Professor Səməd Seyidova açıq məktub

     

Hörmətli Səməd müəllim!

Sizin «Yaradıcılığın fenomenologiyası (tarix, paradokslar, şəxsiyyət)» kitabınızı həm rusca (2009), həm də azərbaycanca (2013) diqqətlə oxudum. etiraf edim ki, son illərdə bu qədər yüksək elmi- intellektual, mürəkkəb problemlər qaldıran, yaradıcılıq kimi həqiqətən fenomenal, çoxşaxəli, çoxspektrli bir məsələyə həsr olunmuş əsər oxumamışdım. Ancaq təəccüblənmədim, səviyyənizə yaxşı bələd olduğumdan bilirdim ki, siz məhz bu cür dəyərlə əsərə imza ata bilərsiniz.

Mötəbər elmi məcmuələrdə və müxtəlif dillərdə nəşr olunmuş çoxlu məqalələriniz, tədris proqramlarınız, «Menecment psixologiyası» (2000), «Psixologiya» (2007) dərslikləriniz, yüksək səviyyəli elmi-pedaqoji və beynəlxalq miqyaslı ictimai-siyasi fəaliyyətiniz sizə böyük şöhrət qazandırmışdır. Bunula belə, əminəm ki, «Yaradıcılığın fenomenologiyası» kitabı sizə daha böyük şöhrət qazandıracaq şah əsərinizdir.

Monoqrafiya ön söz yerinə «Psixologiyanın lənəti» ilə başlanır ki, bu cür polemik, fundamental psixoloji araşdırma üçün tamamilə təbii olan cəsarətli başlanğıc ümumiyyətlə, kitaba (və kitabın biri digərinin ideya-məzmunca davamı olan müxtəlif bölmələrinə) intellektual-metodoloji ritm (bütövlük) verir. Elə kitabın ilk səhifələrindən məlum olur ki, müəllif yaradıcılığının ən mühüm psixoloji əlamətlərindən biri kimi cəsarətdən (və nə qədər paradoksal olsa da, həmin əlamətin assosiativ törəməsi olaraq «lənət»dən) bəhs edir: «Çağdaş elmin baniləri sayılan Kopernik, Qaliley, Eynşteyn, Freydbir çox başqa dahilər «lənətlərdən» nəinki qorxmayıblar, əksinə, bu mövzulara (cəmiyyətin üzərinə tabu, yaxud qadağa qoyduğu mövzulardan söhbət gedir - N.C.) inadla, cəsarətlə aydınlıq gətiriblər» (səh. 7).

Siz tamamilə haqlısınız… Özündən əvvəl mövcud olanları - maddiya mənəvi normativləri, standartları buya başqa şəkildə təkrar etmək, yaxud yamsılamaq yaradıcılıq sayıla bilməz. Sözün tam mənasında yaradıcılıq istər müəllifinə şöhrət, istərsə də «lənət» gətirsin, fərqi yoxdur, mütləq nəyisə «darmadağın etməli», yeni mühit- kontekst müəyyənləşdirməlidir.

Sizin «Ön söz»ünüzdə təqdim etdiyiniz digər bir paradoks isə psixologiya elminin, o cümlədən yaradıcılıq psixologiyasının birbaşa metodoloji mahiyyətinə aiddir. Qeyd edirsiniz ki, insan psixologiyasını öyrəndikcə onun müəmmalarına bələd olduqca psixologiya bir elm kimi nüfuzdan düşür. psixologiyada «hansısa nəzəriyyənin təsdiqi nəinki başqa nəzəriyyələrin təkzibinə, hətta psixologiyanın özünün dərketmə aparatından imtina edilməsinə, ya da ən azı, onun dəyişdirilməsinə aparıb çıxarır» (səh. 10- 11).

Ədəbi-bədii yaradıcılıqda, ümumən incəsənətdə də təxminən belədir… Belə ki, buya digər ədəbi məktəb, yaxud cərəyan meydana çıxıb özünü təsdiq etdikdə həm əvvəlkilər müəyyən mənada «tarix»ə çevrilir, həm də ümumən ədəbiyyat haqqındakı elmin kanonları, prinsipləri, anlayışları dəyişir ki, Azərbaycan ədəbiyyatında buna ən parlaq nümunə dahi ədib- mütəfəkkir M.F.Axundzadənin özündən üç əsr əvvəl yaşamış başqa bir dahinin - M.Füzulinin yaradıcılığına həm praktik, həm də nəzəri-metodoloji münasibətidir.

Ancaq sizin, haqqında bəhs etdiyiniz paradoksallığın miqyası daha geniş, təbiəti daha mürəkkəbdir. Doğrudan da, «çağdaş psixologiya nəzəriyyələrindən əməli istifadənin kütləviləşdiyi, əlçatan olduğu indiki zamanda əksər alimlər klassik psixoloji cərəyanlardan imtina etməyi heç düşünmürlər də» (səh. 12). Ona görə də tamamilə məntiqi olaraq suallar yaranır: «Bəs əslində nə baş verir? Psixologiyanın inkişafı, yoxsa inkişafla bağlı illüziya? Tərəqqi, yerində sayma, yoxsa tənəzzül? Əgər ortada olan bütün nəzəriyyələr buya digər dərəcədə məhduddursa, insanın davranış fenomenlərinin təsvirinə necə yanaşmalı? Nəyə görə Nyutonun, ya Eynşteynin fizikada göstərdikləri nümunəyə bənzər bir şəkildə insanın psixi aləminin bütöv mənzərəsini yaratmaq olmur?» (səh. 19).

Əlbəttə, «real ölçülü ideal aləm»in texnologiyasını bütövlükdə təsəvvür etmək, hərəkət düsturunu müəyyənləşdirmək, reaksiyalarını proqnozlaşdırmaq qeyri- mümkün sayılacaq qədər çətindir. Bununla belə «realizm, əlbəttə, olduqca cəlbedicidir, lakin çox tezliklə adama «yorğunluq» gətirir… Reallığın ideallaşdırılması realizmin «yüksək səviyyəsidir» və nəticədə elə gerçəkliyin özünün dağılmasına aparıb çıxarır. Başqa sözlə, psixi amillərin ideal fenomen kimi nəzərə alınmaması son nəticədə tədqiqatçıların reallıqda mövcud olan hər hansı insan fenomenini mütləqləşdirməsinə gətirir» (səh. 13). Və «mütləqləşəndən sonra bu fenomen özünü, öz rolunu və içində yaşadığı gerçəkliyi dağıdır» (səh. 13).

Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrinin, məsələn, Nəsiminin, Füzulinin, Vaqifin yaradıcılıq praktikasında da insana münasibətin fəlsəfəsi məhz belədir…

Hörmətli Səməd müəllim!

Sizin kitabın və ümumən elmi təfəkkürünüzün mühüm xüsusiyyətlərindən biri ümumiləşdirmə, həm də analitik ümumiləşdirmə bacarığıdır ki, bu hər tədqiqatçıya nəsib olmur, yalnız fitri istedadın, öz sözünüzlə desəm, fenomenal məhsuludur. Məsələn, həmin analitik ümumiləşdirmənin nəticəsidir ki, belə bir dəqiq qərara gəlirsiniz: «psixologiyada (yalnız psixologiyadamı?- N.C.) insanın psixi fəaliyyətini və davranışını qiymətləndirmək üçün vahid, dəyişməz kriteriya- absolyut olmamalıdır. Bu hipotezin həqiqiliyini qəbul edərkən relyativizmin tələsinə düşməmək üçün ehtiyatlı olmaq lazımdır. Alim üçün bu, elə absolyutizm qədər təhlükəlidir» (səh. 14).

Məsələnin məhz bu cür olduğunu dərk edib öz yaradıcılıq praktikasına geniş tətbiq edənlərdən biri dahi F.M.Dostayevski idi. Və təsadüfi deyil ki, onun təcrübəsini mahiyətcə, dahi A.Eynşteynin məşhur nəzəriyyəsi ilə müqayisə edirlər.

«Yaradıcılıq fenomenologiyası»nın birinci fəsli çox vacib bir məsələyə - psixologiyada yaradıcılığın öyrənilməsi tarixinə həsr olunmuşdur.

Məlumdur ki, müxtəlif dövrlərin mütəfəkkirləri yaradıcılığın psixologiyası, ümumən fenomenologiyası üzərində insanın (şəxsiyyətin) təyinedici əlamətlərindən biri, bəlkə də, ən mühüm əlaməti kimi düşünmüşlər. Siz nüfuzlu tədqiqatçılara (və mənbələrə) istinad edərək qədim hind, Çin, antik dövr, eləcə də orta əsrlər müsəlman fəlsəfəsində, yeni dövr Qərb, Rusiya, sovet, həmçinin Azərbaycan psixologiyasında yaradıcılıq probleminə münasibət tarixinin kifayət qədər mükəmməl bir mənzərəsini yaratmısınız. Xüsusilə Azərbaycan psixoloqlarının bu sahədə gördükləri işlərin analitik icmalı kitabın (və müəllifin) hansı milli- intellektual mühitin məhsulu olması barədə aydın təsəvvür yaratmaqla yanaşı, oxucunu fuad İbrahimbəyov, Ə.Bayramov, İ.Seyidov, Ə.Həmzəyev, Ə.Əlizadə, Ç.Hacıyev, K.Əliyeva… kimi Azərbaycan tədqiqatçılarının araşdırmaları, mülahizələri ilə yaxından tanış edir.

Görkəmli sovet filosofuelmi fəaliyyəti Azərbaycanla sıx bağlı olan A.O.Makovelskinin «Sözün qüdrəti və bədii yaradıcılığının vəzifələri haqqında Nizaminin fikirləri» məqaləsinin (1947) təhlili, etiraf edim ki, mənə xüsusi zövq verdi.

A.O.Makovelski yazır: «Nizami bədii əsərdən aşağıdakı keyfiyyətləri gözləyir: 1) ideyalılıq; 2) gerçəkliyin düzgün əks olunması; 3) müəllifin səmimiliyi; 4) predmetin dərindən öyrənilməsi; 5) yaradıcılığın orijinallığı; 6) forma ustalığı və 7) təsir gücü (oxucunun ağlını və qəlbini fəth etmək)» (səh. 91). Siz isə tamamilə haqlı olaraq, əlavə edirsiniz: «Şübhəsiz, Nizaminin yaradıcı proseslə bağlı təsəvvürlərini xarakterizə edən Makovelski buna yaradıcı aktivlik haqqında öz baxışları bucağından yozum verir. Nəticədə görürük ki, o, yaradıcı fəallıqla bağlı Nizami baxışlarının təsvirini verməkdən daha çox, böyük şairin yaradıcılığında təsdiqini «tapdığı» öz konsepsiyalarını ifadə edir. Təəssüf ki, professor Makovelski yaradıcı prosesin vəcd (ekstaz), fəhm (intuisiya), beynin şüursuz işibir çox digər hallarla bağlı olması haqda Nizaminin dediklərini faktiki olaraq diqqətdən kənarda saxlayır» (səh.91).

Əlbəttə, bu, sovet dövrünün yaradıcılıq anlayışına münasibətdə qaçılmaz olan fəlsəfi-ideoloji tələblərdən irəli gəlirdi.

Doğrudur, tədqiqatçıdan, yaxud müəllifdən hətta eyni mövzu daxilində belə bütün məsələlərə, faktlara toxunmağı, münasibət bildirməyi tələb etmək düzgün olmazdı. Ancaq mən çox istərdim ki, yaradıcılığın fenomenologiyası ilə bağlı Səməd Vurğun, Mehdi Hüseyn, Məmməd Arif, Məmməd Cəfər, Mir Cəlal kimi Azərbaycan yazıçı- mütəfəkkirlərin heçaz olmayan, bir sıra hallarda isə hətta konseptual səviyyəyə qalxan mülahizələri də diqqətdən kənarda qalmayaydı.

Hörmətli Səməd müəllim!

Sizin kitabınızın «Şəxsiyyətin fenomenologiyası» adlanan ikinci fəsli zəngin faktlar, hadisələr əsasında yazılmışdır. Yaradıcılığın paradokslarından başlayaraq ta passionarlığa qədər mövzu ilə bağlı ən müxtəlif məsələlər əsasən «şəxsiyyətin strukturu» anlayışı kontekstində təhlil olunur. Və həmin təhlildə biri digərindən zahirən fərqli görünən hadisə- problemlər (məsələn, yaradıcılığın psixikanın qoruyucu mexanizmi olması, yaradıcı şəxsiyyətlə cəmiyyətin qarşıdurması, mədəniyyətin psixologiyası və s.), əslində, kifayət qədər üzvü vəhdətdə olmaqla mahiyyətcə biri digərini tamamlayır. Və əsərin metodoloji, ideya-konseptual bütövlüyü təmin olunur. Bu fəsildə də siz olduqca dinamik, çevik bir üslub (təfəkkür) nümayiş etdirir, ən mürəkkəb psixoloji-fəlsəfi ideyaları belə modelləşdirə, proqramlaşdıra bilirsiniz.

Yeri gəlmişkən, sizin üslubunuz haqqında onu demək olar ki, bu, oxucunu cəlb edən, onun idrakını hərəkətə gətirməyə qadir, bir qədər də romantik (və hətta aristokratik!) üslubdur. Əsərdə elə yerlər var ki, məzmunun akademikliyini zədələmədən mənsur şeir kimi oxunur. Və sizin yalnız nəzəriyyəçi kimi yox, həm də praktik olaraq psixoloq peşəkarlığınızdan xəbər verir.

Məsələn, yazırsınız: «Psixi aləmin bubir çox başqa cəhətləri insan psixologiyasının paradoksallığını və təzadlılığını, özünün bütün «intim» tərəflərini açaraq tədqiqatçıya tam «təslim olduğu» zaman belə «ələgəlməz», sirli və «ismətli» qaldığını bir daha əyani şəkildə göstərir. Onu tam «ələ almaq» heç kimə nəsib olmayıb, onunla hündürdən «danışmağa», ona qarşı kobud davranmağa heç kəsin ixtiyarı çatmır» (səh. 18). Və əlavə edirsiniz: «Yalnız öz mülahizələrində ehtiyatlı olmaqla yanaşı, paradokslardan, təzadlardan, «lənət» və tabulardan da qorxmayanlar, həm ehkamlardan, həm də «təmiz» ideyalardan uzaq duranlar, başqasının dünyasını anlamaq üçün öz qəlbini açmağa hazır olanlar psixika üzərindəki zərif örtüyə toxunmaq şərəfinə layiq görülürlər» (səh. 18).

Hörmətli Səməd müəllim!

Əminəm ki, «Yaradıcılığın fenomenologiyası»na görə belə bir şərəfə layiqsiniz.

 

 

Nizami CƏFƏROV,

professor, AMEA-nın müxbir üzvü,

əməkdar elm xadimi

 

Ədəbiyyat qəzeti.- 2013.- 15 mart.- S.5.