Azərbaycan ədəbiyyatı
tarixinin cəfakeşi: Mirzə Feyzulla - müəllimlər
müəllimi
Tələbəlik
illərində gündəlik (xatirə) yazan gənclərə
həmişə qibtə etmişəm. Çünki
ömrün tarixçəsi insan həyatının
aynasıdır, nə vaxt istəsən orada həyatın
acılı-şirinli anlarını xəyalında, göz
önündə real canlandırmağa yardımçı
olur, insanda xoş duyğular yaradır.
Azərbaycan
Dövlət Universitetində tələbəlik illəri
filologiya fakültəsinin müəllimlərini -Məmməd
Arif Dadaşzadəni, Həmid Araslını, Mir Cəlalı,
Cəfər Xəndanı, Məmməd Cəfər Cəfərovu,
Məmmədhüseyn Təhmasibi, Muxtar Hüseynzadəni, Hadi
Mirzəzadəni, Əli Sultanlını, Zülfəli
İbrahimovu xatırlayanda qəlbim iftixarla döyünür.
Ədəbiyyat
tariximizin yaradıcıları olan müəllimlər şəxsiyyətli,
bilikli və nəcib insanlar idilər. Bu müəllimlərdən
biri - Feyzulla
Qasımzadə mənim diplom işimin rəhbəri
olmuşdur.
Gündəliyim
olmasa da, mürgülü xatiratın yaddaşında
ilişib qalan nə varsa, onu oxucularla bölüşmək
istəyirəm.
Mən
düşünürəm ki, hamı - orta və ali məktəbi
bitirənlər müəllimlərini ömrü boyu minnətdarlıq
hissi ilə yad edir, unutmur. Onların təlim-tərbiyəsinin
ictimai həyatda kara gəldiyini dərk edir. Ata-ana
övladı dünyaya gətirir, onun sağlam, tərbiyəli
böyüməsi qayğısını çəkirsə,
müəllimlər onun doğma vətənə, xalqa layiq vətəndaş
kimi yetkinləşməsinə çalışır. Bu mənada
mənəvi valideyn missiyasını yerinə yetirir.
Mən
həmçinin Feyzulla
Qasımzadədə tələbələrinə nəcib
insani münasibəti görmüşəm.
Universitetin
beşinci kursunda Mirzə Feyzulla
müəllim (tələbələri ona Mirzə deyə
müraciət edəndə xoşlanırdı) diplom işimə
rəhbərlik edirdi. "XIX əsr rus
yazıçıları Azərbaycan haqqında" diplom
işində dünyaşöhrətli rus
yazıçılarının (A.S.Puşkin, Bestujev, Marlinski,
Qriboyedov və b.) ölkəmizlə əlaqələri və
əsərlərindəki fikirləri ilk araşdırma aparan
tələbənin imkanı daxilində tədqiqata cəlb
olunmuşdu. O vaxtlar diplom işi təxminən 18-25 makina vərəqi
həcmində idi. Mənim diplom işimin həcmi (90 səhifə),
elmi mənbələr, təhlil və mülahizələr
elmi rəhbərim Feyzulla
müəllimə xoş gəlmişdi.
Feyzulla
müəllim diplom işinin hər fəsli tamamlandıqca əlyazmasında
tanış olmaq istəyirdi. Müəllimlər
otağında dəyirmi stolun arxasında mənimlə
üzbəüz kresloda əyləşər, huş-guşla
əlyazmanın oxunmasına qulaq asardı. O, gözlərini
yumardı, kirpikləri də tərpənməzdi. Mən oxunuşa
ara verən kimi, kirpikləri tərpənər, "oxu,
dayanma" - deyərdi. Sonda fikrini bildirməzdi. "Beləcə
axıra çatdır, tələsmə" deyərdi. Onun
diplom işinə rəyi "sözsüz əla qiymət
vermək olar" sözləri ilə bitmirdi. O, rəydə
yazırdı ki, hökmən kafedrada saxlanılsın. Mənə
də təkidlə deyirdi: "Kafedrada qalsan, bir ildə sənin
bu mövzuna 50 səhifə artırmaqla namizədlik müdafiə
edəcəksən".
Material zəngin
idi, iri həcmli elmi monoqrafiya da yazmaq olardı. Lakin heç
özüm də bilmirdim, niyə mən İrəvana getdim,
orada mərkəzi mətbuatda ("Sovet Ermənistanı"qəzetində
) işlədim.
Feyzulla müəllim,
çox təəssüflənsə də, incimədi. Mənə
yazdığı məktubların birində Abbasqulu ağa
Bakıxanovun yaradıcılığı mövzusunda elmi
işin mənim adıma kafedrada yekdilliklə təsdiq etdirməsini
bildirirdi. Güman ki, sonra Bakıya gəlib aspiranturada
oxumağıma təsir edən səbəb bu idi.
Mən əsas
məsələyə Feyzulla müəllimin yığcam ədəbi
portretini yazmadan öncə bütün bu əhvalatı
danışmaqda məqsədim o dövrdəki müəllimlərin,
əgər tələbədə elmi tədqiqat bacarığı
işartısı görünürdüsə, ona necə
atalıq qayğısı ilə yanaşmasını bildirməkdədir.
Görən indi belə ülvi, təmənnasız, doğma
atalıq duyğusu ilə yanaşan nəcabətli müəllimlər
varmı?!.. Əgər varsa bu gəncliyin xoşbəxtliyidir.
Mən istəkli
müəllimlərimdən birinin əziz xatirəsini yad etmək
arzusu ilə 37 il bundan əvvəl dünyasını dəyişmiş
milli ədəbiyyatşünaslıq elminin korifeyi Feyzulla Qasımzadənin
həyat yoluna nəzər salmağı özümə borc
bildim.
Feyzulla
Qasımzadə Azərbaycanda, Abşeron
yarımadasının Mərdəkan kəndində 1898-ci il
fevral ayının 22-də dindar ailədə
doğulmuşdur. Atası Səməd dinə qəlbən
bağlı zəhmətkeş kəndli idi. O, "Qurani-kərimi"
mükəmməl öyrənmişdi: Təziyyə məclislərində
dini surələri avazla oxuması dinləyiciləri məftun
edirdi. Onun yaddaşı güclü olduğundan, heç bir
təhsil görməsə də, Məhəmməd Füzuli,
Sədi Şirazi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər
Sabir kimi sənətkarların əsərlərini əzbərdən
söyləməsi, klassik poeziyaya və el ədəbiyyatına
dərin bələdliyi ona hörmət
qazandırmışdı. Səməd kişi Hacı Zeynalabdın
Tağıyevin həmyerlisi olduğundan onun xeyriyyəçilik
fəaliyyətindən xəbərdar idi. Bir gün öz
ata-baba torpağının bir hissəsini ona
bağışlayıb deyir: "Hacı, bu torpağı sənə
bağışlayıram. Amma mümkünsə burada bir məktəb
tikdir ki, camaatımız oxusun, savadlı olsun".
33
yaşında ikən Səməd özündən 15 yaş
kiçik qızla evlənir. Bu nigahdan onların 5 oğlu, 2
qızı olur.
Səməd
kişi ilk övladı Feyzullanı 8 yaşında kənd
mollaxanasına qoyur. Üç ildən sonra - 1903-1912-ci illərdə
Mərdəkan kənd ibtidai məktəbində təhsil
alır. Uşaqlıqdan gözlərinin zəif olmasına, hətta
bir gözünün görmə qabiliyyətini tam itirməsinə
baxmayaraq (ancaq bir gözü yaxın məsafədən
görürdü), kiçik yaşlarından mütaliəyə
böyük həvəs göstərir, fenomen zəkası ilə
oxuduğunu yaddaşında həkk edirdi.
Gənc
Feyzulla 1912-1916-cı illərdə Bakı Rus-tatar ali ibtidai məktəbini
bitirib "Kazyonnaya palata" müəssisəsində əmək
fəaliyyətinə başlayır və təhsilini davam
etdirmək arzusu ilə axşam gimnaziyasına daxil olur.
Lakin onu
1917-ci ildə Göyçay qəzasının Qaziyan kənd
ibtidai məktəbinə göndərirlər. Burada 8 ay məktəb
müdiri vəzifəsində işlədikdən sonra onu səhhətinə
görə doğma kənd məktəbinə müdir və
dil-ədəbiyyat müəllimi vəzifəsinə təyin
edirlər.
Feyzulla
Qasımzadə 1920-ci ildə Qala-Maştağa rayon xalq maarif
idarəsində təhsil-tərbiyə şöbəsinin
müdiri olmuş, 1922-1929-cu illərdə Bakı şəhər
məktəbində və N.Nərimanov adına Texnikumda dil və
ədəbiyyat müəllimi işləmişdir. 1928-ci ildən
sonra həm də 2-ci dərəcəli Bakı şəhər
məktəbində həmin fənni tədris etmişdir. Bu
illərdə Feyzulla Qasımzadə bir an belə təhsilini
davam etdirmək fikrindən daşınmamışdır. Elə
buna görə də 1929-cu ildə Azərbaycan Dövlət
Universitetinin şərqşünaslıq fakültəsinə
daxil olur. Burada təhsil illəri şərqşünas alim
P.Juzenin rəhbərliyi ilə "Quranın
estetikası" diplom işini rus dilində yazıb uğurla
müdafiə edir.
Feyzulla
Qasımzadə tələbəlik illərində kirayənişin
qaldığı mülk sahibi Hacı Əbdüləlinin
qızı Tubu xanımla evlənir. Bu onun ikinci təhsil
almasına mane olmur.
Universiteti
bitirdikdən sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat
İnstitutunun aspiranturasına qəbul olunur.
Haşiyə:
Mirzə Feyzulla Tubu xanımla 53 il xoşbəxt ailə həyatı
yaşayır. Onlar Allahın bəxş etdiyi
övladlarını qayğı ilə boya-başa
çatdırırdılar: Evin böyük oğlu Hamid - jurnalist,
publisist, tərcüməçi, həm də ədəbiyyatşünas
alim idi. Azərbaycan nəşriyyatının
inkişafında xidmətləri olmuşdur.
Ailənin
sevimli oğlu Elman fizika-riyaziyyat fəlsəfə doktoru,
dosent idi. Xalq təsərrüfatı institutunda
qayğıkeş müəllim imici qazanmışdı.
Mirzə
Feyzullanın tək bir qızı Nigar xanım atası kimi ədəbiyyatşünas
alim və müəllimlik yolunu seçmişdir. Azərbaycan
Dövlət Pedaqoji Universitetinin dosentidir. Uşaq ədəbiyyatı
mütəxəssisidir. Mirzə Feyzullanın ailəsində
öz fərasəti, intellektual səviyyəsi ilə
seçilən Fuad ölkəmizdə müasir fəlsəfə
elminin inkişafında böyük xidmətləri olan elm
xadimləri sırasında əbədi yer tutmuşdur. Akademik
Fuad Qasımzadə şöhrətli müəllim və elm
xadimi idi. O, valideynlərindən söz düşəndə
iftixarla deyirdi:
"Mən,
həmişə öz soy-kökümlə qürur
duymuşam. Onlar zəhmətkeş, Allaha bağlı, vətənini
sevən, elmə marağı olan insanlar olublar…
Mən atamdan
çox şey öyrənmişəm. Amma ən çox
öyrəndiyim sadəlik, zəhmətkeşlik, bir də
xeyirxahlıq olub. Ən əsası da bu cəhətlər mənə
həyatda hörmət qazandırıb".
Feyzulla
Qasımzadə XX əsrin 30-cu illərində Azərbaycan
Xalq Maarifi Komissarlığında metodist-təlimatçı
vəzifəsində işlədiyi vaxtdan ömrünü
sevdiyi peşəyə - müəllimliyə və tənqidçilik
fəaliyyətinə həsr edir. Bir müddət Bakı Səhiyyə
mamaçılıq texnikumunda Azərbaycan ədəbiyyatını
tədris edən Feyzulla Qasımzadə müəllimliklə
yanaşı, mətbuatda elmi-kütləvi və metodiki məqalələrlə
çıxış edir, məktəblərdə tədrisin
təşkili işinə köməyini əsirgəmirdi. Bu
dövrdə tənqidçilik fəaliyyətinə də
başlayır. Onun ilk mətbu qələm təcrübəsi
- Hacağa Qənizadənin "Utanıram" hekayəsi
haqqında məqaləsi 1931-ci ildə "Hücum"
jurnalında dərc edilmişdir.
Feyzulla
Qasımzadənin ən qaynar gənclik dövrü
sıxıntılı illərə - repressiya, təqib və
təzyiq hökm sürdüyü bir zamana təsadüf
etmişdi.
Narahat ictimai
mühitdə Feyzulla Qasımzadə SSRİ Elmlər
Akademiyasının Azərbaycan filialının Dil və Ədəbiyyat
İnstitutunda baş elmi işçi vəzifəsində
çalışırdı. 1937-1939-cu illərdə burada ilk
elmi tədqiqatını-"Mirzə Fətəli Axundzadənin
həyat və yaradıcılığı"
monoqrafiyasını yazıb başa çatdırır və
bu mövzuda namizədlik dissertasiyasını uğurla
müdafiə edir. 1939-cu ildə Azərbaycan
Yazıçılar İttifaqına üzv seçilir.
Feyzulla
Qasımzadənin Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan
ədəbiyyatı tarixi kafedrasına işləməyə
dəvət olunması pedaqoji fəaliyyəti
üçün geniş imkanlar açır. O, burada dosent,
kafedra müdiri işlədiyi müddətdə XIX əsr Azərbaycan
ədəbiyyatından mühazirələri ilə təcrübəli
və bilikli müəllim kimi hörmət qazanır, mütəfəkkir
yazıçı Mirzə Fətəli Axundzadə barədə
axtarışlarını davam etdirir. 1938-1940-cı illərdə
"Mirzə Fətəli Axundzadə. Həyatı və
yaradıcılığı" (1938); "Mirzə Fətəli
Axundzadənin poeziyası" (1938); "XIX əsr Azərbaycan
ədəbiyyatı xrestomatiyası" (1938); "M.F.Axundzadənin
həyatı və yaradıcılığı" (1939);
"XIX əsr Azərbaycan ədəbiyyatından dərs vəsaiti"
(1939); "Ədəbiyyatdan terminlər lüğəti"
(1949) kitablarını, eləcə də Mirzə Fətəli
Axundzadə və Nəcəf bəy Vəzirovun bədii əsərlərini
Azərbaycan Dövlət Nəşriyyatında kütləvi
tirajla nəşr etdirir.
II Dünya
müharibəsi dövründə bütün sovet məkanında
olduğu kimi, Azərbaycanda da çətinlik və gərginlik
yaranmışdı. Hamı ellikcə gecə-gündüz qələbə
naminə çalışırdı.
Belə bir
vaxtda Feyzulla Qasımzadə sıxıntı çəksə
də, əməksevərliyinə, dözümünə, vətən
sevgisinə güvənərək ruhdan
düşmürdü, bilik və bacarığını tələbələrdən
əsirgəmir, yeni-yeni tədqiqat əsərləri ilə ədəbiyyatımızı
zənginləşdirirdi. Ona 1943-cü ildə Azərbaycanın
əməkdar müəllimi fəxri adı verilir.
Müharibədən
sonrakı on il ərzində Feyzulla Qasımzadə "Xalq
aşıq poeziyası" (1950), "Tənqidi realizm"
(1952), "Vaqifin ədəbi məktəbi" (1954),
"N.B.Vəzirov" (1954) və s. tədqiqat əsərlərini
yazıb nəşr etdirmişdi. O, 56 yaşa yaxınlaşsa
da, doktorluq dissertasiyası müdafiə etməmişdi. Buna səbəb
hələ də ziyalılara inamsızlıq pərdəsinin
götürülməməsi idi.
Repressiya, təqib
və təzyiq illərinin vahiməsi duman kimi çəkilsə
də, şəxsiyyətə pərəstiş, amiranəlik
dövrü "qorxu hissi" şüurlarda
qalmışdı. Lakin 1953-cü ildə İ.V.Stalinin vəfatından
sonra ictimai həyatda "ab-hava" dəyişdi. Həmid
Araslı, Məmməd Arif, Mir Cəlal Paşayev, Feyzulla
Qasımzadə kimi görkəmli ədəbiyyatşünas
alimlər elmi işlərini müdafiəyə təqdim etmək
imkanı tapdılar. Feyzulla Qasımzadə 57 yaşında ikən,
1955-ci ilin dekabrında "XX əsr Azərbaycan ədəbiyyatında
realist-demokratik ədəbi cərəyanın inkişafı
tarixi" mövzusunda dissertasiya müdafiə edib filologiya
elmləri doktoru alimlik dərəcəsi almışdır.
İki ildən sonra ona professor rütbəsi verilmişdir.
1958-ci ildə xidmətlərinə görə Azərbaycanın
əməkdar elm xadimi fəxri adına layiq
görülmüşdür. O, təxminən 20 il Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun Azərbaycan ədəbiyyatı
tarixi kafedrasına rəhbərik etmişdir.
1962-ci ildə
Feyzulla
Qasımzadə Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü, dörd ildən sonra isə həqiqi
üzvü seçilmişdir.
Bu müddət
ərzində Feyzulla Qasımzadənin - "XIX əsr Azərbaycan
ədəbiyyatında realist demokratik cərəyanlar"
(1955); "Abbasqulu ağa Bakıxanov Qüdsi" (1956);
"XIX əsr Azərbaycan ədəbiyyatı tarixi"
(1956); "M.F.Axundovun həyatı və
yaradıcılığı" (1962); "XIX əsr Azərbaycan
ədəbiyyatı tarixi oçerkləri" (1962); "XIX əsr
Azərbaycan ədəbiyyatı tarixi" (1874) irihəcmli
monumental əsərləri kütləvi tirajla nəşr
edilmişdir.
Feyzulla Qasımzadə "Müxtəsər
Azərbaycan ədəbiyyatı" tarixi iki cilddə (1944);
Azərbaycan ədəbiyyatı tarixi (üç cilddə),
II cild (1960) kitablarının müəlliflərindən biri
idi. Onun mindən artıq elmi, elmi-kütləvi məqalələri
jurnal və qəzetlərdə dərc edilmişdir. Feyzulla
Qasımzadənin elmi kadrların hazırlığında
misilsiz xidmətləri olmuşdur. 35 elmlər doktoruna məsləhətçi,
125 elmlər namizədinə rəhbər olmuş, 100-dən
çox müdafiədə opponentlik etmişdir.
Feyzulla Qasımzadə orta və ali məktəblər
üçün dərsliklər və proqramlar
hazırlanmasında da fəaliyyət göstərmişdir.
Onun 50 il pedaqoji və elmi sahədə xidmətləri
dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.
fəxri fərmanlar, təşəkkürnamə və tərifnamələr,
üç dəfə "Qırmızı əmək
bayrağı" ordeni, "Qafqazın müdafiəsinə
görə" (1944) və "Böyük Vətən
müharibəsində əmək igidliyinə görə"
medalları ilə təltif edilmişdir.
Feyzulla Qasımzadə uzun sürən xəstəlikdən
sonra 1976-cı il mart ayının 29-da 69 yaşında
Bakı şəhərində əbədiyyətə
qovuşmuş, öz vəsiyyətinə görə Mərdəkan
qəsəbəsinin qəbiristanlığında dəfn
olunmuşdur.
***
Palıd
ağacının rişələri torpağın dərin
qatlarına işlədikcə, onun gövdəsi, budaqları
da şaxələnir, göylərə ucalır. Feyzulla
Qasımzadənin həyatı, pedaqoji və elmi fəaliyyəti
də əzəmətli palıd ağacını
xatırladır. O, ağlasığmaz fədakar zəhməti,
dərin zəkası, dözümü ilə fenomen şəxsiyyət
ola bilmişdi.
Feyzulla
Qasımzadə kiçik yaşlarından pərvanə kimi
elmin və pedaqoji fikrin ziyasına can atırdı. O, sənətinin
vurğunu idi. Ömrü boyu öyrənir və öyrədirdi.
Bu işıqlı yol onu əlçatmaz zirvəyə
apardı: adi qələm sahibi, sadə müəllim Feyzulla
Qasımzadə akademik, müəllimlər müəllimi kimi
tanındı. O, Azərbaycan ədəbiyyatı tarixinin və
müasir pedaqoji fikrin məbədində ölməzlik abidəsini
ucaltdı.
Feyzulla
Qasımzadə təxminən əlli illik pedaqoji fəaliyyəti
dövründə elmi tədqiqat işindən
ayrılmadı. Ərəb və fars dillərinə dərin
bələdlik ona arxivlərdə, şəxsi kitabxanalarda
saxlanan məxəzləri araşdırmağa, klassik Azərbaycan
ədəbiyyatının öyrənilməsinə imkan
yaratdı.
Beləliklə,
Feyzulla Qasımzadə uzun müddətli gərgin
yaradıcı əməyi sayəsində XIX əsr Azərbaycan
ədəbiyyatının inkişaf prosesinin elmi-filoloji mənzərəsinə
aydınlıq gətirdi.
XIX əsr
Azərbaycan ədəbiyyatı tarixinin yaranması, təşəkkülü,
inkişafı prosesinin elmi-filoloji təsviri tədqiqatçı
alim Feyzulla Qasımzadənin adı ilə bağlıdır.
O öz səmərəli elmi fəaliyyəti sayəsində
müasir milli filologiyanın təməlini qoyanlardan biri səviyyəsinə
qalxmışdır. Firidun bəy Köçərli ənənəsinin
davamçıları, müasir milli ədəbiyyatşünaslığın
yaradılmasında böyük xidmətləri olan Məmməd
Arif, Həmid Araslı, Mir Cəlal, Mikayıl Rəfili kimi elm
xadimləri ilə Mirzə Feyzullanın adı yanaşı
çəkilir.
Feyzulla
Qasımzadənin çoxcəhətli ədəbi, elmi və
pedaqoji fəaliyyəti heyrətamizdir. Onun zəngin ədəbi
irsinin ilk tədqiqatçısı ədəbiyyatşünas
alim Bəxtiyar Məmmədzadə yazır: "… müasir ədəbiyyatşünaslığın
tarixi inkişaf prosesi fonunda yanaşıldıqda, ümumi mənzərədə
bu şəxsiyyətin yeri və mövqeyi məsələsi
baxımından düşündükdə Feyzulla Qasımzadə
ədəbiyyat tədrisi, ədəbi tənqid, ədəbiyyat
nəzəriyyəsi, mətnşünaslıq, ədəbiyyat
tarixi sahələrində fəaliyyət göstərmiş,
yazıb-yaratmış, zamanın və həyatın tələblərinə
cavab verən, ehtiyacları ödəyən, sabaha istiqamətlənən
əsərləri ilə filoloq alim-müəllim kimi
tanınmışdır".
Feyzulla
Qasımzadənin elm və təhsil şöhrəti zirvəsinə
qalxmasında müəllimlik və tədqiqatçılıq
qoşa qanad olmuşdur. XX əsrin əvvəlləri kənd
orta məktəbində müəllimlik edən, 30-cu illərdə
Azərbaycan Xalq Maarifi Komissarlığına metodist-təlimatçı
vəzifəsində çalışan Feyzulla Qasımzadə
ölkəmizdə milli təhsilin yeni mərhələyə
qədəm qoyduğu bir vaxtda maarif xadimi missiyasını
şərəflə yerinə yetirmişdir. O, ədəbiyyatı
müəllim kimi tədris etməklə yanaşı, metodika
sahəsində əməli-nəzəri işlərlə
ciddi məşğul olmuşdur: tədris proqramı,
tövsiyələr, dərs vəsaitləri, müntəxabat,
dərslik hazırlamışdır.
Feyzulla
Qasımzadə gənc yaşlarından səmərəli
elmi-pedaqoji və əməli fəaliyyəti ilə ölkəmizdə
təhsilin inkişafına misilsiz xidmət göstərmişdir.
Onun orta və ali məktəblər üçün XIX əsr
Azərbaycan ədəbiyyatı dərsliyi, eləcə də
M.F.Axundzadə, A.Bakıxanov, N.Vəzirov haqqında
monoqrafiyaları, bu gün də tədris vəsaiti kimi öz
əhəmiyyətini, elmi siqlətini saxlamışdır.
Feyzulla
Qasımzadə müəllimlik peşəsinin ustadı idi. O
ömrü boyu minlərlə gəncin təlim-tərbiyəsinə,
elmi biliklərə yiyələnməsinə, müəllim,
alim, vətəndaş ziyalı kimi yetkinləşməsinə
tərəfdar olmuşdur.
Feyzulla
Qasımzadə müəllimliklə yanaşı, klassik ədəbi
irsin öyrənilməsinə də böyük əmək
sərf edirdi.
XIX əsr
Azərbaycan ədəbiyyatı tarixini yaratmağı
qarşısına məqsəd qoyan tədqiqatçı
alim yüzillik tarixi dövrün ədəbi istiqamətlərini,
hətta folklor materiallarını öyrənirdi. "Xalq
aşıq poeziyası" (1950), "Tənqidi realizm"
(1952), "Vaqifin ədəbi məktəbi" (1954) əsərləri
bu cəhətdən səciyyəvidir. Feyzulla Qasımzadə
ayrı-ayrı yazıçıların həyatına və
yaradıcılıq yolunu araşdırmağa, əsərlərini
toplayıb nəşr etməyə
çalışırdı. Ona görə də hər yerə
baş vururdu: arxivlərdə əlyazmaları, məxəzləri
araşdırır, səbir və dözümlə zəngin
məlumat toplayırdı.
M.F.Axundzadə,
Q.Zakir, N.Vəzirov, S.Ə.Nəbati, S.Ə.Şirvani irsinin
elmi, elmi-kütləvi nəşrlərinin müqəddimə,
şərh və lüğət ilə hazırlanması onu
səriştəli mətnşünas alim kimi səciyyələndirirdi.
Feyzulla
Qasımzadə gərgin əməyi, təcrübəsi və
biliyi sayəsində mətnşünaslıq probleminin həllinə
öz töhfəsini verirdi. Klassik əsərlərin mükəmməl
nəşri Azərbaycan mətnşünaslığının
təcrübə və elmi-nəzəri prinsiplərinin
yaranmasına, sistem halında müəyyənləşməsinə
əhəmiyyətli təsir göstərirdi.
1943-1944-cü
illərdə nəşr edilən "Müxtəsər Azərbaycan
ədəbiyyatı tarixi" ikicildliyinin hazırlanmasında
Məmməd Arif, Həmid Araslı, Mir Cəlal, Mikayıl Rəfili,
Məmmədhüseyn Təhmasib kimi ədəbiyyatşünas
alimlərlə yanaşı, Feyzulla Qasımzadənin həmmüəllif
olması təsadüfi deyildi. Bu uğurlu addım milli ədəbiyyatşünaslıqda
ilk təşəbbüs idi və onun yaradılmasına
mütəfəkkir alim Heydər Hüseynovun rəhbərliyi
ilə görkəmli mütəxəssislər cəlb
edilmişdi. Feyzulla Qasımzadə ikicildlik ədəbiyyat
tarixinə yazdığı bölmədə XIX əsrin ədəbi
mənzərəsini dolğun əks etdirmişdi. Ədəbiyyatşünas
alim Bəxtiyar Məmmədzadənin müəyyənləşdirdiyinə
görə, ikicildlikdə "XIX əsr Azərbaycan ədəbiyyatının
tarixləşdirilməsində struktur, əsas ədəbi cərəyanlar,
əsas inkişaf meylləri, yaradıcı şəxsiyyətlərin
prosesdəki yeri və mövqeyi ümumilikdə
doğru-düzgün verilir, əsasən elmi obyektivliklə
işıqlandırılır".
Feyzulla
Qasımzadə 1950-1960-cı illərdə XIX əsr Azərbaycan
ədəbiyyatı tarixinin yaradılması istiqamətində
daha səmərəli işlər görmüşdür.
"M.F.Axundovun yaradıcılıq yolu" (1953), "N.B.Vəzirov"
(1954), "XIX əsr Azərbaycan ədəbiyyatında
realist-demokratik cərəyanlar" (1955), "Abbasqulu ağa
Bakıxanov Qüdsi" (1956), "M.F.Axundovun həyatı və
yaradıcılığı" (1962), "XIX əsr Azərbaycan
ədəbiyyatı tarixi oçerkləri" (1962) və s.
kitabların kütləvi tirajla nəşri onun görkəmli
ədəbiyyatşünas, tədqiqatçı alim kimi
yüksəlişini göstərir, XIX əsr
maarifçi-realist ədəbiyyatı bütöv ədəbi-elmi
mənzərəsinin yaradılması yolunda misilsiz xidmətlərini
də təsdiq edirdi.
Bütün
bu nailiyyətlər 1957-1960-cı illərdə nəşr
olunmuş Azərbaycan ədəbiyyatı tarixinin
üçcildliyinə də uğur gətirmişdi.
Monumental
üçcildlik ədəbiyyatşünaslıqda
"inkişafın perspektivli, istiqamətverici, təyinedici
elmi zəmini" əsasında ortaya
çıxmışdı. Onu ərsəyə gətirən
kollektivin tərkibinə cəlb edilən yeni müəlliflər
də (Kamran Məmmədov, Əli Sultanlı, Hidayət Əfəndiyev,
Ə.Mirəhmədov, M.C.Cəfərov) mütəxəssis
olduqlarına görə, "Ədəbiyyat tarıxi"nin
üçcildliyi ictimaiyyət tərəfindən
böyük rəğbətlə qarşılandı
(Çox təəssüf ki, "Azərbaycan ədəbiyyatı
tarixi" çoxcildliyinin dördüncü cildində (2011)
bu ənənə gözlənilməmişdir. Oçerklərin
əksəriyyəti qeyri-mütəxəssislər tərəfindən
işlənildiyinə görə qüsurlu icmal xarakterlidir).
Azərbaycan
ədəbiyyatı tarixinin üçcildliyinin zəngin
dünyagörüşlü, dərin bilikli, ixtisaslaşmış
müəllifləri mövcud ədəbi materialların elmi
sistem, əsas tarixi prinsiplərinin əhatəli filoloji təhlili
gözlənilmədən mükəmməl ədəbi
salnamə ortaya qoymağın qeyri-mümkün olduğunu
bildirdilər. Onlarda vətəndaşlıq məsuliyyəti
vardı.
Ona görə
də, "Azərbaycan ədəbiyyatı tarixi"
üçcildliyi, sovet ideologiyası konsepsiyası çərçivəsində
yazılsa belə, milli ədəbiyyatşünaslığımızın
inkişafının göstəricisi, dəyərli ədəbi
hadisə idi.
Bu cəhətdən
Feyzulla Qasımzadənin çoxcəhətli
yaradıcılığı örnək idi. O, "XIX əsr
Azərbaycan ədəbiyyatı tarixi"ni yarada bilmək
bacarığı, yaratmağa mənəvi səlahiyyət
haqqı qazanmaq naminə əlli ilə yaxın "Fərhadsayağı"
külüng vurmuş, Simnar kimi abidə
ucaltmışdır". Bu əsər "milli
filologiyanın uğurları sırasında öxünəməxsus
yeri ilə seçilir".
Ədəbiyyatşünas
alim Bəxtiyar Məmmədzadənin dediyi kimi, "XIX əsr
Azərbaycan ədəbiyyatı tarixi" təxminən on ilə
(1935-1944) müəyyənləşən, elmi
araşdırmaların nəticəsində iyirmi ilə
(1935-1955) yaranan, təxminən iyirmi il ərzində (1956-1974)
təkmilləşən sanballı elmi işdir, gərgin
zehni fəaliyyətin nəticəsidir, böyük bir xidmətdir".
Feyzulla
Qasımzadə elmi araşdırmalarının nəticəsi
kimi ortaya qoyduğu ədəbiyyat tarixi bir əsrin zəngin
mənbə toplusu, monumental tədqiqatdır. Bu əsər təxminən
60 ilə yaxındır ki, tədqiqatçı ədəbiyyatşünas
alimlərin masaüstü kitabı, istiqamətverici
kompası olmuşdur.
"XIX əsr
Azərbaycan ədəbiyyatı tarixi" uğurlu monumental tədqiqat
əsəri "Mirzə Feyzulla məktəbinin" əsasnaməsidir
desək, bəlkə də səhv etmərik. Feyzulla
Qasımzadənin ədəbi irsi milli ədəbiyyatşünaslıq
xəzinəmizin sərvətidir. Böyük alim, maarif xadimi
Feyzulla Qasımzadənin xatirəsi unudulmazdır. Onu qoşa
qanad kimi elmin zirvəsinə qaldıran ədəbi-pedaqoji fəaliyyəti
həmişə tədqiqatçıların diqqət mərkəzində
olacaqdır.
T.ƏKBƏROĞLU
Ədəbiyyat qəzeti.- 2013.- 3 may.-
S.1; 6.