Əli Rza Xələfli - 60

  

Hörmətli Əli Rza müəllim!

Sizi - isdedadlı şair və publisisti 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz ədəbi fəaliyyətə ötən əsrin yetmişinci illərində başlamısınız. İlk qələm təcrübələriniz mətbuatda işıq üzü görmüşdür. Səmimi, lirik şeirləriniz az bir vaxtda sizə geniş oxucu auditoriyası qazandırdı. Səksəninci illərdə mətbuatda çalışmağa başladınız və bu, yaradıcılığınızın yeni bir istiqamətinə təkan verdi. «Ocağımın işığı», «Həsrət körpüsü», «Araz ağrısı», «Azadlığın qanı» şeir və poema kitablarının müəllifi, «Karvan körpüdən keçir», «Baş daşımın yazıları», «Meyar», «Arzulara dəyən güllə» və s. ədəbi-publisistik, «Od romanı», «Bir bayatı çağırdım» bayatılar kimi kitablara imza atdınız. «Mənəviyyatın ekologiyası», «Yana-yana yaşadım» kitablarının tərtibçisisiniz. Orijinal yanaşmalarınız, maraqlı obyektiv şərhləriniz ədəbi ictimaiyyətin diqqətindən yayınmamışdır. Sizin daha bir xidmətiniz xüsusi qeyd edilməlidir. Artıq neçə illərdir «Kredo» qəzetinə rəhbərlik edirsiniz. Bu qəzet ədəbiyyat və mədəniyyətimizin əsl təbliğatçısına çevrilmişdir. Təsadüfi deyil ki, «Kredo» qəzetindəki fəaliyyətinizə görə Beynəlxalq Rəsul Rza mükafatına layiq görülmüsünüz.

Siz 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmisiniz. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra ömrünüzü mətbuatla bağlamısınız. Ədəbi yaradıcılığınız «Qızıl qələm», «Araz», Azərbaycan Yazıçılar Birliyi Təbliğat bürosunun «Qılınc və qələm» mükafatlarına layiq görülüb.

Hörmətli Əli Rza müəllim!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 noyabr.- S.7.