Bu dalanda
Ağzını
iyləyirlər,
nəbada
“sevirəm” deyəsən,
ürəyini
iyləyirlər.
Qəribə
dövrandır, sevgilim,
sevgiyə
şlaqbaumun yanında
şallaq vururlar.
Sevgini evin
anbarında gizlətmək gərək.
Soyuğun bu əyri-üyrü
dalanında odu
nəğmə
və şerin yanacağı ilə
alışdırırlar.
Düşünüb də risk
eləmə.
Qəribə
dövrandır, sevgilim,
axşam-axşam qapını döyən
kəs,
çırağı
söndürməyə gəlib.
İşığı
evin anbarında gizlətmək gərək.
Odur, qəssablar
keçidlərdə
dayanıblar
qanlı
dəhrə-bıçaqlarıyla.
Qəribə
dövrandır, sevgilim,
təbəssümü
dodaqlardan kəsib götürürlər,
nəğməni
ağızdan.
Şövqü evin
anbarında gizlətmək gərək.
Süsən-yasəmən
közündə
sarıbülbül
kababı.
Qəribə
dövrandır, sevgilim,
qələbədən
sərxoş İblis
matəm
süfrəmizin başında oturub.
Allahı
evin anbarında gizlətmək gərək.
Əhməd
Şamlu
Ədəbiyyat
qəzeti.- 2013.- 3 may.- S.7.