Yazıçının
yaşı olmur
Əzizim
Elçin! Sənin də yetmiş yaşın tamam
olur. Mənim 60 illiyim və 75 yaşımla bağlı
yazdığın hər iki məqalənin adı eyni idi -
“Qocalığa hələ çox qalıb”. Məntiqə
görə deməliyəm ki, sənin qocalığına məndən
də beş il çox qalıb. Amma mən bunu yox, başqa şey demək istəyirəm.
Yazıçının - əlbəttə
söhbət əsl yazıçıdan gedirsə -
ümumiyyətlə, qocalığı olmur. Əlinə
çox gənc yaşlarında qələm alan
yazıçı - neçə il yaşayırsa, həmişə
cavan qalır.
Uzağa
niyə gedək? Əgər
sən, bu yaşında demək olar ki, hər il yeni bir pyes
yazırsansa və bu pyeslər yalnız Azərbaycan səhnələrində
deyil, Türkiyənin müxtəlif şəhərlərində,
Moskvada, Londonda uğurla tamaşaya qoyulursa, əgər ən
son zamanlarda yazdığın nəsr əsərlərin
xarici dillərə çevrilib bir çox ölkədə
maraqla qarşılanırsa, əgər cari ədəbiyyatı
daima diqqətlə izləyir, müxtəlif bədii örnəklər
haqqında, ümumən ədəbi həyatımız
haqqında bəzən tamamilə
razılaşdığım, bəzən qismən
razılaşmadığım mülahizələr irəli
sürürsənsə - bu qaynar, səmərəli, enerjili sənətkar
ömrünün qocalığa nə aidiyyəti ola bilər?
Mən hələ baş nazirin müavini kimi
gördüyün işləri, rəsmi dövlət səfərlərini,
çeşidli tədbirlərdə iştirakını və
çıxışlarını bura əlavə etmirəm.
Çünki yazıçını cavan saxlayan ilk növbədə
məhz onun bir an durmayan
yaradıcılıq fəaliyyətidir. Bax, bu mənada
yazıçının yaşı olmur.
Bəzi
növcavanlar bu sözlərimi rişxəndlə
qarşılaya, “bir qocanın başqa qocaya təsəlli verməsi”
kimi yoza bilərlər. Nə olsun? Bizim sinnimizə
çatanda (Allah eləsin çatsınlar!) özləri də
bu fikrin həqiqət olduğunu başa düşəcəklər.
İllər
keçdikcə yazıçı ömründəki dəyişikliklər
əsasən keyfiyyət yox, kəmiyyət dəyişiklikləridir. Yəni hər
bir insan kimi yazıçının
həyat təcrübəsi
artır, müşahidələri
çoxalır, o insanları
- müsbət və
naqis cəhətləriylə - daha yaxşı anlayır.
Sevir, sevilir, sevinir, kədərlənir,
ümidlər bəsləyir, xəyal
qırıqlığına düçar olur, etibarlı
dostluğun sınağından üzüağ
çıxır, kiminsə nankorluğundan əzab çəkir
- və bütün bu əlvan duyğular, düşüncələr
içində həyatı dərindən dərk edir. Amma Allahın bəxş etdiyi fitri İstedad bu
yükü sənətkar fərdiliyinin süzgəcindən
keçirərək əbədi yaşını -
yazıçı yaşını bütün illər ərzində
eyni sinnidə saxlayır.
Vaxtilə
sənə bir şeir həsr etmişdim. Bilirəm ki, mənim
şairliyimə (elə mənim özüm kimi) bir qədər
skeptik münasibət bəsləyirsən. Amma hər halda bu şeir sənin veb-saytında yerləşdirilib.
Şeirin son bəndini
yadına salıram:
Nədir
ömrün mənası?
Belə
qısadır neçin?
Mən ki,
bunu bilmədim,
Sən
bilirmisən, Elçin?
Yüz il də yaşasaq, bunu bilməyəcəyik. Amma ömrü necə yaşamağı bilirik.
Heç bir keçəri təmənnalara görə
inandığın əqidələrə xilaf
çıxmamaq... Ölüm xofundan, xəstəlik
qorxusundan, sonun vahiməsindən yeganə xilas yolu kimi daima
başını işlə, yaradıcı əməklə
qatmaq... Heç kəsə
pislik etmədən, bacardıqca insanlara yaxşılıq etmək…
Hər nə olur-olsun, sevdiyin insanlara sədaqətini, dostlara
etibarını qoruyub saxlamaq...
Keçən
əsrin 81-ci ili ömrümün ən
ağır ili idi. Yüz gün içində
atamı və anamı itirdim. Bu barədə “Sizsiz”
adlı yazım çıxdı və bu yazıdan bir
neçə cümləni xatırlatmaq istəyirəm: “Mənim
bir neçə yaxın dostum var. Hamısı mənə əzizdir,
onları heç vəchlə bir-birinə qarşı qoymaq
istəməzdim. Amma atamın vəfatı
günündə də, anamın keçindiyi gecə də
yadıma ilk düşən Elçin oldu”.
Otuz il qabaq yazılmış bu sözləri bura
köçürərkən o tarixdən də qabaq - 70-ci illərin
əvvəllərində Moskvada keçirdiyimiz gözəl
günlərin birində sənə dediklərim yadıma
düşdü: Deyirlər filankəs yaman günün
dostudur. Yaman günün dostu olmaq sədaqətdən,
etibardan xəbər verir. Amma əgər dost yalnız sənin
yaman günündə yanındadırsa, xoş günlərində
gözə dəymirsə, bu da birtərəfli dostluqdur. Əsl
dostluq odur ki, yaman gündə də, yaxşı gündə
də, adi günlərdə də bir yerdə olasan, hətta
fiziki cəhətdən eyni məkanda olmasan da dostunun
varlığını, nəfəsini,
hayanlığını hər an duyasan. Biləsən ki, bu barədə bir-birinizlə
danışmasanız da eyni hadisələrə, adamlara, əsərlərə
baxışlarınız eynidir ya çox yaxındır.
Bizim
yarım əsrin sınaqlarından çıxmış
dostluğumuz məhz belə dostluqdur. Mənim valideynlərim rəhmətə
gedən günlərdə Elçini daim yanımda
gördüm. İlyas müəllim vəfat
edəndə mən də Elçinin yanındaydımsa,
xoş günlərimizdə - valideynlərimizin ya
özümüzün yubiley tədbirlərində ya adicə ad günlərimizdə,
övladlarımızın toy-nişan məclislərində
də həmişə
bir yerdəyik.
Çox-çox
illər bundan əvvəl ilk povestim «Ağ liman» «Kommunist» qəzetində
sosialist realizmi metoduna zidd olan, sovet həyatını təhrif
edən əsər kimi kəskin tənqid edilmişdi.O vaxt səninlə yaxınlığımız yoxdu,
sadəcə tanış idik. Amma sən əsərin (və məqalənin)
Yazıçılar İttifaqında müzakirəsinə gəldin,
çıxış edib povesti müdafiə etdin. Bundan çox-çox illər sonra Azərbaycan Kommunist partiyasının
son qurultaylarından birində
xırda məmurların
intriqaları nəticəsində sən tutduğun vəzifəyə
(«Vətən» cəmiyyətinin sədri vəzifəsi) rəğmən
partiyanın rəhbər orqanlarına seçiləcəklərin
sırasına daxil edilməmişdin. Mən
çıxış edib sənin və akademiyamızın o
vaxtkı prezidenti Eldar Salayevin səsə qoyulacaq siyahılara
əlavə olunmasını təklif etdim. Azərbaycan Kommunist partiyasının
qurultaylarında ilk dəfə olaraq hazır bülletenlər
yenidən çap olundu və sizin adlarınız
siyahılara daxil edildi, seçildiniz.
Niyə
gizlədək, sənət adamları arasında belə uzun
müddətli və dəyişməz dostluq əlaqələri
nadir olmasa da, hər halda tez-tez rast gəlinən hadisə də
deyil.
Mən həmişə
deyirəm: cavanlıqda dostlarımız çox idi, bir hissəsini
ölüm aldı əlimizdən, bir hissəsini həyat.
Araz
Dadaşzadəni, Yusif Səmədoğlunu, Emin Sabitoğlunu,
Yaşar Qarayevi, Həsən Turabovu, hər iki adaşı -
Arif Babayevləri (kinorejissoru və riyaziyyatçını)
vaxtsız ölüm (vaxtlı ölüm olurmu?) apardı,
dost bildiyimiz bir neçə adamı isə həyat
araladı bizdən, dostluğa, gənclik xatirələrimizə
dönük çıxanlar da oldu. Adlarını
çəkməyəcəyəm, çünki onları yaddaşımdan
da, ömrümdən də birdəfəlik silmişəm.
Elə bilirəm, sənin də onlara münasibətin
belədir.
Adı bədnam
akademik Aqanbekyanın Qarabağ münaqişəsinə start
verən Paris bəyanatı haqqında məlumat alan kimi buna ilk reaksiyanı Azərbaycan
Yazıçılar Birliyi verdi. Moskvaya
Qorbaçova göndərdiyimiz etiraz məktubuna ilk qol çəkənlərdən
biri Elçin idi. Elə həmin günlərdə
Elçinlə birlikdə
ilk olaraq Azərbaycan televiziyasıyla həyəcan
təbili çaldıq,
bu təhlükənin
nə qədər ciddi olduğu haqqında ictimaiyyətə
xəbərdarlıq etdik.
1990-cı
ilin Qara Yanvar günlərində də Elçinlə bir yerdəydik. Mərkəzi Komitənin
binasında Moskvadan gəlmiş yüksək rütbəli
emissarlar bizi arxayın edirdilər ki, fövqəladə
vəziyyət elan olunmayacaq, Bakıya qoşun yeridilməyəcək.
Aldadırlarmış.19-20 yanvar gecəsində
Bakını qana boyadılar. Səhərisi
gün Akademiyada ziyalıların toplantısını
keçirdik, çıxışlar etdik, kəskin bəyanatlar
hazırladıq. Elçin «Vətən» cəmiyyətinin
rabitə vasitələrindən istifadə edərək bəyanatları
müxtəlif ünvanlara göndərirdi. Rəhmətlik dostumuz Araz Dadaşzadə də bu
işdə fəal iştirak edirdi. Ali
Sovetin bütün gecə davam edən iclasında da dəfələrlə
çıxışlar etdik, sənədlər
hazırladıq.
Açığını
deyim, Elçin haqqında bu yazını yazmaq mənimçün
asan deyildi, bir neçə səbəbdən. Elçinin yaradıcılığı
haqqında dəfələrlə yazmışam, birgə
keçən günlərimizin xatirələrini də qələmə
almışam. Eyni mətləblərə
təkrar-təkrar dönmək çətindir. Bir də
o var ki, Elçin birgə keçirdiyimiz günlər
haqqında - Vaqif küçəsindəki qonşuluğumuz,
mənim yarızirzəmi mənzilimdə Fikrət Qocanın,
Yusifin, Eminin, Arazın, Vaqif
Səmədoğlunun, Toğrul
Nərimanbəyovun, rəssam
Elçin Aslanovun, memar Fuad Seyidzadənin,
filosof Rəhman Bədəlovun, İntiqam
Qasımzadənin və neçə-neçə başqa
dostumuzun iştirakıyla keçən məclislər
haqqında, bulvardakı “Marakko” dediyimiz çayxanada
görüşlərimiz, həmin bulvarın Venesiyasında
tayqollu İbad dayının bizə gecənin gec
saatlarında açdığı
süfrə haqqında
o qədər ətraflı,
yerli-yataqlı, təfərrüatlarıyla
yazıb ki, bu barədə bir şey əlavə etməyə mənə
heç nə saxlamayıb. Hətta gənclik
illərimdə qəribə bir şakərimdən - içəndən
sonra bəzən nədənsə küçədə
çəkməmi çıxarıb
vızıldatmağımdan da yazıb. Amma
çəkməmin gedib kiminsə eyvanına düşməsi
haqqında yazdığı realist yazıçının
yox, postmodernist yazarın qələmindən
çıxıb (Yəni həqiqətə uyğun deyil).
Bu - real faktın Elçinin yaradıcı təxəyyülü
nəticəsində təhrif olunmuş versiyasıdır.
Elçin,
bilmirəm, o uzaq illərdə Zaqatalada yaradıcı gənclərin
seminarından da yazmısanmı? O vaxt Zaqatalada prokuror işləyən əziz
dostum və qohumum Akif Rəfiyevin evində qonaq
qalırdıq. Bir gün rayonun milis rəisi rəhmətlik
Kamandar bizi - Elçini, məni, bəstəkar Xəyyam Mirzəzadəni
məşhur Zaqatala şəlaləsinin yanına apardı.
Qayıdanda “UAZ” maşınımız
çayın ortasında dayandı. Qəfil
sel motoru söndürdü, su axını ildırım
sürətiylə üstümüzə gəlirdi. Təcrübəli sürücü tez
maşının dörd qapısının
dördünü də açdı, su maşının
içindən və bizi tamam isladaraq axıb gedirdi. Qapılar bağlı qalsaydı, su
maşını da - biz qarışıq -
aşıracaqdı və aparacaqdı. Birtəhər
maşından düşüb güc-bəlayla sahilə
çıxdıq. Sahil sıx meşəlik
idi, şər qarışırdı. Elçin mənə
göz vurub Xəyyamı qorxuzurdu ki, bu meşə
ayıların bol yeridir və yalanbaşdan hərəmizin əlinə
bir agac budağı vermişdi ki, özümüzü
ayılardan qoruyaq!
Elçin,
o gün yadındadır? Mən tez-tez
xatırlayıram və möcüzəylə o günlərə
- (lap sel gəlsə, ayılarla rastlaşsaq da!) qayıtmaq
istərdim.
Axır
vaxtlar nə yazıramsa bunun necə yozulacağını da
düşünürəm. Heç sovet dövründə
bu qədər senzura qorxumuz yox idi. İndi
hər yazımızı pusanların hər
sözümüzü tərs yozub təhrif edəcəyindən
çəkinirik. “Bu cümləyə redaktor nə deyəcək,
bunu Qlavlitdən necə keçirək”- sovet illərinin belə
qayğıları içində çabalayanda
düşünə bilərmiydik ki, gün gələcək,
bu qədər xiffətini çəkdiyimiz, bu qədər
can atdığımız söz azadlığı təsdiq
olacaq və “azad mətbuatın” əsas hədəfləri məhz
biz olacayıq. O dövrlərdə bizi antisovetlikdə
suçlayanların mənəvi varisləri indi
“sovetçilikdə” suçlayacaqlar. Halbuki “kim
bizimlə deyilsə, bizim kimi düşünmürsə, hadisələri
bizim kimi dəyərləndirmirsə - düşmənimizdir”
prinsipi əski kommunistlərdən indiki “demokratlara” miras
qalmış şüardır. Sənin yazından bir
abzas mənə xüsusi ləzzət verdi
və dəqiqliyi ilə məni heyran qoydu. Yazırsan:
“Söz
azadlığı istedadla bahəm əsl ədəbiyyatı
yaratdığı kimi, ədəbi mühiti xəstələndirə
də bilirmiş. İstedad söz azadlığını tələb
etdiyi kimi, qrammofon da, iddialı heçlik də (“iddialı
heçlik” - nə dürüst ifadədir! - A.) söz azadlığından geninə-boluna
istifadə etməyi bacarır və böhtandan, qarayaxmadan,
şayiəçilikdən tutmuş roman, poema, şeir
adı ilə nəşr olunan makulaturaya qədər belə
bir eybəcər bacarıq nəticəsində bu gün bizim
ədəbi mühitin (ədəbiyyatın yox, hətta ədəbi
prosesin də yox, məhz mühitin!) ambulator yox, stasionar
müalicəyə ehtiyacı var”.
Bu
yazı üzərində işlədiyim günlərdə mətbuatda
iki mətn diqqətimi çəkdi. Biri hansısa
qart erməni millətçisinin haqqımızda
dediyi sözlərindən
gətirilən sitat idi. Bu daşnak tör-töküntüsü iddia
edirdi ki, nə keçmişdə,
nə indi Azərbaycanın heç
vaxt nə ədəbiyyatı olub, nə mədəniyyəti…
Eyni vaxtda «Azadlıq» qəzetində
də bir köşə yazısı gözümə
sataşdı. Bu yazıda da eynən iddia
olunurdu ki, Azərbaycanın heç bir ədəbiyyatı
yoxdur. Özü də yalnız sovet
dövründə deyil, ümumiyyətlə, XX əsrdə (əsasən
XIX əsrdə yaşamış Aşıq Ələsgəri
də bura, yəni qeyri-ədəbiyyat siyahısına daxil
etməklə). Bir neçə rus
yazıçısının adını çəkdikdən
sonra müəllif belə nəticə çıxarır: «Bizə
qaldıqda isə
20-ci əsrdən bəlkə(! - A.) Cavidi və Hadini
götürə bilərik». Deməli, bu
müəllifin fikrincə, Sabirin və Mirzə Cəlilin, Ə.Haqverdiyevin
və Abbas Səhhətin ədəbiyyata dəxli yoxdur.
Müəllif mərhəmətlə təklif
edir ki, sovet dövrünün yazıçılarını
söymək lazım deyil, sadəcə onların ümimiyyətlə,
ədəbiyyata heç bir dəxli olmadığını
sübut etmək lazımdır. Doğrudan
da çətin vəzifədir. Ən
qatı erməni millətçilərindən başqa bu «nəcib»
işin öhdəsindən gələn çətin
tapıla. Axı hansı ağıldankəm sübut edə
bilər ki, tutalım Cəfər Cabbarlının, Səməd
Vurğunun, Mikayıl Müşfiqin, İsmayıl
Şıxlının, Bəxtiyar Vahabzadənin, Əli Kərimin,Məmməd
Arazın, Xəlil Rzanın, Sabir Əhmədlinin, Yüsif Səmədoğlunun,
İsi Məlikzadənin, İsa Muğannanın
yaratdıqları - ədəbiyyat deyil? Bəs
onda ədəbiyyat nədir? Əyalət
psevdopostmodernistlərin pornoqrafik sayaqlamaları? Mən əsasən dünyalarını dəyişmiş
yazıçıların, həm də müxtəlif nəsillərə
mənsub olan sənətkarlardan bəzilərinin adını
çəkdim. Amma bu adlara onlarla başqa
həqiqi şair, nasir, dramaturqu da əlavə edə bilərdim
ki, Azərbaycanın həqiqətən də fəxr edilməli
çağdaş ədəbiyyatının (o cümlədən
XX əsrin əvvəllərində
və sovet dövründə yaranmış
ədəbiyyatın) mövcudluğunu
sübut edim. Amma nə fayda? Məgər belələriylə
məntiq və gerçək faktlar əsasında mübahisə
etmək mümkündür? Bunların mövqeləri
də, məqsədləri
də əvvəlcədən
birdəfəlik proqramlaşdırılıb.
Bu sayaq yazı müəllifləri savadsız
ya tamamilə ədəbi zövqdən məhrum adamlar deyil.
Bu məqsədli və ardıcıl surətdə
həyata keçirilən antiazərbaycan siyasətinin bir həlqəsidir.
Bu siyasəti kimin (ya kimlərin) əliylə və
qələmiylə həyata keçirirlər? Əsasən
yazıçılıq iddiasına
düşüb bu niyyətin uğursuzluğunu
dərk edərək köşə
yazarlığında təsəlli tapanların. Namuslu köşə yazarlarını yüksək
qiymətləndirirəm. Elə bu günlərdə
«Yeni Müsavat» qəzetində (25 aprel 2013) Xalid
Kazımlının «Keçmişə güllə atmaq mərəzi»
adlı insaflı yazısını oxudum. Amma «keçmişə güllə atmaq mərəzinə»
mübtəla olanların bir çoxu baş tutmamış
«yazıçılardır». Xalq tərəfindən
sevilən və seçilən yazarlardan bu sayaq qisas alıb
qurdlarını öldürürlər. Amma
belə yazıların bir başqa məqsədi də var. Əgər
gerçəkdən də Azərbaycan ədəbiyyatının
xalqın sevdiyi və sərhədlərimizdən uzaqlarda da
tanınan görkəmli və istedadlı nümayəndələrini
sıradan çıxara bilsələr, Yazıçılar
Birliyinin dağılmasına nail olsalar, boşalmış
meydan cızma-qaraçılara və üç-cüt bir tək
adamdan ibarət olan qrafomanlar dəstəsinə qalar. Kiminsə qanını şərbət kimi içməyə
həvəslənən vampirin Yazıçılar Birliyinin
divarlarını qanlı adlandırmağa haqqı yoxdur.
Divarlarımız qanlı olsaydı, bu cür
qana susamış ədəbi vampirlər buranın «qanlı»
divarlarını ləzzətlə yalayardılar. 37-ci ilin qanlı danoslarını verənlər də
məhz bütün dövrlərin «ədəbi
uğursuzları» və «ədəbi paxılları» olub.
Əzizim
Elçin! Bağışla ki, bu yubiley
yazısında belə xoşagəlməz mətləblərə
toxunmalı oldum. Axı sən də,
başqa dostlarım və yaxınlarım da həmişə mənə öyüd
verirsiniz ki, hər yetənə baş qoşmayım. Nə
etməli, mətbuatımızda bütün mənəvi dəyərlərimizə
qarşı erməni iddialarına züy tutan yazıları
oxuduqca «ədəbiyyata dəxli olmayan» dahi
Mirzə Ələkbər
Sabirin sözləri yadıma düşür:
«Güc gətirir dərd, usana bilmirəm». Nə isə...
Elə bu
yazıma iradları da nəzərə alıram: “Elçin
haqqında məqalədə İbad kişinin gecə
süfrəsindən tutmuş Zaqataladakı selə qədər,
ayılardan - AYO-ya qədər hər şeydən
danışılır, amma Elçinin yaradıcılığı
təhlil edilmir” - deyən olacaq.
Elçinin
yaradıcılığı haqqında dəfələrlə
yazmışam, o cümlədən “Nəsrin fazası”
essesində geniş söhbət açmışam.
O essedə
qeyd edirdim ki, Elçinin yaradıcılığı
üçün - (hər halda o illərdə
yazdıqları üçün) - səciyyəvi atribut nəqliyyat
vasitələridir - qatar, motosikl, furqon - Elçin hekayələrinin
real insanlarla yanaşı, canlı detalları, hətta
obrazları, metaforalarıdır. Hekayə və
povestlərində Elçin Abşeron kəndlərinin
özünəməxsus poeziyasını, çılpaq
peyzajların cazibəsini, burada ömür sürən
insanların təkrarsız xarakterlərini məharətlə
açıb göstərə, surətlərini canlı
cizgilərlə yarada bilir.
Elçin
istedadının səciyyəvi xüsusiyyəti dəqiq
müşahidə qabiliyyəti, psixoloji təhlilin dəqiqliyi,
insan hisslərinin təsvirində romantik çalarlardır. Son illərdə
yazdığı nəsr və səhnə əsərlərində
təbii ki, hamımızın ümumi dərdi olan Qarabağ
ağrısı mühüm yer tutur. Bununla
belə yaşadığımız zamanın paradoksal cizgiləri
də əks olunur. Bugünkü həyatımızın
bəzən izahsız görünən qəribəlikləri
o qədər çoxdur ki, Elçinin bir sıra səhnə
əsərlərinin personajları dəlilər olur. Amma çox vaxt bu “ağıllı dəlilərdir”,
“ağıldan bəlaya” düşmüş dəlilərdir,
Kefli İskəndər kimi içkibazlar ya Molla Abbas kimi
özünü dəliliyə qoymuş müdriklərdir.
Üzrlü bilin, yenə
bir şeirimdən misal gətirmək istəyirəm:
Yazıçı ömrünün iki vaxtı var:
Yaşamaq zamanı, yazmaq zamanı...
Əslində yaşanılanlardan yazmaq zamanı da elə yazıçı
ömrünün yaşamaq
zamanıdır. Həyatını uzadan məqamdır.
Çünki bir də təkrar edim: Yazıçı yazdıqca onun yaşı olmur.
Əzizim Elçin, çox şərti rəqəm olan 70 yaşın münasibətilə
səni ürəkdən
təbrik edir, bağrıma basıram. Gələcək onilliklərdə baş tutacaq ad günlərimizi də birlikdə qeyd etməyimizi Uca Tanrıdan diləyirəm.
Aprel - 2013
Anar
Ədəbiyyat qəzeti.- 2013.- 3 may.-
S.3.