"Ehtirassız dahiyanə
heç nə yaradılmır"
Əli
Rza Xələfli tariximizin iki əsrinin, iki möhtəşəm minilliyin
qovşağında yaşayıb-yaradan
istedadlı Azərbaycan
ziyalısıdır. İyirmi ildən ziyadədir ki, o qəlbində Qarabağ ağrısı
ilə vətəndaşlıq
ruhunda şeir, poema, roman və kəsərli publisistik əsərlər yazır.
"Həsrət körpüsü"
və "Araz ağrısı" kitabları
ilə o bir filosof şair, "Od" romanı və "Üçüncü
dünyanın qorxusu"
povesti ilə istedadlı nasir, "Meyar", "Ölməzlik
nəğməsi", "Həyatın dastanı"
kitabları ilə kəsərli qələmə
malik publisist kimi ədəbiyyata daxil olub.
Çağdaş
Azərbaycan ədəbi-tarixi
mühitində böyük
nüfuza malik "Kredo" qəzeti bir vətəndaş-ziyalı
kimi onun ən böyük əsəridir. On beş ilə yaxındır ki, "Kredo" Azərbaycan ədəbi-ictimai mühitində
"Sovremennik" jurnalının
XIX əsr rus tarixində oynadığı
rolu oynamaqdadır. Xalqımızın tarixi taleyinə vətəndaş
münasibəti, ədəbiyyatımız
və tariximiz haqqında obyektiv düşüncə - Azərbaycançılıq
ruhu, türk əslimizə dərin ehtiram, qloballaşan dünyaya fəal sivil münasibət dinimizə və dilimizə, mənəvi-əxlaqi
dəyərlərimizə ziyalı
qayğısı... "Kredo"nun məramını,
xətti-hərəkətini şərtləndirən dəyərli
cəhətlərdir.
Əli
Rza Xələfli dərin istedada, qibtə olunacaq dərəcədə zəhmətsevərliyə,
fəal həyat mövqeyinə malikdir. O, "Kredo" kimi böyük, ciddi və cazibədar, oxunaqlı qəzeti, demək olar ki, təkbaşına çıxarır. Özü də
təkcə baş redaktor kimi yox,
həm də bir müəllif kimi, xüsusi güc sahibi kimi. Mən dostum, yaşdaşım
Əli Rzanı XX əsrin önlərində
Azərbaycanda milli-mənəvi
intibahi hazırlayan münəvvərlərə bənzədirəm.
O, milli qeyrət mücahidi, fanatik türkçü və tükənməz enerji sahibidir. Böyük alman filosofu Hegel deyirdi: "Ehtirassız dahiyanə heç nə yaradılmır".
Ədəbiyyatda Tanrı ruhu
olan ehtirasın poetik ifadəsinə pafos deyilir. Bəli, Əli Rza klassik
anlamda başa düşülən pafosla
danışır, qızğın
temperamentin pafosu ilə yaşayır, V.Q.Belinskinin ruhunu özündə ehtiva edən pafosla da yazıb yaradır.
Onun əsərlərinin baş
mövzusu, bir ədib və filosof kimi fəaliyyət
meydanı Allah, söz,
cahan, insan münasibətləridir. O, Allahdan güc alır. İnsanı sevir, cahanla
vuruşur. Sözün namusunu
ucaldır. Onun əsərlərinin
dəyərini yalnız
bu münasibətlər
müstəvisində müəyyən
etmək olar.
Əli
Rza öz ömrünün, vaxtının,
pulunun düşmənidir,
millət sevgisi, dövlətə inam və ehtiram onun ziyalı mövqeyinin rüknləridir. O başdan-başa ədəbiyyat
adamı, sözün
qeyrətini çəkən,
onu urvatdan düşməyə qoymayan
bir qələm əhlidir. Ömrün sozalmasın, qələmin
korşalmasın, adın
üçrəngli bayrağımız
kimi uca olsun Əli Rza! Mübarək ismində vəhdət
qazanmış Əli
və Rza adları səni və nəcib ailəni bəlalardan hifz etsin.
Nizaməddin
ŞƏMSİZADƏ
Ədəbiyyat
qəzeti.- 2013.- 1 noyabr.- S.7.