Xələfli suallar
qarşısında
Onda - 40 il əvvəl tələbə idi. Əla tələbələrdən idi.
İmtahan verirdi. Amma Allahdan olan kimi (görünür, təbiət
bunu belə qurmuşdu, qurmuşdu ki, indi - 40 ildən sonra
xatırlayaq), bir sualda ilişdi. Komsomol vaxtlarım idi, güzəştsiz
idim. Soruşdum:
- Əlirza, niyə
yaxşı hazırlaşmamısan? Bir sualını ürəkaçan
danışmadın.
Bir az da soluxmuş
dedi:
- Qızdırmam var idi. Çatdırmadım.
Dedim:
- Əlirza, mən sənə
"beş" yaza bilməyəcəyəm. - O vaxta qədər
"dörd" almamışdı.
Dedi:
- Ayrı sual ver.
Bu söz məni haldan elədi. Ona görə də ağır sual verdim.
Baxdı, baxdı, durub çıxa-çıxa dedi:
- Onu heç o biri patokun müəllimi də bilməz.
Bu onun, yəqin ki, beş ildə
yeganə "dörd"ü oldu.
O vaxtdan keçən müddət ərzində Əli
Rza Xələflinin qiymətini on dəfələrlə
düzəltmişəm.
Bir neçə görkəmli nəsli -
qoca, cavan, orta yaşlı sənət adamlarını
böyük istedadla öz ətrafında birləşdirən
"Kredo" kimi bir qəzeti nəşr etdirdiyinə görə
düzəltmişəm.
Gözəl poeziya kitablarına,
Qarabağ yanğılı lirikasına görə düzəltmişəm.
Ardı-arası kəsilməyən, sel
kimi axan publisistik yazılarına görə düzəltmişəm.
Əşirət dövründən bu tərəfə
cəmiyyət həyatını əks etdirən roman, povest
və hekayələrinə görə düzəltmişəm.
Keçirdiyi ədəbi disputlara,
müzakirələrə, konfranslara görə düzəltmişəm.
Yaltaqlıq və yarınmaq kimi pis sifətlərdən
uzaq olduğuna, elmi obyektivliyinə görə düzəltmişəm.
İnsanlara hörmətinə, böyüyün,
kiçiyin həqiqi qiymətini bildiyinə görə
düzəltmişəm...
Lap yaxşı olub ki, o vaxt ona "beş" yazmamışam,
yoxsa bu illərdə nəyi düzəldərdim.
Bu qiymətləri Əli Rza asanlıqla
düzəltməyib. Daim böyük çətinliklərlə
üz-üzə olub, işıqlı fikirlərini, həmkarlarının
düşüncələrini oxuculara çatdırmaq, qəzeti
çıxarmaq üçün dəridən-qabıqdan
çıxıb. Mübariz insandır,
böyük iradə sahibidir. Heç vaxt
ümidini itirmir. Bilir ki, təbiət onun
bu haqq işinə kömək edəcək, qəzetin
çapına bir neçə saat qalmış yenə
ümidlə yaşayır və daim təbiət xeyirxah
insanların əli ilə ona kömək edir.
Qəzeti siyasi qalmaqallardan qoruyur. Dövləti məsələlərlə, siyasi
söhbətlərlə uğraşmır. Qəzeti poeziya və sənət aləminin
daşıyıcısına çevirmişdir. Hər kəs istədiyi qədər ürək
sözlərini deyə bilir. Heç kəsin
nitqi redaktə adə ilə təhrif olunmur. Ona görə də elm və sənət
adamları bu qəzetə böyük ürək
açıqlığı ilə üz tuturlar.
Cəmiyyət bəlalardan uzaq deyil. İnsan ilk dəfə təbiətin bir şitilini əzdiyi
gündən bəlalar içərisindədir. Nəfsin hüdudu yoxdur və bütün bəlalar
da buradan doğur. Əli Rza isə bir
şair, bir publisist kimi realistdir. Ehtiraslarını,
emosiyalarını cilovlamağa çalışsa da, gözlədiyi
sərhədi həm poeziyada, həm də publisistikada
çox zaman özü uçurub dağıdır.
Gözəl təbi var. Yüksək
fikirləri dərhal tutur. Obrazlı
düşünür. Publisistikası
oxucunu maqnit kimi özünə çəkir. Bir
neçə il əvvəl
yazmışdım: "Əli Rza Xələfli həqiqətən
şairdir. Təkcə poeziya aləmində
deyil, publisistikada da şairdir. Onun
publisistikası həqiqi poeziya nümunəsidir. Öz obrazlılığı, öz müqayisələri,
dünyaya uca göylərdən baxa bilmə qüdrəti ilə".
Əli Rzanın vətən sevgisini
duymaq, vətən uğrunda vuruşanlara, vətən
duyğusu olmadan yaşayan harın insanlara münasibətini
öyrənmək üçün təkcə "Araz
ağrısı" poemasına diqqət yetirmək kifayətdir. Bu poemada
şairin ürək çırpıntıları əziz
övladını itirmiş ana kimi, gah bayatıya çevrilir,
gah ağı kimi səslənir, gah mərsiyə şəklini
alır, gah da dəhşət içərisində haray
qoparır, təbdən təbə düşür, ilan kimi
qıvrılıb-açılır, əjdaha kimi od püskürür. Lakin bu
püskürtü hələlik özümüzü
yandırır, o alovu qəbul etməyə ürəyi
olanlara çatır. Tənqid məqamında
Əli Rzanın lirikası közərmiş şiş
kimidir. Elə bil, hər bənddə
oxucunun qəlbinə soxub-çıxarırsan. Amma hər qəlbi də yox, Qarabağ dərdi ilə
şişib irinləmiş qəlbləri teyləyir.
Poema dörd beytlik qəzəl-proloqla
başlayır. Proloq vasitəsilə oxucuya deyilir ki, bu cəmiyyətdə
zülmətlərin içərisində qara ilan
sürünür, quru və yaş eyni səviyyədə
doğranılır, bir çoxlarının niyyəti hiylə
niqabına bürünmüşdür, cəmiyyətdə
aydınlıq yoxdur və nəhayət: "Aqilə tor
qurulur, Haqqa təpik vurulur...". Bəli, bu dünya siyasi düzəninin mənzərəsidir.
Əli Rza publisistikası bir çox cəhətdən,
xüsusən məhsuldarlığına görə mənə
Mirzə Cəlil publisistikasını xatırladır. Fərqləri də çoxdur. Mirzə
Cəlildə olan yumor, satira kəskinliyi Əli Rzada yoxdur.
Mirzə Cəlil yaxşını "pisləmək",
pisi "tərifləmək" yolu ilə - dolayı yolla xəstə
ruhları sağaltmağa çalışmışdır. Əli Rzada bu da yoxdur, fikrini birbaşa deyir. Mirzə Cəlildə olan sakit və yumorlu təmkin
də Əli Rzada yoxdur, əksinə, Əli Rzada bir ehtiras,
bir coşqunluq var, bu yolla zirvəni göstərməyə
çalışır. Lakin Mirzə Cəlil ilə
Əli Rza bir-iki nöqtədə birləşirlər: Mirzə
Cəlil kimi, Əli Rza da yorulmaz publisistdir, son dərəcə
məhsuldardır, 16 səhifəlik bir qəzetin səhifələrini
bir neçə gün ərzində heç bir
yazısının təkrarı olmayan yeni yazılarla
doldurur, bu qədər güc və istedadı ilə
oxucuları heyrətdə qoyur. Başqa bir uyğun cəhət
isə müqayisə vasitələridir: Mirzə Cəlil
öz publisistikasında bu günün hadisələri ilə
3 min il əvvəlki eyni tipli hadisələri
ustalıqla, heyrətamiz şəkildə əlaqələndirə
bilmişdir. Bu qüdrət Əli Rzada da
vardır. O öz publisistikasında gözlənilməz
hadisələri yada salır, gözlənilməz görkəmli
şəxsiyyətlərdən tipik misallar gətirir. Məsələn, Əli Rza publisistik
yazılarında ən azı heç vaxt V.Q.Belinskini unutmur.
Çoxları elə bilir ki, Sovet hakimiyyətinin
çökməsi ilə Belinski, Gertsən kimi publisistika
dahiləri də çökmüşdür. Amma Əli Rza bilir ki, Belinskini ortaya qoymadan ortaya əməlli
yazı qoymaq, həqiqi publisist olmaq olmaz. M.F.Axundzadəni
oxumadan həqiqi tənqid sahibi olmaq olmaz.
Əli Rza Xələflinin V.Q. Belinski haqqında 2010-cu
ildə yazdığı, bu günlərdə
"Kredo"nun səhifələrində yenidən siyasi
yaradıcılıq əlavələri ilə dərc
etdirdiyi məktub-monoloqu, heç bir publisistik
yazısını oxumadan, onun bu həyata, cəmiyyətə,
sənət aləminə münasibətini öyrənmək
üçün ən gözəl, düzünü desəm,
qibtə doğuran bir əsərdir. Bu yazı,
mənim fikrimcə, indiki şəraitdə, əslində,
Belinskinin "Qoqola məktub"u qədər oxunmağa,
şərh olunmağa, ibrət götürülməyə
layiq bir əsərdir. Bu əsər
Əli Rzanın bütün fəlsəfi mənliyini
böyük ustalıqla açıb ortalığa qoyan bir əsərdir,
Əli Rzanı yaşadacaq əsərdir.
Məqalə Belinski zəmanəsində
olduğu kimi, müasir dövrdə də bir çox qələm
sahiblərinin mənəvi təhkimçilik
bataqlığında olduğunu, yarıölü vəziyyətdə
yaşadığını başa salmaq məqsədi
güdür, anlamayanları anlatmağa
çalışır. Əli Rza əsəri məktub-monoloq
şəklində, ustada müraciətlə qurmuşdur və
cismani təhkimçiliyin daha əzablı olduğu o
dövrlə müqayisədə hazırkı mərhələdə
mənəvi təhkimçiliyin daha dəhşətli vəziyyət
almış olduğunu göstərərək yazır:
"Ustad, sən hüquqi cismani (həm də mənəvi) təhkimçiliyin
ləğvi uğrunda mübarizə aparırdın... Bəs biz? Mənəvi təhkimçilik
boynumuzda elə bir ağır yükə çevrilib ki, dizlərimizə
qədər torpağa batmışıq. Və
yarıölü vəziyyətindəyik". Hətta cəmiyyət elə günə
düşüb ki, mənəvi təhkimçiliyin eyibli
olmadığını sübut etməyə
çalışan yaramaz və alçaq ekspertlər
yetişib. Həqiqi söz təmənnalar
qarşısında məhv olub. "Bəs
səbəb nədir ki, söz bu qədər istedadları
olan məmləkətdə mənəvi təhkimçiliyə
qarşı döyüşə bilmir?" Unutmaq olmaz ki, söz özü təhkimçilik
vasitəsinə çevrilib. Sözü təhkimçiliyin
müdafiəsinə yönəldən nədir? Nə üçün "şərə toxunmuruq,
heç onun yeddi həndəvərinə də yaxın gedə
bilmirik".
Niyə yaxın gedə bilmirik? Niyə toxuna bilmirik?
"...sənin dövründə sürgünlərə,
yoxsulluğa (nəticədə aclığa) düçar
etmək, siyasi duellərlə aradan götürmək daha
çox dəbdə idi. İncimə, ustad,
bizim dövrümüzün faciəsi daha böyükdür.
Yəni elə bir cəza növü kəşf
olunub ki, bu da edamlardan (gilyotindən), sürgünlərdən...
daha qorxuludur. Bunun adı gözdənsalmadır".
Səni günahın olmaya-olmaya, gözdən
elə salarlar ki, küçənin ortasında,
hamının gözləri önündə hər cür təhqirə,
söyüşə məruz qalarsan. Avam
camaat da elə başa düşər ki, elə günah səndədir.
Çünki yetişməyib, özünü
hər şeyi bilən kimi göstərsə də, hələ
mahiyyəti anlamağına güman yoxdur. Səviyyənin aşağı olması faciələr
doğurur. Ona görə də "tarixin
bir ironiyası sənin simanda nəinki dünənə, elə
bu günə də lənət oxuyur".
Deməli, heç bir şey
yaxşılığa getmir. Köləlik
azalmır, əksinə, yeni və dəhşətli cəza
üsullarının kəşfi ilə daha da gücləndirilir.
Sual verir: "Ustad, səbəb nədir ki, sənin səsin
indiki müasir informasiya vasitələri ilə müqayisədə
məhdud imkanlar çərçivəsində bütün
Rusiyada (ucqarlarda) eşidilirdi. Biz isə bir
şəhərdə, bir küçədə belə
eşidilmirik". Cavab: "Mənəvi axtalıq... xədimlik,
dişsizlik, yəni ki, gücün ölçüsü,
çəkisi, zoru, təsiri, həddi, müddəti...
bütün istiqamətləri qabaqcadan məlumdur". Və
nəticəyə gəlir: "Mənim qənaətim var:
indiki anlar üçün bizim cəmiyyətimizdə bir
idealsızlıq var. Yaxud idealın özündə və dərkində
gücsüzlük var. Əlbəttə, bu, dəhşətdir".
Bunlar tamamilə aydındır. Lakin bunları da hər oğul dilə gətirə
bilmir. İndiki cəmiyyət elə də
idealsız deyil. İdealı var: sərvət toplamaq.
Əli Rzanın axtardığı
"ideal" isə bu deyil. Onun
dediyi ideal "xalq" anlayışı ilə
bağlıdır.
Əli Rza ustada üz tutaraq, məsələni bir qədər
də şərh edir: "Sən bu idealın, bu iksirin təsir
gücü ilə elə danışmısan ki, daxilindəki
ocaq - bu ocağın istisi, odu, atəşləri olduğu
kimi görünüb. Bu da gücsüzlərə
güc, inamsızlara inam bəxş edib. Ətraf
siyasi dairələri, sənin işığından qorxan
mühiti də sarsıdan budur. Bizdə isə
ətəyindən yapışdığın, inanıb əlindən
tutduğun bir kimsə nəinki ətəyini, əlini də
təmənna xatirinə kəsib qaçır. Təki vəd olunanı ala bilsin. İdealsızlığın faciəsi budur".
"Təmənna xatirinə" sözləri ətəkdən
tutandan təmənna diləmək deyil, yuxarılardan təmənnadır:
məzluma, haq sözün sahibinə kömək edərsən,
zalımın xətrinə dəyərsən,
etibarını itirərsən.
Yenə sual verir: "Axı nə üçün iki
yüz il ərzində ölçülər bu qədər
zəif dəyişir və bəlkə, heç dəyişmir?"
Cavab: "Biz səni ola bilsin ki,
layiq olduğun qədər sevə bilmədik. Unutma
ki, bu qədər cəfakeşik, bu qədər fədakarıq.
Heç müasirlərimiz də bizi o qədər
sevmədi".
"Biz səni ola bilsin ki, layiq
olduğun qədər sevə bilmədik" - dedikdə
müəllif bir qrup ziyalını nəzərdə tutmur. Bütövlükdə cəmiyyəti,
yaxşılığa, azadlığa, bərabərliyə
çağıran insanları dilə gətirir.
"Sevmək" sözü də çoxmənalıdır:
bu sözün altında "başa düşmək"
anlayışı var, yəni cəmiyyət sənin
yaxşılığa
çağırışlarını başa düşmədi.
Cəfakeşlər aləmi (biz də onun
içərisində olmaqla) nə qədər
özünü fəda etsə də, kor qüvvələr
hökmranlığındadır. Və elə
indi də vəziyyət sənin zamanındakından fərqli
deyil.
"Səndən 20 il artıq
yaşadığıma görə utanıram. Ən azı
ona görə ki, bu iyirmi ili səndən
artıq yaşasam da, özümü təsdiq edə bilmədim.
Nəinki sənin arzuladığın cəmiyyət,
nəinki sənin ideal olaraq qəbul edə biləcəyin
siyasi mühit, heç arzu olunanın mində biri qədər
də yoxdur".
Mən yaxşı başa düşürəm ki,
Əli Rza bizim çoxumuzun adından danışır:
"Ustad, elə bilmə ki, mən qaranlıq bir həyat
yaşamışam. Yox, mən qaranlıq həyat
yaşamamışam. Təkcə sənə
istinadən yazdıqlarıma görə, - çünki bu,
tam inamın nəticəsidir - mənim haqqım var ki,
müasirlərimi ittiham edim. Onların
gözlərinin kor olduğunu onların üzlərinə
deyim". "Ən azı ona görə
ki, sözün və sənətin ləyaqətini bu qədər
ucuz tutmaq, bu qədər alçaltmaq olmazdı". "Sözə sevgi ilə gələn adamları
sevmək istədim. Və bu adamların hər
biri son nəticədə sözdən maddiyyət yükü
istədi". "Səni vaxtından əvvəl
qocaldan, belini donqarlaşdıran, kəskin öskürəklərə,
ağciyər vərəminə düçar edən bəlaların
kökü budur. İndi gördünmü sənin zəmanəndən
heç də o qədər uzaqlaşmamışıq və
biləsən ki, səndən nə tələb olunurdusa, elə
bu gün məndən də o tələb olunur... Ustad, dəqiq bilmək istəyirsən, mən
sözün həqiqi mənasında bədbəxtlik və mənəvi
şikəstlik dövründə yaşayıram".
"Ustad, mənim ən böyük bədbəxtliyim
orasındadır ki, sənin qədər sevmək istədim. Sözün
həqiqi mənasında istədim ki, idealımı bir tac olaraq başımın üstə
qaldırım. Amma bunu edə bilmədim".
"Ustad, mən bilmirəm, sənin
yubileyin qeyd olunacaq, olunmayacaq. Amma onu
bilirəm ki, hansı cəmiyyətdə mənəvi
zülm, əzab var, hansı cəmiyyətdə ideala olan
sevgi ayaqlar altına atılıb tapdalanır, hansı cəmiyyətdə
insan insana qarşı normal münasibətdə buluna bilmirsə,
o cəmiyyətdə sən mütləq görünəcəksən".
Və daim "o qan qarışıq
tüpürcəyinlə bu yekəbaşların sifətinə
tüpürəcəksən". Çünki
"bu gün bizim zəmanəmizin mənəvi mühitinə
qan qarışıb".
Doğrudur, dırnaqda verilənlər
Əli Rzanın sözləridir. Amma təəsüf
eləyirəm ki, bunları mən deməmişəm, Əli
Rza deyib. Bir tərəfdən də mənim
üçün son dərəcə xoşdur ki, bunları
Əli Rzanın dili ilə mən deyirəm.
Əli Rza ustada son müraciətlərindən birində
həqiqəti daha çılpaq ifadə edir, ustadın
amansızlığa qarşı amansızlıqla mübarizə
apardığını söyləyərək soruşur:
"Bəs biz nə üçün amansızlığa
qarşı amansızlıqla mübarizə apara bilmirik?"
Cavabını son dərəcə sərrast, son dərəcə
dəqiq şəkildə özü verir: "Bizə
qarşı amansızlıq və qəddarlıq mühiti səfərbərdir!"
Bütöv mühit səfərbərdir.
Deməli, bizim dövrün - kapitalizm
dövrünün qanunları təhkimçilik
qanunlarından daha dəhşətlidir. Ona görə
ki, "biz cəmiyyəti ideallarımıza uyğun dəyişdirə
bilmədik..."
Təbii ki, Əli Rza da bizlərdən biri kimi,
bütün bunları deməklə, ümidini də itirmir:
"Amma mən qəti inanıram. Bu qanunlar əbədi
deyil. Amansızlıq əbədi ola
bilməz".
Əli Rza qəzeti bu cür dahi sənət
adamlarından ilham almaqla yaşadır. Daşa, qayaya çırpılır, qəzeti
yaşadır. Qəzetin yaşaması isə
Əli Rzanın özünün yaşaması deməkdir.
Bütün bunlar insandan bilik və iradə tələb
edir. Bilik üçün qavrama qabiliyyəti
lazımdır. Qavramaq üçün oxumaq
lazımdır. Mən dəfələrlə
müşahidə etmişəm ki, Əli Rza redaksiyaya sel kimi
tökülən kitabların şəhdini, şirəsini dərhal
mənimsəyir, iki daşın arasında da olsa, müasir
ruhlu klassik sənət ustalarını təkrar-təkrar
oxumalı olur.
Əli Rza əlinə
düşmüş bu fürsətdən istifadə edərək
həqiqi mənada sənətin, elmin inkişafına
çalışır. Kiməsə yarınmaq,
bir şey ummaq əqidəsindən uzaqdır. Bu yolla o öz ətrafına böyük bir kollektiv
toplaya bilmişdir. "Kredo" elm və
sənət aləminin işıq saçan yoluna
çevrilib - çoxdan çevrilib. Kaş qəzetin
normal maliyyə imkanları ola idi.
Xülasə, Əli Rza bir oddur, bir
alovdur, düşüb ortaya, bizi də közərdib
alovlandırır, neçə-neçə nəslin ümid
çırağına çevrilib. Bir
vaxtlar 20 yaşlarında bir sualda ilişən bu gənc indi
min bir suala cavab verir. Düşünür,
daxilən alovlanır. Nə vaxt
görüşünə gedirsən, stolunun üzərində
yenicə nəşr olunmuş iki-üç kitabını
görürsən. Kitablarının
sayını biz bilmirik, özü bilirmi? Qəzet
yazılarını bir yerə toplayıb çap etdirə
biləcəkmi?
60 yaş ömrün hər cəhətdən
müdrik çağıdır. Əli Rza bizi hələ
poeziya və nəsri, gözəl publisistikası ilə
çox sevindirəcək! Daha böyük zirvələr isə
hələ qabaqdadır...
Sultan Qəzənfər
KAZIM
Ədəbiyyat
qəzeti.- 2013.- 1 noyabr.- S.7.