İndiki toylar
O
gözəl adətlər qalıbdi harda?
Toylar da adama
maraqsız gəlir.
Sinəsi, kürəyi açıq
paltarda
Gəlinlər məclisə duvaqsız gəlir.
Elçilik günündən açılır
“bazar”,
Əsas götürülür vəzifə,imkan.
Cehiz də
aparmır indiki qızlar,
Axtarır özünə cehizli oğlan.
Gəlinlər bahalı maşında gəlir,
Bəs niyə əlində toy şamı yanmır?
Sağdışlar,
soldışlar yox olub bir-bir,
Nədənsə, bəylər də ta “oğurlanmır”.
Danışan ağsaqqal ata əvəzi,
Niyə qaşlarını çatır gəlinlər?
Bəy gül bağışlayır
- məhəbbət rəmzi,
Onu başqasına atır gəlinlər.
Nə sağlıq deyən var, nə təbrik
edən,
Heyrətdə qalırlar qonaq gələnlər.
Kimdir hamıdan çox toyda rəqs edən?
Əlbəttə, indiki bəylər,
gəlinlər.
Gələndə səsini hazır gətirir,
Diskə əvvəlcədən
yazır gətirir.
Əldə boş durmaqdan sıxılır hərdən,
Mikrafon “utanır” müğənnilərdən.
Yabançı fikirlər gəzir beyində,
Milli adətlərmi qalmayıb yadda?
Sınmır bəy evinin girəcəyində
Boşqablar gəlinin ayağı altda.
“Vağzalı” olmasa bizim toyları
Əcnəbi toylardan seçə bilmərik.
Anlasaq “Segah”ı, “Şur”u, “Qatar”ı
Milli adətlərdən keçə bilmərik.
…O gözəl adətlər qalıbdı
harda?
Toylar da adama
maraqsız gəlir.
Sinəsi,kürəyi
açıq paltarda
Gəlinlər məclisə duvaqsız gəlir.
Gözlərimin
qarasında, ağında
Ürəyimin sevincidi, qəmidi,
Qaranlıqla sökülən dan kimidi,
Məhəbbətin
vüsal,hicran dəmidi
Gözlərimin qarasında, ağında.
Zülmət gecə tuş gəlibdi gündüzə,
İlk sevdadı, son umuddu üz-üzə.
Qara bulud,
ağ buluddu
üz-üzə
Gözlərimin qarasında, ağında.
Yagış olub yağa bilər istisə,
Günəş olub doğa
bilər istəsən.
Həmişəlik
təki qalmaq istə sən
Gözlərimin qarasında, ağında.
Həm səadət, həm də giley doludur,
Sevgilərin qəlbə gedən yoludur.
Yad əllərdə
qalan Vətən yoludur
Gözlərimin qarasında, ağında.
Ağı - zülmət, qarası - nur, alışar,
Kirpik çalsam
bir-birinə qarışar,
Bu dünyanın təzadları barışar
Gözlərimin qarasında, ağında.
Bu ocaq odsuz qalıb
Bir isti
nəfəs idi,
El-obaya bəs
idi,
Nədən sönüb bəs indi
Bu ocaq odsuz
qalıb?
Üstünün sacı hanı,
Doyurmur acı,hanı?
Yoxmudur qalayanı?
Bu ocaq odsuz
qalıb.
Bir kimsə
maraqlanmır,
Aranıb, soraqlanmır.
Neçə vaxtı ki, yanmır,
Bu ocaq odsuz
qalıb.
Hanı isti fətiri?
Gəlmir yuxa ətiri.
Kibrit, odun
gətirin,
Bu ocaq odsuz
qalıb.
Çoxdan bilmir isti nə,
Gələn yoxdu üstünə .
Kimlər durdu qəsdinə,
Bu ocaq odsuz
qalıb.
Gəlin mərhəmi olaq,
Yaxın həmdəmi olaq.
Alışdıraq,
od salaq,
Bu ocaq odsuz
qalıb.
Əbülfəz Naxçıvanlı
Ədəbiyyat
qəzeti.- 2013.- 3 may.- S.7.