Nizamini yetirən xəlqi-milli
zəmin folklor mühiti
Nizami zəngin ədəbi mühütin
yetirməsidir. Azərbaycan ağız ədəbiyyatının
- folklorunun qaynaqları, əslində çox qədimlərdən
axıb gəlir. Dünya ədəbiyyatının
şah əsəri sayılan "Bılqamıs"
"Gilqamış" dastanı məhz Azər-baycan
torpağında ulularımızın yaratdığı ilk
folklor əsəridir. Daha dürüst desək,
qaya divarlara döyülüb dillərdə söylənib,
yaddaşlara həkk olunub və gəlib dövrümüzə
çıxıb.
Azərbaycan-türk ədəbiyyatı
tarixində bu, ənənəvi şəkildə inkişaf edib
gələn ədəbi prosesdir.
"Bılqamıs" dastanı Şumer
hökmdarı Bılqamısın başına gəlmiş
hadisələrin bədii təfəkkurdə
formalaşması və folklorlaşmasıdır. Dastanda
deyilir:
O hər sirri bilərdi, o hər şeyi görərdi,
Yeri su basmasından bizə xəbər verərdi;
Uzun yollar dolaşıb, yorulub əldən düşdu,
Başına gələnləri sal bir qayaya
döydü,
Sonra hasara alıb adını Uruk qoydu.
Müqəddəs Eananın qalası oldu Uruk
Divarlara nəzər sal, bürcləri
düzüm-düzüm,
Bu cür səddə bərabər sədd görməz
əsla gözün...
Uruk Şumerin o vaxtkı paytaxt şəhərinin
adıdır. Hasara alınmış şəhər
(Ənənəvi olaraq Bakının əsası sayılan
İçərişəhər də həmin üslubda
tikilmişdir). Şəhər divarlarına
"döyülmüş" dastan dillərə
düşmüş, sinələrə həkk olunmuş -
folklorlaşmış, ətraf Akkad və s. dillərə də
tərcümə olunmuş, yazıya
alınmışdır...
Misralara diqqət edin! Bılqamıs
padşah başına gələnləri "qayaya
döyür - həkk edir, sonra hasara alıb adını da
Uruk qoyur; yəni sənin uruk-turuğun. Əsl-nəcabətin
budur, sən busan, bunu həmişə yadında saxla!
Bu gün də dilimizdə uruk uruq-turuq
sözü var və əsil-nəcabət, kök-əsas mənasında
işlənir. Bu, çox önəmli və diqqət edilməli
haldır...
Bılqamıs Urukun hakimi, sərkərdəsidir,
o, "qamısını- hər şeyi bilir, tarixdən
yaxşı xəbəri var, o həm də
yazıçıdır, başına gələnləri
dastan şəklində Urukun qala divarlarına həkk
edib-etdirib, o, ədəbi şəxsiyyətdir. Buradan da onun
başına gələn əhvalatlar folklora düşüb
- dillər əzbəri olub, başqa dillərə də
keçib, tərcümə edilib... buradan da iki adı meydana
çıxıb: İlk adı "Bılqamıs"-
qamısını (hamısını), hər şeyi bilən
adam. Qonşu Akkad dilinə tərcümədə
"Gilqamış" - yəni qamış (qələmlə)
gil lövhəyə
cızılmış (yazılmış) dastan". Bu da yenə
önəmli və diqqət edilməli haldır ki, hər iki
vəziyyətdə dastan öz adında türk
kökünü saxlamışdır...
Digər Şumer dastanları da beləcə
yol keçib gəlib...
"Dədə Qorqud" dastanları da
bu yolu keçib gəlmiş, dillərdə söylənən
əhvalatlar yazıya alınmış və bizə
yazılı şəkildə gəlib
çatmışdır.
Dastanlar belə başlanır:
"Rəsul əleyhissəlam zamanına
yaxın Bayat boyundan Qorqud ata deyərlər bir ər qopdu. Oğuzun ol kişi tamam bilicisiydi - nə deyərsə
olardı. Gaibdən dürlü xəbər
söylərdi. Haqq-taala anın
könlünə ilham edərdi".
Diqqət edin! Burada da eyni, üslubdur.
Dastanın təqdimatıdır:
"Bılqamış"da:
O hər sirri bilərdi, o hər şeyi görərdi,
Yeri su basmasından bizə xəbər verərdi...
"Dədə Qorqud"da:
Oğuzun ol kişi tamam bilicisiydi
Nə deyərsə olardı, ğaibdən
durlu xəbər söylərdi.
Bunu təsadüfi hal saymaq olmaz. Bu, necə deyərlər, doğmalıqdır.
Ənənəvi olaraq davam edib gəlirdi.
Belə anlaşılır ki, Azərbaycan folkloru və
yazılı ədəbiyyatı doğuluşundan bir-birilə
əlaqəli olmuş, biri digərini
tamamlamışdır...
Nizami əsərlərinin
el variantları (Bakı, Azərnəşr, 1941) kitabında
34 folklor əsəri - rəvayət, hekayə, nağıl,
dastan var. Bunlar eldən toplanıb "xalqın sinəsindən
gəlib bizə çatıb. Bu əsərlər Nizaminin
ruhuna da hopub. Nizami bu el ədəbiyyatından yetərincə
istifadə edib, bəhrələnib". Buradakı "Leyli
və Məcnun", "Fərhad
və Şirin" rəvayətləri əsasında isə
eyni adda ölməz "Leyli və Məcnun", "Xosrov və
Şirin" dastanları yaranıb. Buradakı
"Nüşabə padşahın nağılı",
"İsgəndərnamə"nin mühüm bir qolu qələmə
alınıb. Bu folklor materialından məharətlə
istifadə edilib, "İsgəndərin Bərdəyə gəlməsi
və Nüşabə ilə görüşməsi"
bölməsi məhz bu "nağılın" parlaq ifadəsidir.
Ümumən türk-Azərbaycan folklorunda İskəndərə
olan əsl münasibət, onun işğalçı
siması aydın olur. Nizami sənətkar
ustalığı ilə xalqın mövqeyində dayanır,
bəzən eyhamla, bəzən açıq şəkildə,
İsgəndərin öz etirafı onun
işğalçı simasını açır,
çağrılmamış qonaq olduğunu təsdiq edir.
Burada haqlı olaraq sual ortaya çıxa
bilər. Bu qədər zəngin Azərbaycan-türk
ruhlu şairi nə məcbur etmiş ki, əsərlərini
türk yox, fars dilində
yazmışdır? Buna səbəb nə idi?
Bu suala Nizaminin özü "Leyli və
Məcnun" dastanının "Giriş"ində cavab
verir.
Nizami Şirvanşah Əxsutandan beb bir sifariş
almışdı:
Bu təzə gəlinə çəkəndə zəhmət
Fars-ərəb dililə vur ona zinət...
Türk dili yaraşmaz şah nəslimizə
Əskiklik gətirər türk dili bizə.
Nizaminin mənliyinə bərk
toxunulmuş, o, təhqir olunmuşdu. Şah
özü türk əsilli ola-ola, "Türklülük ona
əskiklik gətirir" - deyirdi. Bu təhqirə
Nizami necə dözə bilərdi?!
Qulluq həlqəsinə düşdü qulağım,
Qan vurdu beynimə əsdi dodağım.
Nə cürətim vardı ki, evdən qaçam,
Nə də gözüm vardı xəzinə
açam.
Ömrüm viran oldu, solub-saraldım,
Bu əmrin önündə cavabsız
qaldım.
"El variantları"nda bilavasitə
İskəndərlə bağlı onlarca rəvayət, hekayə,
nağıl toplanıb. Bunlar çox qiymətli bədii
əsərlərdir. Bir neçəsi
üzərində dayanaq.
"İsgəndər və Fəqir" rəvayəti.
Hekayənin məzmunu belədir:
"Bir gün böyük İsgəndər söhbət
məqamında öz vəziri Ərəstundan xəbər
aldı ki:
- Vəzir, bu qədər ki, mən kasıblara, əlsiz-ayaqsızlara,
dul arvadlara, yetim uşaqlara kömək edirəm, görəsən
yenə də mənim məmləkətimdə fəqir, aciz,
dilənçi varmıdır?
Ərəstun dedi:
- Şah sağ olsun, gərək ki,
olmaya.
İsgəndər ilə vəzir bu barədə
çox danışdılar, axırda İsgəndər dedi:
İndi ki, belə oldu, hazırlaş
çıxaq şəhərləri gəzək, görək
qabağımıza nə çıxacaqdır.
Hər ikisi dərviş libası geyib
çıxdı, şəhərbəşəhər, kəndbəkənd
gəzdi, qabaqlarına çıxan fəqirlərin, zəlillərin
siyahısını tutub şəhərə qayıtdı. Səhər
tezdən İsgəndər əmr verdi ki,
həmin siyahı üzrə bu adamlar ədalət
meydançasına cəm olsunlar.
Adamlar kənd və şəhərlərə
dağılışdılar. Çox
çəkmədi ki, şəhərlərdə olan fəqirlər,
dilənçilər, əlsiz-ayaqsızlar, dul arvadlar, yetimlər
ədalət meydançasına cəm oldular. İsgəndər
qırmızı geyinib taxta çıxdı,
üzünü fəqirlərə tutub dedi:
- Ey fəqirlər, mənim məmləkətimdə əlsiz-ayaqsız,
fəqir tapılmamalıdır. Dilək diləyiniz, nə
istəyirsiz verim!
Hərə bir şey istədi, İsgəndər də
yetimləri yetim evlərinə göndərdi, dul ar-vadlara,
şikəstlərə pul verdi, evsizlərə
ev verdi. Xalq İsgəndəri alqışlaya-alqışlaya
meydandan dağılıb evlərinə qayıtdı!
Camaat gedəndən sonra meydanın lap
ortasında bir fəqir ağzını günə verib
böyrü üstə uzanmışdı, buna o qədər
milçək daraşmışdı ki, ulduzların sayı
var idi, milçəklərin sayı yox. İsgəndər
xəbər aldı:
- Daha qalan olmadı?
Dedilər:
- Bir nəfər meydanın ortasında özünü
günə verib uzanıbdır.
İsgəndər:
- Gedin onu buraya çağırın.
Fərraş getdi həmin fəqirə dedi:
- İsgəndər səni
çağırır.
Fəqir cavabında dedi:
- İsgəndər kimdir?
Dedilər:
- Bütün dünyanı qarış-qarış gəzib
ölkələrdən xərac alan
böyük İsgəndər!
Fəqir dedi:
- Mənim yerdən tərpənməyə halım
yoxdıır; gedin ona deyin ki, özü gəlsin.
Fərrac dönüb İsgəndərə dedi ki,
- Qibleyi-aləm sağ olsun, qəzəbin tutmasın, Fəqir
deyir: "Mənim yerdən tərpənməyə halım
yoxdur, özü zəhmət çəkib gəlsin".
İsgəndər elə fıkir etdi ki, bu adam yəqin iflicdir, yerindən qalxıb onun
yanına gəldi. Dedi:
- Fəqir, mənə zülmətləri gəzən,
xəzinələrinin hesabı olmayan böyük İsgəndər
deyirlər, sən bu küllükdən qalxmaq, yaxşı
yaşamaq istəyirsənsə, mal istə, pul istə verim, dərdini
de, əlac edim.
Fəqir dedi:
- Ey ədalətli böyük İsgəndər,
eşitmişəm ki, sənin qolun güclü olan kimi,
sözün də qılınc kimi kəskindir, əmr ver, bu
milçəklər məndən əl çəksinlər,
ya da qoşun göndər, qoy qoşunların bu milçəkləri
qırsınlar, mənim də canım qurtarsın.
İsgəndər dedi:
- Kişi, sənə dedim məndən mal-dövlət
istə verim, milçək Allahın heyvanıdır, mən
ona nə edə bilərəm ki?
- Mənə ancaq bu gərəkdir, bundan başqa sizdən
heç bir təmənnam yoxdur.
İsgəndər dedi:
- Fəqir, özünə yazığın gəlsin.
Fəqir dedi:
- Elə sizdən istədiyim budur.
İsgəndər əl elədi,
milçəklər toza-dumana dönüb göyə
qalxdılar, yenə də yerə enib fəqirin üstünə
qondular.
İsgəndər dedi:
- Hə, gördünmü Allahın heyvanı ilə
bacarmaq olmaz.
Fəqir dedi:
- İndi ki, sən milçəklə də
bacara bilmirsən, niyə özünü yer üzünün
Allahı adlandırırsan?
İsgəndər pərt oldu,
başını aşağı salıb öz imarətinə
döndü. Bu dərd bir ağrı olub
ürəyinə düşdü, tədbir istədi. Bunun bir abidi vardı. Abid həmin saat gəldi
fəqirin dediyi sözün mənasını belə yozdu ki:
- Ey ədalətli padşah, nə qədər ki, sənin
darğan və bu küllik üstü vardır, bizi
qızıla da tutsan, elə bu olacaq. Milçəklə
də onda bacararsan ki, bizə zülm edənin cəzasını
verəsən.
İsgəndər əmr verdi
küllükləri yığışdırıb yerinə
bağ saldılar, körpülər, evlər tikdirdi,
neçə-neçə darğalar asdırdı, həmin fəqiri
də öz imarətində saxladı".
Hekayədə hər şey yerli-yerindədir, dolğun
məzmun, fikir, estetik ideal! Əsərin qayəsi,
demək istədiyi fikir xalqın nümayəndələri
olan fəqirin və digər yerli sakin Abidin dilindəndir.
İbrətli və mənah səhnədir: İsgəndər
bu sözlərdən mənən sarsılır, ürəyi
sancır, çıxılmaz vəziyyətdə qalır. Yenə onu ağır vəziyyətdən
çıxaran digər bir sakin, ibadətlə məşğul
olan müdrik bir şəxs olur. "Abid həmin
saat gəldi. Fəqirin dediyi sözün mənasını
belə yozdu ki: "Ey ədalətli padşah, nə qədər
ki, sənin darğan və bu küllük üstü
vardır, bizi qızıla da tutsan, elə bu olacaq. Milçəklə də onda bacararsan ki, bizə
zülm edənin cəzasını verəsən".
Abidin, dili ilə İsgəndərə
deyilən bu sözlər - "yozum" xalqın səsidir;
bütün dövrlərdə hakimiyyətdən tələbi,
arzu və istəyidir. Bu mənada da rəvayətin
sonu nikbindir. Bu təbb, arzu və istək reallaşır.
Xalqın aşağı təbəqəsindən
olan adi adamlar o qədər açıq danışmır, ədəb-ərkanla,
eyhamla öz səviyyəsində sözlərini deyir və
qalib çıxırlar.
"Nüşabə padşahın
nağılı" rəvayətində İsgəndər
ölkənin hökmdarı ilə qarşılaşır, o
daha ağır zərbə alır. Nüşabə
onunla bir padşah kimi qəti rəftar edir, onun mahiyyətini,
iç üzünü açır; İsgəndər pərt
edilir, daha ağır və çıxılmaz vəziyyətə
düşür. Nüşabə padşah
öz ağlı, ardıcıl məntiqi ilə onu tamam
"mat" edir. Bu səhnə rəvayətdə
gözəl ifadə olunub.
İsgəndər Nüşabədən
yeddi ilin xəracını və qoşununun bir illik xərcini
tələb edir. Nüşabə buna
razı olur. Amma ağlı və məntiqi
ilə onu susdurur, elə sarsıdır ki, İsgəndər
bu tələbindən əl çəkməli olur.
"İsgəndər, mən bu gözəl
şəhərimi dağıtdırmaq, əhalini
qırdırmaq istəmirəm. Dünya malı nə olan şeydir, sabah
düşüb öləndən sonra sənə bir
qarış yer, beş arşın kəfən
qalacaqdır...
Nüşabənin sözü İsgəndərə
böyük təsir etdi. Bu şəhərdən
heç bir şey aparmadı".
Bu, artıq xalqımızın "Dünya malı
dünyada qalar" dahiyanə kəlamının, xalqın mənəvi
toxluğunun Makedoniya fatehinə real təsdiqi idi, İsgəndəri
qandan-qadadan, qarətdən çəkindirmək
üçün ona ibrət dərsi idi, Nüşabə
padşahın sözü və əməli ilə təsdiq
olunurdu.
"İsgəndər və fəqir"
hekayəsində xalqın içindən - yoxsul təbəqənin
dilindən İsgəndərə cavab verilir və o pərt
edilir. Rəvayətin məzmunu, ideyası hər
şeyi deyir, xalqın İsgəndərə olan münasibəti
aydın olur: yoxsul kəndli İsgəndərin ona eləmək
istədiyi köməyi, ona vermək istədiyi mal-dövlətdən
imtina edir; bu ona işarə və eyham idi ki, sənin mənə
vermək istədiyin var-dövlət halal deyil, qarətdir,
"ölkələr dağıdıb, qanlar axıdıb
yığdığın mal-dövlətdir, o mənə gərək
deyil, "sən mənim cibimi qoru!". Heç demə, əslində
sən buna da qadir deyilmişsən!
Bu mənada adi kəndli ilə ölkənin
padşahının - Nüşabənin fikri bir-birini
tamamlayır. İsgəndər qəsbkardır,
işğalçıdır,
çağırılmamış qonaqdır, o, bu torpağa
dost kimi, insan kimi yox, soyğunçu kimi, qəsbkar kimi
qılıncla ayaq basıb, ona görə ancaq nifrətlə
qarşılana bilər...
Nizaminin İsgəndərə münasibəti
də əslində belədir. Sarayda - məclisdə
Nüşabənin plov əvəzinə onun qabağına
"almaz, yaqut, dürr" dolu kasalar qoyması elə bu demək
idi ki, ye! Bunun üçün bu torpağa gəlmisən!
Nüşabə dedi: "Ey böyük
hökmüran,
Yeyiniz, ən dadlı bu xuruşlardan."
İsgəndər söylədi: "Ey sadə dilbər,
Ölçüsüz söyləmə tökməyəsən
tər,
Düzmüsən süfrəmə almaz, yaqut, dürr
Daş-qaş yeyilərmi, bu nə deməkdir?
Daşı da yeyərmi ağıllı
insan?
Bu rəngi təbiət həzm etməz, inan!
Eylə bir yemək ver mədəmiz dolsun,
Rəğbətlə ona əl uzatmaq
olsun".
Nüşabə gülərək söylədi
şaha:
"Daşın ki, boğaza yolu yox daha,
faydasız, yaramaz belə daş
üçün
Bu qədər vuruşmaq,
çarpışmaq neçün?
İndi ki, yeməyə yaramaz bu daş,
Dünyada onunla ucalarmı baş?
Dəyərsiz bir daş ki, olmayır yemək
Onunçün bu qədər zəhmət
nə gərək?"
Bu sözlərlə Nüşabə İsgəndəri
tamam tərksilah edir, İsgəndər etiraf etməli olur ki:
Sözlərin yerlidir, doğrudur məncə.
Eşq olsun bu fıkri sağlam qadına.
Mərdliyin yolunu göstərir mana.
Nüşabə padşah öz
ağlı, düşüncəsi,
dünyagörüşü ilə makedoniyalı fatehi
sarsıtmışdı. Bu,
artıq tam qələbə idi.
Diqqət edin! "İsgəndər və
fəqir" hekayəsində xalqın aşağı təbəqə
nümayəndələrinin ağlı, düşüncəsi,
"Nüşabə padşahın nağılı"nda
padşahın ağlı, düşüncəsi - hər
ikisi bir nöqtəni vurur və tamamlayır. Dahi Nizami bu tarixi hadisələri qələmə
alıb möhür vurub. Bu həqiqətin
tarixi reallığına necə inanmamaq olar? Bunlar Azərbaycan
xalqının miladdan öncəki mövqeyi, ağlı, zəkasının
bədii ifadəsidir, onun ədəbiyyatıdır, həm
şifahi, həm də yazılı şəkildə ifadəsini
tapıb...
"Buynuzlu İsgəndər" rəvayəti. Bu rəvayət-hekayədə
daha bir maraqlı ilahi həqiqətdən söz
açılır, həqiqəti gizlətməyin heç
cür mümkün olmadığı məsələsi
qoyulur, burada ona qoyulan "buynuzun" özü mənalıdır,
o buynuzlu olduğunu dana bilmir.
Rəvayət-hekayə belədir:
"Belə nağıl edirlər ki, yer
üzünün böyük padşahı, sudan,
torpaqdan, bütün heyvanlardan xərac alan İsgəndərin
buynuzu varmış".
İsgəndər bu sirri belə saxlamış: hər
hansı bir dəllək gəlib onun başını
qırxardı, gərək o saat boynunu vurdurardı ki, bu sirri
gedib başqa bir yerdə deməsin. Beləliklə,
bu sirr çox vaxt gizlin qalmışdı.
Bir gün İsgəndər vəzirini yanına
çağırıb deyir:
- Vəzir, mənim üçün yaxşı bir dəllək
tap, gəlib başımı qırxsın. Vəzir
şəhərə çıxır, nə qədər
axtarırsa da, heç bir dəllək tapmır. Bütün şəhərləri gəzir, ən
axırda bir şəhərə gəlib çıxır,
car çəkir ki, "Padşaha yaxşı bir dəllək
lazımdır". Eşidən
ağzını günə tutub getmək istəmir,
çünki İsgəndərin yanına gedən dəlləyin
bir daha evinə qayıtmadığını hamı
eşitmişdi. Vəzir bir də car çəkdi, bir dəllək
yerindən qalxıb vəzirin yanına gəlir, neçə
dəfə salam verdikdən sonra torpağa
düşüb dedi:
- Mən gedirəm.
Vəzir dedi:
- Çox yaxşı, hazırlaş gedək.
Dəllək dükanını
bağlayıb evinə getdi. Arvad-uşaqları
ilə halallaşıb evdən çıxdı. Vəzir öz mənzilində gözləyirdi, dəlləyin
gəldiyini görüb çox şad oldu, hər ikisi
İsgəndərin hüzuruna gəldi.
Vəzir dəlləyi şahın
yanına apardı. İsgəndər gördü ki, dəlləyin
üst-başı yoxdur, əmr verdi ki,
buna paltar verilsin. Dəlləyə paltar verib
hamama göndəribdir. Dəllək
yaxşıca geyinib İsgəndərin yanına gəldi.
İsgəndər dedi:
- Hazırlaş, başımı qırxacaqsan.
Dəllək hazırlaşdı. Ülgücünü, bülövünü tarazladı.
İsgəndər xəbər aldı:
- Usta hazırsan?
Dəllək dedi:
- Bəli, hazıram.
İsgəndər tacın başından
götürən kimi dəllək gördü ki, bəs bunun
iki xırda buynuzu varmış. Bildi iş nə yerdədir,
başını islatmağa başladı, elə ki,
qurtardı, ülgücü İsgəndərin başına
çəkdi, dəllək yerə düşən tükləri
bir-bir ağzına alıb uddu. İsgəndər çox
arif adam idi.
Gördü, dəllək baş tüklərini
udur, qoymur yerə tökülsün. O öz-özünə
dedi: "İndi bildim ki, bu sirr saxlayan olacaqdır, daha bunu
öldürməməliyəm".
Dəllək İsgəndərin başını qırxıb
qurtardı, İsgəndər dedi:
- Hər həftə gəlib mənim başımı
qırxmalısan. Amma bu tükləri udub
qarnında saxladığın kimi, bu sirri də eləcə
möhkəm saxlamalısan.
Dəllək "Baş üstə!" - deyib ədəblə eşiyə
çıxdı.
Beş gün, on gün, hər ay, habelə bir il keçdi, dəllək vaxtlı-vaxtında
İsgəndərin başını qırxıb gedərdi. Amma içəridən ürəyi davam gətirə
bilmədi, qorxusundan da sirri açıb kimsəyə deyə
bilmirdi.
Bir gün dəllək daha səbr edə
bilmədi. Səhər tezdən
qoltuğuna bir parça çörək qoyub evdən
çıxdı. Düz üz qoydu çölə.
Bir qədər yol getdi, gördü
çölün düzündə qoca bir ağac,
ağacın altında da dərin bir quyu vardır. Dəllək
öz-özünə dedi: "Bu sirr qarnımda qalib kiflənməkdənsə
qoy quyuya deyim, bəlkə canım rahat ola".
Dəllək qorxa-qorxa bir o yana, bir
bu yana göz gəzdirdi, çöldə quş
quşluğu ilə belə yoxdu. Dəllək
ağzını quyuya tutub yavaşcadan "İsgəndərin
buynuzu var, buynuzu" - deyib, yaşar qulunlar kimi
qaça-qaça gəlib evinə çıxdı. Dəllək
öz ürəyini boşaldıb bir az
yüngülləşdi.
Aradan az bir vaxt keçmişdi, bir
çoban sürüsünü otlada-otlada həmin
ağacın altına çəkdi, qoyunlarını
yatırdı, özü də vedrəni alıb su çəkmək
üçün quyunun ağzına gəldi, gördü ki,
quyunun divarlarında qəşəng qamışlar
çıxıb. Suyu çəkdi, əl-üzünü
yudu, doyunca su içdikdən sonra həmin qamışdan
birini kəsib tütək düzəltdi. Papağını
yastıq kimi başının altına qoyub uzandı. Damaqla tütəyi çalmağa başladı.
Çoban gördü ki, bu çaldıqca
tütək səslənir. "İsgəndərin
buynuzu var, buynuzu". Çobanın
acığı tutdu, vurub tütəyi qırdı. Təzədən qamışı kəsdi, tütək
düzəltdi yenə də başqa bir hava çalmağa
başladı. Gördü ki, tütək elə öz
dediyini deyir: "İsgəndərin buynuzu var, buynuzu".
Çoban dedi:
- Nə eybi var, qoy belə çalsın, gedərəm,
başqa bir yerdən qamış kəsib tütək
qayıraram; hələlik bu tütəklə
günümü keçirib axşam edərəm.
Çoban burada qalsın, sizə deyim
İsgəndərdən. İsgəndər ovdan
qayıdırdı. Yolu həmin
çobanın yanından düşdü. Gördü
ki, çoban tütəklə çalır: "İsgəndərin
buynuzu var, buynuzu". İsgəndər təəccüblənib
dedi: "Bu çoban mənim buynuzumun olduğunu hardan
bilir?!" Əmr etdi ki, çoban gəlsin.
Fərraşlar çobanı şahın
yanına gətirdilər. İsgəndər dedi:
- Çoban, bu tütəyi haradan və kimdən
aldın?
Çoban dedi:
- Almamışam, budur bu quyuda bir neçə
qamış bitib, özüm onlardan düzəltmişəm.
İsgəndər çobanın
adını, yerini xəbər alıb öz imarətinə
döndü. Sabahısı gün səhər tezdən dəllək
üçün adam göndərdi. Dəllək İsgəndər adını eşidən
kimi cəld başmağını geyib çuxasını əyninə
çəkdi, özünü İsgəndərə yetirdi.
Bir neçə dəfə baş əydi,
keçib bir yanda dayandı ki, görək İsgəndər
bundan nə xəbər alacaqdır.
İsgəndər dedi:
Mənim əmanətimi nə elədin?
Dəllək dedi:
- Saxlamışam.
İsgəndər dedi:
- Mən filan yerdə bir çoban gördüm, o,
tütəyində çalırdı ki, "İsgəndərin
buynuzu var, buynuzu". Bu necə olan şeydir?
Sənə demədimmi sirri möhkəm saxla?
Dəllək qorxusundan yarpaq kimi əsirdi. İsgəndərin
ayağına düşdü, yalvarıb dedi:
Şah, qurbanın olum, mən bu sirri
neçə vaxt idi ki, ürəyimdə saxlayırdım;
belə ki, sirdən ürəyim şişib partlamaq dərəcəsinə
gəlmişdi. Axırda özümü saxlaya bilmədim,
filan yerdə bir ağac, onun altında bir quyu var, gedib
ağzımı o quyuya dayadım, dedim: "İsgəndərin
buynuzu var, buynuzu". Canım rahat oldu. Daha başqa bir adama deməmişəm.
Dəllək olanını söylədi. Amma İsgəndər inanmadı, fərras göndərib
həmin çobanı çağırtdırdı. Çoban "harsı-parsı" bilmirdi, içəri
girən kimi çomağını bir tərəfə
atıb izinsiz oturdu. İsgəndər dinmədi, sonra
üzünü çobana tutub dedi:
- O tütəyi bəri ver.
Çoban tütəyi İsgəndərə verdi. İsgəndər çobana dedi:
- Danış görüm, bu tütəyi haradan
tapdın?
Çoban əhvalatı ona nağıl
etdi. İsgəndər bu dəfə tütəyi
özü çaldı, gördü ki, tütəkdə hər
hansı hava çalmaq istəyirsə yenə də tütək:
"İsgəndərin buynuzu var, buynuzu" - deyir.
İş aşkar oldu. İsgəndər
bildi ki, dəllək sirri quyuya deyib, sonradan bu quyuda
qamışlar əmələ gəlib, əllərini
bir-birinə vurub dedi:
- Ey dad, indi mənə məlum oldu ki, çeşmənin
gözünü nə qədər möhkəm tutsan, bir vaxt
olacaq, ondakı su başqa bir yol tapıb aşkara
çıxacaqdır. Mənim sirrim bu gündən
bütün dünyaya yayılacaqdır.
İsgəndər bu sözdən sonra dəlləyin
günahından keçib onu azad etdi.
Hekayədə çox incə, həyati
mətləblərə toxunulur. Əvvəlcədən
hekayənin adı maraqlıdır: "Buynuzlu İsgəndər".
Ad öz sözünü deyir, "buynuz"
özünəməxsus əlamətdir. Xalq
arasında "buynuz çıxarmaq", "buynuz
qoymaq" ifadələri də var, mənfi mənalara çəkir.
İsgəndərin də buynuzu var. Yəni
müəmmalıdır, onun istəyi başqadır, bizə
yaddır, o bu ölkəyə yaxşı niyyətlə gəlməyib.
Amma bu sirri çox gizli saxlayır, istəmir
ki, bunu bilsinlər. Sirr açılmasın deyə,
başını qırxdırdığı neçə-neçə
günahsız dəlləyin dərhal boynunu vurdurub...
Rəvayət-hekayədə daha incə
bir mətləb də diqqəti cəlb edir. Düşünən beyin, insan beyni çeşmə
ilə müqayisə edilir, daim axıb gələn qaynama
bulağa bənzədilir; çeşmənin-qaynamanın
qabağını kəsmək mümkün
olmadığı kimi, düşünən beynin də
qarşısını almaq olmaz. Amma
İsgəndər buna qadağa qoymuşdu.
Xalqın etirazı bundadır ki,
çeşmənin gözünü bağlamaq, tutmaq
mümkün olmadığı kimi, beynin də yolunu kəsmək,
onu qapamaq olmaz. Amma İsgəndər bunu qapamaq istəyir... Onun buynuzu budur. Yəni o,
özünü nə qədər ədalətli, xeyirxah
saysa, özünü təbliğ edirsə də, o
"buynuzludur". Burada o, çobanla, dəlləklə
qarşılaşdırılır.
Hekayənin ümumi ruhundan alınan nəticə belədir:
İsgəndər dünyanı tutmaq istəyir, amma bu
mümkün deyil, bütün padşahları ram etmək,
özünə tabe etmək istəyir, amma bu da mümktin olan
iş deyil. Bu fikir eyhamla deyilir, onun öz etirafı, sözləri
ilə nəticə olaraq verilir: "Ey dad, indi mənə məlum
oldu ki, çeşmənin gözünü nə qədər
möhkəm tutsan, bir vaxt olacaq, ondakı "sirr"
başqa bir yol tapıb aşkara çıxacaqdır!"
Xalq zəkasının təntənəsinə bax! Xalq İsgəndərin başına ağıl
qoyur. İsgəndər öz buynuzunu -
işğalçılığını, qarətçiliyini,
günahsız başlar kəsdiyini nə qədər gizlətsə,
sirr saxlasa da, bu açılacaqdır, bu həqiqəti xalq
onun özünə etiraf etdirir.
Makedoniyalı İsgəndərin Qafqaza
yürüşü və müvəqqəti
hökmranlığı dövründə yaranmış el ədəbiyyatı
- rəvayətlər, nağıllar, əfsanəyə
dönmüş söhbətlər olmuş həyati hadisələrin
bədii əksidir. Xalqın yaddaşında gəlib
bizə çatıb; bunlar xalqın ictimai-siyasi həyatı
və güzəranının, habelə mənəvi-əxlaqi
dəyərlərinin əks-sədasıdır. Buna görə də indi bizə "Xalq həyatının
və mənəviyyatının güzgüsü" kimi təqdim
olunur. Bu, çox doğru qiymətdir...
"İsgəndər və heyvanlar"
adlı rəvayətdə Azərbaycan-türk xalqının
ona mənfi münasibəti, ikrah hissi son həddə
çatır.
Həmin kiçik, miniatür rəvayəti eynilə
veririk:
"Bir gün İsgəndər öz
arvadı ilə səyahətə
çıxmışdı. Gözəl
yaylaqların birində çadır qurub eyş-işrətlə
məşğul idilər, bu vaxt Sabah xanım ərinə
dedi:
- İsgəndər, indi ki, sən heyvanat
dili bilirsən, əmr ver, heyvanlar sənin üçün
barat gətirsinlər.
İsgəndər arvadının xatirini çox istəyirdi,
odur ki, onun sözünü yerə salmadı, at minib
quşlara, qoyunlara, bütün heyvanlara əmr verir ki, gərək
mənə barat gətirəsiniz! Yenə də
gəlib öz hərəmi ilə oturdu.
Kasıbın olduğundan, heyvanlar hərə
özünə layiq, gücü çatdığı qədər
İsgəndər üçün barat gətirdilər. İsgəndər də gətirilən baratları
alıb çadıra yığmaqda olsun, sənə deyim
kimdən, qarışqadan.
Qarışqa eşitdi ki, bütün heyvanlar İsgəndər
üçün barat aparır, dedi:
- Mən də İsgəndər üçün barat
aparmalıyam.
Qarışqa yuvasından çıxdı, əyri
getdi, üyrü getdi, at çapdı, saman çöpünə
batdı, axırda zor-güc gəlib dərya kənarına
çatdı, dedi:
- Gərək İsgəndərə elə bir şey
aparım ki, vəzində yüngiil, qiymətdə
ağır olsun.
Qarışqa qatırləpirindən at ləpirinə,
at ləpirindən dəvə ləpirinə aparıb,
axır gəlib keçi ləpirinə endi, gördü ki,
bir çəyirtkə cəmdəyi bu keçi ləpirində
bir böyrü üstdə uzanıb, qarışqa çəyirtkənin
bir budunu qırıb iki qabaq dişi ilə möhkəm
tutaraq dərələrdən yel kimi, təpələrdən
sel kimi, badeyi-səlsəl kimi, çox getdi, az dayandı, az
getdi, çox dayandı, ləpirlər aşdı, kollara
ilişdi, özünü İsgəndərə yetirdi.
İsgəndər gördü ki, bir
qarışqa çəyirtkə budunu dişində tutub gətirir.
İsgəndər güldü.
Qarışqa dedi:
- Buyur, bu da mənim baratım.
İsgəndərin arvadı dedi:
- Bu nədir?
İsgəndər dedi:
- Bu barat onların gətirdikləri baratdan qiymətlidir,
daha mənim gözüm xəracdan doydu.
Bunu deyib heyvanları azad etdi və imarətinə
qayıtdı".
Xalqın təsəvvüründə
qarışqa zəhmətkeş, işgüzar heyvandır. Rəvayətdə
onun dililə deyilir: "Gərək, İsgəndərə
elə bir şey aparım ki, vəzindən yüngül, qiymətdən
ağır olsun!"
Nədir bu İsgəndərə layiq "vəzindən
yüngül, qiymətdən ağır olsun?";
Ölmüş çəyirtkə cəmdəyinin bir budu! Qarışqanın gücü buna çata bilərdi.
Çox çətinliklə bunu tapıb, əzab-əziyyətlə,
yıxıla-dura aparıb İsgəndərə verir.
"Budur, bu da mənim baratım!"
Azərbaycanın padşahı Nüşabə İsgəndərin
qabağına yemək üçün plov əvəzinə
kasalar dolu "almaz, yaqut, dürr"- daş-qaş qoyub onu
mat edir; xalqın bir fəqir övladı üstünə
qonan milçəkləri qovmağı bacarmayanda
"İndi ki, sən milçəklə bacara bilmirsən,
niyə özünü yer üzünün Allahı
adlandırırsan?" - deyə onu pərt
edir, Qarışqa da ona bəxşiş-xərac olaraq çəyirtkə
cəmdəyinin bir budunu gətirir. Bu, çox
ibrətlidir, mənası ağırdır. Heyvanlardan
da pay uman, xərac alan bir qəsbkara hələ
bu da azdır, o, elə buna layiqdir. Bu mənada
hekayənin sonluğu daha ibrətli və kəskindir. "Bu nədir?!"- deyə
İsgəndərin arvadı qəzəb və təəccüblə
soruşıır. İsgəndər
arvadının yanında özünü sındırmaq istəmir.
"Bu barat onların (başqa heyvanların) gətirdikləri
baratdan qiymətlidir" - deyə vəziyyətdən
çıxmaq istəyir. Burada yenə sətiraltı məna
var: başqa heyvanların gətirdikləri "baratlar" nə
imiş ki, "çəyirtkənin bir budu"
onlarınkından qiymətli olsun?!
"Xalqın gözü tərəzidir"
- deyiblər. Hər şeyi düz çəkir.
Bütün bu hekayələrdə deyilən
fikirlər qəsbkar İsgəndərə verilən qiymətdir,
ona olan münasibətdən doğur, xalqın ona olan nifrət
və qəzəbinin bədii ifadəsi, son həddidir.
Dünya tarixində İsgəndər şişirdilir,
necə deyərlər, göyə qaldırılır:
"dahi sərkərdə", "ədalətli
hökmdar" və s.
İsgəndərə, onun fəaliyyətinə ən
doğru, ədalətli-insani qiyməti xalq verir, bədii təfəkküründə
onun kim olduğunu, niyyətini
açıqlayır və təsdiq edir.
Elməddin
ƏLİBƏYZADƏ
Ədəbiyyat
qəzeti.- 2013.- 1 noyabr.- S.1; 4-5.