"Nə arayırsansa - sənsən…"
Qəzənfər Paşayev:
"Elçin haqqında düşüncələrim".
"Təhsil" – 2013
Türk
dünyasının nadir simalarından biri olan Yunus İmrənin
"Bizi bilməyən nə bilər, bilənlərə
salam olsun" bəyanı, düşüncəsiylə
baş-başa oxunur professor Qəzənfər Paşayevin bu
günlərdə "Təhsil" nəşriyyatında nəfis
şəkildə işıq üzü görən
"Elçin haqqında düşüncələrim"
kitabı. Yeni nəşrlə tanışlıq eyni zamanda
A.S.Puşkinin bir məşhur deyimini bütün incəliklərinə
qədər isbatlayır ki, böyük bir insanın
ömür yolunu, fəaliyyətini müşahidə edib
öyrənməyin özü maraqlı bir elmdir. Bu mənada
Qəzənfər müəllimin "Elçin haqqında
düşüncələrim"i həqiqətən öz
işinə böyük əmək sərf etmiş görkəmli
bir şəxsiyyətin çoxşaxəli fəaliyyətinə
dərin qədirbilənlik, vəfadarlıq
ucalığından işıq salır. Adama təskinlik gətirir
ki, yaşamağa və yaratmağa dəyərmiş.
Kitabın redaktoru
və ön sözün müəllifi Yaşarın qeyd
etdikləri təkzibolunmaz həqiqətdir ki,
yazıçılıq oxuculuqdan, bir qədər də
konkretləşdirsək, oxunan ilk cümlədən
başlanır: "Yəni sən artıq anlayırsan ki,
çay kimi axıb gedən bu həyatı, bu zamanı tutub
saxlamaq da olarmış…"
Doğru qənaətdi
və Elçin yaradıcılığı bütün
qapsamı, varlığı ilə bu həqiqəti isbatlayan
möhtəşəm abidə kimi göz önünə gəlir.
Kitabda bu möhtəşəm abidəyə olan dərin
maraq, ehtiram hissi bütöv, boyaboy görünür. Müəllif
müşahidə etdiyi sənətkarın portret cizgilərini
sevərəkdən, uğurlarını sevinə-sevinə təqdim
edir və bu münasibətlə əslində öz
böyük obrazını da ortaya qoyur, bir
başqasının uğurlarına sevinən kəsin
özünün də uğurlu şəxsiyyət olması
haqqında deyilənləri yüzdə-yüz isbatlayır.
Qələm
dostum Yaşarla tam razıyam: "Mənim təsəvvürümdə
hansısa qəzet və jurnallarda dərc olunan yazılar
haradasa kirayənişin ömrü yaşayır…" Eyni
zamanda onun da fərqindəyəm ki, professor Qəzənfər
Paşayevin bu kitaba daxil edilən məqalələrinin, eləcə
də Elçinin əsərlərinin böyük bir qismi ilk
olaraq mənim özümün də
çalışdığım "Ədəbiyyat qəzeti"ndə
dərc olunub. Ancaq ədalət naminə desək, o
yazılanların hər biri "Ədəbiyyat qəzeti"
üçün kirayənişindən daha çox yolu
gözlənilən dost-doğma ev sahibi olub; sahib olduqları
ruhi-mənəvi, tarixi dəyərləri və
doğmalıqları ilə bir arada.
Hər dəfə
xalq yazıçısı Elçinin kitablarını dərin
bir aludəçiliklə götürüb yenidən oxuduqca
dünya şöhrətli yazıçı Ernest Heminqueyin dəqiq
müşahidələrinin fərqinə yenidən
varıram: "Əksər yazıçıların
ömürlərinin sonuna yaxın yazdıqları, çox
vaxt sadəcə ilk əsərlərindəki səhnə,
xarakter və hadisələrin yeni variasiyalarıdır; fərq
ondadır ki, orada sənətkarlıq, qüvvə və
enerji əvvəlkinə nisbətən daha azdı". Və
o fikir də mənimlədi ki, Elçin
yaradıcılığı bütün qapsamıyla
Heminqueyin bu fikriylə daban-dabana ziddiyyət təşkil edir.
Bu mənada, ön sözdəki "Elçin müəllim
son vaxtlar, bəlkə də, həmişə olduğundan da
məhsuldar yaradıcılıqla məşğuldur. Onun
ssenariləri əsasında çəkilən filmlər
artıq dünya ekranlarına çıxır, pyesləri
dünyanın ən nüfuzlu teatrlarında
oynanılır" fikirlərinə onu da əlavə etmək
istərdik ki, Elçin müəllim bu uğurlara eyni zamanda
da yeni, bənzərsiz, qeyri-adi, getdikcə daha dərinliyə
işləyən, bitib-tükənməyən sənətkar
enerjisi, heyrətamiz dühası ilə nail olur. Elə
professor Qəzənfər Paşayev də "Elçin
haqqında düşüncələrim" kitabında
bütün bunlardan söz açır. Onun
yazdıqlarından görkəmli bir alimin ədəbiyyat
tariximizdə kifayət qədər görünən yeri olan
bir sənətkarın yaradıcılığına və
şəxsiyyətinə heyranlığı mükəmməl
şəkildə ifadə olunur. Bu münasibət
çağdaş dünyamız üçün
böyük bir örnəkdi. Yarım əsrdən artıq
zaman kəsiyində yaradıcılıq və şəxsiyyət
özəlliklərini xüsusi maraqla izlədiyi bir
yazıçı barəsində Qəzənfər müəllim
- bu görkəmli elm adamı ədasız, tam səmimiyyətilə,
belə deyək ki, adi oxucu heyranlığı ilə söhbət
açır. Eyni zamanda professorun diqqətə
çatdırdığı təqdiredici arqument və
mülahizələr təkzibedilməzdi, dərin məntiqə,
uzunmüddətli müşahidələrin qəti qərarına
söykənir. Bu kitabda Elçin
yaradıcılığının humanist, lirik xisləti ilə
Qəzənfər Paşayev səmimiyyətinin tam çevrəsi
bir araya gəlib. Ən böyük obrazların,
düşüncələrin həyatdan ədəbiyyata gəlməsini
söyləyənlər heç şübhəsiz,
yanılmırlar. Ancaq bir oxucu kimi həmişə o fikirdə
olmuşam ki, mənim üçün çox əziz olan bir
bir neçə nəsnələr tam fərqli olaraq bir
çox görkəmli əsərlərdən, o cümlədən
də Elçinin yazdıqlarından həyata vəsiqə
alıb. Bu nəsnələr yazıçı dünyasının
həyata bəxş etdiyi unudulmaz dəyərlərdi və təqdim
edilən obrazların xarakterində ifadə olunurlar.
Professor Qəzənfər
Paşayev Elçin yaradıcılığının həyatı
yeniləşdirən, həyata töhfə verən tərəflərini
qabardır və haqlı olaraq bunu bir örnək hesab edir.
Nobel
mükafatı laureatı Nəcib Məhviz söhbətlərinin
birində deyir ki, yaşa dolduqca adamları təhlil etməyə
başalyıram. Onların taleyindəki yalnız gözə
görünən və əlamətdar şeylər yadda
qalır. Adamları siniflərə bölürsən, bu və
ya digər cəhətlərə ayırırsan. İstəyirsən
ki, onlar hər hansı bir uydurulmuş düşüncə
sisteminə, fəlsəfi konsepsiyaya tabe olsunlar. Bu, sadələşmiş
yanaşmadır, bu halda sən insan şəxsiyyətinin
bütövlüyündən qaçırsan…
Professor Qəzənfər
Paşayevin yaşa dolduqca adamları təhlil etməyə
xüsusi maraq göstərməsi isə tam fərqli bir
münasibətə hesablanıb; O, diqqəti daha çox
insan şəxsiyyətinin bütövlüyü üzərinə
çəkir. "Elçin haqqında düşüncələrim"
bunun əyani sübutudu. Oxuduqca böyük mütəfəkkir
Cəlaləddin Ruminin unudulmaz "Nə arayırsansa - sənsən,
sən…" deyimi yada düşür.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2013.- 3 may.-
S.4.