Məsiağa
Məhəmmədi-50
Hörmətli
Məsiağa Məhəmmədi!
Sizi
- tanınmış şərqşünas-alim və tərcüməçini,
filologiya üzrə fəlsəfə doktorunu 50 illik yubileyiniz
münasibətilə ürəkdən təbrik edirik!
Siz
- Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq
fakültəsini bitirdikdən sonra 1991-ci ildə dünya
şöhrətli Azərbaycan şərqşünası,
professor Rüstəm Əliyevin rəhbərliyi altında
"Saib Təbrizinin lirikası və farsdilli poeziyada "hind
üslubu" problemi" mövzusunda dissertasiya müdafiə
eləmisiniz, elmi əsərləriniz, monoqrafiyalarınız
təkcə Azərbaycanda deyil, Rusiya, Özbəkistan,
Gürcüstan, İran və Almaniyada yaşayan mütəxəssislər
tərəfindən yüksək qiymətləndirilib. Bundan əlavə,
Nizami, Sədi, Xacu, Hafiz, Füzuli,
Tərzi Əfşar, Kəlim Kaşani, Şəhriyar və
b. kimi şairlərin yaradıcılığı haqqında
elmi yeniliyi ilə seçilən araşdırmaların
müəllifisiniz, elmi əsərləriniz Moskvada,
Sankt-Peterburqda, Daşkənddə, Təbrizdə, Tehranda
çap olunub. AMEA Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunda direktor müavini vəzifələrində
çalışmış, İran filologiyası şöbəsinə
rəhbərlik eləmisiniz. Bir müddət Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi
işlər üzrə direktor müavini olmusunuz.
Mənbəşünas
alim, eyni zamanda tərcüməçi kimi ortaya qoyduğunuz
bir çox əsərlər- "Qızılbaşlar
tarixi" adlı anonim mənbə, Yusif Qarabağinin
geniş şərhlərlə təqdim edilən "Yeddi
bağ" risaləsi fars dilindən Azərbaycan dilinə tərcümə
edilərək çap olunub. Həmçinin İmam Qəzzalinin
"Kimiyayi-səadət" əsərindən parçalar,
Əbu Səid Əbül-Xeyr, Baba Kuhi Bakuvi, Şəms Təbrizi,
Cəlaləddin Rumi, Şeyx Məhəmməd Xiyabani
yaradıcılığından müəyyən nümunələri
dilimizə çevirmisiniz. Müasir İran və Əfqanıstan
ədəbiyyatından tərcümələr, xüsusən
fars şairi Söhrab Sipehirdən elədiyiniz tərcümələr
elmi-ədəbi ictimaiyyət tərəfindən maraqla
qarşılanmışdır.
"Cahan",
"Bakı-Təbriz" jurnallarında, "Elita"
ictimai-siyasi qəzetindəki naşir kimi fəaliyyətiniz ,
"Hikmət" və "Şərq" toplusundakı tərtibçi
kimi işiniz sizin geniş intellektual diapazona malik universal
yaradıcı şəxsiyyət olduğunuzun göstəricisidir.
Bu
gün siz Azərbaycan Respublikası Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin ekspertisiniz və eyni zamanda
“Şərqşünaslıq İnstitutunda” da elmi
kadrların hazırlanmasına, yetişməsinə də
öz töhfələrinizi verirsiniz.
Hörmətli
Məsiağa müəllim!
Sizi
50 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, sizə
möhkəm cansağlığı, elmi və bədii
yaradıcılığınızda peşəkar uğurlar
arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2013.- 3 may.-
S.7.