Qocalığa
hələ çox qalıb
Anarın 75 yaşına
Həyatın
elə çağları, məqamları, hətta anları
var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik
yaradır və bu mənəvi öhdəlik, olsun ki, daha
artıq dərəcədə təhtəlşüur səciyyə
daşıyır. Soyuq mart günü, hələ səhərin
gözü açılmamış - sübh tezdən
kompyuterin arxasına keçib Anarın 75 illiyinə
yazdığım bu sətirlər mənim içimdəki təhtəlşüur
mənəvi öhdəliyin ifadəsidir və bu, Anarla birgə
yaşanmış o çağların, məqamların,
anların qarşısındakı həmin mənəvi
öhdəlikdir.
Düz 15
il bundan əvvəl mən Anarın 60 illiyinə də bir
yazı yazmışdım və bu 15 il - vaxtın
ildırım sürəti ilə uçduğu indiki
dövrdə elə də böyük bir zaman vahidi deyil, ancaq
biz indi ömrümüzün elə bir məsafəsinə gəlib
çatmışıq ki, hər nə gedir, bağdan yox,
bağbandan gedir.
Mən 15
il əvvəlki həmin yazımı artıq tam dəqiqliyi
ilə xatırlamıram, ancaq yerimdən qalxıb iki
addımlığımdakı kitab dolabından o
yazını götürüb nəzərdən keçirməyə
ehtiyac da hiss etmirəm, çünki burasını tam dəqiqliyi
ilə bilirəm ki, orada nə yazmışamsa, indi də o
fikirdəyəm və bu 15 il heç nəyi dəyişməyib,
daha doğrusu, bu 15 ilin dəyişdirdiyi yalnız zahiri dəyişikliklərdir:
daha az-az görüşmüşük, umu-küsü, bəlkə
daha çox olub, hətta mətbuata da çıxıb və
obıvatelə ləzzət edib, onu ehtizaza gətirib və
görünür, bu yerdə bir az səhv etmişik, bizim ədəbi
mühitdəki ədəbi-əqli gerçəkliyi saya
salmamışıq (bəlkə də düz etmişik?); bəzən
sorağı bir-birimizdən yox, qəzetlərdən,
televiziyadan, internet saytlarından almışıq, ancaq mənim
düşüncəmə görə bütün bunlar
münasibətlərin daxili mündəricatında cücərərək
kök salmayıb.
Ancaq deyəsən,
təkrara varmamaq üçün 15 il bundan əvvəl
yazdığım o yazıya baxmaq lazımdır və mən
indicə başladığım bu yazını
yarımçıq qoyub Anarın 60 illiyinə
yazdığımı tapıb yenidən nəzərdən
keçirirəm.
…Qəribədir,
həmin yazı da, demək olar ki, eyni başlanğıcla
başlayır: "Anarın 60 yaşı tamam olur və belə
bir gündə Anar haqqında söz deməyi mən
özümün mənəvi borcum hesab edirəm…"
İstəyirəm
oxucu mənə inansın ki, bu - mənim qurduğum "ədəbi
fənd" deyil, tam bir təsadüfdür, hətta mən
indicə yazdığım başlanğıcı dəyişmək
də istədim, ancaq nə üçün dəyişim? Mən
buna qəribə dedim, əslində isə görünür,
bu, qəribə yox, sadəcə olaraq həqiqətin ifadəsidir.
Dünyada
söz-söhbət mövzularından çox nə ola bilər?
Ancaq bu saysız mövzular arasında elələri var ki, mən
onu yalnız Anarla danışa bilərəm, başqa
heç kimlə və güman edirəm ki, Anar da mənə
dediklərini başqa bir həmsöhbətə deyə bilməz,
həm də, indiki halda söhbət yalnız dünyanın
hansısa, Aşıq Cüma demişkən,
"pünhan" sirlərindən, yaxud İsgəndərin
buynuzları ilə bağlı quyu ehtiyacından getmir,
çünki bəzən ən sadə həyati söhbətlər
münasibətlərin daha artıq məhrəmliyini tələb
edir.
Arzular da
çox olub və nə yaxşı ki, bu uzun illər boyunca
o arzu-istəklərin bir qismi həyata keçib. Ən
böyük arzulardan biri, əlbəttə, Azərbaycanın
yenə də müstəqil bir dövlət olması idi və
biz bunu gördük. Başqa böyük bir arzu söz
azadlığı idi və bunu da biz gördük. Ancaq, sən
demə, söz azadlığı istedadla bahəm əsl ədəbiyyatı
yaratdığı kimi, ədəbi mühiti xəstələndirə
də bilirmiş. İstedad söz azadlığını tələb
etdiyi kimi, qrafoman da, iddialı heçlik də söz
azadlığından geninə-boluna istifadə etməyi
bacarır və böhtandan, qarayaxmadan, şayiəçilikdən
tutmuş roman, poema, şeir adı ilə nəşr olunan
maklaturaya qədər belə bir eybəcər bacarıq nəticəsində
bu gün bizim ədəbi mühitin (ədəbiyyatın yox,
hətta ədəbi prosesin də yox, məhz ədəbi
mühitin) ambulator yox, stasionar müalicəyə ehtiyacı
var.
Bu fikirlər,
olsun ki, yenə haray-həşirlə "Elçin Anar
haqqında yazısında söz azadlığının əleyhinə
çıxıb!" kimi dedi-qodu yaratsın, ancaq mən,
aydın məsələdir, söz azadlığının əleyhinə
deyiləm (bu, gülünc bir şey olardı), söhbət
söz azadlığından bu azadlığa layiq şəkildə
istifadə etməkdən gedir.
Və bu
yerdə deməliyəm ki, mən heç istəməzdim,
Anar bəzən olduğu kimi, ədəbi mühitdəki bu
bulanıq ab-havadan əsəbiləşsin, hərdən
vaxtını layiq olmayan ünvanlara cavab verməyə həsr
etsin, çünki Anar yaxşı bilir ki, sənət
bütün epoxalarda qeyri-sənətlə, hətta antisənətlə
yanaşı addımlayır, təhlillə, həqiqi qiymətlə,
təqdir və tənqidlə, alqışla böhtan,
qarayaxma, kin-küdurət, şöhrətlə iddia, istedadla
qrafoman həmişə tərəf-müqabil olub və zaman
da həmişə sənətin və istedadın yanında
olub.
Başa
düşürəm ki, adam bəzən hissə
qapılır və ədəbi mühitdəki həmin
bulanıq ab-havanın göstəricisi olan kin-küdurətin
yaratdığı o böhtan və qarayaxmaları gələcək
qarşısında cavabsız qoymaq istəmir, ancaq "gələcək"
nədir? - zaman və zaman da, dediyim kimi, həmişə sənətin
və istedadın, indiki halda Anarın yanındadır.
Bəşəriyyətin
ən böyük kitablarından biri "Don Kixot" deyilmi və
hanı indi o böyük kitabın yazıldığı
dövrdəki o miskin qarayaxmalar, böhtanlar? Elə öz
yaxın keçmişimizdə Azərbaycan mətbuatı
Mirzə Fətəliyə, Zərdabiyə, Mirzə Cəlilə,
Sabirə, Nərimanova, Üzeyir bəyə, Əli bəy
Hüseynzadəyə, Əhməd bəy Ağayevə, Ərəblinskiyə
atılan böhtanlarla, qarayaxmalarla, şayiəçiliklə,
kin-küdurətlə dolu deyilmi? Əlbəttə,
bütün bunlar hamısı məlum məsələlərdir
və təəssüf ki, hərdən xatırlamağa məcbur
olursan. Söz azadlığına alternativ yoxdur və
gerçəklik də bundan ibarətdir ki, onu yalnız
arzulamaq, ondan yalnız ədəbiyyatın inkişafı
naminə istifadə etmək kifayət deyil, ona dözmək də
lazımdır.
Söz
azadlığı dedi-qodunu ictimailəşdirir, yəni onu mətbuata,
əsasən də, təbii ki, sarı mətbuata
çıxarır və bu yerdə mən özümə
sual verirəm: bəyəm sovet vaxtı bizim ətrafımızda
dedi-qodu yox idi? Bəyəm gənc Anarın hekayəsi Sovet
İttifaqının Mərkəzi televiziyasında səhnələşdiriləndə
və bu televiziya tamaşasında SSRİ xalq artisti Lyubov
Dobrjanskaya kimi böyük rus artistləri iştirak edəndə,
yaxud Edvard Radzinski onun hekayəsi əsasında ssenari yazanda və
"Mosfilm" də film çəkəndə, yaxud da
"Literaturnaya qazeta"da Anarın bir yazısı dərc
ediləndə, öz qələmlərindən bir şey
çıxara bilməyən nadan dedi-qodu həvəskarları
bunu cürbəcür şayiələrlə,
"tanışlıqlarla" yozmurdular? Bəyəm mən
özüm həmin "Literaturnaya qazeta"da, yaxud
"Voprosı literaturı"da, "Yunost"da bir yazım
çıxanda üzümə gülüb məni təbrik
edən, arxada isə şayiə yayanları, danos yazanları
az görmüşəm?
Əslində
Anarın hər bir yeni əsəri, publisistikası, ədəbi-tənqidi
mülahizələri böhtançılığa və
qarayaxmaçılığa verilən ən yaxşı
cavabdır. Anar bizim XIX əsrin ikinci yarısı, XX əsrin
əvvəllərində yazıb-yaratmış, fəaliyyət
göstərmiş yuxarıda adlarını çəkdiyim
böyük ədiblərin, maarifçilərin, mədəniyyət
xadimlərinin XX əsrin ikinci yarısı, XXI əsrin əvvəllərindəki,
təəssüf ki, az saylı davamçılarından
biridir.
"60-cılar
Nobel almadı" - bu gün bizim ədəbi mühitdə
tez-tez səslənən mənasız fikirlərdən biri də,
misal üçün, budur və kimi bunu həqiqi təəssüf
hissi ilə deyir, kimi də bundan kam alır.
Nobel
mükafatı haqqında məlum arqumentləri təkrar etmək
istəmirəm, ancaq bu məqamda İlyas Əfəndiyevlə
bağlı bir xatirəni söyləmək isitəyirəm.
Düzdür, mən bunu artıq bir dəfə
yazmışam, ancaq elə bilirəm ki, yenə də söyləməyim
yerinə düşər.
Bir dəfə
İlyas Əfəndiyevlə söhbət edirdik, çox
zaman olduğu kimi, söz yenə gəlib ədəbiyyatın
üstünə çıxdı və İlyas Əfəndiyev,
görünür, hansısa daxili ovqatın təsiri ilə əlini
kitabxanasına tərəf uzadıb:
- Bunlardan
sonra biz niyə yazırıq?- dedi.
Doğrusu, o
zaman - 25-30 il bundan əvvəl İlyas Əfəndiyevin
dilindən verilən o sual mənim üçün gözlənilməz
səsləndi.
"Bunlar"
- yəni İlyas Əfəndiyevin o zəngin
kitabxanasındakı Homer, Nizami, Dante, füzuli, Servantes,
Şekspir, Molyer, Höte, Balzak, Lev Tolstoy…
O zaman mən
İlyas Əfəndiyevin o sualına belə cavab verdim ki, yəqin
hər bir yazıçı öz xalqının tarixi və
taleyi kontekstində qiymətləndirilməlidir, belə
olmasaydı "bunlardan" sonra yeni-yeni nəsillər də
gəlməzdi və doğma ədəbiyyatlarını
yaratmaz, inkişaf etdirməzdilər. Düzdür, İlyas Əfəndiyev
yəqin həmin məqamda içindəki ovqatın təsiri
ilə bu sözləri ironik bir təbəssümlə
qarşıladı, ancaq elə bilirəm ki, ədəbiyyat
tarixində "bunlar" həmişə olub və əsrlər
boyu "bunlardan" sonrakı yaradıcılıq prosesinin
davam etməsi ədəbiyyatın missiyasından doğan əbədi,
həmişəlik bir prosesdir.
Mən
ona görə bu epizodu xatırladım ki, Anar öz doğma
xalqının tarixi və taleyi kontekstində
yaradıcılığı yüksək qiymətə malik
görkəmli ədibdir. Mən əvvəllər də dəfələrlə
yazmışam ki, sənətdə və o cümlədən
də, təbii ki, ədəbiyyatda sənətə aparan yol
millidən keçir, milli kökləri olmayan sənət bəşəri
yox, zahirən kosmopolit pərdəsinə bürünmüş
bir şeydir, çünki böyük mənada kosmopolitliyin
özü üçün də millilik keçilmiş bir mərhələdir.
Anar
milli ədəbiyyatın, milli mədəniyyətin
maraqları ilə yaşayan və həmin maraqları ən
yüksək tribunalardan müdafiə etməyə qadir bir
intellektual, həmin milli ədəbiyyata, mədəniyyətə
nəinki səriştəli qiymət verməyi bacaran, eyni
zamanda həmin mənəvi dəyərlərlə fəxr edən
görkəmli ədəbiyyat, mədəniyyət xadimidir.
Anar, necə
deyərlər, qanıyla, canıyla öz xalqına
bağlı olan, genetik yaddaşa, zövqə və təəssübkeşliyə
malik bir qələm sahibi, bir vətəndaşdır. O, azərbaycanlı xarakterinin, indi dəbdə
olan sözlə desək, mentalitetinin koloritini duyan, hiss edən
mənim uzun illər boyu tanıdığım az adamlardan biridir.
Baxın,
"Dədə Qorqud"dan Mirzə Fətəliyə, Mirzə
Cəlilə, Üzeyir bəyə qədər, İçərişəhərdən,
xalça sənətindən, muğamdan tutmuş Səttar Bəhlulzadənin,
yaxud Mir Cavadın tablolarına qədər böyük bir
milli-mənəvi sərvət Anarın
yaradıcılığında özünün həm bədii,
həm də publisistik ifadəsini tapmışdır. Eyni
zamanda, Anar Qərb və rus ədəbiyyatının
mütaliəsinə, dünyagörüşünün
geniş miqyasına görə də mənim həyatda təsadüf
etdiyim çox az şəxslərdən,
ziyalılardan biridir.
Yadıma
gəlir, 60-cı illərin əvvəllərində
Anarın elə ilk hekayə və povestləri necə səs
saldı, öz məxsusiliyi ilə necə seçildi. O zamanlar mən dəfələrlə
bunun şahidi olmuşam ki, gənclər Anarın o ilk
yazılarını hansı bir həvəslə oxuyurdu və
o hekayələr, povestlər gənclikdə ədəbiyyatla
bağlı necə bir ruh yüksəkliyi, bir coşqunluq
yaradırdı.
Anarın
hekayələri, povestləri Azərbaycan nəsrinin
inkişafında, yeni-yeni bədii-estetik çalarlar əldə
etməsində rol oynadığı kimi, dediyim o ruh yüksəkliyi,
o coşqunluq da bizim oxucuların bədii zövqünün
formalaşmasında rol oynadı.
O hekayələrlə
ədəbiyyata gələn Anar, elə o hekayələrlə
də layiq olduğu şöhrəti qazandı və illər
keçdikcə o gənc yazıçı görkəmli
nasir oldu, görkəmli publisist, ədəbiyyatşünas, sənətşünas,
dramaturq, rejissor oldu, tərcümələr etdi, hətta…
şeir də yazmağa başladı…
Xatirələr
məni 60-70-ci illərə aparır, o gözəl günlərə
ki, mənim Vaqif küçəsi (indiki Həsən Seyidbəyli
küçəsi) 30-da həyətdən altıncı,
küçədən isə dördüncü mərtəbədə
16 kv.m-lik mənzilim, Anarın isə qonşu blokda həyət
tərəfdən ikinci mərtəbədə, küçə
tərəfdən isə yarımzirzəmi olan mənzili var
idi və Anargilin o mənzilinin bir tərəfində Tural
balaca olduğu üçün (Günel isə hələ
dünyaya gəlməmişdi) balkona çıxıb siqaret
çəkmək olurdu, o biri tərəfində isə
küçədə gəzən Bakı sakinlərinin
ayaqqabıları görünürdü.
Dediyim o
gözəl günlərdə Anarın həmin mənzilində
xudmani məclislər qururduq və bəzən səhərə
qədər çəkən o məclislər heç vəchlə
yalnız yeyib-içməkdən ibarət deyildi, daha
artıq dərəcədə həyat barədə,
dünyanın işləri barədə,
yaşadığımız ölkənin - Sovet
İttifaqının gerçəkləri barədə
etibarlı söhbətlər, ədəbi müzakirələr
üçün məhrəm, doğma şərait yaradan, mənəvi
tələbatdan gələn görüşlər idi:
dünyada baş verən siyasi-ictimai olaylar, ən son ədəbi
hadisələr, ən son kitablar, filmlər, "samizdat" nəşrləri,
yeni fikirlər, planlar, yeni ideyalar…
Yadıma
gəlir, Anar Moskvadan Sartrın Nobel mükafatından imtina etməsi
barədə bəyanatını gətirmişdi. "Mən nə
üçün Nobel mükafatından imtina etdim?"
adlı o məşhur və bugünkü nəşrlərdə
geniş yayılmış bəyanatı Sartr Parisdə
İsveç jurnalistləri ilə görüşdə vermişdi,
ancaq o bəyanat elə o zaman dünya ictimai fikrində səs
salsa da, SSRİ-də onun çapı qadağan edilmişdi.
Onu "samizdat" rus dilinə tərcümə edib makina
yazısı ilə qrankalarda yaymışdı və o bəyanatı
da Anar özünə xas olan həvəs və həyəcanla
həmin gecə məclislərindən birində bizə
oxudu: mən idim, Araz Dadaşzadə idi, Yusif idi - indi
xatırladığım bunlardır.
O bəyanatın
mənə necə təsir etməsi indiyə qədər -
aradan bu qədər illər keçdikdən sonra da mənim
hissiyyatımdadır. O zaman mən aspiranturanı yenicə
bitirib Nizami adına Ədəbiyyat və Dil İnstitutunda
(sonra müstəqil Dil İnstitutu yarandı) kiçik elmi
işçi işləyirdim və o bəyanatı Anardan
götürüb özüm makinada qara kağızla bir
neçə nüsxədə üzünü
köçürdüm, bu gün tez-tez
xatırladığım unudulmaz insanlara, əsl ədəbiyyat
adamları olan bizim nəzəriyyə şöbəmizin
müdiri, akademik Məmməd Cəfər müəllimə,
institutun direktor müavini işləyən Kamal Talıbzadəyə,
bizim şöbədə baş elmi işçi işləyən
Yaşar Qarayevə, onlar oxuyandan sonra da başqalarına
verdim.
Bu
yazının mövzusundan kənara çıxsam da bir
gülməli epizod yadıma düşür: o zaman rəhmətlik
Xəlil Rza da (hələ "Ulutürk" deyildi) bizim
institutda işləyirdi və böyük bir həvəs və
yorulmazlıqla gördüklərini, eşitdiklərini, elədiklərini
hər gün mütəmadi gündəliyinə
yazırdı. Mən Sartrın o bəyanatını
Xəlilə də verdim. Arazda çox güclü yumor
hissi var idi, eyni zamanda, hamımızdan daha ehtiyatlı idi və
bəyanatı Xəlilə verdiyimi eşidəndə gülə-gülə:
"Sənin işin xarabdı!"- dedi. "Niyə?"
"KQB Xəlili addım-addım izləyir,
gec-tez onun gündəliklərini əldə edəcəklər,
görəcəklər ki, Sartrın bəyanatını ona sən
vermisən!"
Ancaq mən
yenə Anargildəki o gecə görüşlərinə
qayıdıram. Tez-tez
yeni yazılarımızı bir-birimizə oxuyurduq və o
yazılara görə sidq-ürəkdən gələn bir səmimiyyət
və hərarətlə bir-birimizi təbrik edirdik,
iradlarımızı da eləcə bir səmimiyyətlə
bildirirdik (ədəbiyyatla bağlı kompromis yox idi), ən
başlıcası isə, kimin yazdığından
asılı olmayaraq, hər bir uğurlu yazı öz şəxsi
uğurumuz kimi bizi sevindirirdi, fərəhləndirirdi və həvəsləndirirdi.
Yadıma
gəlir, Anar yenicə yazdığı "Adamın
adamı" pyesini oxuyanda necə qızğın müzakirə
etdik, yaxud mən "Qatar.Latur. Pikasso. 1968" hekayəsini
oxuyandan sonra cibində pul olanda dinc otura bilməyən Yusif Səmədoğlu
rus dilində: "Eto xoroşaya li-i-iteratura, Qa-a-aqili (məni
belə çağırırdı, Anara isə
"A-a-anari" deyirdi), - dedi və ayağa qalxdı: - Getdik!.."
Və
bizi köhnə "İnturist"ə apardı.
O da
yaxşı yadımdadır ki, Anar Vaqifin (onda hələ Səmədoğlu
deyildi, sadəcə Vəkilov idi) bir dəftər şeirlərini
əlyazmasında götürüb, özü makinada
yazmışdı və Vaqif oldu-olmadı, uzaqgörən
çeşməyini yuxarı qaldırıb həmin şeirləri
bərkdən oxuya-oxuya o şeirlərə sevgisini
başqaları ilə də bölüşmək istəyirdi.
İndi fikirləşirəm
ki, Anarın o yarızirzəmi mənzili əslində o zaman
üçün elitar ədəbi klub kimi bir şey idi və
Araz Dadaşzadə, Yusif Səmədoğlu, Emin Sabitoğlu,
Rəhman Bədəlov, başqa bir-iki nəfər o "ədəbi
klubun" "üzvləri" idi, bəzən Toğrul Nərimanbəyov
da gəlib gecə saaat 3-də Kavaradosinin ariyasını oxuyurdu
(qonşular yaxşı adamlar imiş), bəzən də Emin
Sabitoğlu Mirzə Babayevlə gəlirdi və şux, duzlu,
baməzə bir adam olan rəhmətlik Mirzə kişi
yaş fərqinə baxmayaraq, özünü bizlərdən
biri kimi aparır, Eminlə lap yenicə
hazırladıqları mahnını Eminin pianoda müşayiəti
ilə ləzzətlə oxuyurdu (Mirzə kişi ilə mən
xüsusən son illərdə konsertlərdə, müxtəlif
tədbirlərdə, xeyirdə-şərdə tez-tez
görüşürdüm, hərdən də işdə mənim
yanıma gəlirdi və onun ən böyük arzusu
özünün 90 illiyində səhnəyə
çıxıb oxumaq idi, lap az qalmışdı, heyif qismət
olmadı).
Əlbəttə,
tələsik (amma dadlı) salat hazırlamaqdan tutmuş,
süfrə açıb-yığışdırmağacan
o unudulmaz (və bəzən də, dediyim kimi,
haylı-küylü!) gecə görüşlərinin
bütün əziyyətini çəkən isə
Anarın vəfalı həyat yoldaşı Zemfira idi. Zemfira Səfərova bu gün görkəmli
musiqişünas alimdir və mən o uzaq keçmişdə
qalmış o gözlənilməz gecə məclislərində
Zemfira xanıma verdiyimiz əziyyətləri yadıma
salıb özümüzü qınayanda, təskinliyi onda
tapıram ki, əslində, Zemfira xanım da bizim səmimi və
istəkli bir bacımız, dostumuz, o "ədəbi
klubun" üzvü olan məsləkdaşımız idi.
Deyirlər,
divarın da qulağı var, ancaq həqiqətən
divarın qulağı olsaydı, Anarın o mənzilindəki
söhbətlərə görə KQB çoxdan bizimlə
haqq-hesab çürütmüşdü.
Bu gün
yalan-doğru, bilən də, bilməyən də, görən
də, görməyən də Sovet İttifaqını
söyür, hərdən tərifləyənlər də
var, ancaq bizim söyüb, yaxud tərifləməyimizdən
asılı olmayaraq, bu nəhəng imperiyaya obyektiv qiyməti
tarix verəcək. İndiki halda həqiqət isə bundan
ibarətdir ki, Anar da, mən də, adlarını çəkdiyim
və çəkmədiyim başqa dostlarımız da sovet
sisteminə, Sovet İttifaqındakı siyasi
riyakarlığa, senzuraya, ictimai yalana və ictimai əxlaq
pozğunluğuna, deyilən ilə mövcud arasındakı
təzada, bu ölkənin beton sərhədlərinə nifrət
edirdik və yeri gəlmişkən deyim ki, bu nifrət, belə
bir daxili barışmazlıq "60-cılar" dediyimiz ədəbi
nəslin istedadından, yaradıcılığının səviyyəsindən
asılı olmayaraq, bütün nümayəndələri
üçün səciyyəvi bir xüsusiyyət idi və
onların, o cümlədən də "60-cılar"ın
ən parlaq nümayəndələrindən biri olan Anarın
yaradıcılığının ümumi əhəmiyyəti
də, mənim fikrimcə, bu yaradıcılığın məhz
belə bir dünyagörüşü üzərində
köklənməsidir.
Sovet
İttifaqında - 60-70-ci illəri, 80-nin birinci
yarısını, hələ Qorbaçov "yenidənqurmasının"
başlanmadığı dövrü nəzərdə tuturam
- guya Cambul Cabayevin yazıdığı "Batır Yejov
haqqında dastan" kimi biabırçı falsifikasiyalar daha
təşkil və təbliğ edilmirdi, Semyon Babayevskinin
"Qızıl ulduzlu qəhrəman", yaxud həmişə
rəsmi ümumittifaq ədəbi tədbirlərində rəhbər
dekorasiya atributu kimi rəyasət heyətində oturan və həmişə
də bütün tədbir boyu yatan Berdı Kerbabayevin
"Ağ qızıl ölkəsinin Aysoltanı" kimi
parlaq sosrealizm nümunələri olan romanları, yaxud da
Anatoli Sofronovun "Bir şəhərdə", "Moskva
xarakteri" kimi pyesdən çox əyani təbliğat
materiallarını xatırladan "əsərlər"
daha Stalin mükafatı almırdı, Maksim Qorki adi
aşıq Süleyman Staliskini böyük təntənə
ilə "XX əsrin Homeri" adlandırmırdı, ancaq
bu dəfə də partiya ideologiyasının təyinatı
ilə ədəbiyyat generalları olmuş
"toxunmazlar" Lenin mükafatları alırdı,
redaksiyalarda, nəşriyyatlarda ədəbiyyata münasibətdə
partiya "meyarlar"ı hakimi-mütləqliyi əldən
verməməyə çalışırdı, amma
bütün bunlarla bərabər, Moskva mətbuatında
ümumittifaq miqyaslı proqressiv ədəbi proses də
baş qaldırır və get-gedə güclənirdi.
Bu proqressiv ədəbi
prosesin bizim "60-cılar"ın ən aparıcı
nümayəndələrinin, o cümlədən də, təbii
ki, Anarın ədəbi simasının müəyyənləşməsində,
layiq olduğu ədəbi nüfuzu qazanmasında, şübhəsiz
ki, ciddi rolu oldu. Anar da daxil olmaqla bizim
"60-cılar"ın həmin nümayəndələri
ümumittifaq ədəbi prosesinin müşahidəçiləri
yox, öz bədii əsərləri və ədəbiyyatın
aktual problemlərinə həsr olunmuş konseptual məqalələri
ilə o ədəbi prosesin bilavasitə iştirakçılarına
çevrildi, bu isə, aydın məsələdir, istedad və
savad tələb edirdi.
Qalxıb
fotoalbomları vərəqləyirəm.
Budur, Anar,
Araz Dadaşzadə, mən. 1968-ci il. Bu fotoşəkil, əgər səhv etmirəmsə,
biz Qobustanda qayalıqları gəzdikdən sonra - elə orada
çəkilib.
O vaxt kimin
ağlına gələrdi ki, mən bu sübh
çağı Anarın 75 illiyinə yazı
yazdığım bir vaxtda, artıq iyimi üç il olacaq
ki, Araz haqq dünyasına köçüb və mən hər
dəfə 2-ci fəxri Xiyabana gedəndə Arazın
başdaşını görəndə diksinirəm,
çünki Arazın yoxluğu bu gün də mənim
üçün inanılmaz bir şeydir. Bu iyirmi üç
il, heç şübhə etmirəm ki, Arazı Anardan nəinki
uzaqlaşdırmayıb, əksinə, xatirələrin
doğmalığı və hərarəti onu Anara daha da
yaxınlaşdırıb və onların dostluğunun
"stajı" da xeyli artıq idi…
Anar, Fikrət
Qoca, mən. Bu da 60-ın sonları, 70-in əvvəlləridir
və nə yaxşı ki, o uzaq gözəl illər Anarla
Fikrətin bir-birinə bugünkü münasibətindən qətiyyən
inciməyib, nə yaxşı ki, onlar yenə bir yerdədir.
Anar, Yusif Səmədoğlu,
mən. Yenə 60-cı illərin
sonlarıdır. O vaxt kimin ağlına gələrdi
ki, sağlam, canlı, şux Yusifin duzlu-məzəli
zarafatları, ağayanalığı, qrafomanlıqla (və
qrafomanlarla) bağlı ironik atmacaları bizim xatirələrimizə
çevriləcək…
Yusifin bir
sözü yadıma düşdü: elə o vaxtlardan da hafizəmə
hopub, hətta, indi dəqiq xatırlamıram, hansı
yazımdasa yazmışam da. Bir dəfə, elə həmin
illər - 60-ın sonları, 70-in əvvəlləri idi,
Yusif, Anar və mən gecə saat 12-dən sonra Dənizkənarı
bulvarda o zaman yeni salınmış "Venesiya"nın
arxasında, budaqları sallanıb yerə dəyən
söyüd ağacının altında həmişəki
kimi oturmuşduq. Həmişəki kimi də "Venesiya"nın gecə gözətçisi İbad
dayı özü bişirdiyi toyuq içalatı ilə
yumurta çığırtmasını elə tavanın
içində və xüsusi olaraq bizimçün
saxladığı bir şüşə "Moskovski" ilə
birlikdə xəlvəti gətirib mizimizin üstünə
qoymuşdu. Söhbət bu dünyanın işlərindən,
həyatdan, ölümdən-itimdən düşdü və
o zaman Yusif barmağını göyə uzadıb, gözəl
kəkələməsi ilə:
- Hə-ə-ər
şey o-o-orda məlum o-o-olacaq…- dedi. - Ora ge-e-edəndən
sonra hə-ə-ər şey aydınla-a-aşacaq…
Yusif artıq
15 ildir ordadır və yəqin ordan bizə baxıb hərdənbir
bizim bu dünyada hansısa "dünyəvi" istəyimizə,
hərəkətimizə, əsəbiləşməyimizə
baxıb, qayğılarımızı görüb
başını bulaya-bulaya bütün bunların mənasızlığına
gülümsəyir…
Budur,
İlyas Əfəndiyev və Anar. 80-ci illərin
sonlarıdır. Nə münasibətləsə
Bakı küçələrindən birində çəkilib.
Bu da Rəsul
Rza ilə mən.
Arxasında yazı var: 1980-ci ilin fevralında
Yazıçılar İttifaqında çəkilib.
İlyas
Əfəndiyevlə Rəsul Rza da indi haqq
dünyasındadırlar, biz isə, əzizim Anar, hələ
ki, bu dünyadayıq.
Sənin 60
illiyinə yazdığım o yazı belə bir diləklə
qurtarırdı: "Allah… bizə qismət etsin ki, yenə
iyirmi beş-otuz ildən sonra (dünyada o qədər
möcüzələr olur ki) yenə də canlı Anar
haqqında… yazım… o zaman tamam başqa bir dünya
olacaq."
"Başqa
bir dünya" barədə bir söz deyə bilmərəm,
ancaq mənim o otuz il diləyimdən hələ
yalnız on beş il keçib və on beş il də hələ
irəlidədir.
Ancaq o otuz ili də gərək bir az çoxaldaydım…
Belə hiss
edirəm ki, deyəsən, sənin 75 illiyinə
yazdığım bu yazı ənənəvi təbrik
yazıları çərçivələrinə tam
uyğun gəlmir, ancaq bu, görünür, əvvəldə
dediyim həmin təhtəlşüur mənəvi öhdəlikdən
gələn bir sərbəstlikdir və bu yerdə mən bu
yazını sidq-ürəkdən gələn, eləcə də,
ənənəvi təbriklərə uyğun olan
arzularımı sənə bildirməklə bitirmək istəyirəm:
nə qədər mümkündürsə, o qədər
çox yaşa, nə qədər mümkündürsə,
səmimi və mehriban ailənlə birlikdə o qədər
xoşbəxt ol, nə qədər mümkündürsə,
o qədər yaz-yarat.
Sənin 60
illiyinlə bağlı o yazım belə adlanırdı:
"Qocalığa hələ çox qalıb" və mən
sənin 75 illiyinlə bağlı bu yazının da
adını elə o cür qoyuram: "Qocalığa hələ
çox qalıb."
ElÇİN
13 mart 2013
Bakı
Ədəbiyyat qəzeti.- 2013.- 15 mart.-
S.4.