Yazıçı, tərcüməçi

  

Ötən əsrdə Azərbaycan ədəbiyyatına roman, povest, hekayə və dram əsərləri ilə öz imzasını atan qələm sahiblərindən biri də Nağı Nağıyevdir. Çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə diqqət çəkən yazıçı N. Nağıyev (1910-1981) əvvəlcə Naxçıvanda, sonra isə Bakıda yaşamış, yazıb-yaratmışdır.

İstedadlı jurnalist Flora Xəlilzadə 28 may 2009-cu il tarixli "Azərbaycan" qəzetindəki "Ədəbi çağlayışın Naxçıvan qanadı" adlı məqaləsində yazmışdır: "Müharibədən sonra yazıçı Nağı Nağıyev Yazıçılar İttifaqının Naxçıvan filialının məsul katibi olub. 1940-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Nağı Nağıyev həm jurnalistlik fəaliyyəti, həm də yaradıcılıqla məşğul idi. Bir sıra hekayə və romanların müəllifi olan Nağı Nağıyevin "Həsrət" adlı romanı vaxtilə ona böyük şöhrət gətirmişdi".

Nağı Nağıyev sözün həqiqi mənasında yazıçı, əsl qələm sahibi idi. Bu, onun daxilindən, dünyasından gəlmişdir. O, yazıçı olmaqdan başqa bacarıqlı rəssam, gözəl pedaqoq, səlist tərcüməçi, diqqətli redaktor, həmçinin fəal ictimai xadim kimi də tanınmışdır.

Tərcümeyi-halından məlumatlar: Nağı Nağıyev 13 iyul 1910-cu ildə Naxçıvan qəzasının Yaycı kəndində (indiki Culfa rayonu) torpaq, mülk sahibi Kərbəlayi Kərimin ailəsində dünyaya göz açmışdır. Əvvəlcə mədrəsədə, sonra üsuli-cədid məktəbində təhsil almışdır. O, 1925-ci ildə Naxçıvan Pedaqoji Texnikumuna daxil olmuş və 1929-cu ildə oranı bitirmişdir. Texnikum həyatı onun dünyagörüşünə olduqca müsbət təsir göstərir. Burada o, şəxsi təşəbbüsü ilə rəssamlıq sənətinin də incəliklərinə vaqif olur, qısa bir vaxtda Bəhruz Kəngərli rəssamlıq məktəbinin davamçısı kimi yetişir. Eyni zamanda pedaqoji sahədə çalışır. Əvvəlcə Vənənd, Nüs-nüs kənd məktəblərində (Ordubad rayonu) müdir, sonra Şərur rayon xalq maarifi şöbəsində müfəttiş işləyir. 1939-cu ildə qiyabi yolla Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirir. Bu illərdə Naxçıvan şəhərinin məktəblərində dərs deyir, Muxtar Respublikanın Xalq Maarif Komissarlığında çalışır.

Nağı Nağıyev 1936-cı ildə ilk hekayələrini yazmaqla bədii yaradıcılığa da başlayır. Həmin dövrlərdə o, "Səadət" adlı ilk dram əsərini yazır. Gənc yazıçı eyni zamanda Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşçu rəssam işləyir. "Hacı Qara", "Yaşar", "Qartal" və s. tamaşalara gözəl tərtibat verir. Özünün yazdığı "Səadət" adlı ilk dram əsəri tamaşaya qoyulmaq üçün təsdiqlənir. Lakin 1941-ci ildə müharibənin başlanması buna imkan vermir.

Otuzuncu illərdə Muxtar Respublikanın ictimai-mədəni həyatında böyük nüfuza malik olan,rəssamlığı, pedaqoji işi və bədii yaradıcılığı ilə şöhrətlənən vətənpərvər, zəhmətkeş ziyalı Nağı Nağıyev təqiblərdən də yan ötə bilmir. Səbəbi də o idi ki, atası mülk sahibi olmuşdur. Digər tərəfdən də qayınatası Yusif bəy Tahirov (1870-1920) (ilk həyat yoldaşının atası) vətən xaini adlandırılmışdır.

Qısa arayış: Yusif bəy Tahirov (Kəngərli) Naxçıvanın bəy nəsillərindən olub. Tiflis şəhərində çox rütbəli, səlahiyyətli bir çar məmuru idi. Qafqaz ardı regionda nəqliyyat, poçt, teleqraf sahələrinə baxırdı. Həm də böyük var-dövləti vardı. Bu şəxs Azərbaycan Xalq Uümhuriyyətinin yaranmasında və fəaliyyətində əvəzsiz xidmətlər göstərmişdir. O, Azərbaycan demokratik hökumətinin tərkibində Gəncəyə, sonra Bakıya gəlmiş, mühüm dövlət vəzifəsi tutmuşdur. 1920-ci ildə ilk müstəqil dövlətimizin süqutundan sonra bolşeviklər tərəfindən güllələnmişdir.

Bütün bunlara görə Nağı Nağıyev bir neçə dəfə dindirilmiş, hərbi tribunala çəkilmişdi. Lakin yaxşı, xeyirxah insanların köməyi ilə 1940-cı ildə kommunist partiyası sıralarına daxil olması, 1941-ci ildə döyüşən cəbhəyə getməsi təqiblərə son qoyur. N. Nağıyev Şimali QafqazUkrayna cəbhələrində vuruşur. 1942-ci ildə döyüşlərin birində ağır yaralanır və Naxçıvana qayıdır. Sağaldıqdan sonra o, Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri (1942-1945) vəzifəsində çalışır. Bu illərdə Nağı Nağıyev Azərbaycan oğullarının müharibədəki qəhrəmanlıqlarından bəhs edən "Polad" adlı ikinci dram əsərini yazır. Əsər 8 may 1945-ci il tarixdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında çox müvəffəqiyyətlə tamaşaya qoyulur.

1945-ci ildə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan filialı yaradılır. Nağı Nağıyev filialın ilk məsul katibi, daha doğrusu ilk rəhbəri olur. 1945-1951-ci illərdə Muxtar Respublikanın ədəbi həyatına rəhbərlik edən N.Nağıyev istedadlı qələm sahiblərinin, xüsusilə gənc qüvvələrin ortaya çıxmasına, tanınmasına ciddi səy və qayğı göstərir.

Onu da qeyd edək ki, Nağı müəllimin fəaliyyəti təkcə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan filialına rəhbərlik etməklə bitmir. Bu illərdə o, həm də Naxçıvan MSSR Mətbuat İdarəsinin rəisi (1946-1949), Naxçıvan Radio Verilişləri Komitəsinin sədri (1949-1951), Naxçıvan mətbəəsinin müdiri (1950-1951), Naxçıvan Rəssamlıq Emalatxanasının müdiri (1949-1951) vəzifələrini də icra edir. Bu qədər sahələri onu qətiyyən yormur. Rəssamlığa da ara-sıra vaxt tapır. Portretçi rəssam kimi də tanınır. Naxçıvan ikiillik Müəllimlər İnstitutunda Nizami Gəncəvinin 800 illik yubileyinə həsr olunmuş Nizami salonunun tərtibatı və bəzədilməsi Nağı Nağıyevə etibar edilir. O, bu işin öhdəsindən layiqincə gəlir. 1947-ci ildə Nağı Nağıyev Moskvada "Nizami-800" yubileyinə gedən Azərbaycan nümayəndə heyyətinin tərkibinə daxil edilmişdir.

Göründüyü kimi, o Naxçıvanın ədəbi mühitində, ictimai-siyasi və mədəni həyatında fədakarlıqla çalışmış və çoxsahəli fəaliyyəti ilə doğma yurda öz xidmətini göstərmişdir.

Burada fikirlərimi vaxtilə "Şərq qapısı" qəzetində birlikdə çalışdığım qocaman jurnalist, sair Əhməd Mahmudun sözləri ilə davam etdirirəm:

- Nağı Nağıyev o dövrdə Naxçıvanda ən "populyar" şəxs idi. O bir yazıçı, rəssam, ictimai-siyasi xadim kimi öndə gedirdi. Xarakteri də möhkəm və bütöv idi. Xeyirxahlığı, adamlara daim kömək etməyə hazır olması ilə seçilirdi. Mən kiçik olsam da həmişə onun barəsində müsbət fikirlər eşidirdim. Bir sözlə, Nağı müəllimə qibtə edirdik. Onun Naxçıvanda ədəbi-mədəni mühitin formalaşmasında çox böyük xidmətləri olmuşdur.

Nağı Nağıyevin bir yazıçı, redaktor, tərcüməçi kimi püxtələşməsi, sevilməsi Bakı mühiti ilə (1951-1981) daha çox bağlı olmuşdur. 1951-ci ildə ailəliklə Bakıya köçən Nağı müəllim uzun müddət Azərnəşrin bədii ədəbiyyat şöbəsinin müdiriböyük redaktoru vəzifələrində çalışmışdır. Naxçıvandan başlanan yaradıcılıq yolu Bakı ədəbi mühitində daha da genişlənir, zənginləşir. Ədibin bir-birinin ardınca kitabları nəşr olunmağa başlayır. Belə ki, 1954-cü ildə "Yer altında" (povest), 1956-cı ildə "Nişanə" (hekayələr), 1959-cu ildə "Sumqayıtda" (oçerklər), 1961-ci ildə "İki tale" (hekayələr), 1965-ci ildə "Həsrət" (roman), 1966-cı ildə "Yaralı qız" (hekayələr), 1967-ci ildə "Seçilmiş əsərləri", 1974-cü ildə "Qaranlıq qovuşanda" (roman) kitablarının çapdan çıxması ədibi geniş oxucu kütləsinə tanıdır və sevdirir.

İstedadlı yazıçının bir sıra əsərləri rus dilinə tərcümə edilmişdir. Nağı Nağıyev Bakıda yaşadığı illərdə tərcüməçilik fəaliyyəti ilə də ciddi və ardıcıl məşğul olur. O, Qərbi Avropa, Şərq dünyası və o zamankı ittifaqda yaşayan xalqların ədəbiyyatından seçmə nümunələri rus dilindən doğma dilimizə çevirmişdir. Ümumiyyətlə, onun tərcümələri əsasında ayrı-ayrı illərdə 14 kitab nəşr edilmişdir. Tərcümələr sırasında Aybəkin "Müqəddəs qan", Oqulçanskinin "Həzi Aslanov", Andre Stilin "İlk zərbə" romanları da yer almışdır.

Yazıçı-tərcüməçi eyni zamanda publisist yazıları ilə də diqqət çəkmişdir. Təsadüfi deyildir ki, Nağı Nağıyev "Ədəbiyyat fondu"nun və digər müvafiq təşkilatların xətti ilə o zamankı Sovetlər İttifaqının müxtəlif yerlərində yaradıcılıq ezamiyyətlərində olmuş, bu səfərlər yeni publisist və bədii əsərlərin yazılması ilə nəticələnmişdir. Araya-ərsəyə gələn yazıların çoxu kitab çapınadək dövri qəzet və jurnallarda işıq üzü görmüşdür.

Nağı müəllim işdən doymayan, məhsuldar çalışan ədiblərdən idi. O, bədii yaradıcılıqla, tərcüməçilik fəaliyyəti ilə bərabır, Azərnəşrin böyük redaktoru kimi məsul vəzifəsini daha kamilliklə yerinə yetirmişdir. Belə ki, o, Azərbaycan nəsrinin ən tanınmış nümayəndələrinin kitablarına redaktorluq etmiş, həmin kitabların böyük oxucu sevgisi qazanmasında özünəməxsus xidmət göstərmişdi. Ümumiyyətlə, Nağı müəllimin redaktə etdiyi kitabların sayı 100-dən artıq olmuşdur. Əldə etdiyim məlumata görə heç bir müəllif onun redaktəsindən narazılıq etməmiş, əksinə, razılıq və minnətdarlıqlarını bildirmişdir.

XX əsrin 30, 40-cı illərində Naxçıvan Muxtar Respublikasının ədəbi, ictimai həyatında aparıcı simalardan olan Nağı Nağıyev Bakıda yaşayarkən və 25 il Azərnəşrdə çalışarkən də çoxsahəli yaradıcılıq ənənəsinə sadiq qalmış, Azərbaycan ədəbi mühitində özünəməxsus mövqe qazanmışdır. Nağı müəllim 1976-cı ildə fərdi təqaüdə çıxmış, 1981-ci ildə dünyasını dəyişmişdir.

Görkəmli ziyalı kimi tanıdığımız Nağı Nağıyev haqqında söz deməyi, məqalə yazmağı özümə mənəvi borc hesab edirəm. Belə insanları, belə şəxsiyyətləri əsla unutmaq olmaz. Nağı müəllimin dəyərli insani keyfiyyətlərinin, xüsusilə qayğıkeş və xeyirxahlığının şahidiyəm. Onların qapısı rayon adamlarının üzünə həmişə açıq olmuşdur. Çətinə, dara düşənlər çox vaxt ona müraciət edərdilər. O da heç kimdən öz imkanı dairəsində köməyini əsirgəməzdi.

2010-cu ildə Nağı Nağıyevin 100 illik yubileyi Azərbaycan Yazıçılar Birliyinin, Mədəniyyət və Murizm Nazirliyinin dəstəyi ilə qeyd olundu. Bir sıra televiziyalar onun həyat və fəaliyyəti haqqında sujetlər, verilişlər hazırladı, qəzet məqalələri yazıldı. Əsərləri tam külliyyatı ilə çap edildi. Təbii ki, bu gün də Azərbaycan oxucusu Nağı Nağıyevin hekayə, povest və romanlarından, publisist yazılarından bəhrələnə bilər. Çünki onun yaratdığı ali keyfiyyətlərə malik müsbət qəhrəmanlar, həmçinin şöhrətpərəst, eqoist, paxıl surətlər bu gün də aramızda az deyil.

 

Fərəc FƏRƏCOV

Naxçıvan

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 noyabr.- S.8.