Ekran və efirin Ofeliyası

  

Azərbaycan efir məkanında diktor məktəbinin çox möhtəşəm bir dövrü olub. Bir vaxtlar diktorlar cəmiyyətdə radio və televiziyanın əsas simaları sayılardı. Ona görə də bir diktor kimi ekrana və efirə çıxmaq üçün tele - radio rəhbərliyi ilə bərabər tamaşaçı və dinləyicinin etimadını qazanmaq da gərək idi.Çünki ekrandan və efirdən deyilən nə varsa birbaşa onlara ünvanlanırdı. Onların inamını, məhəbbətini qazanmaq böyük uğur sayılırdı. Bu isə o zaman o qədər də asan başa gəlmirdi. Televiziya üçün diktor seçimi daha çətin idi. Çünki burda aydın tələffüz, qəlboxşar səslə bərabər həm də telegenik bir görkəm də tələb olunurdu. O vaxt radioda çalışan diktorların bəziləri televiziyada kadrarxası mətnlər oxuyardrılar. Amma qadın diktorlar arasında paralel olaraq həm radioda, həm də televiziyada veriliş aparan yox idi. Çünki televiziya üçün bayaq dediyim kimi, bir qədər başqa meyarlar tələb olunurdu. Haqqında söhbət açmaq istədiyim Ofeliya Sənani bu sahədə necə deyərlər, ilkə imza atdı. Radioda onun apardığı verilişlər çox idi, lap çox. Demək olar ki, bütün veriliş müəllifləri onunla işləməkdən bir zövq alardılar. Ona görə də Ofeliya xanım həm xəbər saatlarına çıxardı, həm uşaq verilişləri aparardı, həm ədəbi- bədii verilişlər oxuyardı. İlk növbədə buna onun səs tembri imkan verirdi. Həm də səslə işləmə texnikasına mükəmməl bələd idi. Digər səbəb isə onun redaktorlarla yaratdığı xoş bir ünsiyyət idi. Burda bir kiçik haşiyə çıxıb qeyd etmək istəyirəm ki, Ofeliya Sənaniyə bir aparıcı olaraq çox verilişlərin etibar edilməsi onun bəzi həmkarları tərəfindən heç də həmişə birmənalı qarşılanmırdı. Hətta böyük qısqanclıqla yanaşanlar da olurdu. Bəzən mənəvi sədləri keçib ona xoşagəlməz eyhamlar vuranlar da tapılırdı. “Niyə sən oxuyursan?” - deyə soruşanlar da olurdu. Amma Ofeliya Sənaninin bu eyhamlara, bu sorğulara cavab verməyə vaxtı yox idi. Çünki çox işləyirdi. Həm radio, həm televiziya, həm dublyaj, həm də ailə qayğıları. Onun qarşısında duran ən ümdə vəzifə bunların hər birini balansda saxlamaq, necə deyərlər, birini o birinin badına verməmək idi. İnandırım sizi ki, o bunun öhdəsindən çox böyük məharətlə gəlirdi. Yeri gəlmişkən qeyd eləyim ki, radio-televiziya ilk baxışdan bəlkə də son dərəcə duyğulu bir məkan təsiri bağışlayır. Düzdür, duyğusallıq bu məkanda bir üstünlük təşkil edir. Amma bura həm də çox mürəkkəb bir məkandır. Bu məkanda obrazlı şəkildə desək “vətəndaşlıq” qazanmaq o qədər də asan olmur. Bura yeni qədəm qoyan hər bir kəs öz yaradıcı “mənini” təsdiq etmək üçün bir çox çətinliklərlə üzləşməli olur. Amma o “mən” güclüdürsə qarşısına çıxan bütün sədləri keçə bilir. Bunun üçünsə zamana ehtiyac olur. Zamana. Amma bu zamanın müddəti hamı üçün eyni olmaya bilər. Biri üçün çox qısa , o birisi üçün çox uzun ola bilir. İnsafən bir həqiqəti etiraf etmək gərəkdir ki, cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, yaradıcı “məni” də gizləmək olmur. O “mən” öz istedadı, fədakarlığı, çalışqanlığı ilə seçilir və sevilir. Ofeliya Sənani kimi. Onu bizə sevdirən ən mühüm xüsusiyyətlərindən biri Ofeliya xanımın sadəliyi, səmimiyyəti, xoş məramlı olması idi. Üzündən təbəssüm əskik olmazdı. Hətta xətrinə dəyən bir söz olanda belə təbəssümlə cavab verərdi. Burda bir el məsəli düşdü yadıma. “Yaxşılığa yaxşılıq hər kişinin işidir. Yamanlığa yaxşılıq ər kişinin işidir.” Yaşanan həyat sübut edir ki, bu ikincinin öhdəsindən gəlmək hər kəsə nəsib olmur. Bu xisləti Tanrı çox sevdiyi insanlara bəxş edir.Görünür Ofeliya Sənani də onun seçdiyi, sevdiyi insanlardandır. Yoxsa bu qədər gözəl xüsusiyyətləri ona bəxş etməzdi.

Mənim Ofeliya xanımla tanışlığımın otuz ildən artıq bir yaşı var. Studiyada növbə gözləyən vaxtlarda çox söhbətləşərdik. Radioya gəlişindən, şəxsi həyatından, qızı Lalədən, oğlu Erkindən danışardı.Yeri gəldikcə, müəyyən məsləhətlər verərdi. Ona elə diqqətlə qulaq asardım ki, sanki dediklərini bircə-bircə yaddaşıma həkk edərdim. Elə bil intuisiyam mənə deyirdi ki, vaxt gələcək onun bu dedikləri sənə gərək olacaq. Elə belə də oldu. Ona əməkdar artist fəxri adı veriləndə mən elə sevindim ki, dərhal onun haqqında bir yazı hazırlayıb o zaman Mərkəzi Televiziyanın orqanı olan “Televideniye i radioveşaniye” jurnalına göndərdim. Sonra bu yazını necə deyərlər, ona sürpriz etdim. Bir neçə ildən sonra xalq artisti fəxri adını da alanda ona “Bakı” qəzetində dərc olunan bir yazımı hədiyyə etdim. Niyə hədiyyə deyirəm, çünki bu yazını da hazırlayarkən onunla xüsusi olaraq görüşməmişdim. O, mənə qəlbən o qədər yaxın idi ki, buna ehtiyac duymamışdım. Bir də demək olar ki, hər gün, ya da günaşırı görüşürdük. Hər görüşdə də ondan eşitdiklərimi unutmamağa çalışırdım. Radioda apardığı bütün verilişlərə həm maraqla, həm də diqqətlə qulaq asırdım. Bu verilişləri özlüyümdə təhlil edirdim. Hər verilişdən nəsə öyrənməyə çalışırdım. Ümumiyyətlə, radio - televiziya elə bir sahədir ki, bura hazır mütəxəssis olaraq gəlmək mümkün deyil. Bu məktəb öz kadrını özü yetişdirir, özü təkmilləşdirir. Təki insanın qəlbində efir sevgisi olsun. Təmənnasız bir efir sevgisi. Ofeliya Sənaninin qəlbində belə bir sevgi orta məktəb illərində yaranmışdı. Söhbətlərimizin birində radioya ilk gəlişi barədə belə demişdi:

“Orta məktəbin sonuncu illərində radioya yamanca bağlanmışdım. Saatlarla radioya qulaq asmaqdan yorulmurdum. Verilişləri seçməzdim.Hamısını dinləyərdim. Öz-özümə düşünürdüm ki, bu diktorlar necə də gözəl danışırlar, heç çaşmırlar. Ən çox sevdiyim diktorlar Fatma Cabbarova, Gültəkin Cabbarlı və Sabutay Quliyev idi. Sabutay Quliyevin səsi son dərəcə əzəmətli, danışığı olduqca rəvan və səlis idi. Ona saatlarla qulaq asar, sonra da hər hansı bir mətni götürüb onun kimi oxmağa çalışardım. Sanki ucadan oxu dərsləri keçərdim. Əsas dinləyicim də anam olardı. Elə ki, evdə ikimiz olardıq dərhal nəsə tapıb ucadan oxuyardım. Onu da diqqətlə qulaq asmağa məcbur edərdim.”

Ofeliya Sənaninin mikrofonla ilk ünsiyyəti 1959-cu ilin 8 Mart gününə təsadüf etdi. Bu ünsiyyət çox uğurlu olduğundan o, bir daha kimsəni onu dinləməyə məcbur etmədi. Əksinə, Azərbaycanımızın hər yerində onu heyranlıqla dinlədilər. Həm də əlli ildən artıq bir müddət ərzində böyük məhəbbətlə dinlədilər.

Yaşadığımız son illər çox şeyi dəyişib. Daha çox da insanlararası münasibəti. Amma nə yaxşı ki, zamanın sərt küləkləri müqabilində öz gözəl insani məziyyətlərini qoruyub saxlayanlar var. Haqqında söhbət açdığım Ofeliya Sənani kimi. Bir neçə ay bundan əvvəl onunla Gülşən Əkbərovanın ad günü mərasimində görüşdük. O, zərrəcə dəyişməmişdi. Həmin mehriban, gülərüz, sadə, səmimi, ünsiyyətcil Ofeliya xanım idi. Məclis boyu şirin-şirin söhbət etdik. Yeri gəldikcə ötən illəri də xatırladıq, o illərin sənət sevgili efir fədailərini də. Bir daha sübut olundu ki, heç bir xeyirxahlıq, heç bir fədakarlıq unudulmur. Yeri gəldikcə yad olunur. Bu gün Ofeliya Sənani qonaq qismində bir sıra verilişlərə dəvət olunur. Birmənalı şəkildə demək olar ki, bu, tamaşaçıları çox sevindirir. Dərhal Ofeliya Sənaninin apardığı verilişlər yada düşür, çəkildiyi filmlər göz önündə canlanır. Məsələn, “Dağlarda döyüş”, “O qızı tapın”, “Yeddi oğul istərəm”, “Tütək səsi”, “Dantenin yubileyi”, “Mücrü” və bir sıra digər filmləri tamaşaçılar yaxşı xatırlayırlar.

Azərbaycan radiosunda “Biləyən” verilişi uzun illər balaca dinləyicilər tərəfindən böyük maraqla dinlənilirdi. Ofeliya Sənani bu verilişdə balaca Biləyəni elə məharətlə yaradırdı ki, öz nəvəsi Nəzrin belə heyranlıqla qulaq asırdı. Ofeliya xanım bu gün də balaca dostlarını unutmur. Onun ifasında neçə-neçə audio nağıllar hazırlanıb.Yəqin ki, bundan sonra da hazırlanacaq. Azərbaycan televiziya və radiosunun Qızıl fondunda isə onun səsi ilə yazılan müxtəlif mövzulu yüzlərlə veriliş var. Nə yaxşı ki, o verilişlər bu gün də ara-sıra Azərbaycan efirində səsləndirilir. Ofeliya Sənaninin sənət yolu ondan sonrakı diktor aparıcılar üçün bir örnəkdir. Bu yolda incəsənətin üç mühüm sahəsi birləşir. Radio, televiziya və kino. Əgər ondan soruşsaq ki, hansına daha çox üstünlük verib?Təbii ki, radio deyər. Amma bu sahələrin hər üçü ona doğmadır. Hər üçündə uğurları böyükdür. Bir anlıq təsəvvür edin ki, Mövsüm Sənani kimi nəhəng bir aktyorun gəlini onunla bir filmə çəkilir. Bu nə dərəcədə məsuliyyətli bir işdir? Bir tərəfdən aktyorun böyüklüyü, digər tərəfdən qayınatanın zəhmi. Çox çətindir. Amma Ofeliya Sənani bu çətinin öhdəsindən məharətlə gəlməyi bacarıb. Elə digər filmlərdə də həmçinin. Axı o, ixtisasca aktrisa deyildi. Amma Azərbaycan kinosunun tanınmış aktyorları ilə birgə filmlərə çəkilirdi. Deməli, o öz üzərində daha çox işləməli idi. Elə işləyirdi də. Bir də qeyd etmək gərəkdir ki, onun hər üç sahədə böyük uğurlar qazanmasında həyat yoldaşı Valid Sənaninin xüsusi xidməti var idi. Valid müəllim hər sahədə ona böyük mənəvi dayaq idi. Həyat yoldaşının sənət uğurlarına çox sevinirdi. Özü son dərəcə qayğıkeş bir insan idi. Bu qayğısını da nə həyat yoldaşından, nə də övladlarından əsirgəməzdi. Kənardan müşahidələr göstərirdi ki, hər ikisi sənət fədaisiydi. Bir-biri ilə anlaşmada, bir-birinə diqqətdə qibtə olunmalı bir cütlük idi. Heç kimə sirr deyil ki, sənətdə çox böyük uğurlar qazanan hər kəsə heç də möhkəm sütunlar üzərində qurulan ailə qismət olmur. Bir çox yaradıcı insanlar sənət karyeralarına ailədən daha çox diqqət yetirirdilər. Bu naqislik bu gün də mövcuddur. Amma Ofeliya xanımla Valid Sənani üçün sənət və ailə vəhdət təşkil edirdi. Bu vəhdətin yaranmasında hər ikisinin böyük xidməti var idi. Məhz bu vəhdətin nəticəsində Ofeliya xanım ən çətin xəstəliklərin belə, necə deyərlər, cəngindən qurtara bilib. Həmkarları hər zaman fəxrlə deyərdilər ki, Valid Sənani Ofeliyanı yenidən həyata qaytardı. Həm də sənətə qaytardı. Nə yaxşı da ki, qaytardı. Bu gün Azərbaycan radio və televiziyasının sənət sevgili Ofeliyası var. Üzü nurlu, çöhrəsi təbəssümlü, xoş sözlərini, dəyərli məsləhətlərini kimsədən əsirgəməyən Ofeliyası. Azərbaycan radio-televiziya tarixinin yarım əsrdən çoxunu ömründə yaşadan, xatirəli dünyasında tez-tez gərdiş edən Respublikanın xalq artisti Ofeliya Sənani. Qoy, bu ad uzun illər efir məkanından əskik olmasın. Gənc həmkarları onu axtarıb tapsınlar, sənət məziyyətlərindən bəhrələnsinlər.

 

Zərxanım ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 noyabr.- S.6.