E l ç i n - 70

  

Hörmətli Elçin müəllim!

Sizi - görkəmli nasir, dramaturq və ədəbiyyatşünas alimi 70 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz ədəbiyyata ötən əsrin 60-cı illərində gəlmisiniz. Elə ilk əsərlərinizdən nəinki respublikamızın, həmçinin keçmiş ittifaqın ədəbi ictimaiyyətinin diqqətini cəlb etmisiniz. Siz ümumittifaq ədəbi prosesində fəal iştirak etmiş, bir-birindən dəyərli bədii nümunələrlə oxucu auditoriyanızı ildən-ilə genişləndirmisiniz. Qələminizdən çıxan «Ölüm hökmü», «Ağ dəvə», «Mahmud və Məryəm», “Açıq pəncərə”, “Sos”, “Gümüşü, narıncı, məxməri”, “Bu dünyadan qatarlar keçir”, “Bir görüşün tarixçəsi”, “Bülbülün nağılı”, “Ömrün son səhəri”, “Baladadaşın ilk məhəbbəti”, “Qarabağ şikəstəsi” kitabları əsl hadisə kimi qarşılanmış, roman, povest və hekayələriniz qiymətli nəsr nümunələri kimi milli ədəbiyyatımıza daxil olmuşdur. Yaradıcılığınızda əsas yerlərdən birini dramaturgiya tutur. «Poçt şöbəsində möcüzə», «Mənim sevimli dəlim», «Mən sizin dayınızam» və s. pyesləriniz ölkəmizdə və onun hüdudlarından kənarda müvəffəqiyyətlə səhnələşdirilmişdir.

Kino sahəsində də fəaliyyətiniz diqqətəlayiqdir. Ssenarilərinizin əsasında iyirmidən artıq film çəkilmişdir.

Çoxşaxəli yaradıcılığınızın bir qolu da ədəbiyyatşünaslıqdır. Klassik və müasir ədəbiyyatımızın aktual problemlərinə həsr olunmuş “Cəfər Cabbarlı”, “Tənqid və ədəbiyyatımızın problemləri”, “Klassik aşıq poeziyasında dünya obrazı”, “Şəxsiyyət və istedad”, “Ədəbi düşüncələr”, “Sadəlik və müdriklik” kimi monoqrafiya, elmi-nəzəri əsərləriniz ədəbiyyatşünaslıq elmimizə və ədəbi tənqidimizə layiqli töhfədir. Siz filologiya elmləri doktoru, professorsunuz.

Yüzə yaxın kitabınız xarici dillərə, o cümlədən ingilis, alman, fransız, Çin, ispan, fars, ərəb, macar, çex və s. dillərə tərcümə olunub kitab şəklində nəşr edilmişdir.

Sizin ədəbiyyatımız sahəsindəki xidmətləriniz yüksək qiymətləndirilmiş, Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adlarına, “İstiqlal” ordeninə layiq görülmüş, çoxlu sayda ədəbi mükafatlar almısınız.

Əmək fəaliyyətinə Nizami adına Ədəbiyyat İnstitutunda başlamısınız. 1975-1988-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin katibi olmusunuz. «Vətən» Cəmiyyəti sizin rəhbərliyinizlə fəaliyyətə başlamışdır.

1993-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavini kimi məsul vəzifədə çalışırsınız.

Hörmətli Elçin müəllim!

Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2013.- 3 may.- S.3.