“Ana haqqı-Tanrı haqqı”

 

Ana borcundan tam çıxmaq hələ heç kəsə nəsib olmayıb. Çünki anaların uşaqları üçün etdiklərini heç bir övlad valideyni üçün edə bilməz. Hələ orasını demirik ki, bütün müqəddəsləri, dahiləri də ana yetişdirib. Önümüzdə olan "Ana dedim, qarşımda gözəl bir səhnə açıldı" kitabı da anaların ülvüliyini, böyüklüyünü, əvəzsizliyini nəzərə çarpdırmaq arzusunun nişanəsidir. Kitabın tərtibçiləri Əli Vəkil, Kərim Tahirov, Taleh Həmid anaların müqəddəsliyinin nişanəsi olan bu kitabla qismən də olsa ana borcundan çıxmağa çalışırlar.

"Ana dedim, qarşımda gözəl bir səhnə açıldı" kitabı "Kitabi-Dədə Qorqud"dan "Sən sağ ol, qadın ana!" şeiri ilə başalyır. Kitabda Əfzələddin Xaqani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzulidən üzü bəri, yəni bugünkü günümüzə kimi şairlərin bu müqəddəs varlıq haqqında şeirləri toplanıb.

Bu günlər Milli Kitabxanada yuxarıda adı çəkilən kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq bildirmişdir ki, kitab bəşəri və daimi bir mövzuya həsr olunmuşdur. O, demişdir ki, - Ana haqqı, Tanrı haqqıdır. Analara həsr edilmiş bu kitab, inanıram ki, hər oxucu üçün əziz və çox dəyərli olacaq.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev isə çıxışında vurğulamışdır ki, Milli Kitabxanada müxtəlif kitabların təqdimatında iştirak etmişik. Bu gün isə xüsusi bir təqdimatdır. Analar haqqında bu qədər şeiri bir kitabda nəşr edib oxuculara çatdırmaq təqdirəlayiq haldır. Belə toplunun nəşrində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm.

Məclisdə xalq şairləri Nəriman Həsənzadə, Zəlimxan Yaqub, xalq yazıçısı Çingiz Abdullayev, tanınmış şairlər ilyas Tapdıq, Çingiz Əlioğlu, əməkdar jurnalist Flora Xəlilzadə və digərləri çıxış edərək bu toplunun əhəmiyyətindən danışmışlar. Qeyd olunmuşdur ki, kitaba təkcə Azərbaycan şairlərinin deyil, dünya şairlərinin poetik yaradıcılığından nümunələrin salınması əlamətdar hadisədir.

Toplantıda Milli Dram Teatrının aktyorları - xalq artistləri Laləzar Mustafayeva, İlham Əsgərov, əməkdar artist Ağalar Bayramovun ifasında ana haqqında şeirlər ifa olunmuş, xanəndə Gülay Qədirovanın və muğam üçlüyünün ifasında ana mövzusunda qəzəllər dinlənilmişdir.

Sonda kitabın tərtibçilərindən biri - Taleh Həmid əsərin çıxmasında əməyi olan hər bir şəxsə təşəkkürünü bildirmişdir. Məclis iştirakçıları tədbirdən sonra "Ana haqqı -Tanrı haqqı" adlı kitab sərgisini də maraqla qarşılamışlar.

Onu da qeyd edək ki, "Ana dedim, qarşımda gözəl bir səhnə açıldı..." kitabı Regionların İnkişafı İctimai Birliyinin layihəsi kimi ərsəyə gəlib.

 

 

A.Hacıbabayev

 

Ədəbiyyat qəzeti.- 2013.- 30 mart.- S.4.