Dost sözü
Sovet
dönəmində ali təhsil alıb, sonra lap gənc
yaşlarında xarici ölkələrdə işləmiş
adamların talelərində bir oxşarlıq olurdu. Bir
çox yaşıdlarından fərqli olaraq qapalı bir
mühitdən çıxıb təsəvvüründə
canlandırdığı, obrazını yaratdığı
ölkə ilə üz-üzə gəldiyin zaman dərk
edirdin ki, burada artıq sən özünsən, nəinki
başqaları üçün, ilk növbədə
özün üçün açılırsan. Tezliklə
yeni münasibətlər sistemində özünü
tanımağa başlayırsan.
1963-cü
il mayın 1-də Əli-Bayramlı (indiki Şirvan) şəhərində
anadan olmuş, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq
fakültəsini fərqlənmə diplomu ilə bitirmiş Məsiağa
Məhəmmədinin bütün indiyə qədərki,
inşallah, bundan sonrakı həyatı da fərqlənmələr
sərgisi kimi davam edir.
Universiteti
bitirib birbaşa Əfqanıstanda tərcüməçi
kimi hərbi xidmətdə olmuş (1985-1987), bir sıra
medallarla təltif edilmişdir. Əfqanıstan kimi havası
barıt qoxuyan, nəinki hər gün, az qala hər saat
ölüm xəbərlərinə bürünmüş bir
ölkədə medallarla təltif olunmaq üçün təkcə
yüksək peşəkarlığın kifayət etmədiyi
o dövrün doğmaları üçün böyük nigarançılıqlar
içində yaşamış bütün həmvətənlərimizə
bəllidir.
Təbiətən
nikbin insan olan Məsiağa müəllim hətta ölüm
saçan odun-alovun içində belə nikbin hekayətlər
yaradırdı. Bunlardan biri Kunduzdan Bağlana uçarkən
baş vermişdir. Çox riskli bu uçuş marşrutunda
Məsiağa bir general və başqa zabitlərlə onlara təhkim
olunmuş təyyarəyə tərəf yönələndə
bir əfqan generalı Məsiağaya yaxınlaşaraq
mütləq uçmalı olduğunu, lakin təyyarəsinin
gəlib çıxmadığını söyləyir və
ona kömək etməsini xahiş edir. Məsiağa onun tək
olduğunu dəqiqləşdirib rus generalından onun da təyyarələrində
uçmasına icazə verməsini xahiş edir. Bir neçə
dəqiqədən sonra general böyük baqajlı iki nəfərlə
təyyarəyə yanaşır. Ona yönələn təəccüblü
baxışlara əfqan generalı: “Mən təkəm, bunlar
mənim ekipajımdır” - deyir.
1987-ci ildən etibarən Azərbaycan
Milli Elmlər Akademiyası Ziya Bünyadov adına
Şərqşünaslıq İnstitutunda
laborant, kiçik elmi işçi, böyük elmi işçi, direktor müavini vəzifələrində
çalışmış, 2004-cü ildən həmin institutun İran
filologiyası şöbəsinin müdiri
olan Məsiağa müəllimin işıqlı
şəxsiyyəti, təmkinli davranışı, ətrafında
insani mühit yarada bilmək istedadı onunla
yanaşı addımlayan dostlarını, həmkarlarını
həmişə inamlı edib. Bu adam nəsillər
arasında ünsiyyət körpüsü
salır, yarada bilir. Uzun illər ərzində hamımız dünya şöhrətli Rüstəm Əliyevin,
xalqın sevimlisi Əlibala Hacızadənin,
ustad Söhrab Tahirin onunla necə səmimi,
sayğılı, şirin dostluq etdiklərinin şahidi
olmuşuq. Bu böyük şəxsiyyətlərin hər
biri onun istedadına böyük hörmətlə
yanaşmış, ondan böyük,
möhtəşəm uğurlar gözləmişlər.
Əlibala Hacızadə ona sonsuz məhəbbət
bəsləyir, onunla fəxr edir, “gələcəyin Rüstəmi”
adlandırırdı. Əlibala müəllim Rüstəm Əliyevlə
Məsiağa Məhəmmədinin lap ilk tanışlıq dövrü
baş vermiş bir əhvalatı danışmağı çox sevərdi. Bir yığıncaqda korifey
Rüstəm Əliyev özünə məxsus pafosla çıxış edir.
Sonda çıxışa münasibətlər
bildirilir, gənc Məsiağa Məhəmmədi
başqalarından fərqli olaraq
çıxışın hansısa bir məqamı
ilə razılaşmadığını bildirir.
Rüstəm müəllim təəccüblə Məsiağaya
baxıb onun belə təmiz rus dilini harada
öyrəndiyini soruşur. Məsiağa
cavab verir ki, doğulduğu, orta təhsil aldığı Əli
Bayramlıda. Rüstəm müəllim deyir
ki, işə bax e... mən gedib Leninqradda öyrənmişəm. İradla bağlı isə deyir
ki, belə ciddi məsələni
belə dar macalda
araşdırmaq olmaz. Əlibala müəllimi
və bir neçə dostlarını
göstərib: "Gərək gedib bir yerdə oturub,
yaxşı-yaxşı müzakirə edək" - deyir.
...Əlibala
Hacızadə onu həmişə “gələcəyin
Rüstəmi” adlandırırdı.
Biz sevinirik
ki, o,
ustadlarının etimadını doğrultdu,
onların ruhunu şad
etdi, bu günün Məsiağası oldu.
Bayram
Ağayev
Nizami
adına Ədəbiyyat
İnstitutunun
aparıcı elmi işçisi
Ədəbiyyat
qəzeti.- 2013.- 3 may.- S.7.