Həyat ətri
Yeni
çap olunmuş "Ədəbiyyat nəzəriyyəsi"
(2012) dərsliyimdə "Hekayə ədəbiyyatın
diş ağrısıdır. Balaca bir diş əsəb
sistemini oyadıb bədəni lərzəyə gətirdiyi
kimi, hekayə də ədəbiyyatı hərəkətə
gətirir" sözlərini yazmışam. Hekayəni bu
tövr, romanı "ədəbiyyatın qocalıq şəkli"
adlandırmağıma əsassız irad tutan bədxahlarıma
cavab olaraq bir daha bildirirəm ki, hekayə həm dünya, həm
rus, həm də Azərbaycan ədəbiyyatında milli
şüuru oyadan ağrı yaddaşın bədii ifadəsidir.
Bunun üçün Mopassanın "Kombul", Qoqolun
"Şinel", Mirzə Cəlilin "Poçt qutusu",
Ə.Haqverdiyevin "Şeyx Şaban", Y.V.Çəmənzəminlinin
"Cənnətin qəbzi", Mir Cəlalın "Təzə
toyun nəzakət qaydaları", S.Rəhimovun "Su ərizəsi",
M.İbrahimovun "Mədinənin ürəyi", Ə.Məmmədxanlının
"Karvan dayandı", İ.Əfəndiyevin "Apardı
sellər Saranı" və s. hekayələri oxumaq kifayətdir.
Adətən,
yazıçılar yaradıcılığa hekayə ilə
başlayır, müəyyən təcrübə toplayandan
sonra daha iri janrlara - povestə, romana keçirlər. Əlbəttə,
bu, mütləq deyil. Belə bir yanlış qənaət
formalaşıb ki, guya hekayə yazmaq nisbətən
asandır. Bir çox ədiblər məhz hekayənəvis
kimi məşhurlaşıb. Rus ədəbiyyatında
A.P.Çexov, bizim ədəbiyyatda Mirzə Cəlil, Ə.Haqverdiyev,
Y.V.Çəmənzəminli, Mir Cəlal hekayənin ustad
yaradıcıları kimi şöhrət qazanıb.
Avropalıların novella adlandırdıqları hekayə həcmcə
kiçik olmasına baxmayaraq, əslində, yığcam bir
mətndə epik növə məxsus bütün poetik
arsenaldan istifadə edir. Hekayənin bu janr xüsusiyyətini -
mən əyalətdə Şamaxıda yaşayıb-yaradan Əvəz
Süleymanın "Qəhər yaşları" adlı
lakonik novellavari hekayələrindən ibarət
kitabının əlyazmasını oxuyanda bir daha
müşahidə etdim. Ə.Süleymanın təbii-həyati
müşahidələri, dərin yaşantıları,
unudulmaz duyğular əsasında yazılmış lakonik
hekayələri mənim diqqətimi kitabdakı surətlər
aləminə çəkdi. Burada Şirvan mühitinin, elat
camaatının yaşam tərzi, mənəvi-əxlaqi
mühiti təsvirini tapıb. Bütün bunlar Qubanın
dağətəyi qədim türk obası İspikdə
doğulub böyümüş bir insan kimi mənə olduqca
doğmadı. "Qəhər yaşları" hekayəsindəki
bu epizodu oxuyanda elə bildim ki, uşaq vaxtlarımın
qış gecəsidi: "…Kənddə adət idi, hamı hər
gecə öz simsarına sarı qarı yara-yara oturmağa
gedərdi. Söhbət çox xoş olardı. Belə gecədə
süfrədə çaydan başqa qax-qoz olardı. Bəzən
sıyıq da bişərdi, səməni halvası, səməni
qazanı harda vardısa, o gecə bütün kənd orada
olardı. Darvaza, qapı olmazdı, küçədən gələn
də "Ay Hacı dayı, evdəsən?" - deyərdi.
Ev yiyəsi də qaçıb itin qabağına
çıxardı. Bəli, qardaş, el bir idi". Bu sətirlərdən
səmimiyyət, xeyir-bərəkət tökülür.
Burada nə iqtidar var, nə müxalifət, burada vahid Vətən
hissi ilə birləşmiş bir el var. Və bu el ən ali
qanunlarla - əxlaq qanunları ilə idarə olunur.
Böyük fransız maarifçi, filosofu J.J.Russo deyirdi:
"O şey ki, əxlaqi cəhətdən məqbul deyil, o
heç bir baxımdan məqbul sayıla bilməz." Əvəz
Süleyman öz hekayələrində məhz elin qüdrət
mənbəyi olan bu mənəvi-əxlaqi dəyərləri
gündəmə gətirir. "El içində - öl
içində!" deyiblər. Bir də deyiblər ki,
"Ellə gələn qada-bala toy-bayram olar!" Əvəz
Süleymanın hekayələri el həyatının bədii
təsviri, el mənəviyyatının fəlsəfi tərənnümüdür.
Yazıçı öz yazılarında ata olmağa, usta
olmağa çalışır. Sözə hörmətlə
yanaşır, onun ətrini azalmağa qoymayır. Əzəl
gündən "Mən hər bir vətəndaşın
prezidenti olacağam" - deyən möhtərəm İlham Əliyevin
regionların inkişafı haqqında Dövlət
proqramı təkcə iqtisadiyyat - quruculuq məsələlərini
əhatə etmir, həm də mədəniyyət və mənəviyyat
problemlərini nəzərdə tutur. Mən bilmirəm, bu
önəmli tarixi proqram iqtisadi-təsərrüfat sahələrində
necə həyata keçirilir? Çünki mən bu sahələrin
mütəxəssisi deyiləm. Məsələn, mənim
dünyalar qədər rəğbət bəslədiyim
Yazıçılar Birliyinin regional təşkilatları bərbad
vəziyyətdədir. Xüsusilə, mənsub olduğum Quba
regional təşkilatı. Bir vaxt mənim xahişim və təşəbbüsümlə
bu regiona rəhbər təyin olunan adam antitürk xislətini
göstərdi. Yalnız demoqogiya, regionun imkanlarını
aşağılamaqla məşğul olan idbar bir kimsənədir.
Belə bir
mühitdə Əvəz müəllimin Şamaxıda oturub
ümummilli səviyyədə düşünməyi və
mühakimə yürütməyi bir tənqidçi kimi mənə
gözəl təsir bağışladı. Xaqaninin, Nəsiminin,
Seyid Əzimin, Sabirin, A.Səhhətin Vətənində
yaşayıb, zəif əsər yazmaq adı çəkilən
dahilərə böyük hörmətsizlikdir. Mən həmişə,
hər yerdə demişəm: Ədəbiyyatında Füzuli
olan xalqın şairi olmaq çox çətindir. Vaxtilə
20-30-cu illərdə proletkulçular Füzulini tənqid edəndə
M.Müşfiq yazırdı:
Özümüzü
öyməyəlim,
Füzuliyə
dəyməyəlim.
Utanmazmı
Füzulini söyən
Özü
bir heç ikən?
"Namusun
intiqamı" hekayəsində Ə.Süleyman çox ciddi
mənəvi-əxlaqi problem qaldırır. XX əsrin
90-cı illərində, ölkənin investisiya adı ilə
alınıb-satıldığı dövrdə Azərbaycana
gələn iş adamları həm də əxlaqi
aşınmalara bais oldular. Ehtiyac üzündən Rusiyaya pul
qazanmağa getmiş gənc ailə başçısı
beş ildən sonra evinə qayıdanda uşaqları onu
tanımır, o isə tamam dəyişmiş anasını və
arvadını. Pozulmuş gəlin və qayınananın hərəkətlərini
yazıçı ikrah hissi ilə təsvir edir. Atası
öləndə - "Qaçın, özümü atacam
balkondan, yaşamaq istəmirəm. Mən Əjdərsiz
yaşamaram", - deyən ana indi modern geyinib, bəzənib,
türk ofisinə işləməyə gedəndə, onun
yolu ilə gedən gəlini görəndə oğlu Kamal dəhşətə
gəlir: "Qaldım tək. Baxırdım kişiyə.
Baxırdım atamın şəklinə. Məni tərifləyərdi
həmişə: - Bundan əla kişi olacaq", - deyirdi.
İstədim
çıxam şəhərə gəzməyə.
Paltarıma əl vura bilmədim. Geymək istəmirdim daha kişi
paltarı. Şkafın üstünə getməyimi, onu
açmağımı, anamın, Adıgülün
paltarını yerə tökməyim yadımda deyil. Onda
özümə gəldim ki, anamın şalvarından birini
geymişəm əynimə, üstündən də ona
yaraşan qoftanı". Bəli, yazıçı demək
istəyir ki, bu, mənəm-mənəm deyən kişilərə
arvad paltarı geyindirən zəmanədi. Biz milli burjuaziya
yaradanadək kapitalizm bizə xaricdən eksport olundu.
Dünyanın ən dağıdıcı zirvəsi olan pul
ailələrə daxil oldu, müqəddəs bağları gəmirdi,
əxlaqi sərvətlər hərraca qoyuldu. Ana balanı
satdı, insanlar bədən üzvlərinin alverinə
başladı. Dahi M.Ə.Sabirin "Ay alan, məmləkəti
- rey satıram?!" "Millət necə tarac olur-olsun nə
işim var…" sözləri tarixdən gəlib müasirlik
kürsüsünə oturdu, Sabirin cavan adaşı R.Sabirin hələ
70-ci illərin sonunda yazdığı:
"Nələr
getdi, nə zaman.
Hansı
darvazalardan
Vətən
boyda bazardan?!"
poetik
sualı bu gün də poeziyada açıq qalıb.
Əvəz
Süleymanın ziyalı taleyindən bəhs edən olduqca
lakonik "Yaşar müəllim" hekayəsi mənə
xüsusilə təsir etdi. Bu gün əsl ziyalının əzişdirilmə
hədəfi seçildiyi vaxtda orta məktəb bitirmiş
sıravi polisin 800 manat, görkəmli alimin 200-300 manat
maaş aldığı bir dövrdə bu hekayə xüsusi
aktuallıq kəsb edir. Ailənin aclıq və səfalətin
cəngindən xilas etmək üçün fizika
İnstitutundakı işini atmağa məcbur olan istedadlı
alim, fizika-riyaziyyat elmləri namizədi Yaşar müəllim
adi bir bazar alverçisinə çevrilir. "On il
dözdüm bu sıxıntıya, qohum-əqrəba mənə
yazıq kimi kömək göstərirdi. Kənddə
yaşayan qohumlarımın köməkliyindən daha
bezmişdim… Axırıncı dəfə kəndə gedəndə
heç kim yanıma gəlmədi, təkcə böyük
bacım gəldi. Üst-başımı köhnə görəndə
ağladı.
"Düyəni
satıb verəcəm, üst-başını, təzələrsən,
- dedi". Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının
və nazirliklərin sahə institutlarında minlərlə
belə adam işləyir, elmlər doktorları 300, elmlər
namizədləri, fəlsəfə doktorları 200 manat məvacib
alır. Bu pul heç ölməməyə - quru
çörəyə də bəs eləmir. Ə.Süleymanın
Yaşar müəllimi çağdaş Azərbaycan
mühütinin tipik obrazıdır.
Yazıçı
həyatın işıqlı cəhətlərini
axtarır, müasiri olan insanın romantikasını vəsf
etməyə çalışır, insanı öz
keçmişinə ehtiram göstərməyə
çağırır. Qeyd edim ki, ümumiyyətlə, Əvəz
müəllimin hekayələrində gerçəkliyin təsviri,
həyat həqiqətinə sədaqət olduqca
güclüdür. Üstəlik, o, daha çox bir sözdən
ibarət yarımçıq cümlələrlə
yazmağa çalışır, xarakteri əlahiddə təsvir
etmir, hadisə özü xarakterin zahiri və psixoloji aləmini
səciyyələndirir. Mənim fikrimcə, nisbətən
irihəcmli "Torpaq" hekayəsi Əvəz müəllimin
ən yaxşı əsərlərindən biridir. Bu hekayədə
o ədəbi mövzuya yeni nəfəs, yeni həyat verib.
Hekayəni oxuyanda məşhur "Torpaq uğrunda ölən
varsa Vətəndir" sözlərini xatırladım. Bir də
Abbas Səhhətin "Vətən" şeirindəki "Vətən
övladımızın məskənidir, Vətən əcdadımızın
mədfənidir" misralarını.
Ə.Süleyman
XXI əsr üçün çox aktual olan bir mövzuya
toxunub: ata-baba, əqrəba torpaqlarının satılması
probleminə! Hesab edirəm ki, torpaqları zaman-zaman
işğal olunmuş, yağmalanmış bir xalq
üçün torpaq ən ağrılı bir problemdir. XXI əsrdə
isə yeni kapitalistlər əhalinin acınacaqlı vəziyyətindən
sui-istifadə edib, ucuz qiymətə xalqın son ümidi olan
pay torpaqlarını alırlar. Ə.Süleyman Sərdar
kişinin simasında ayağı torpaqdan
üzülmüş bir şirvanlının faciəsini qələmə
alır. Bu əsəri hekayə içində hekayə
adlandırmaq da olar. Torpağını dəyər-dəyməzə
satıb, atı turistlərə kirayəyə verib dolanan
kişi öz ata-baba torpağında bir ağac kölgəsi
tapmayan, bir alça ağacının altında səringah
tapan el oğluna deyir:
"- Siz
şükürlüsünüz, bax, o dikdəki iri
daşı görürsüz?
- Bəli.
- Hünəriniz
var, gedin o daşın üstünə çıxıb
şəkil çəkdirin.
- Qoymazlar?
- Yox,
qoymazlar. Bax, o oğlan orada oturub. Torpağı satın
alanın işçisidir. Kim orada şəkil çəkdirsə
bir "şirvan" əvvəlcədən ödəməlidir."
Torpağı 80 min dollara satıb xarici maşın-filan alan Sərdar
kişi yuxusunda gördüyü ata-baba qınağına
dözmür, xüsusilə babasının "A papaqsız,
o yana dur!" tənəsi onu son anda intihara - özündən
qisas almağa vadar edir.
"Torpaq"
hekayəsi torpaqları hərraca qoyulmuş
yazıçı Əvəz Süleymanın Vətən
haqqında elegiyasıdır.
Bu minvalla, Əvəz
Süleymanın "Ata dünyası" "Ana
işığı", "Qərib daş", "Kədərə
qul", "Şəhidlər xiyabanında" və s. kimi
hekayələrini təhlil etmək olar. Və bu təhlillərdən
görünər ki, Əvəz Süleyman el qədrini bilən,
millət təəssübü çəkən, sözə
hörmətlə yanaşan qeyrətli bir ziyalı, zəhmətkeş
bir yazıçıdır. Çünki onun hekayələrinin
nəinki konkret mövzusu və məzmunu, həm də
özünəməxsus poetikası var. Ən
başlıcası: Əvəz Süleymanın oxucuya deməyə
sözü, bölüşməyə dərdi, millətə
etimadı var. O, hansı böyük ədəbiyyatın
varisi olduğunu yaxşı dərk edir.
Ə.Süleymanın
bir çox hekayələri essevari novellalardır. O, insanı
həssaslıqla duyur, onun içinə - dərdinə
aşina olmağı bacarır.
Əvəz
müəllim həm də gözəl bir uşaq
yazıçısıdır. Onun kitabının tən
yarısını uşaq hekayələri zəbt edir.
Bu topluya daxil
olan "Daş qocalanda ləl olur", "Qartal və
palıd", "Nisyə çörək", "Minnətsiz
çörək", "Yol böyüyündü"
kimi miniatür hekayələri ondan müasir dövrün həssas
qəlbli uşaq yazıçısı kimi
danışmağa imkan verir. Onu bir uşaq
yazıçısı kimi müasirlərindən fərqləndirən
əsas cəhət, məncə, bundan ibarətdir ki, o,
uşağın simasında gələcəyi görməyi
bacarır.
Əvəz
Süleymanın hekayələrindən həyat nəfəsi,
həyat ətri gəlir. Bu sətirləri yazır və bir
tənqidçi kimi əmin olduğumu bildirirəm ki, ədəbiyyata
təmənnasız xidmət ehtirasından ortaya gəlmiş
"Qəhər yaşları" kitabı bədii
düşüncəmizdə öz layiqli yerini tutacaq.
Nizaməddin ŞƏMSİZADƏ,
filologiya elmləri doktoru,
professor
Ədəbiyyat qəzeti.- 2013.- 3 may.- S.8.