzərinə yenidən ciddi senzura nəzarəti
qoyuldu. Azərbaycanda Novruzun bayram edilməsi yenidən
qapandı. Novruz üzərindən qadağaların
götürülməsindən xeyli sonra daha bir təşəbbüs
edildi. Akademik Mirzə İbrahimovun
yazdığı kimi, "Azərbaycan Kommunist
Partiyasının 1988-ci ilin noyabrında bu bayram üzərindəki
qadağaları silib atmasını xalq böyük fərəh
və ruh yüksəkliyilə qarşıladı…" (bax:
Novruz, toplu, Bakı, Yazıçı - 1989).
Ancaq bu qərar kağız üzərində
qaldı. Novruzun yenə ümumxalq bayramı kimi dövlət
səviyyəsində qeyd edilməsi baş tutmadı. Bir toplu
nəşr edilməklə, bir neçə məqalə
yazılmaqla iş bitmiş hesab edildi. 1990-cı ildəki
Qanlı Yanvar hadisələri zamanı hökumət "matəm
günlərində" bayram keçirmək olmaz"
- deyərək Novruzun üzərinə yeni yasaqlar qoydu. Ancaq mart günlərində akademik fuad Qasımzadə
Dövlət televiziyasında, "Xalqı yasda saxlamaq olmaz,
Novruz xalqı daha sıx birləşdirər" - deyə
bayram nəşrləri üzərinə qoyulmuş
qadağaları ləğv etməyə
çağırdı, ilk dəfə olaraq televiziya efirində
"İlaxır çərşənbələr" barədə
silsilə verilişlərlə çıxış
edib xalqı öz milli dəyərlərini qoruyub saxlamağa
çağırdı.
1992-ci ildə bayramın
tarixini, adət-ənənələrini əks etdirən
"Novruz bayramı" adlı yeni suvenir əsər
çap edildi (bax: Novruz bayramı,
Bakı, "Yazıçı" nəşriyyatı -
1992). Ölkəmizdə xalqın böyük ruh yüksəkliyi
ilə öz milli dəyərlərini yaddaşa
qaytarmasının yeni mərhələsi başladı.
Fərəhli
haldır ki, cəmiyyətimiz dədə-babadan miras
qalmış Novruz əxlaqi dəyərlərini bu gün də
yaşadıb davam və inkişaf etdirməkdədir. Azərbaycan xalqı öz müstəqilliyini yenidən
bərpa etdikdən sonra - 1993-cü ildə Novruz bayramı ulu
öndər Heydər Əliyevin sərəncamı ilə
ümumxalq bayramı elan edilmiş, onun üzərindən
bütün qadağalar birdəfəlik
götürülmüş, xalq Novruzu hər yerdə
özünün böyük milli bayramı kimi kütləvi
şənliklərlə qeyd etməyə başlamış,
Novruz beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilərək dünyaya sürətlə
yayılmağa başlamışdır.
Təbii
ki, yüzilliklər ərzində böyük Novruz heç də
həmişə birmənalı münasibətlə üzləşməmişdir.
Onu qəbul edən tayfaların bir sıra yaz mərasimlərinin
və regional bayramlarının Novruzla çarpazlaşma
prosesi də baş vermiş, müəyyən tayfalar içərisində
bayram özünün folklorlaşma həyatını da
yaşamışdır. Türk tayfaları içərisində
isə bu proses nisbətən daha güclü olmuşdur. Ayrı-ayrı tayfaların bir sıra kiçik,
xırda İlaxır, İlbaşı mərasimləri
Novruzla çarpazlaşmış, müxtəlif soylar
içərisində isə onlar bəzən öz əski qəliblərini
də qoruyııb saxlaya bilmişdir. İslamı qəbul
etməmiş qaqauzlar, tuvinlər, xakaslar başqa tayfa və
soylar içərisində isə belə folklorlaşma
daha rəngarəng olmuşdur. folklorlaşma bayramın bir
sıra mərasiraləri kimi, hətta onun dörd müqəddəs
çərşənbəsinin sıra düzümündən
və adlarının təhrifindən də yan keçməmişdir.
Bayramı tam formatda keçirməyə
imkanı olmayan, oturaq həyata qismən gec keçmiş, eləcə
də Azərbaycan ərazisinə sonralar gəlmiş bir
sıra tayfalar - tərəkəmələr, padarlar,
azsaylı qonşu soylar içərisində daha fəal halda
baş vermiş bu folklorlaşma nəticəsində otuz
günlük Boz ay içərisində
hər biri yeddi gündən ibarət dörd çərşənbənin
sayı yeddiyə, bəzən də doqquza
çatdırılmış, yaxud onların yalançı
çərşənbə, kül çərşənbə,
qara, ölülər çərşənbəsi və sair
kimi məhəlli adlarla əlaqələndirilməsinə təşəbbüslər
edilmişdir. Bununla da, Novruzu söykəndiyi
dörd bəşəri kökdən - çərşənbələrdən
məhrum edərək bayramı
bayağılaşdırmağa, onu dünyanın yaz
bayramları silsiləsindən ayırıb kiçiltməyə,
ona İlaxır, İlbaşı kimi adlar vermaklə Novruzu
bir ulusda, soyda, obada keçirilən məhəlli bayram
səviyyəsinə endirməyə cəhdlər göstərmişlər.
Təəssüf ki, Novruzu təhrif edən belə
yabançı hallara bu günün özündə də
bir sıra mətbuat səhifələrində, radio və
televiziya efirlərində, üzdəniraq kitab səhifələrində
təsadüf olunur.
Novruz bayramının xalqımıza
məxsusluğunu, onun Azərbaycan xalqının arxaik
düşüncəsi ilə
bağlılığını müəyyənləşdirmək
üçün uzağa getmək lazım deyil. İlk
növbədə bayramın özünə, onun adət-ənənələrinə,
rəmzlərinə, simvollarına, şirniyyat süfrəsinə
nəzər salmaq kifayətdir. Onlardan bir neçəsini
xatırlatmaq yerinə düşərdi.
Əcdadlarımızın
törənişi ilə bağlı dörd müqəddəs
ünsürə, tapınmalara söykənən Novruz
bayramının bu ilk simvollarının vəhdəti, əslində,
əbədi və gözəl dünya məna və məzmununun
ifadəsi olub onun əbədiyaşarlığını əks etdirir.
Dünyanı dairəvi şəkildə təsəvvür
etdiyindən babalarımız onun ilk simvolunu dairəvi sinidə,
məcməyidə bəzənmiş xonça kimi təqdim
edir. Xonçanı dünya nemətlərinin sonsuzluğunu,
rəmzini ifadə edən yeddi simvolla bəzəyir. Xonçanı Günəşin rəmzi olan şam,
törənişin əzəli atributları - Su, Od, Hava və
Torpaq rəmzlərinin məcmuunu ifadə edən alma və
yaxud meyvə qurusu, ilin ilk yaşıllıq rəmzi olan səməni
göyərtisi, törənişin fasiləsizliyini və əbədiliyini
tamamlayan rənglərlə boyadılmış yumurta,
dünyanın şirin nemət olduğunu əks etdirən
şirniyyatla bəzəmişlər. Tipindən,
növündən asılı olmayaraq, bütün Novruz
xonçaları bu yeddiliklə əlamətdardır. Bunlardan
sonra isə xonçaya istənilən bəxşiş, hədiyyə
və başqa ənənəvi sovqatlar qoyula bilər.
Belə bır faktı da xatırlatmaq
istərdim ki, ötən əsrin 80-ci illərinin əvvəllərində
məşhur antropoloq Tur Heyerdal Bakıya birinci dəfə gələndə
ona Qobustanda Novruz xonçası təqdim edilərkən o,
xonçanın önündə dizlərini yerə qoyub
"Əcəba, bu, dünyanın bəzədilmiş
simvoludur, siz nə qədim xalqsınız?" - deyə heyrətini
gizlədə bilmədi.
Novruz
bayramı münasibətilə bişirilən şirniyyat
növlərinə gəldikdə isə üzərində
xalqımızın qədim astroloji görüşlərinin
əks olunduğunu görmək mümkündür. Novruz süfrəsinin bəzəyi olan
şorqoğalı (şora) günəşin, şəkərbura
yenicə çıxmış on beş günlük
ayın, üçbucaq şəkilli paxlava səmanın,
uzun ağ bükmə (Quba bükməsi) kəhkəşanın,
rəngarəng noğullar səmadakı ulduzların
simvollarıdır. Maraqlıdır ki, Novruz bayramı
münasibətilə bişirilən bayram şirniyyatı yeddi
növlüdür. Suman halvası, şorqoğal (şora),
şəkərbura, paxlava, bükmə, südçörəyi
(südlü çörək), tıxma (kətə).
Qeyd
etdiyimiz kimi, diqqət yetirilməli məsələlərdən
biri də Novruz süfrəsinin yeddiliklə əlaqəsidir.
İlk öncə demək lazımdır ki, bütün mənbələrdə
Novruz süfrəsi şirniyyat süfrəsi hesab olunur.
Bir
sıra qədim Şərq tibb kitablarında bu süfrədəki
nemətlərin insana ecazkar qüdrət,
uzunömürlülük, sağlamlıq bəxş etdiyi
qeyd olunur. Novruz süfrəsində "s" hərfi ilə
başlayan yeddi yaz nemətinin - "Yeddi ləvin"in
olması vacib hesab edilir. Bunlar
aşağıdakılardır: "İl təhvil edilən
vaxt evə gətirilən su (lal su), səməni halvası
(suman halvası), südlü aş, süzmə, süd
(qaynadılmış), səməni şorbası, onun üzərinə
səpmək üçün sumaq".
Mənbələrdə
göstərilir ki, bunlar Novruzun müqəddəs yeməkləridir,
hər bir bayram süfrəsində qoyulan bu nemətlərin
düzümü il ərzində insanın
sağlamlığını və uğurlarını tənzimləyir.
Başqa bir mənbədə göstərilir ki,
Novrıız bayramı günlərində çeşidli ət
yeməkləri, sirkə, soğan və sarımsaq yeməkləri
yemək tövsiyə olunmur. "Bunlar Novruzdan sonrakı
bayram süfrələrinin yeməkləridir".
Bütün bunlar isə Novruzun
əcdadlarımızın qədim dünyəvi yaz
bayramlarından biri olduğunu, xalqımızın təbiətin
oyanıb həyatverici funksiyalarını bərpa etməsi
barədəki əski görüş və
etiqadlarını özündə
yaşatdığını bir daha təsdiq edir.
Təsadüfü deyildir ki,
bayramın YUNESKO tərəfindən dünya
xalqlarının qorunan qeyri-maddi-mədəni irsi
siyahısına daxil edilməsi, Birləşmiş Millətlər
Təşkilatı Baş Məclisinin 21 martı "Beynəlxalq
Novruz günü" elan etməsi bayramın dünya
xalqları içərisində daha geniş yayılmasına,
xalqımızın yüksək mədəni dəyərləri
ilə dünyanın tanış olmasına öz təsirini
göstərəcəkdir. Bu isə Novruz
bayramının universal məzmununun indiki narahat dünyada
tolerantçılığa, ölkələr, dövlətlər
və sivilizasiyalararası dialoqa, eləcə də Yer
üzündə sülhün qorunub saxlanmasına və
möhkəmləndirilməsinə, azərbaycançılığın
humanist mahiyyətinin dünyada daha geniş yayılmasına
kömək edəcəyinə ümidləri
artırır. Bütün bunlara daha yaxın
zamanda nail olmaq üçünsə insanlar arasında
anlaşılmazlıqları aradan qaldırmağa, sülhə,
həmrəyliyə və humanizmə çağıran
Novruz dəyərlərini qloballaşmaqda olan dünyaya öz
yetkin formatında, yüksək etik-estetik və əxlaqi dəyərləri
ilə birlikdə çatdırmaq gərəkdir.
Azad Nəbiyev
Ədəbiyyat qəzeti.- 2013.- 15 mart.- S.3; 6.