Türk toplumlarının ortaq dili

ortaq ədəbiyyatı üzərinə düşüncələr

  

Türkiyənin Ankara-Kazan Bələdiyyəsi ilə Xalq Mədəniyyəti təşkilatının birlikdə təşkil etdiyi ikinci Beynəlxalq Kazan və Ətrafı Mədəniyyət Simpoziumunda 13 ölkədən - Azərbaycan, Belçika, Bolqarıstan, Çin, Qırğızıstan, Makedoniya, Moldova, Rusiya, Türkmənistan və başqa ölkələrdən elm, sənət xadimləri iştirak edirdi. Simpoziuma Azərbaycandan Abbas Abdulla dəvət olunmuşdu. Tədbirdə A.AbdullaTürk toplumlarının ortaq dili və ədəbiyyatı” mövzusunda məruzə etmişdir.

Məruzəni ixtisarla veririk     

 

Bir çox yazıçılarımız və alimlərimiz bir vaxt turk toplumlarının ortaq dili və ədəbiyyatı olduğunu görməzlikdən gəlirlər və inkar edirlər. Bir yandan bizim Türkiyə ilə bir millət, iki dövlət olduğumuzu deyirlər, o biri yandan ortaq dilimizin və ədəbiyyatımızın olmadığını və heç vaxt yaranmayacağını deyirlər. Sual olunur. Bir millətin iki adı olarmı, iki dili olarmı? Bizlər Türkiyə ilə bir millətiksə adımız türk, millətimiz türk olmalıdır. Bəs nədən bizə azəri, ya da azərbaycanlı deyirlər? Azərilər İranda yaşayan fars toplumudur və bizim millətə heç bir dəxli yoxdur. Böyük alimlərimiz Fuad Köprülü və fəxrəddin Kırzıoğlu əsərlərində yazmışlar ki, azərilərin Azərbaycan türklərinə heç bir dəxli yoxdur, onlar farsdilli, azsaylı bir toplumdur, Təbrizdə və Ərdəbildə onlara əcəm deyirlər. Türkiyə biricik ölkədir ki, bizə azəri deyir. Halbuki bizim dədə-babalarımız türk olanda, özlərinə türk deyəndə türkiyəlilər özlərinə osmanlı deyirdilər. Bu gün biz özümüzə azərbaycanlı deyən kimi. Bir şeyə diqqət edək: Yer üzündə iyirmidən çox ərəb dövləti var və hamısı özünə ərəb deyir, misirli, iraqlı adlı millət yoxdur.

Bir vaxtlar bizim ortaq əlifbamız, ortaq dilimiz, ortaq ədəbiyyatımız olub. İraqda yaşayan Füzuli, Anadoluda yaşayan Qazi Bürhanəddin, Şirvanda Nəsimi, Krımda Cevhəri eyni dildə yazıb-yaradıblar. Qazi Bürhanəddindən bir örnək:

 

Ərənlər öz yurdunda ər tək gərək,

Meydanda nər kişi nər tək gərək.

Yaxşı, yaman, qatı, yumşak olsa xoş,

Sərvərəm deyən kişi ər tək gərək.

 

Fikir verin: Qazi Bürhanəddinin yazdığı bu dil bugünkü Azərbaycan türkcəsidir. O «kəndi» demir, bizi kimi «öz» deyir, Türkiyədəki kimi «iyi» demir, bizi kimi «yaxşı» deyir.

 

Krımlı Mustafa Cevheridən bir örnək:

 

Bu gün mən bir bağa girdim,

Nə bağ duydu, nə bağmançı.

Gülün şaftalısın dərdim,

Nə bağ duydu, nə bağmançı.

 

Qaracaoğlandan bir örnək:

 

Qaracaoğlan der naşıma,

Çox işlər gəldi başıma.

Məzarımın baş daşına

Bayquş qonub ötər bir gün.

 

Qaqauz Dionis Tanasoğlundan bir örnək:

 

Ana tərəfim

Sevgili torpağım.

Bucak vətənim

Qaqauzstan.

Aşıq Veysəldən bir örnək:

 

İftixar etdiyim böyük muradım,

Türk oğluyam, təmiz türkdür əcdadım.

Şəhid ismi yazılsaydı soyadım

Qanım ilə məzarımın daşına.

 

Onlarca belə örnək vermək olar. Türk dünyasının ayrı-ayrı bölgələrində yazıb-yaradan bu şairlərin dili aşağı-yuxarı bugünkü Azərbaycan türkcəsidir.

Bu gün dünya türkləri fərqli-fərqli əlifbalarda yazırlar. Əlifbamız bir olanda dilimiz də bir olub. Təsadüfi deyil ki, Türkiyədə ədəbi dilə yazı dili deyirlər. Bu gün əlifbamız fərqli olduğu kimi, dilimiz də fərqli-fərqli ləhcələrə bölünür. Həm də birinin digərini anlaya bilməyəcəyi ləhcələrlə. Türkcənin Türkiyə ləhcəsi, Azərbaycan ləhcəsi, özbək, Krım, türkmən ləhcələri.

Bu gün Türkiyə türkləri ilə dünya türkləri arasında biricik körpü türk dilidir. Bu körpünün yıxmak və yaxmaq istəyənlər türk ləhcələri arasındakı fərqləri daha da qabardır, şişirdirlər. Belələri Türkiyədə də var, başqa türk dövlətlərində də.

Türkiyə biricik türk dövlətidir ki, bir çox məsələlərdə, o cümlədən dil məsələsində başqa türk dövlətlərinə örnək ola bilər. Yazıqlar olsun ki, belə deyil. Şərqi Türkiyənin, Cənubi Türkiyənin danışıq tərzi Azərbaycanla eynidir. Amma Türkiyədə ən çox istinad edilən İstanbul türkcəsi tamamilə başqadır, əslində kosmopolit türkcədir. Nəcib Fazil Qısakürək 1973-cü ildə İstanbul türkcəsi haqda yazıb:

 

Ruhsal, parasal, soyut, boyut,

yaşam, eqilim,

Ya bunlar türkcə deyil, yaxud

mən türk deyilim.

Oysa əsil türk mənəm, bunlar işğalçılarım,

Tanrı türkə acısın, yalnız bunu dilərim.

 

Abbas Abdulla

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 noyabr.- S.8.