Unudulmaz Bəkir müəllim
Ömrün yarpaq tökən çağı bizlərin
- çalışdığımız Nizami
adına Ədəbiyyat İnstitutunun
qapısını aşkar döyməyə
başladı. Düz bir
il əvvəl akademik
Bəkir Nəbiyevi, arxasınca tanınmış ədəbiyyatşünaslar:
prof. Nazif Qəhrəmanlını,
Mail Dəmirlini itirdik.
Az öncə isə prof.
Vəli Osmanlını son mənzilə yola salmışdıq. Vaxt
necə də tez gəlib-keçir. Elə
bil dünən idi. Bəkir
müəllim təzəcə çapdan
çıxmış «Üzeyir Hacıbəylinin
ömürnaməsi» kitabının siqnal
nüsxəsini almışdı. Çox
sevinirdi. Sanki ilk kitabı işıq üzü
görmüşdü. Mətbuatda rəy
yazmaq üçün
kitabı mənə verdi və xahiş etdi ki, rəyi tezləşdirim.
Sağollaşıb ayrıldıq. Kim bilərdi
ki, bu bizim
son görüşümüz
olacaq. Səhərisi gün
ağır xəbər bizləri sarsıtdı. Görkəmli
alimin kitabına rəy yazmaq
əvəzinə vida sözü
yazmalı oldum. Doğrudur,
az sonra Bəkir müəllimin
son kitabına
«Üzeyirşünaslığa dəyərli töhfə»
adlı məqalə yazıb «Ədəbiyyat qəzeti»ndə
çap etdirdim
(21.04.2012). Bu böyük
insanın son arzusu da yerinə yetdi. Lakin bizim Bəkir müəllimlə
bağlı çox arzularımız
ürəyimizdə qaldı. Bəkir müəllimin səliqə-sahmanı
hər an göz
önünə gəlir. Rəhbərlik etdiyi
Dissertasiya Şurasında müdafiə etmiş tədqiqatçılar təsdiqini alanda sanki öz
övladı müdafiə edibmiş kimi, sevinər, onların diplomlarını
Şuranın iclasında təntənəli şəkildə
təqdim edərdi. Ruhu şad
olsun! Keçən il
ərzində tanınmış alimlər Asif
Rüstəmli, Vaqif Yusifli,
və Ataəmi Mirzəyev doktorluq
dissertasiyalarının təsdiqini aldılar.
Bəkir
müəllim bir nümunə məktəbi
idi. Təvazökarlığı, sadəliyi,
insanlara münasibəti ondan
öyrənmişik. İstər institutun
elmi, istərsə də Dissertasiya
Şurasının yığıncağını
aparmağı, duzlu-məzəli zarafatları bir
məmnunluq və ürək rahatlığı gətirərdi.
Çox diqqətli idi.
Qırx ilə yaxın dostluq münasibətində
olduğum, xarici
ölkələrə birgə gedib-gəldiyim Bəkir müəllim
hətta mənim üçün
oxunmamış kitab idi.
Onun «Nəsimi kitabının
işığında» kitabının əlyazması Elmi Şurada çapa tövsiyə ediləndə məni redaktor təyin etmişdilər. Bir gün gözləmədiyim
halda, protokoldan
çıxarışı aşağıdakı yazı ilə
mənə verdi: «Möhtərəm Qəzənfər
müəllimə kiçik bir xatirə yarpağı». Bəkir müəllim.
12.III.09».
Bir dəfə də xalq şairi Rəsul Rzaya həsr etdiyim «İki zirvədən biri»
məqaləmi «Azərbaycan» qəzetinə çapa
verməmişdən əvvəl xahiş
etdim ki, oxusun, rəyini bildirsin. Səhərisi
gün sonuncu vərəqin
aşağısında qırmızı mürəkkəblə
yazılmış, hədsiz sevincimə səbəb olan rəyi mənə verdi:
«Əla! Gələcəkdə bir
dissertantınıza mövzu verin: «Rəsul Rza və klassik ədəbi irs». Bu məqalədəki gözəl faktlar və onların açımı dissertasiyanın
bir fəslinə yetər… Bəkir müəllim.
12.XII.08, saat 2430».
Hər
iki yazını ən əziz xatirə kimi saxlayıram. Bəkir müəllimlə dostluğumuz öz yerində,
ədəbi əməkdaşlığımız çox məhsuldar idi.
Mənim
«Nostradamusun möcüzəli aləmi», «İraq-türkman folkloru»,
«Nəsimi haqqında araşdırmalar» kitablarımın redaktoru olmuşdu. Nə
gizlədim, Bəkir müəllim kimi ciddi redaktor görməmişəm.
Sovet dövrünün
ən ciddi redaktorlarından da bəlkə ciddi idi. «Nostradamusun
möcüzəli aləmi» kitabını üç
dəfə oxuyaraq min
səhifədən 670 səhifəyə qədər endirdi. «Nəsimi haqqında araşdırmalar»
kitabıma çox maraqlı ön söz yazdı. Yetmiş illik yubileyimdə
«Alim haqqında dost sözü» adlı məqalə yazdı. Çox sevindim. Ona görə
yox ki, akademik
öz işçisi
barədə məqalə yazmışdı. Ona
görə ki, Bəkir müəllim dostluğumuzu ədəbi ictimaiyyətə
açıqlamışdı. Onu da deyim ki,
dostluğumuz təmənnasızlıq təməli
üzərində qurulmuşdu (Kaş o günlər
olaydı). İndi inkişafımda böyük xidmətləri olan
ustadımın, dostumun
yaradıcılığına böyük
məhəbbət və ehtiramla həsr etdiyim məqalələr təsəlli olur. Akademikin «Seçilmiş əsərləri»nin 5-ci cildinin, eləcə də «Nəsimi kəlamının
işığında» kitabının redaktoru
olmuş, hər iki əsərə
əhatəli ön söz
yazmışam. Deyilənlərdən başqa «Nə yaxşı dünyada
yaxşı var imiş»,
«Tarix qurub-yaradanları yaşadır», «Böyük yolun yolçusu», «Tarixi səfərin
bəhrəsi», «Yarıməsrlik gərgin əməyin bəhrəsi»,
«Ədəbiyyatşünaslıq elmimizin
təntənəsi» məqalələr toplusunu
«Ədəbiyyatşünaslıq elmimizin
patriarxı» adı altında kitab
halında nəşr etdirmişəm. Bu əsərlər Bəkir
müəllimin peşəkar və səriştəli qələminin,
təfəkkür və məntiqi görüşlərinin məhsulu
olan, ədəbi prosesə, klassik ədəbi irsə, ədəbi tənqidə,
ədəbi əlaqələrə, poeziyada
sənətkarlıq məsələlərinə həsr
olunan cild-cild
monoqrafiyalarından, elmi məqalələrindən
söz açır. O kitablar ki, insan
ömrü üçün
böyük bir zaman kəsiyində ədəbiyyatşünaslıq
elmimizin və tənqidimizin keçdiyi enişli-yoxuşlu,
ancaq şərəfli yola
nəzər salmaq, ədəbiyyatımızı
və ədəbiyyatşünaslıq elmimizi
yaradanlar və yaşadanlar
haqqında qiymətli məlumat, nəzəri biliklər əldə
etmək üçün əvəzolunmaz
mənbədir.
Bəkir
müəllim əməli-saleh, imanlı və inamlı insan idi. Təsadüfi deyildir ki, sovet
quruluşu süqut
etdikdən sonra Azərbaycandan həcc
ziyarətinə ilk gedənlərdən biri Bəkir müəllim olmuşdu.
Qafqaz
Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət
göstərən Elmi-dini Şuranın
işində yarandığı 1997-ci ildən birgə fəaliyyət
göstərirdik. İslami dəyərlər
haqqında Bəkir müəllimin fikirləri bəzən
yüksək savadlı din xadimlərimizi
belə heyran edirdi. Çox səmimi, vicdanlı, son dərəcə genişürəkli, humanist adam idi.
Uzun illər Bəkir müəllimin rəhbərlik
etdiyi Dissertasiya Şurasında sədr müavini kimi dəfələrlə
onun xeyirxahlığının, mərhəmətinin,
humanistliyinin şahidi
olmuşam. Xeyirxahlığı, humanistliyi həqiqət üzərində bərqərar
olduğundan onu bir şəxsiyyət kimi
ucaldırdı.
Bəkir
müəllim xoşbəxt adam idi. Elm və təhsil məbədi Bakı Dövlət
Universitetində Məmməd Arif, Feyzulla
Qasımzadə, Mir Cəlal, Əli
Soltanlı, Cəfər Xəndan, Muxtar
Hüseynzadə kimi böyük
müəllimlərdən dərs almışdı. Həqiqətən
də «Tarixdə böyük şəxsiyyətlər
nəsil, ailə, mühit,
sevimli müəllimlərin təsirilə
boya-başa çatıb məşhurlaşırlar»
(Gülrux Əlibəyli).
Akademik Bəkir
Nəbiyevin yazdıqlarından hər məqamda böyük qənaətlər hasil etmək olur. Məsələn, alimin «Heydər
Əliyev haqqında etüdlər» əsərini oxuyandan sonra qəti qənaətə
gəldim ki, böyük
şəxsiyyətlər barədə mötəbər sözü böyük həyat
təcrübəsi olan, dünyanın
keşməkeşlərindən başı çıxan
adamlar deyəndə daha
mötəbər olur. Həqiqətən
də Bəkir müəllim bədii sözün
intəhasız imkanlarından məharətlə istifadə
edərək Azərbaycanın tarixi salnaməsinə
qızıl hərflərlə yazılmış, Azərbaycan
tarixində epoxa olan
öndərimizin portretini yaratmış,
qədirbilən xalqımıza töhfə etmişdir.
Adam çox oxuduqca, çox bildikcə dərk edir
ki, az bilir.
Bəkir müəllimlə təmasda olanda
çoxlarımız bu hissi
daha çox
keçirərdik. Onun ədəbiyyatşünaslıq
sahəsində dərin biliyi, dünyagörüşü, mühakimələri
çox mükəmməl, əhatəli
və müdrik idi.
Akademik Bəkir
Nəbiyev bütün titullara,
fəxri adlara, yüksək mükafatlara, ordenlərə layiq
görülmüş nüfuzlu
bir alim idi. Bununla belə, qələmi
yerə qoymurdu. Ömrünün
mənasını yazıb-yaratmaqda, xalqa
xidmətdə görürdü. Bu, gənclərə, lap
elə yaşlı nəslə də örnək olmaq baxımından dəyər kəsb edir. Başqalarına örnək, nümunə
olmaq xoşbəxtlikdir. Bəkir müəllim
bu xoşbəxtliyi alın təri, yuxusuz gecələri, titanik
zəhməti sayəsində qazanmışdı.
Bəkir
müəllim xalq yazıçısı
Hüseyn Abbaszadənin «Dünyadan
gör necə insanlar
gedib» əsərinə yazdığı
məqaləsində göstərirdi ki, insanlar dünyamızdan köçür,
lakin onların əməlləri,bir də
barəsində xatirələr qalır. Xoşbəxt
o kəslərdir ki, əbədiyyətə
qovuşandan sonra xalqa gərəkli əsərləri,
haqqında unudulmaz xatirələr
qalsın. Çəkinmədən deyə bilərəm ki, Bəkir müəllim Yaradanın həmin
xoşbəxt bəndələrindən biridir.
Elə gün olmaz ki, institutumuzda Bəkir
müəllimi yada salmayaq.
Ən əsası odur ki,
ölümündən sonra Bəkir
müəllimin «Əhməd Cavad» əsəri
AMEA-nın müxbir üzvü
Teymur Kərimlinin redaktəsi ilə çap olundu. Redaktoru olduğu «Molla Nəsrəddin» jurnalının VIII cildi işıq üzü
gördü. Möhtərəm Prezidentimizin sərəncamı ilə «Firidun bəy
Köçərli» kitabı çap olunur. Baş redaktoru olduğu «Azərbaycan
tarixi» V-VI cildlər çapa
hazırlanır.
Bəkir
müəllim böyük irs
qoyub gedib.
Akademik
Bəkir Nəbiyevin son kitabı «Üzeyir Hacıbəylinin ömürnaməsi»
kitabında dahi bəstəkarımızı
son mənzilə yola
salarkən, Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun Üzeyir bəyin
məzarı başında oxuduğu şeir yer alır:
Ölüm sevinməsin qoy, ömrünü vermir bada,
Xalq qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək
qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Bəkir müəllim də sevərək yaşadı. Cismani cəhətdən bizdən ayrılsa da, o, bizimlədir. Yaxşı adamlar ölmürlər.
Onlar biz yaşadıqca bizim qəlbimizdə yaşayacaqlar.
Qəzənfər Paşayev,
filologiya üzrə elmlər doktoru,
professor
Ədəbiyyat qəzeti.- 2013.- 15 mart.-
S.5.