Xalq şairi Cabir Novruzun xatirəsi anıldı

  

Martın 13-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Cabir Novruzun fəxri xiyabandakı məzarı önündə şairin 80 illik yubileyi münasibətilə onun xatirəsini anma mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə respublikanın tanınmış elm xadimləri, Milli Məclisin deputatları, ziyalılar, Azərbaycanın görkəmli mədəniyyət və incəsənət ustaları və şairin ailə üzvləri iştirak etmişlər.

Tədbir iştirakçıları, əvvəlcə Cabir Novruzun xatirəsinə ehtiramlarını bildirmiş, məzarı üzərinə əklil və gül-çiçək dəstələri qoymuşlar.

Mərasimdə nəğməkar şair Vüqar Əhməd, Milli Məclisin deputatları Elmira Axundova, Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, professorlar Qəzənfər Paşayev, Teymur Kərimli, xalq artistləri Ağaxan Abdullayev, Yalçın Rzazadə və başqaları çıxış edərək görkəmli ədibin zəngin və mənalı ömür yolundan, yüksək insani keyfiyyətlərindən, çoxşaxəli yaradıcılığından və yorulmaz ictimai-siyasi fəaliyyətindən söhbət açmış, onunla bağlı xatirələrini bölüşmüşlər.

Bildirilmişdir ki, 1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlamış Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olmuşdur.

Qeyd edilmişdir ki, Cabir Novruzun yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq səhifələrindən birini təşkil edir və onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilərək böyük şöhrət qazanmışdır. Şairin şeirlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən bu gün də böyük rəğbət və sevinclə qarşılanır.

Ötən əsrin 60-cı illərində ədəbiyyata gəlmiş C.Novruz 40-a yaxın kitabın müəllifi olmuş, onun 200-ə yaxın şeirinə mahnı bəstələnmişdir. Görkəmli söz ustadının “Sağlığında qiymət verin insanlara” şeiri bu gün də öz aktuallığını qoruyub saxlamış, onun “Tələbəlik illəri”, “Taleyim mənim”, “Ey həyat, sən nə qəribəsən”, “Gözüm görə-görə qocalır anam” və s. şeirlərinə yazılmış mahnılar bu gün də sevilərək dinlənilir.

Vurğulanmışdır ki, Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində ölkəmizdə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.

Anma mərasimində ədibin yaradıcılığından “Sağlığında qiymət verin insanlara” şeiri səsləndirilmişdir.

Sonda şairin ailə üzvləri adından oğlu Vüqar Novruzlu çıxış edərək atasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.

 

  

Ədəbiyyat qəzeti.- 2013.- 15 mart.- S.8.