Elçin və
teatr
Dramaturgiya
teatr sənətinin inkişafının təminatçısıdır,
- desək, yanılmarıq. XX əsrin teatrı mütəmadi
olaraq dramaturji materialın bəsitliyindən, müasir əsərlərin
azlığından şikayətlənsə də,
dramaturgiyamızda klassik və müasir nümunələr də
az deyildir. XX əsrin teatr mədəniyyətinin məzmun və
qayəsini məhz müasir dramaturji axtarışlar və
onların nəticələri, xarakteri, estetik
özgürlüyü ilə müəyyənləşib.
Çağdaş
Azərbaycan dramaturgiyasına nəzər salanda,
görürük ki, onun müxtəlif mərhələlərində
(XX əsrin 60-cı illərindən bu günümüzə
qədər) dramaturqlarımız İlyas Əfəndiyev, Nəbi
Xəzri, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə,
Əkrəm Əylisli, Anar, Vaqif Səmədoğlu,
Elçin, Kamal Abdulla, Əli Əmirli, Rəhman Əlizadə,
Afaq Məsud, Firuz
Mustafa, Elçin Hüseynbəyli və b. maraqlı dramaturji əsərləri
ilə bu mürəkkəb yaradıcılıq sahəsini zənginləşdirmişlər.
60-cı
illər nəslinə mənsub olan və tam haqla onun
qabaqcıl təmsilçilərindən sayılan xalq
yazıçısı Elçinin istər elmi-tədqiqat
işləri, tənqidi-publisistik yazıları, istərsə
bədii əsərləri, o cümlədən
dramaturgiyası, istərsə də ictimai-mədəni fəaliyyəti
xalq tərəfindən xüsusi təqdir edilir. Alim və
yazıçı Elçinin fəaliyyəti ictimai xadim,
milli-mədəni dirçəlişimizin fədakar təəssübkeşi
olan Elçinin xidmətlərindən az deyil və onun qeyd
etdiyimiz keyfiyyətləri şəxsiyyətinin mükəmməlliyində
hər dəfə özünü büruzə verir.
Dramaturgiya,
bəlli olduğu kimi, ədəbiyyatın ən mürəkkəb
sahəsidir. O, təkcə ədəbiyyatı deyil, həmçinin
rejissor və aktyor sənətini, bir küll halında teatr sənətini,
teatr elmini zənginləşdirməli, cəmiyyətin
ictimai-mədəni ovqatını, nəsillərin ideya-estetik
tərbiyəsini formalaşdırmalıdır.
Çağdaş dövrün dramaturgiyası “mövzu
aktuallığı”nın əsarətindən
çıxmaq, insanın bəşəri düşüncələrindən
daha çox onun dünyanı dəyişəcək əməllərinin
teatr vasitələri ilə təqdimini önə çəkir.
Bu zaman dramaturgiya ədəbi qayğılarla yanaşı, səhnə
sənəti qayğılarını da çəkir. Həmin
dramaturgiya ədəbi-estetik konstruksiya etibarilə, mükəmməl
olmaqla bərabər “səhnəlik”, “teatrallıq” kimi
kateqoriyaları başlıca bədii prinsip kimi əsas
götürür.
Elçin
Əfəndiyevin müasirliyi ilə seçilən
dramaturgiyası milli mədəniyyətimizdə yeni
teatrın əsasına çevrildi. Yazıçının
1970-ci ildə yazdığı «Poçt şöbəsində
xəyal» tragikomediyası yalnız XXI əsrin əvvəllərində
böyük səhnədə göründü. Akademik Milli
Dram Teatrında təcəssüm etdirilən bu pyes sayəsində
teatrla dramaturqun bu günə qədər davam edən əməkdaşlığı
başladı. Yazıçı-dramaturq Elçin «Poçt
şöbəsində xəyal»dan sonra yazdığı
üç pyesini («Ah, Paris, Paris...», «Mənim sevimli dəlim», «Diaqnoz D» («Mənim ərim
dəlidir») milli klassik dramaturgiya ənənələrini
komedi del-arte (italyan) və vəziyyətlər komediyası
(fransız) ilə ustalıqla sintez edərək özünəməxsus
bir üslub yaratmağa nail olmuşdur.
Elçinin
dramaturgiyası milli səhnə ədəbiyyatımızda
bu vaxta qədər rast gəlmədiyimiz yeni mövzuları,
gözlənilməz süjet kombinasiyalarını,
düşüncə və hisslərin stereotipdən uzaq bir
formada ifadə edilməsi ilə fərqlənən yeni insan
tiplərini, obrazlarını yaratdı. Bu pyeslərdə
dramaturqun «mövcudluq effekti»nin parlaqlığı, maraqlı
dramatik, lirik, komik subyektlərin varlığı, aktual mənəvi
konflikt-qarşıdurmalar, yeni dövrə xas davranış
tipi və ona adekvat dünyaduyumu yüksək peşəkarlıqla
bir-birinə hörülüb. Ştrixləri, detalları,
intonasiyaları, süjet gedişatlarını mükəmməl
şəkildə seçən dramaturq, gah məişət
motivləri ilə xəyali romantik
çırpıntıların bir-birinə
bağlandığı komediyalar yazır, gah da mənəviyyatını,
ruhunu, özünü qoruma instinktini itirən obrazlar
yaradır.
Məsələn,
«Qatil» dramı insan tənhalığı və ondan xilas
yollarının axtarılması mövzusuna həsr olunub və
sərt daxili strukturu ilə fərqlənir. «Teleskop»
tragikomediyasında bu sərtlik çox dərində gizlənibdir
və pyes kompozisiya cəhətdən gözlənilməz
qurulub.
«Qatil»
dramında yaşanılmamış qadın ömrü, hədər
gedən qadın taleyi, insanın intim və ictimai həyatı
kəndirin bir-birinə möhkəm hörülmüş iki
ucu kimi verilir. Dramaturq «Qatil»i sərt, amma mənəvi-əxlaqi
rakursdan ibrətli qənaətlə bitirir. Yazıçının
önə çəkdiyi problematik mövzu qadın tənhalığı,
ümumiyyətlə isə insan mövcudluğunun bu kontekstdə
var olmasıdır. Qadın və dünya, qadın və
Allah, qadın və insanlıq (“dialoji personalizm”)
özünün real boyalarla, estetik özəllikləri ilə,
bununla yanaşı, üzücü yaşamı ilə
gerçəkliyin ən acı nöqtələrindən biri
olaraq qabardılmış olur.
Akademik
Milli Dram Teatrının repertuarında layiqli yer qazanan, hər
tamaşası anşlaqla oynanılan «Qatil»
tamaşasının quruluşçu rejissoru Mehriban Ələkbərzadə
Elçin dramaturgiyasının bədii-estetik həllini
«psixoloji yaşam» janrında həll edir.
Elçinin
Rus Dram Teatrının səhnəsində oynanan «Cəhənnəm
sakinləri» dramında qəhrəmanın tragizmi ondadır
ki, o, həmişə öz «mən»indən imtina edib,
dövrün və şəraitin tələb etdiyi rolu oynamalı
olubdur. Tarixi zamanın (1937-ci il) Kişi obrazına geydirdiyi
maska onu şəxsi məsuliyyət, vicdan, namus, şərəf
kimi əxlaqi-mənəvi keyfiyyətlərdən məhrum edərək
(bu insan özünün «mən»inə sahib çıxmaq
xoşbəxtliyindən məhrumdur) normal insana xas olan daxili təbəddülat
və çırpıntılardan uzaqlaşdırır…
Elçinin
qəhrəmanlar qalereyasında özünü axtaran, həyatda
yerini tapmayan, azan, şübhələnən, həyatlarının
ən ahıl çağlarında belə dəyişməyə
hazır olan («Arılar arasında» - Dayə, Baba), daim sirli bir
hadisənin baş verəcəyinə inanan insanlar
çoxdur. Dramaturqun «Şekspir» pyesində hadisə xətti
qəhrəmanların daxili hiss-həyəcanları,
lirik-patoloji çırpıntıları ilə daha da
mürəkkəb şəklə düşür, yeni bir məna
qazanır. Beləliklə də «Şekspir» pyesində
psixiatrik xəstəxananın pasiyentləri (biri Sara Bernar…
biri İosif Stalin… biri…) «məşhur» adamların
adlarını, qiyafətlərini, iç
dünyalarını özəlləşdiriblər və
«adi» reallıqdan «coşqun» romantikaya «sıçrayıb»
birdən-birə qəhrəman olublar.
“Şekspir”
əsəri ədəbi, elmi, dramaturji material olaraq təhlilə
və müzakirəyə maraqlı olan dramaturji əsərdir.
Söylədiklərim öz təsdiqini müxtəlif
teatrların səhnələrində bu əsərin
qoyulması, müxtəlif rejissorların səhnə
quruluşu verməsi ilə tapır. Yazıçı tərəfindən
önə çəkilən insanın daxili ilə fərdiyyətinin
konflikti teatr üçün maraqlı təhlil və təcəssüm
predmetidir. Yazıçının ədəbi-estetik təqdimi
ilə verilən bir xəstəxananın divarları əhatəsindəki
xəstələrin özəl dünyası müxtəlif
hadisələr burulğanında, müxtəlif obrazların
səhnə oyununu müəyyənləşdirir. Akademik
Milli Dram Teatrının səhnəsində bu tamaşa
tanınmış moldav rejissoru Petru Vutkereuya həvalə
olundu. Teatrın təşəbbüsü ilə yaranan
“GUAM-ın teatr məkanı” layihəsi çərçivəsində
yaradılan bir əməkdaşlığın əməli nəticəsi
olaraq ərsəyə gələn tamaşada
quruluşçu rejissor Petru Vutkereunun yaradıcı işində
dramaturji materialdan irəli gələn individual insan
konsepsiyası - hərəkətin başlanğıcı,
ruhun və hisslərin poetikliyi tamaşanın əsas ifadə
formulu kimi işlənmişdir.
Elçinin
pyeslərində güclü lirik, lirik-romantik, tragik, tragikomik
zonalar mövcuddur və onlar çox bənzərsiz dramatik
strukturun yaranması «Arılar arasında», «Cəhənnəm
sakinləri», «Taun yaşayır», «Bolbolustan şahzadəsi,
yaxud yaşasın imperator böyük Şir III Otibi Molimi Delembor
Tır-tır», «Qatil», «Şekspir», «Sənətkarın taleyi»
pyesləri onun müxtəlif janrlarda böyük ustalıqla
işləmək istedadına ən bariz nümunəsidir.
Onun
dramaturgiyasının başlıca xüsusiyyətlərinə
diqqət yetirsək, burada mövzu, bədii konstruksiya, janr,
konflikt və ali məqsəd kateqoriyalarının işlənməsi
ustalığını qeyd etməliyik.
Elçinin
dramaturji irsinin hələlik sonuncu nümunəsi olan «Sənətkarın
taleyi» faciəsi Azərbaycan teatrının ölməz sənətkarı
Hüseyn Ərəblinskiyə həsr edilib. Pyesin qəhrəmanı
hər şeydən əvvəl güclü insan xarakterinə
malik olan dahi aktyordur. Faciə
qəhrəmanı kimi Hüseyn Ərəblinski obrazı
maksimal gücə - istedada, ağıla, məqsədyönlülüyə
və ən önəmlisi, əməli enerji potensialına
malikdir. Bu obrazın mənəvi dünyasını xarakterizə
edən və sonucda faciəyə səbəb olan əsas məziyyət
onun buxova çevrilən köhnəlmiş təsəvvürləri
dağıtmaq əzmi, teatrı xalqın mənəviyyatını
saflaşdıran bir zərurətə çevirmək
uğrunda apardığı mübarizədir. Pyesin baş qəhrəmanı
kimi verilən H.Ərəblinski obrazı yenicə yaranan
peşəkar Azərbaycan teatrının inkişafı,
sosial ədalətsizliyin aradan qaldırılması uğrunda
apardığı ictimai mübarizənin həm əzabkeşi,
həm də qurbanıdır.
Çağdaş
dövrümüzdə milli teatr prosesinin canlanması,
repertuar işini yüksək ideya-estetik tələblər səviyyəsində
qurmaq, kəmiyyət və keyfiyyət uğurları qazanmaq cəhdlərimizdə
Elçinin dramaturji əsərlərinin əhəmiyyəti
böyükdür.
Elçinin
nəsr əsərlərinin xoşbəxt taleyi olduğu kimi,
dramaturji əsərlərinin də xoşbəxt teatr və
kino taleyi var. Onun pyesləri təkcə Azərbaycanda deyil,
xarici ölkələrdə tanınır, sevilir və
böyük həvəslə səhnəyə qoyulur. Məsələn,
Londonun “Tristan Bates” teatrında Azərbaycanın Böyük
Britaniyadakı səfirliyi və Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Elçinin “Mənim
sevimli dəlim” pyesi ingilis
dilində oynanıldı. Əsas təşkilatçılar
Londondakı Azərbaycan cəmiyyəti (AZICS) və ALOff
teatrı idi. Tamaşanın quruluş-rejissoru Metyu Qoldun, bəstəkarı
isə Mamed Ansaridir. Rolları Riçard Stirlinq, Oliver Madsley,
Ralf Boqard, Daniel Robinson və b. ifa edirdilər.
Onun
əsərlərinə dünyanın müxtəlif
xalqlarının teatrları ehtiyac duyur. Bu pyeslərin əksəriyyəti
Türkiyənin müxtəlif teatrlarında, eləcə də
Sankt-Peterburqda, Krımda və s. yerlərdə tamaşaya
qoyulub.
Elçin,
əsl mənada, söz ustasıdır. O, auditoriyasını
yaxşı tanıyan, fəhmində yanılmayan, bədii
ideyası ilə gələcəyə üz tutan mütəfəkkir
yazıçıdır. Diqqət edin:
“Yazıçının başı olmayanda və o,
yalnız ürəyi ilə yazanda zövqsüz ənlik-kirşana
qarışmış göz yaşları damcılayıb aləmi
bulaşdırır.” Bu sözləri yalnız Elçin yaza
bilər. Ədəbiyyatın xalq qarşısındakı
missiyasını dürüst dərk etməyənlərə
bəzi hallarda, ümumiyyətlə, dərk etməyənlərə
tutarlı cavab məhz onun dilindən eşidilə bilərdi.
Azərbaycan
ədəbi-bədii mühitinin və mədəniyyətinin
çağdaş mərhələsində əvəzsiz xidmətləri
olan nasir və dramaturq, xalq yazıçısı
Elçinin yaradıcılığı XX əsr Azərbaycan
ədəbiyyatı, mədəniyyəti və
teatrının inkişafını təmin edən ən
önəmli faktora çevrilmişdir.
İsrafil İSRAfİLOV
Ədəbiyyat qəzeti.-2013.- 3 may.-
S.4.