Xalq yazıçısı Anarın 75 illik yubileyi qeyd edildi

  

Oktyabrın 24-də Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 75 illik yubileyi qeyd edilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində yazıçının ədəbi, elmi və tənqidi fəaliyyətini əks etdirən kitab sərgisi ilə tanış olmuşlar.

Tədbir xalq yazıçısı Anarın həyat və yaradıcılığından bəhs edən videofilmin nümayişi ilə başlanmışdır.

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Milli Məclisin deputatı Aqil Abbas, yazıçı-publisist Mirkazım Seyidov, yazıçı-dramaturq, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli, tanınmış mədəniyyət və incəsənət xadimləri yazıçının Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələrdən danışmışlar.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev oxucular adından xalq yazıçısı Anarı təbrik etmiş, ona fəxri diplom və hədiyyə təqdim etmişdir.

Sonra yubilyarın əsərləri əsasında hazırlanmış tamaşalardan səhnəciklər nümayiş etdirilmişdir.

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 noyabr.- S.5.