Nigar Rəfibəylinin
keşməkeşli
həyatı və
yaradıcılıq yolu
Nə yaxşı ki,
ölkə başçısının sərəncamları
əsasında yaradıcı adamların yubileyləri layiqincə,
toy-bayram kimi keçirilir, konfranslar, elmi sessiyalar təşkil
edilir. Yazıçı və şairlərin
yaradıcılığına təbii bir maraq oyanır. Nizami adına Ədəbiyyat İnstitutunda
üzvü olduğum Elmi şurada xalq şairi Nigar Rəfibəylinin
anadan olmasının 100 illiyi ilə əlaqədar çapa təqdim
etdiyim məruzəyə hazırlaşanda, bir şairənin
çoxunun nəğməyə çevrilərək dillər
əzbəri olan şeirlərini yenidən nəzərdən
keçirdim və qəribə bir mənzərə ilə
üzləşdim. Bir daha kəşf etdim ki, poeziya insanın
hər yaş dövründə bir cür
anlaşılır, duyulur, ayrı cür dərk edilir.
Poeziyanın ölməzliyi bundaymış. Buymuş onun
möcüzəsi. Buymuş onun həmişəyaşarlığı.
Bənzərsiz aləm, canlı və zərif xilqət olan
poeziyanı onun daxilində olan doğruluğa və
saflığa görə oxuyur və sevirik.
Məna və dəyərinə
görə lirik əsər heç şeydən, heç
kimdən asılı olmur. O, özü bütün fikir
kamilliyindən ibarət olan bir aləmdir. Nigar xanımın
ölməz poeziyasını yenidən oxuduqca
özümü bu aləmdə hiss etdim. Həqiqətən də
Nigar xanımın poeziyası zərif duyğular aləmidir.
İntellektual səviyyəsi ilə seçilən Nigar Rəfibəylinin
poeziyası təkrarsızdır.
Nigar Rəfibəyli o
taylı-bu taylı Azərbaycanımızın xalq şairi
adına layiq görülən üç qadın şairəmizdən
biridir. Nigar xanıma qədər bu fəxri ada Mirvarid Dilbazi və
Hökumə Billuri layiq görülmüşdülər.
Nigar Rəfibəylinin
xidmətləri sovet quruluşu laxlamağa başlayandan sonra
qiymətləndirilməyə başladı. Azərbaycanın
əməkdar mədəniyyət işçisi adına layiq
görüldü. «Şərəf nişanı» ordeni ilə
təltif edildi. Dalbadal kitabları, tərcümə əsərləri
çıxmağa başladı. Bu, çoxlarının bəxtəvər
deyərək ona həsəd aparanların hətta
paxıllığını çəkməsinə səbəb
oldu. Bu təbii haldır. İstedadlı adamlara həsəd
aparanlar çox olub və olacaqdır. Alman filosofu Höte təsadüfi
demirdi: «Yalnız ata oğlunun istedadına paxıllıq
etmir».
Vaxtın
yaddaşı zəif və unutqan olur. Çoxları
unutmuşdular ki, Nigar xanımın həyat və
yaradıcılığı necə əzab-əziyyətli,
ağrılı-acılı, daşlı-kəsəkli,
keşməkeşli olub. Nigar xanım cəmisi 68 il
ömür sürüb (1913-1981). Lakin bu illərin yarıdan
çoxunu qorxu-hürkü içərisində
yaşayıb. Onun iztirabları 7 yaşından
başlayıb. 1919-cu ildə atasını - Azərbaycanın
ilk ali təhsilli cərrahı Xudadat bəyi heç bir
günahı olmadan bolşeviklər suçlayaraq Bakıya
etap etmiş, Nargin adasında güllələmişdilər.
Nigar xanımın iki qardaşından biri Türkiyəyə,
biri isə Rusiyaya mühacir etmişdi. Evləri müsadirə
edilən balaca Nigar və anası Cəvahir xanım
ağır günlər keçirirdilər. Hətta qohum-qonşu
belə «xalq düşməni» damğası ilə
damğalanan ailəyə kömək etməkdən belə
çəkinirdi. Onların həyatını Hacı
Zeynalabdin Tağıyevin qızı Sara xanımın
60-cı illərə qədər gözümüzün
qabağında keçən acınacaqlı həyatıyla
müqayisə etmiş olsaq, gerçəklik bizi dəhşətə
gətirər.
Az sonra Cəvahir
xanımla Nigarı Bakıya sürgün edirlər. Nigar
artıq şeirlər yazırdı. İlk şeri 1928-ci ildə
çap olunmuşdu. 1930-cu ildə Bakıda Pedaqoji Texnikumu
bitirib. Daim nəzarətdə olan ailənin evini yoxlayanda
çeksitlərin əlinə «Günəş Şərqdən
doğub, Şərqdən doğacaq» şeri keçir.
Mikayıl Rzaquluzadəyə məxsus bu şeir gənc
şairəyə qarşı amansız hücumlara əsas
verir.
Şairənin
istedadının parladığı bir dövrdə
haqqında tənqidi məqalələr yazılır. Cəfər
Cabbarlı və Səməd Vurğunu çıxmaqla bir
çoxları onu «ifşa edən» sənədə qol
çəkirlər.
Nigar xanımı
işdən çıxarırlar. Ana-bala ağır vəziyyətə
düşürlər. Mikayıl Rzaquluzadə Moskvadan
Yazıçılar Cəmiyyətinə məktub göndərərək
«Günəş Şərqdən doğub, Şərqdən
doğacaq» şerinin ona məxsus olduğunu təsdiq etsə
də, olan olmuş, keçən keçmişdi. Bu hadisə
Nigar xanımın istedadının qabağına hasar çəkmək
kimi bir şey idi.
Deyirlər Nigar
xanım az yazıb. Anar bütün günahı ailənin
üzərinə götürür.
Burada
bir həqiqət var. Üç övladı dünyaya gətirmək,
böyütmək, Rəsul Rzanın bir şair kimi ruhi
rahatlığını təmin etmək, fikir və qəlbini
lüzumsuz qayğı və həyəcanlardan qorumaq da Nigar
xanımın payına düşürdü. Lakin Nigar
xanımın nisbətən az yazmasının səbəbi nə məişət
qayğıları idi, nə də mətbəx divarları.
Siyasi hürkülər idi. O, ürəyindəkiləri
üzə çıxarmamaqla ərini də qoruyurdu.
Arxiv
materialları göstərir ki, hətta 40-cı illərin
ikinci yarısında Nigar xanım və anası Cəvahir
xanımın sürgün edilməsi gerçəkləşibmiş.
Xoren Qriqoryanın imzası ilə «hakimiyyətə
düşmən münasibət bəslədiklərinə
görə» onların sürgün edilməsi barədə sənəd
M.C.Bağırovun dərkənarı üçün
masasının üstünə qoyulmuşdu. Sənəddə
M.C.Bağırovun dərkənarı var: «Ostavit», yəni
«toxunmayın, qalsınlar».
Bununla belə Xoren
Qriqoryanlar Nigar xanımı bir an belə gözdən qoymurdular.
1944-1945-ci illərdə
Kinostudiyada işləyən İlyas Əfəndiyevin xatirəsi
çox mətləblərdən xəbər verir:
…Kinostudiyada ssenari
şöbəsinin rəisi işləyirdim. Unudulmaz dostum rəhmətlik
Mehdi Hüseyn də studiyanın direktoru idi. Bir gün onun
kabinetində söhbət elədiyimiz vaxt təhlükəsizlik
idarəsinin bir polkovniki, bir kapitanın müşayətilə
içəri girib şən əhval-ruhiyyə ilə salam
verdi. «Bəlkə direktorla məxfi işləri var» - deyə
fikirləşib otaqdan çıxdım. Onlar gedəndən
sonra Mehdinin kabinetinə getdim ki, görüm polkovnik nə
üçün təşrif gətirmişdi. Mehdi mənalı
təbəssümlə mənə baxaraq dedi:
- Balam, bu polkovnik səni
hardan tanıyır? Deyirdi İlyasın kefi necədir? Daha
Mehdiyə heç bir sual vermədim, ancaq ürəyimdə
gizli bir narahatlıq qaldı. Bir gün bacanağım, hərbi
həkim, polkovnik Əli Axundovu həmin polkovniklə
dayanıb söhbət eləyən gördüm. Sonra studiya əhvalatını
bacanağıma danışaraq dedim ki, o polkovnikdən
soruşsun görək məni hardan tanıyır.
Bacanağım bunu soruşur. Polkovnik gülüb deyib ki, «gəlsin
İmran Qasımovun qızının ad günündə
Nigar xanım haqqında dediyi tostun mətnini İlyasa göstərim».
Daha buna nə söz demək olardı. İmran Qasımovun
qızı Səidənin ad gününü keçirirdik. Mən
həmin məclisdə Nigar xanım haqqında sağlıq
demişdim. Mən ki, hökumət əleyhinə, partiya əleyhinə
bir kəlmə də deməmişdim. Demək həyatı
zahirən sakit keçən Nigar xanım «Dəniz
qırağının» (təhlükəsizlik orqanları nəzərdə
tutulur) ciddi nəzarətindəymiş. Və yəqin ki,
şairə də ürəyinin dərinliklərində bunu
bilirdi».
Xalq düşməninin
qızı damğası ilə damğalanan Nigar xanım
qorxudan suyu üfürə-üfürə içən
adamlar kimi şeirlərində sözləri çox diqqətlə
seçirdi. İlhamının qabağına sipər çəkməli
olurdu. Heç şübhəsiz, buna görədir ki,
1934-cü ildə çıxan ilk “Şeirlər” adlı
kitabından başlamış 1957-ci ilə qədər
çıxan 10 kitabının ən iri həcmlisi 64 səhifədən
ibarətdir. Lakin ab-hava dəyişəndən, sovet rejimi
laxlamağa başlayandan sonra Nigar xanımın kitabları
böyük həcmdə, həm də tez-tez işıq
üzü görməyə başladı. “Şeirlər”
(1959, 204 s.), “Dənizin səsi gəlir” (1964, 180 s.), “Ana səsi”
(1969, 246 s.), “İşıqlı dünyam” (1969, 102 s.) və
vəfatından bir il sonra çıxan “Həzin bir
axşamda düşsəm yadına” (1982, 192 s.) və s. Onu
da deyək ki, o, 1965, 1966, 1968-ci illərdə balacalar
üçün daha üç kitab çap etdirmişdi.
Bu dövrdə Nigar
xanımın tərcüməçilik fəaliyyəti də
çox məhsuldar olub. Onun Məhsətidən, Nizami Gəncəvidən,
Şevçenkodan, A.Çexovdan, Herbet Uelsdən etdiyi tərcümələr
oxucular tərəfindən rəğbətlə
qarşılanıb. Yaxşı yadımdadır, onun Uelsdən
tərcümə etdiyi “Görünməz adam” Voyniçdən
tərcümə etdiyi “Ovod” əl-əl gəzirdi. Ümumiyyətlə,
Nigar xanımın 7 tərcümə kitabı işıq
üzü görüb.
Nigar xanımın
yaradıcılığı sovet ədəbiyyatının təşəkkül
tapdığı illərdən başlamış və demək
olar ki, 50 ildən artıq davam etmişdir. Onun
poeziyasının ana xəttini elə-obaya, vətənə,
xalqa, insana, təbiətə məhəbbət təşkil
edir. Şairin arzusu insanları, xüsusən də o vaxtlar
kölə vəziyyətində olan qadınları azad və
xoşbəxt görmək idi. Ana mövzusu Nigar
xanımın yaradıcılığından
qırmızı xətt kimi keçir. Onun analarla
bağlı şeirləri xüsusi tədqiqat mövzusudur.
Şairin hər şeri bir kəşfdir. “Toy” adlı şerə
fikir verin:
Deyirlər ki,
qısqanırsan,
anasan, əlbət.
Oğlun bu gün toy
eyləyib
səndən
ayrılır.
Tapıntıya heyran
olmamaq olmur.
Qoy cəbhələr
ayırmasın
bizi övladdan.
Qoy aparsın
oğulları
gözəl gəlinlər.
“Mətbəx
şeirləri” silsiləsi də belədir. Bu şeirlər ədəbi
ictimaiyyət arasında böyük marağa səbəb
olmuşdu. Bu, ədəbiyyatımıza gətirilən yeni
mövzu çaları idi:
Bütün
günü yu, sil,
bişir-düşür
Birinin qismətinə
yüksək masa
arxasında oturmaq,
Birinin qismətinə
qab-qacaq yumaq
düşür.
Nə zərər,
Bəzən yüksək
məclislərdən
daha parlaq,
daha təmiz olur.
Adi mətbəxlər...
Azərbaycan
elminin korifeylərindən biri Nəsirəddin Tusi elm və qələm
sahiblərindən danışarkən xüsusi
vurğulayırdı ki, elm və qələm sahiblərini
yazdıqlarının çoxluğu ilə deyil, əməllərinin
faydalılığı, əxlaqlarının
saflığı və özlərinin xeyirxahlığı
ilə sınaqdan keçirmək
lazımdır. Bu hikmətli kəlam sanki Nigar xanımın həyatına
və yaradıcılığına işıq tutur. Nigar
xanımın sadəliyi, arzularının səmimiyyəti və
təvazökarlığı da öz yerində:
Heykəl də
qoymayın şairə vaxtsız,
Zaman
sınağından qoy qalib çıxsın.
Nə oxucu ona söyləsin
baxtsız,
Nə dövran
uçurub heykəli yıxsın.
Qəlblərdə
yaşasın onun heykəli,
Şeri məşəl
kimi illəri yarsın.
Gələcəyin
xoşbəxt nəsillərinə
Əsrindən,
dövründən salam aparsın.
Nigar xanımın
poeziyası nəğmə qədər qəlbəyatandır.
Çünki onun lirikası kövrək, ülvi
duyğuları tərənnüm edən yüksək poeziya
nümunələridir.
Ala gözlüm, səndən
ayrı gecələr,
Bir il kimi uzun olur, neyləyim?!
Bu ikicə misranın çəkisi, təsir
gücü adamı heyran edir. Nigar
xanımın poeziyasının cazibə dairəsindən
çıxmaq olmur.
Odur ki, görkəmli və
tanınmış bəstəkarlarımız Nigar
xanımın poeziyasından qədərincə bəhrələnmişlər.
Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev,
Polad Bülbüloğlu, Emin Sabitoğlu, Cavanşir Quliyev və
başqaları Nigar xanımın şeirlərinə
insanı haldan-hala salan mahnılar bəstələmişlər.
Zeynəb Xanlarovanın “Dağları duman alanda”, Akif
İslamzadənin “Ala gözlüm”, Xədicə
Abbasovanın “Aman ayrılıq” və başqalarının
oxuduqları mahnılar indinin özündə belə ən
çox sevilən bəstələrdəndir. Son illərdə
Güney Azərbaycanda bəstələnən “Ayrılıq”
mahnısının sözləri Nigar xanımın
“Ayrılıq” şerilə necə də səsləşir:
Nə olaydı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq.
Saf məhəbbət, qadın səadəti,
övlad, vətən sevgisi və s. Nigar Rəfibəyli
poeziyasının qayəsinə çevrilmişdi.
Göründüyü kimi, Nigar
xanımın əzablı, keşməkeşli tale yolunun sonu
işıqlı oldu. Təsadüfi deyildir ki, o,
son kitablarından birini “İşıqlı dünyam”
adlandırıb.
Bu gün poeziyamızı Nigar
xanımsız təsəvvür etmək çətindir. Onun poeziyası həmişəyaşar və təkrarsızdır,
fikir aydınlığı, deyim tərzi, özünəməxsusluğu
ilə seçilir. Odur ki, Nigar Rəfibəylinin
yaradıcılığı həmişə qələm
sahiblərinin və ədəbiyyatşünasların diqqət
mərkəzində olub. Səməd Vurğun, Mirzə
İbrahimov, Mehdi Hüseyn, Əli Kərim, Mirvarid Dilbazi,
İlyas Əfəndiyev, Mikayıl Rzaquluzadə, Əzizə
Cəfərzadə, Gülrux Əlibəyli, Rafael Hüseynov,
Əliağa Kürçaylı, Abbas Zamanov, Balaş Azəroğlu,
Hüseyn Abbaszadə, Nəbi Xəzri və başqaları
onun yaradıcılığına sanballı məqalələr
həsr etmişlər.
Nigar xanıma həsr olunan
saysız-hesabsız şeirlər, onun təsiri altında
yazılan poeziya nümunələri şairin böyük
nüfuzundan xəbər verir. Baxmayaraq ki,
zamanında repressiyaya məruz qalmış nəslin nümayəndəsi
olan Nigar xanımı aşağılayanlar az
deyildi. Lakin o, təzyiqlərə mətanətlə
sinə gərdi. Nə yaxşı ki, onun
tale yolunda Rəsul Rza dayanmışdı. Həyatdan, quruluşdan küskün, ürəyi
nisgilli Nigar xanıma o vaxt arxa olmaq həqiqətən də qəhrəmanlığa
bərabər idi. Rəsul Rza sovet rejiminin
qəddarlığı tüğyan elədiyi 1937-ci ilin
fevralında Nigar xanımla ailə həyatı qurmaqdan belə
çəkinmədi.
Nigar xanım məşəqqətli
ağır günlərini onunla eyni taleyi yaşamış gənclik
dostu, görkəmli dilçi alim Nəzakət Ağazadəyə
(AMEA-nın müxbir üzvü Əliheydər Orucovun həyat
yoldaşı) həsr etdiyi şeirdə real boyalarla,
inandırıcı şəkildə verə bilmişdir.
…Nə ata çörəyi yedik,
nə gördük
qardaş sovqatı.
Qamçıladı bizi acı-acı
sərt üzlü yetimlik həyatı.
…Ömrün çətin yollarında
Bizə yar oldu Əli, Rəsul.
Onlar açıq ürəkli,
qaynar məhəbbətli
gənclər idi.
O zamanlar bizimlə
ünsiyyət bağlamaq,
Sadə sevgi deyil,
böyük hünər idi.
Onu da deyim ki, Rəsul Rzanın cəsarəti
və sevgisi ona başucalığı gətirmiş,
ictimaiyyət arasında onun qorxmazlığı, mərdliyi
barədə fikir formalaşmışdı. Aradan 100 ilə yaxın vaxt keçsə də Rəsul
Rzanın bu addımı unudulmur. Nümunə
olaraq qalır.
Bu günlərdə Nigar Rəfibəylinin
100 illik yubileyi münasibətilə Türkiyədə “Ala
gözlüm” adlı kitabı çıxıb. Kitaba Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu
maraqlı ön söz yazıb. Bu
yazıda iki məsələ diqqətimi daha çox çəkdi
və məni sevindirdi. Məqalədən məlum olur
ki, hələ o vaxtlar Nigar Rəfibəylinin şeirlərinə
bəstələnmiş “Ala gözlüm”, “Dağları
duman alanda”, “Əsən yellər” kimi məşhur mahnılar
Türkiyə radiosunda tez-tez səsləndirilirmiş. Lakin onları “Qars türküsü” adı ilə
verərmışlər ki, sovetlər bir oyun
çıxartmasınlar. “Ön söz”də Yaqub Öməroğlunun
etirafı da səmimi görünür:
“İllər sonra bizi başqa dünyaya aparan bu
misraların da azərbaycanlı şair Nigar Rəfibəyliyə
aid olduğunu öyrənəcəkdim.
Sevdiyim şeirlərin müəllifi olaraq
tanıdığım Nigar Rəfibəylinin həyatı
haqqında öyrəndiklərimdən sonra o mənim
könül dünyamda narın, titrəyərək
baxdığım kristal bir abidəyə
çevrildi. Hətta bəzi dostlar məni
anlamaqda çətinlik çəkəcəklər, amma
Nigar xanımın həyat yoldaşı və Azərbaycanın
böyük şairi Rəsul Rzanı ən çox Nigar
xanımla evləndiyi üçün sevdim”.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Rəsul
Rzanın qorxmazlığı Nigar xanımın böyük
ehtiramına, tükənməz məhəbbətinə səbəb
olmuş, duyğuları, hissləri ölməz poeziya
misralarına çevrilmişdi:
Sən olmasan baharın,
yazın ətri olmazdı.
Sən olmasan bir dünya
sevinc belə çox
azdı.
Baharın çiçəkləri
açıb solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
şerim olmasın sənsiz.
Nigar xanım bu ölümsüz sətirləri
yazanda sanki şair fəhmi ilə duymuşdu ki, elə belə
də olacaq. O, Rəsul Rzadan cəmi üç ay sonra,
1981-ci il iyulun 10-da dünyasını dəyişdi.
Ömür-gün yoldaşının
ölümündın xəbərsiz getdi. Anar, Fidan və Təranə bu ağır xəbəri
analarına çatdırmağı rəva görmədilər.
Burada bir məsələni də demək
zorundayam.
Vaxtilə Anarın ictimaiyyətin
böyük marağına səbəb olan «Sizsiz» əsərini
oxuyanda incə bir məsələyə görə ürəyimin
dərinliyində ona etiraz etmişdim. Xalq
şairi Nigar Rəfibəylinin yubileyinə məqalə yazmaq
arzum gerçəkləşəndə bu əvəzsiz,
örnək əsəri yenidən oxudum və
etirazımın səbəbi daha da aydın oldu.
Ulu öndərimiz Heydər Əliyevin Gəncədə
Xan bağında xalq şairi Nigar Rəfibəylinin abidəsinin
açılışında iştirak etdikdən sonra
seçicilər qarşısında
çıxışındakı bir məqam da mənə
dayaq oldu. Öndərimiz dedi ki, bu ailə Azərbaycana
iki xalq şairi, bir xalq yazıçısı bəxş etmişdir.
Rəsul Rza da, Nigar Rəfibəyli də, elə
Anar özü də xalqa məxsusdur, xalqın mənəvi dəyərləridir.
Qəlbimdən Anara qarşı qopan etiraz səsi
də elə bununla bağlı idi. Nigar
xanım dünyasını dəyişəndə Mərkəzi
Komitə onun İkinci fəxri xiyabanda dəfn olunması barədə
qərar qəbul etmişdi. Anarın fikri fərqli idi:
“Anam ya atamın yanında I fəxri xiyabanda, ya da ümumi qəbiristanlıqda
- anası Cəvahir xanımın yanında dəfn olunacaq”. Anarı hardasa başa düşmək olardı.
Rəsul Rza cəmisi üç ay əvvəl
dünyasını dəyişmişdi. Qəlbində
yaralar hələ qövr eləyirdi. Bir də
ki, sağlığında ehtiram qazanmış insan
dünyasını dəyişəndə harada torpağa
tapşırılmasından asılı olmayaraq, orada fəxri
bir guşə yaranır. Bununla belə, təəssüflə
deməliyəm ki, sağlığında rejimin ucbatından
bir çox məhrumiyyətlərə məruz qalan Nigar
xanım ümumxalq ziyarətindən də məhrum oldu.
Bu da Nigar xanımın keşməkeşli
taleyindən gələn qismət idi. Təsəllini
onda tapırıq ki, Bakıda yaşadığı
küçə, Gəncədə oxuduğu məktəb
şairənin adını daşıyır. Gəncənin seyrangahı Xan bağında abidəsi
ucalır. Hər gün yüzlərlə
Gəncə sakini və qonaqlar onu ziyarət edirlər.
Yuxarıda dediyimiz kimi,
sağlığında Nigar xanımın
paxıllğını çəkən, ona qibtə edən,
qapısına daş atanlar çox olmuşdur. Lakin xalq
şairi Bəxtiyar Vahabzadə demişkən, onlar nə
murada yetdi, nə kama çatdı. Onlardan toz izi qədər də bir şey qalmadı.
Şanlı bir nəslin yadigarı olan Nigar Rəfibəyli
isə gözəl poeziyası, ziyalılığı,
yüksək mədəniyyəti və şəxsiyyətinin
aliliyi ilə insanların qəlbinə yol tapdı, xalqın
sevimlisinə çevrildi.
Qəzənfər
Paşayev
filologiya
elmləri doktoru, professor
Ədəbiyyat
qəzeti.- 2013.- 1 noyabr.- S.5-6.